♦ 5 ♦

– Ey, orda kim var? Biz bir nəfər üçün də bel və bidon gətirmişik.
Uzaqdan gələn səs aydın eşidilirdi, – yəqin səsgücləndirici boruya qışqırırdılar, – və bu səs onların arasında yaranmış pərtliyi aradan götürdü. Sonra isə yerə tökülən dəmir-dümürün səsi gəldi. Qadın hay vermək üçün yerindən qalxdı.
Kişi acıqlanmışdı: ona məlum olmayan nəsə baş verirdi.
– Nə baş verib? Demək, burda daha kimsə var!
– Lazım deyil, xahiş edirəm… – Qadının bədəni ayışırmış kimi yığıldı.
– Axı bu dəqiqə kimsə: «Bir nəfər üçün də» – dedi.
– A – a – a. Onlar sizi nəzərdə tutublar.
– Məni?.. Belin mənə nə dəxli var?..
– Heç, heç, fikir verməyin… Həmişə burunların hara gəldi soxurlar…
– Yəqin, səhv salıblar.
Lakin qadın heç nə demədən, elə dizləri üstə dönərək ayaqlarını torpaq döşəməyə salladı.
– Sizə lampa lazım olacaq?
– Yox, keçinərəm… Sizə necə, orda lazım olmayacaq?
– Yox, öyrəncəliyəm.
Qadın, adətən əkin sahələrində işləyənlərin geyindiyi böyük həsir şlyapanı başına keçirib, qaranlıqda itdi.

Kişi bir dənə də siqaret yandırdı. Ətrafda nəsə anlaşılmaz işlər baş verirdi. Ayağa qalxıb, həsirin arxasına boylandı. Orda həqiqətən də otaq var idi, lakin içəridə yorğan-döşək əvəzinə divarlardakı dəlmə – deşikdən içəriyə dolan qum təpəciyi ucalırdı. O, zərbə yemiş kimi yerində donub qaldı… Bu ev də demək olar ki, ölü idi… Onun içərisini caynaqları ilə hər tərəfdən soxulan, əbədi axan qum yarıya qədər həzm etmişdi… Öz məxsusi forması olmayan, millimetrin səkkizdə biri qədər orta diametrdən başqa heç nəyə malik olmayan qum… Lakin heç nə bu formasız, dağıdıcı gücün qarşısını ala bilmir… Bəlkə də, elə formasızlıq özü gücün ən ali nümayişidir.

Lakin kişi çox tez də reallığa qayıtdı. Yaxşı, əgər bu otaq istifadəyə yaramırsa, onda qadın harda yatacaq? Bax, indi taxtadan qayrılmış divarın o tərəfində ora – bura gəzişir. Qol saatının əqrəbləri doqquza iki dəqiqə işlədiyini göstərirdi. Bu vaxtı ona orda nə lazımdır?
Kişi su axtarmaq üçün torpaq döşəməyə düşdü. Su çənin lap dibində qalmışdı, içində pas üzürdü. Hər halda bu, ağzını dolduran qumdan yaxşı olar. Su qalığını üzünə çırpdı, boynuna çəkdi və o dəqiqə gümrahlaşdı.

Torpaq döşəmə ilə sərin külək çəkirdi. Yəqin ki, bayırda ona dözmək asan olardı. Qabağını qum kəsmiş qapını çətinliklə açıb, bir-təhər çölə çıxdı. Yol tərəfdən əsən külək doğrudan da bir xeyli sərinləşmişdi. Külək pikapın – kiçik yük maşınının səsini ona tərəf gətirirdi. Diqqətlə qulaq asanda adam səslərini də ayırmaq olurdu. Ola bilsin ona elə gəlir,amma orda indi gündüzdəkindən daha qələbəlikdir. Bəlkə bu, dənizin səsidir? İndi səma ulduzlarla doludur.

Lampanın işığını görüb, qadın ona tərəf döndü. O, bellə ustalıqla davranaraq, qumu böyük kerosin bidonlarına doldururdu. Arxasında başının üstünü alan tünd qum dağı ucalırdı. Bu, onun gündüz həşərat tutduğu yerin təxminən altı idi. Qadın bidonları doldurub, hər ikisini birdən qaldırdı və divara tərəf apardı. Yanından keçəndə gözlərini qaldırıb, boğuq səslə dedi: «Qumdu…» Qadın kəndir nərdivanın asıldığı yerdə bidonları boşaltdı, yuxarıda isə bu dərəyə aparan cığır vardı. Əlinin arxası ilə sifətinin tərini sildi. Qadının bura daşıdığı qum yepyekə dağ olmuşdu.
– Qumu kürəyirsiniz?
– Nə qədər kürəyirsənsə kürə, dalı gəlir.
Boş bidonlarla yanından keçəndə qadın bekar əliylə qıdıqlayırmış kimi onun böyründən itələdi. Gözlənilməz hərəkətdən kişi az qala lampanı əlindən salacaqdı, kənara tullandı. Bəlkə lampanı yerə qoyub, qadına qarşılıq verim? Tərəddüd edir, özünü necə aparmaq lazım olduğunu bilmirdi. Axırda kişi qərara gəldi ki, onun düşdüyü vəziyyət ən sərfəli vəziyyətdir. Sifətində mənasını özü də bilmədiyi təbəssüməbənzər qrimas düzəldib, əlində lampa, utancaq yerişlə, yenidən əlinə beli götürmüş qadına yaxınlaşmağa başladı.
Yaxınlaşanda qadının kölgəsi bütünlüklə qum divarı örtmüşdü.
– Lazım deyil, – qadın geriyə dönmədən, ağır-ağır nəfəs alaraq dedi. – Qum üçün yuxarıdan səbət sallayanadək daha altı bidon daşımaq lazımdır.
Kişi mısmırığını salladı. Düzü, özündə süni yaratdığı gümrah əhval – ruhiyyədən bu şəkildə, sanki qəsdən vurub salındığı xoşuna gəlmədi. Amma iradəsindən asılı olmayaraq damarlarına nəsə doldu. Elə bil dərisinə yapışan qum damarlarına soxuldu və ehtirasını daxildən söndürdü.
– Bəlkə, mən sizə bir az kömək edim?
– Eybi yox… Elə birinci gündən sizi azca da olsa, işləməyə məcbur etmək yaramaz.
– Elə birinci gündən?.. Yenə o barədə… Mən burda cəmi bir gecə qalacam!
– Doğrudan?
– Əlbəttə, axı mən iş adamıyam… Verin, verin beli!
– Sizin beliniz bax ordadır; bəlkə lazım deyil…

