♦ 7 ♦

Kişini paslanmış yelləncəklərin cırıltısına oxşar xoruz səsi oyatdı. Narahat, acı oyanış. Adama elə gəlirdi ki, səhər indi açılıb, lakin saatın əqrəbləri on bir on altını göstərirdi. Həqiqətən də, günəş günorta imiş kimi parlayırdı. Buralar isə ona görə yarıqaranlıqdır ki, dərənin dibidir və gün şüaları hələ ona yol tapmayıb.

Cəld yerindən atıldı. Üzündən, başından, sinəsindən xış-xış qum töküldü. Dodaqlarının, burnunun yanlarına tərdən bərkimiş qum yapışmışdı. Əlinin arxasıyla qumu silən kişi özünü itirmiş halda gözünü döyürdü. Qızarmış gözlərindən aramsız yaş axırdı, elə bil göz qapaqlarının üstündən nəsə kələ – kötür bir şey çəkmişdilər. Amma nəm gözlərinin qıraqlarında yığılmış qumu yumaq üçün təkcə göz yaşları azlıq edirdi.

O, heç olmasa bir az su götürmək üçün torpaq döşəmədəki su bakına tərəf getdi və bu vaxt gözü ocağın qırağında mürgüləyən qadına sataşdı. Gözünün göynəməsini unudub, nəfəsini içinə çəkdi.

Qadın büsbütün çılpaq idi.

Qözlərini örtən yaş pərdəsinin arasından qadın ona aydın olmayan, yayğın kölgə kimi göründü. O, döşənməmiş həsirin üstündə uzanmışdı, başından başqa, bədəninin hər yeri elə bil ki, kiməsə göstərilmək üçün qoyulmuşdu, yalnız sol əli qarnının aşağısını bir az örtürdü. Bədəninin adətən bütün adamların gizlətdiyi guşələri açıqda idi və ancaq heç kəsin üzdə qoymağa utanmadığı sifəti dəsmalla örtülmüşdü. Bu, əlbəttə ki, gözləri, ağızı, burunu qumdan qorumaq üçün idi, lakin bu cür kontrast onun çılpaqlığını xüsusi nəzərə çarpdırırdı.

Bədən bütünlüklə yüngül, nazik qum örtüyü ilə örtülmüşdü. Qum təfsilatları gizlədir və xətlərin incəliyini büruzə verirdi. Qadın qumla qızıl suyuna çəkilmiş heykələ bənzəyirdi. Gözlənilmədən dilinin altından yapışqanlı ağız suyu axdı. Lakin o, bu suyu uda bilmədi. Ağzında – dodaqları ilə dişlərinin arasında qalan qum, tüpürcəyi özünə çəkdi və bütün ağız boşluğuna yayıldı. O, döşəməyə tərəf əyilib, ağzındakı qumla qarışıq suyu tüpürməyə başladı. Lakin nə qədər tüpürsə də, ağzındakı kələ – kötürlük getmirdi. Ağzını nə qədər təmizləyirdisə, qum yenə də qalırdı. Ona elə gəlirdi ki, qum dişlərinin arasında təkrar-təkrar əmələ gəlir.

Xoşbəxtlikdən, su bakı ağzına qədər dolu idi. Kişi ağzını yaxalayıb, üzünü yuyub həyata qayıtdığını hiss etdi. Ömründə suyun belə möcüzəli gücə malik olduğunu duymamışdı. Qum kimi su da mineraldır, lakin o, quma nisbətən o qədər təmiz, şəffaf qeyri – üzvi maddədir ki, bədənlə daha tez təmasa girir; nəinki başqa hər hansı canlı orqanizm… Suyu boğazına aramla axıda – axıda, özünü daşlarla qidalanan heyvan təsəvvür etdi…

Kişi yenidən dönüb, qadına baxdı. Lakin ona yaxınlaşmaq istəyində bulunmadı. Üstünə qum səpilmiş qadına çətin ki, toxunmaq zövq versin, nəinki ona baxmaq.

