♦ 9 ♦

Qızmış qumun gözqamaşdırıcı parıltısından sonra otaq qaranlıq, soyuq və rütubətli idi. Ağır qızmar hava kif iyi verirdi – bayırda bundan yaxşı idi. Birdən hiss etdi ki, onu qara basır.
Qadın heç yerdə yox idi. Bir anlığa donub qaldı. Bəsdir tapmaca tapdım! Amma, sözün düzü, heç bir tapmaca da yoxdur. Qadın əlbəttə ki, buralardadır. O, başını aşağı əyərək arxası kişiyə tərəf, su bakının qabağında, əl-üz yuyan tərəfdə sakitcə dayanmışdı.
… O, artıq geyinmişdi. Adama elə gəlirdi ki, bir – birini tamamlayan solğun – yaşıl kimano ilə şit naxışlı şalvardan nanə – cövhərli balzamın sərinləşdirici ətri gəlir. Hə, indi durub, nə deyəsən. O, yenə də qadın haqqında həddən artıq düşünməyə başlayıb. Lakin ola bilməzdi ki, bu ağlasığmaz fövqəladə şəraitdə, üstəlik lazım olan qədər yatıb, yuxusunu almadığı bir halda xəyalları haralardasa uçuşmasın.
Qadın bir əli ilə su bakının kənarına söykənmiş, içərisinə baxa – baxa barmağı ilə suda çevrələr çəkirdi. Kişi qum və tərdən ağırlaşmış köynəyini var gücü ilə yellələyərək, əlinə kip sarıdı.
Qadın boylandı, hürkdü. Onun sifəti elə səmimi lal sual, yalvarış ifadə edirdi ki, elə bil bütün ömrü boyu bu ifadəli sifətlə yaşamışdı. Kişi isə mümkün qədər özünü elə aparırdı ki, elə bil heç nə baş verməmişdi.
– İstidi, hə?.. Belə istidə heç köynək də geymək istəmirsən.
Lakin qadın hələ də ona inamsızlıqla, sual dolu gözlərlə, altdan – altdan baxmaqdaydı. Nəhayət utancaq, güclə düzəltdiyi təbəssümlə qırıq-qırıq dedi:
– Hə… düzdü… Əynində paltar tərləyəndə, bütün bədənin qum səpkisi ilə örtülür…
– Qum səpkisiylə?
– Aha… Dəri qızarır… yanıqdan sonra olan kimi olur, suluq bağlayır.
– Hm, suluq bağlayır?.. Məncə, dəri sadəcə rütubətdən çürüyür.
– Ola bilsin, buna görədi… – Görünür qadın bir qədər ürəklənmişdi, danışqan olmuşdu. – Tərləməyə başlayan kimi, əynimizdə nə varsa, çıxarmağa çalışırıq, nə mümkündürsə… Görürsünüz də necə yaşayırıq, – kiminsə gözünə belə görünməkdən heç çəkinməyin…
– Əlbəttə… Bilirsiz, düzdü yaxşı çıxmır, amma istərdim ki, köynəyimi yumağınızı sizdən xahiş edim.
– Yaxşı. Sabah su gətirməlidirlər.
– Sabah?.. Sabah yəqin ki, gec olar… – Kişi mızıldadı. O, söhbətin məğzini ustalıqla lazımi istiqamətə yönəldə bilmişdi. – Yeri gəlmişkən, axır ki, nə vaxt məni yuxarı qaldıracaqlar?.. Bütün bunlar məni son dərəcə narahat edir… Mənim kimi adi qulluqçu üçün müəyyən edilmiş qaydaların hətta yarım günlük pozulması, çox ağır nəticələrə səbəb ola bilər… Mən heç bircə dəqiqə də itirmək istəmirəm… Sərtqanadlılar – yerin üstü ilə uçan həşəratlardır… Qumluqlarda lap çoxdurlar, onların necə olduğunu siz bilirsiz?.. Mənim istəyim də budur ki, budəfəki məzuniyyətim dövründə bu həşəratın heç olmasa bir yeni növünü tapım…
Qadın dodaqlarını yüngülcə tərpətdi, amma heç nə demədi. Görünür, o, öz-özünə ona naməlum olan «sərtqanadlılar» sözünü təkrar edirdi. Lakin kişi, onun yenidən qaradinməz olduğunu yanılmadan hiss edirdi. Və, elə bil, təsadüfən mövzunu dəyişdi.
– Doğrudanmı kəndin başqa sakinləri ilə əlaqə saxlamaq üçün əlinizin altında heç bir vasitə yoxdur? Əgər məsələn, kerosin bidonlarını bir – birinə vursaq, nə olar?
Qadın cavab vermirdi. O, suya atılmış daş sürətilə yenidən xilasedici susqunluğuna enirdi.