Həqiqətən də, içəri girən kimi talvarın altında ayrıca bel və dəstəyi bir-birinə sarınmış iki kerosin bidonu qoyulmuşdu. Yəqin bunlar bir az əvvəl yuxarıdan «Bir nəfər üçün də» qışqıranların atdığı idi. Hər şey həddən ziyadə incə hazırlanmışdı və onda belə təəssürat yarandı ki, onlar bu kişinin niyyətini əvvəlcədən duyublar. Amma axı onda özü də hələ bilmirdi ki, işləməyə həvəsi olacaq. Hər halda özünü təhqir olunmuş hiss etdi və əhvalı korlandı. Belin dəstəyi qalın, oduncaq kimiydi, çox işləndiyindən isə rəngi qaralmışdı – heç cür əlinə götürmək istəmədi.
– Nə yaxşı, səbət artıq qonşulardadır! – elə bil onun tərəddüdünü hiss etməyən qadın qışqırdı. Səsi əvvəlkindən fərqlənir, fərəh və inamla dolu idi. Bu vaxt bayaqdan uzaqdan eşidilən adamların səs-küyü lap yaxınlaşdı. Dalbadal hərdən sakit pıçıltılar, qarışıq boğuq gülüşlə arası kəsilən ritmik çığırtılar eşidildi. Əməyin ritmi gözlənilmədən onu da həvəsə saldı. Çox güman ki, bu sadə dünyacıqda bir günlük gecələməyə qalmış adamın əlinə bel götürüb işləməsində qəbahətli heç nə görmürlər. Əksinə, burda onun tərəddüdünə qəribə baxardılar. Lampa yıxılmasın deyə, dabanıyla qumda onun üçün oyuq açdı.
– Yəqin haranı gəldi qazmaq olar, təki qazmaq olsun, düzdü?
– Yox, haranı gəldi olmaz…
– Tutaq ki, buranı, olar?
– Buranı olar, ancaq çalışın divarın dibini boşaltmayasınız.
– Bu vaxtlar bütün kənddə qum kürənir?
– Əlbəttə. Gecə qum nəm olur və işləmək asanlaşır… Qum quru olanda isə… – qadın yuxarı baxdı, – hardan və nə vaxt üstünə aşacağını heç vaxt bilmirsən.
Həqiqətən də, yarğanın kənarında qar yığınına bənzər, dolub partlamağa gələn, bir qədər irəli çıxmış qum günlük gözə dəyirdi.
– Axı bu, təhlükəlidir!
– Eybi yox, – qadın bir az şıltaqcasına güldü. – Bir baxın, duman qalxır.
– Duman?
Onlar danışana qədər göydəki ulduzlar seyrəldi və yavaş – yavaş yayğınlaşdı. Göylə qum divarı arasındakı sərhəddə nəsə bulanıq bir pərdə nizamsız, topa – topa burulub qalxırdı.
– Bu ona görə belə olur ki, qum dumanı özünə çəkir… Duzlu qum dumanla doyanda isə, nişasta kimi gərilir…
– Belə de…
– Elədi, elədi. Üstündən elə indicə dalğa keçib yumuş dəniz sahili kimi, – üzərindən lap tank da olsa, sakitcənə keçib gedər.
– Sən bir işə bax!..
– Həqiqi sözümdür… Bax elə buna görə də bir gecənin içində o gördüyünüz çıxıntı əmələ gəlir… Külək pis tərəfdən əsən günlərdə isə, vallah düz sözümdü, göbələyin papağı kimi bax beləcənə sallanır…Gündüz qum quruyur və bütün bu talvar aşağı gəlməyə başlayır. Və əgər uğursuz düşsə, – tutaq ki, bax o damı saxlayan nazik və ya başqa dirəklərin üstünə, – onda axırımızdır.

Bu qadının maraqları çox məhduddur. Lakin elə ki, öz həyatı sferasına daxil olur, tanınmaz bir şəkildə canlanır. Yəqin ki, onun ürəyinə də yol elə burdan keçir. Baxmayaraq ki, bu yol onu elə də cəlb etmirdi, qadının intonasiyasında onun kobud iş paltarında gizlənmiş bədənini hiss etmək həvəsi oyadan nəsə bir gərginlik vardı.
Kişi var gücü ilə diş – diş beli bir – birinin ardınca quma vurub, çıxarmağa başladı.