İndi, gündüz işığında, gecə keçirdiyi əsəb və acıq ona yuxu kimi gəlirdi. O, elə bil gördüklərinin hamısını beyninə həkk etmək üçün bir də ətrafına göz gəzdirib, yığışmağa başladı. Köynəyinin, şalvarının üstünə o qədər qum tökülmüşdü ki, qaldırmaq olmurdu. Belə boş şeylər üçün narahat olmağa dəyməz. Lakin paltarlarının üstündən qumu çırpmaq, başdan kəpəyi təmizləməkdən çətin oldu.

Çəkmələri də qumun içində idi.

Yəqin getməmişdən qabaq qadına nəsə demək lazım idi. Digər tərəfdən yatan qadını oyatsa, o, utanacaq. Yaxşı, onda bəs gecələmək haqqı necə olsun?.. Bəlkə, yaxşı olar ki, geri qayıdanda artel idarəsinə girsin və pulu dünən onu bura gətirən qocaya versin?
Səs salmamağa çalışaraq, sakitcə evdən çıxdı.
Günəş qaynayan civə kimi qum divarlarının kənarlarına toxunur və yavaş – yavaş dərənin dibinə yayılırdı. Gözlənilmədən sifətinə vuran parlaq işıqdan diksindi və gözlərini örtdü. Lakin dərhal da qarşısını kəsən qum divarını gördü, özünü itirmiş halda hər şeyi unutdu.
İnanılmazdır! Gecə burdan asılmış kəndir nərdivan yoxa çıxmışdı.
Gecə gördüyü, yarıya qədər qumla doldurulmuş kisələr öz yerindəydi. Deməli, heç nəyi qarışdırmır. Ola bilərdimi ki, təkcə nərdivanı qum udub?.. O, divara tərəf cumdu və əlləri ilə onu qazmağa başladı. Qum müqavimət göstərmirdi, qopub, aşağı tökülürdü. Lakin axı o, iynə axtarmırdı və dərhal heç nə tapmadısa, nə qədər qazırsan, qaz nəticə elə həminki olacaq… Kişi get – gedə artan narahatlığını gizlətməyə çalışaraq, bir şey başa düşmədən, yenə qum yarğanını gözdən keçirməyə başladı.
Yuxarı çıxmaq üçün bir yer varmı? Bin neçə dəfə evin başına dolandı. Şimal tərəfdən dənizə baxan divarın üstü ilə dama çıxsa, ola bilsin ki, ordan yuxarıya ən yaxın məsafə olsun, amma bu da on metrədən az olmayacaq. Bəlkə də çox olar və bu divar ən sıldırımdır. Üstəlik ordan görünüşündən vahimə yağan ağırlaşmış qum papaq sallanır..
Müqayisə edəndə qərb tərəfdəki divar bir qədər əydəmli, konusun daxili kimi yüngülcə qatlanıb. Ən optimist hesablamalara görə, burdakı bucaq əlli, ya da ən azı qırx beş dərəcədir. Yoxlamaq üçün ehtiyatla da olsa, bir addım atmaq lazımdır. Bir addım atıb, yarım addım geri sürüşdü. Amma hər halda çalışsan, qalxa bilərsən. İlk beş – altı addımı gözlədiyi kimi atdı. Sonra isə ayaqları qumda batmağa başladı. O, irəli gedib-getmədiyini düz-əməlli özü üçün aydınlaşdırmamış, dizinə qədər quma batdı və irəliləmək üçün taqəti qalmadı. İməkləyərək yamacı aşmağa cəhd göstərdi. İsti qum ovuclarını yandırırdı. Bütün bədənini tər basdı, tərinə qum yapışdı, gözləri tutuldu. Sonra isə ayağı qıc olub burxuldu və o, daha hərəkət edə bilmədi.