– Nə baş verir, hə? Niyə susursunuz? – O, az qaldı ki, özündən çıxsın və qışqırmaqdan özünü güclə saxladı. – Başa düşmürəm, nə baş verir… Əgər bir xəta baş veribsə, bunu səhv hesab edək – və hər şey qaydasındadır… Olan olub, keçən keçib, bir də məsələnin üstünə qayıtmağa hazırlaşmıram. Buna görə də, sizin susmağınız xeyir gətirmir. Yaxşı. Bax, sizin kimi məktəblilər də var, lakin mən həmişə onlara deyirəm: nə qədər özünüzü bütün günahları boynunuza götürürmüş kimi aparsaz, həqiqətdə bu, ən qorxaq davranış tərzidir… Əgər siz öz hərəkətinizə haqq qazandıra bilirsinizsə, onda nəyi gözləyirsiniz, düzünü deyin!
– Məncə… – Qadın üzünü yana tutdu, lakin səsi gözlənilmədən sərt çıxdı. – Siz özünüz başa düşmüsünüz?
– Başa düşmüsünüz? – O, hətta sarsıldığını gizlətməyə cəhd belə etmədi.
– Hə, mən fikirləşirdim ki, siz hər şeyi başa düşmüsünüz…
– Mən heç nə başa düşməmişəm! – Axır ki, kişi dözməyib qışqırdı: – Əgər mənə heç nə demirlərsə, mən necə hər şeyi başa düşə bilərəm?
– Axı, düzünə qalsa, həqiqətən də belə şəraitdə yaşamaq tək qadın üçün çox ağırdır…
– Axı bütün bunların mənə nə aidiyyəti var?
– Hə, yəqin, mən sizin qarşınızda günahkaram…
– «Günahkaram»ı necə başa düşək?.. – Onun həyəcandan dili dolaşdı. – Belə çıxır ki, burda mənim üçün iş qurublar?.. Tələyə yem qoyublar… Fikirləşiblər ki, it, ya da pişik kimi tələyə düşəcəm, təki tələdə yem əvəzinə qadın olsun…
– Düzdü, amma axı tezliklə şimal küləkləri və qum burulğanları başlayacaq – biz onlardan çox qorxuruq… – qadın gözucu taybatay açılı qapıya baxdı. Onun yeknəsəq, sakit səsində dediklərinə küt bir inam hiss edilirdi.
– Bu zarafat deyil! Hətta cəfəngiyyatın da bir sərhədi olar! Bu, qanunsuz saxlamadan başqa bir şey deyil… Əsl cinayətdir… Elə bil güc işlətməsəydiz olmazdı: məsələn, işsizləri günəmuzd ödənclə işə dəvət edə bilərdiz, onlar nə qədər istəsənizdir!
– Əgər orda bizim necə yaşadığımızı bilsələr, yaxşı olmaz…
– Bəs əgər mən bilsəm, onda necə yaxşı olar?.. Boş söhbətdir!.. Siz sadəcə yanılırsız! Çox təəssüf, amma mən avara deyiləm! Mən vergi də verirəm, daimi yaşayış yerim də var… Tezliklə axtarış haqqında ərizə də veriləcək, onda burdakıların hamısı cavab verməli olacaq! Necə yəni, aydın deyil? Çox sadə bir şeyi başa düşmürsünüz… Maraqlıdır, özünüzə necə haqq qazandıracaqsınız… Haydı, günahkarı bəri gətir… Mən ona necə axmaq iş tutduğunu yax – şı – ca – na başa salaram!
Qadın başını aşağı əyıb, yüngülcə ah çəkdi. Onun çiyinləri sallandı, lakin tərpənmədi. Elə bil ki, yerinəyetirilməz tapşırıq almış bədbəxt küçük idi. Bu, kişini daha da qızışdırdı.
– Nə tərəddüd edirsən, heç cür qərar verə bilmirsən?.. Məsələ təkcə məndə deyil. Belə çıxır ki, sən özün də mənim kimi qurbansan? Hə, belə deyil? Elə bu dəqiqə özün dedin ki, əgər orda bizim necə yaşadığımızı bilsələr, yaxşı olmaz… Məgər bu sübut deyilmi ki, özün boynuna alırsan: belə yaşamaq olmaz. Mərhəmətli sifət eləməyi də yığışdır – axı səninlə qul kimi rəftar edirlər! Heç kəsin ixtiyarı yox idi ki, səni bura salsın!.. Hə, tez elə, kimisə səslə! Biz buradan çıxacağıq!.. Aha, başa düşürəm… Qorxursan, hə?.. Boş şeydi!.. Nədən qorxursan?.. Axı mən səninləyəm!.. Mənim qəzetdə işləyən tanışlarım var… Biz burda baş verənləri sosial problem kimi təqdim edərik… Hə, nə oldu?.. Niyə susursan?.. Mən sənə deyirəm, heç nədən qorxma!
Az sonra qadın onu sakitləşdirirmiş kimi birdən dedi:
– Nahar hazırlayım?..