Kişi dincəlib nəfəsini dərmək üçün dayandı. Bir xeyli irəlilədiyini düşünüb gözlərini açdı və beşcə metr belə dırmaşa bilmədiyini görəndə dəhşətə gəldi. Bütün bu vaxt ərzində nə üçün çalışırmış? Elə yamacın özü də aşağıdan göründüyündən ən azı iki dəfə daha dikdir. Ondan sonra gələn yer isə daha qorxuludur. Kişiyə yuxarı dırmaşmaq lazım olduğu halda, görünür bütün gücünü qum divarın içndə eşələnməyə sərf etmişdi. Düz qabaqda sallanan qum çıxıntı yolunu kəsirdi.
Kişi əliylə başının üstündəki qup – quru qurumuş çıxıntıya toxundu, elə o an da qum ayağının altından qaçdı. Hansısa bir qüvvə onu qumun içindən götürüb, kənara atdı və o, dərənin düz dibinə yuvarlandı. Sol çiynində nəsə xırçıldadı, elə bil yemək yeyəndə istifadə olunan çubuq sındı. Yüngül ağrı hiss etdi. Və sanki dənəvər qum, bu ağrını sakitləşdirmək üçün hələ bir müddət yamac boyu xışıltı salaraq axıb getdi. Sonra dayandı. Xoşbəxtlikdən zədə elə də ciddi deyildi.
Həvəsdən düşmək hələ tezdir.
Qışqırıb səs – küy salmaqdan özünü güclə saxlayaraq, xırda addımlarla evə qayıtdı. Qadın elə əvvəlki vəziyyətdə yatmışdı. Əvvəlcə sakit, get – gedə artan səslə onu çağırmağa başladı. Qadın cavab vermək əvəzinə, qarnı üstə çönərək, elə bil ki, narazılıq bildirdi.
Çiynini, qollarını, böyürlərini, belini ayrı-ayrı yerlərini çılpaqlaşdıraraq qum bədənindən yerə töküldü. Amma o, bunun hayında deyildi. Yaxınlaşıb, qadının üzünü örtən dəsmalı çəkdi. Qadının ləkəli sifəti, qum səpələnmiş bədənindən fərqli olaraq, çirkin, kobud idi.
Bu sifətin dünən onu lampa işığında təəccübləndirmiş qəribə ağlığı, çox şübhəsiz pudranın köməyi ilə əldə edilmişdi. İndi üzünün bəzi yerlərindən pudra silinmiş, adda – budda qalmışdı. Yadına ucuz, yumurtasız hazırlanmış, üstündə buğda ununun ağardığı kotletlər düşdü.
Nəhayət, qadın parlaq işıqdan gözlərini qıyaraq açdı. Kişi qadının çiyinlərindən yapışıb, var gücüylə silkələdi, yalvarışlı səslə, tez-tez danışmığa başladı:
– Qulaq asın, nərdivan yoxdur! Yuxarıya necə qalxmaq olar? Axı nərdivansız burdan çıxmaq mümkün deyil!
Qadın özünü itirmiş halda dəsmalı qapdı və gözlənilmədən əliylə bir neçə dəfə sifətinə şappıldatdı, sonra isə ona arxa çevirib, üzüqoylu həsirin üstünə yıxıldı. Bəlkə utanırdı? Utancaqlığını başqa vaxta saxlasın. Kişi birdən partlayıb, çığırdı:
– Mən zarafat eləmirəm! Əgər elə bu dəqiqə nərdivanı verməsən, pis olacaq! Mən tələsirəm! Nərdivanı neyləmisən? Zarafat edəndə həddini bil! Bu dəqiqə qaytar!
Lakin qadın cavab vermirdi. O, əvvəlki pozasında uzanıb qalmışdı, ancaq başını yüngülcə yelləyirdi.
Və birdən kişi tutuldu. Baxışları ölgünləşdi, boğazını spazma tutdu və az qaldı ki, boğulsun. O, elə bu an suallarının mənasızlığını başa düşdü. Axı nərdivan kəndirdən idi… Kəndir nərdivan öz-özünə dayana bilməz… Hətta o sənin əlindədirsə belə, aşağıdan yox, yuxarıdan nizamlana bilər. Deməli, onu bu qadın yox, kimsə başqası – yuxarıda, yolda dayananlar yığışdırıb. Qum örtmüş tüklü sifət yazıq – yazıq əyildi.
Qadının hərəkəti, susması inanılmaz – məşum məna kəsb etməyə başladı. Keçib gedər, deyə fikirləşirdi, lakin qəlbinin dərinliklərində başa düşürdü ki, ən qorxduğu şey gerçəkləşib. Ola bilsin, nərdivanı onun icazəsi və əlbəttə ki, tam razılığı ilə aparıblar. Heç şübhəsiz – qadın onlarla əlbirdir. Və qadının bu pozasını utancaqlıq yox, vəziyyətinin ikimənalılığı diktə edir. Bu, heç şübhəsiz cinayətkar qadın pozasıdır, bəlkə də, hər hansı bir cəzanı qəbul etməyə hazır olan qurbanlığın. Onlar bunu məharətlə işləyiblər. Bu lənətlənmiş tələyə düşdüm. İnanıb, qabarböcəyinin tələsinə düşdü, o da onu tovlayıb, çıxış yeri olmayan səhraya çəkdi, – acından ölən siçanlar kimi…
O, yerindən qalxıb, qapıya tərəf cumdu və bir də bayıra baxdı. Külək qalxmışdı. Günəş dərənin üstündə, demək olar ki, düz ortada dayanmışdı. Qızmış qumdan yuxarıya doğru yaş neqativ plyonka kimi rəngdən-rəngə çalan isti hava dalğası qalxırdı. Qum divar boy atır, böyüyürdü. O, hər şeyi yaxşı bilirdi və elə bil kişinin əzələləri, sümükləriylə müqavimətin mənasız olduğu barədə danışırdı. Qaynar hava bədəninə soxulurdu. Bürkü daha da dözülməz olurdu.
Gözlənilmədən kişi dəli kimi qışqırmağa başladı. O, nəsə mənasız sözlər deyirdi, – düşdüyü ümidsiz vəziyyəti ifadə etmək üçün söz yox idi. Sadəcə, gücü gəldikcə bağırırdı. Kişiyə elə gəlirdi ki, bu, dəhşətli bir yuxudur, bağırtını eşidib, qaçacaq və bilmədən etdiyi kobud zarafatına görə üzr istəyib, onu qum çuxurundan kənara çıxaracaq. Lakin qışqırmağa adətkarda olmayan səs nazik və zəif çıxırdı. Üstəlik, qum bu səsi udur, külək yayır və çətin ki, uzağa aparırdı.
Birdən dəhşətli gurultu eşidildi və kişi səsini kəsdi. Dünən qadının xəbərdarlıq etdiyi kimi, şimal tərəfdəki divarın üstündən sallanan qum çıxıntı quruyub uçdu. Ev yazıq-yazıq inildədi, elə bil naməlum bir qüvvə əl-ayağını burdu və bu vaxt onun əzablarını nəzərə çatdırmaq üçün çıxıntıyla divarın arasında qalan yarıqlardan bomboz qan xışıltı salaraq sızmağa başladı. Ağzı tüpürcəklə doluydu, elə bil zərbə onun özünə dəymişdi…
Hər halda, baş verənlər ağlasığan deyil. Nəsə əndazədən çıxan hadisədir. Ailəbaşı siyahıya salınan, iş yeri olan, vergi ödəyən və pulsuz tibbi xidmət hüququndan istifadə edən bir adamı hər hansı siçan və ya həşərat kimi tələyə salmaq olarmı? Ağlasığmazdır. Yəqin bu, nəsə yanlışlıqdır. Hə, əlbəttə ki, yanlışlıqdır. Bunun yanlışlıq olduğunu hesab etməkdən başqa, əlindən nə gəlirdi ki?
Hər şeydən əvvəl, onların mənə qarşı etdiklərini etmək,axmaqlıqdır. Axı mən nə atam, nə də ki, öküz və heç kəs iradəmin əksinə olaraq məni işləməyə məcbur edə bilməz. Və tezliklə mənim işçi qüvvəsi kimi yararsız olduğum məlum olacaq, buna görə də məni bu qum divarları arasında saxlamağın heç bir mənası yoxdur. Qadının boynuna əlavə yük olacaq bir adam nəyə lazımdır?
Amma nədənsə, əminliyi yox idi… Onu hər tərəfdən əhatələyən qum divara baxıb, heç ürəyindən olmasa da, ona dırmaşmaq üçün etdiyi uğursuz cəhdləri xatırladı… Divarın dibində nə qədər vurnuxsan da, heç bir xeyri yoxdur. Gücsüzlük hissi onu sarsıtmışdı… Görünür bu, qumun gəmirdiyi, adi ölçülərin qüvvədən düşdüyü qeyri-adi bir dünyadır. Əgər şübhələnməyə qalsa, şübhələnmək üçün səbəb nə qədər istəsəndir… Məsələn, əgər təzə bidonları və beli məxsusi olaraq onun üçün hazırladıqları düzdürsə, onda kəndir nərdivanın bilərəkdən aparılması da düzdür. Bir də ki, onun vəziyyətinin çıxılmaz, dəhşətli olduğunu, qadının müti itaətkarlıqla asanca və sakit öz taleyilə barışması faktı bunu təsdiq etmirmi? Bəlkə, qadının dünən onun burda uzun müddətə ilişib qaldığına eyham vurması təsadüfən deyilmiş?
Daha bir qum uçqunu qopdu.
Kişi qorxub, evə qayıtdı. O, əvvəlki tək həsirin üstündə üzüqoylu uzanan qadına tərəf getdi və hirslə onun üstünə qulaylandı. Coşub – daşan nifrəti gözlərinə vurmuş, ağrıyla bütün bədəninə yayılmışdı. Lakin birdən gücdən düşüb, qaldırdığı əlini qadına heç toxundurmadan ağır – ağır aşağı saldı. O deyəsən, əlinin içi ilə qadını şapalamaqdan özünü güclə saxladı. Ancaq ola bilsin, qadın onun məhz belə addım atacağına ümid edirdi. Əlbəttə, o, elə bunu gözləyir. Axı cəza, cinayətin bağışlanması təsdiqindən başqa bir şey deyil.
O, arxasını qadına çevirib, döşəməyə yıxıldı, ikiəlli başını tutub, sakitcə inildədi. Ağzında yığılıb qalmış tüpürcəyi udmaq istədi, alınmadı – boğazında qaldı. Yəqin selikli qişa qumun dad və iyinə çox həssas olmuşdu və nə qədər burda qalsa da – ona öyrəşə bilməyəcək. Tüpürcəyi dodaqlarının küncündə yığılıb, bozumtul, köpüklənən laxtaya çevrilmişdi. Tüpürəndə, ağzında qalan qumun kələ – kötürlüyünü daha güclü hiss etdi. O, dilinin ucu ilə dodaqlarını iç tərəfdən yalayır və tüpürməyi davam etdirərək, bu qumdan can qurtarmağa cəhd etdi, lakin onun sonu görünmürdü. Ancaq irinləyibmiş kimi qurudu və incitdi.
Yaxşı, nə etmək olar. Bu qadınla mütləq söhbət edəcəm və hər şey haqqında yerli – yataqlı danışmağa məcbur etməyə çalışacam. Yalnız əgər vəziyyət onun üçün tam aydınlaşsa, çıxış yolu tapa bilər. Hərəkət planına malik olmamaq olmaz. Düşdüyü belə axmaq vəziyyəltə barışa bilərmi?.. Əgər qadın cavab verməsə, nə etsin?.. Bu, həqiqətən də ən dəhşətli cavab olardı. Belə ehtimal qətiyyən istisni deyil. Onun bu inadkar sükutu… və nə üçün dizlərini qarnına sıxaraq aciz qurban kimi uzanıb qalıb?..
Üzüqoylu uzanmış lüt qadının pozası həddən artıq ədəbsiz idi, onda nəsə heyvani bir şey vardı. Ona elə gəlirdi ki, qadın arxası üstə çevrilməyə hazır idi, təki ona astaca toxunsun. Təkcə ağlına gələn bu fikirdən utanaraq töyşüdü. Lakin qəflətən özünü qadına əzab verən cəllad cildində gördü, özünü onun bəzi yerləri qumla örtülü bədəninin üstündəymiş kimi hiss etdi. Və anladı… Əvvəl – axır bu baş verəcək… Və onda nəsə bir söz deməyə haqqı olmayacaq…
Birdən qarnının aşağısından kəskin ağrı tutdu. Partlamağa hazır sidik kisəsi azad olmaq istəyirdi.