♣ Üçüncü hissə

♦ 28 ♦

Oktyabr.
Heç cür getmək istəməyən yay, gün ərzində qumu elə qızdırırdı ki, üstündə ayaqyalın beş dəqiqə də dayanmaq olmurdu. Lakin gün əyilən kimi rütubətli soyuq dəlmə-deşik divarlardan içəri dolur və ocaq qalamazdan əvvəl nəm külü qurutmaq lazım gəlirdi. Küləksiz havalarda səhər və axşam kəskin teperatur dəyişikliyindən bulanıq çayı xatırladan duman qalxırdı.
Kişi qarğa tutmaq üçün evin arxasında cələ qurdu. O, cələnin adını “Ümid” qoydu. Qumun tərkibi nəzərə alınaraq düzəldilmiş cələnin quruluşu çox sadə idi. O, kifayət qədər dərin dərə qazıb, ora taxta çəllək basdırdı. Kibrit çöpü boyda üç kiçik pazla ölçüsünə görə çəlləkdən bir qədər kiçik olan qapağı bərkitdi. Hər bir paza nazik ip bağladı. İplər qapağın ortasındakı dəlikdən keçir və çöldəki məftilə bərkidilirdi. Məftilin ucuna yem – qurudulmuş balıq taxılmışdı. Çöldə təkcə qumdakı dayaz çökəkdəki yemi saxlayıb, bütün qurğunu səliqəylə qumda basdırdı. Qarğa yemi tutan kimi pazlar uçur, qapaq çəlləyin içinə düşür və qum uçqunu baş verir: qarğa diri-diri qumda basdırılır… Bir neçə dəfə öz qurğusunu təcrübədən keçirdi. Saz işləyirdi… Sürətlə qum altında qalıb heç qanadlarını çırpmağa belə imkan tapmayan bədbəxt qarğa aydın şəkildə gözləri önünə gəlirdi.
… Bəxti gətirib qarğa tuta bilsə, məktub yazıb onun caynaqlarına bağlamaq olar… Lakin əlbəttə ki, hər şey bəxtinə qalıb. Birincisi, buraxılan qarğanın yenidən adam əlinə düşəcəyinə ümid çox azdır… Üstəlik, onun hara uçacağını heç bilməyəcəksən də… Adətən qarğaların uçuş dairəsi çox məhdud olur… Və istisna deyil ki, əgər kənddən olan bu tiplər iki faktı bir-biriylə tutuşdursalar: mənim qarğam qaçıb, dəstədə isə ayağına kağız parçası bağlanmış təzə qarğa peyda olub, onda o saat niyyətim onlara aydın olacaq… Və belə ciddi-cəhdlə düşünülmüş, səbirlə həyata keçirilmiş hər şey hədər gedəcək…
Uğursuz qaçışdan sonra kişi çox ehtiyatlı olmuşdu. O, qış yuxusuna gedibmiş kimi dərədəki həyata uyğunlaşır və ancaq kənd əhlinin şübhələrini dağıtmaq haqqında düşünürdü. Deyirlər, eyni bir şeyi fasiləsiz olaraq təkrar etmək ən yaxşı maskirovkadır. Və eyni bir şeyin sadə təkrarından ibarət həyat sürsə, istisna deyil ki, əvvəl-axır onu unudacaqlar.
Təkrarın belə faydaları da ola bilər. Məsələn, axırıncı iki ayı qadın hər gün, başını da qaldırmadan muncuq düzür və öz işinə elə aludə olub ki, hətta sifəti belə şişib. O, hər dəfə iti ucunu karton yeşikdəki metal rəngli muncuqlara taxanda əlindəki uzun iynənin ancaq parlayıb, yox olmasını görürsən. İndiyədək yığdığı hardasa iki min iyen olar. Yarım ay da belə işləsə, radio üçün veriləcək ilk ödəmə üçün pul düzələr.
Muncuq dolu yeşiyin ətrafında rəqs edən iynədə o qədər əhəmiyyət, məna vardı ki, elə bil bu yeşik kainatın mərkəziydi. Təkrar hazırda baş verənləri bəzəyir, ətrafdakıların reallığı haqda təəssürat verirdi. Və kişi də bütünlüklə özünü yeknəsəq fiziki işə həsr etmək qərarına gəldi. Çardaqdakı qumu təmizləmək, düyü arıtlamaq, paltar yumaq – bütün bunlar onun gündəlik vəzifəsinə çevrildi. Hər halda, burnunun altında zümzümə edə-edə işləyəndə vaxt tez gedirdi. Kefindən qalmayıb, yatarkən üstlərinə qum tökülməsin deyə, polietilendən çox da böyük olmayan örtük düzəltmiş, isti qumda balıq bişirmək üçün qurğu fikirləşmişdi…
Qanını qaraltmamaq üçün o vaxtdan qəzet oxumurdu. Bircə həftə dözmək kifayət etdi ki, oxumağa həvəsi qalmasın. Bir aydan sonra isə ümumiyyətlə qəzetin nə demək olduğunu unutdu. Nə vaxtsa gördüyü “Tənhalıq cəhənnəmi” adlı qravürün repraduksiyası onu heyrətə salmışdı. Orda qəribə pozada göyün üzü ilə uçan adam təsvir olunmuşdu. Geniş açılmış gözləri qorxudan bərəlmişdi. Ətrafdakı boşluq yarımşəffaf meyit kölgələriylə dolu idi. O, onların arasından çətinliklə keçir. Ölülər əl-qol ata-ata, itələşərək, bir-birinə fasiləsiz olaraq nəsə deyirlər. Nəyə görə bu, “Tənhalıq cəhənnəmi”dir? O vaxt fikirləşmişdi: adını səhv qoymayıblar ki. İndi isə anladı. Tənhalıq – xəyalların şiddətli atəşidir.
Məhz buna görə, ürək döyüntülərində rahatlıq tapmayıb, dırnaq gəmirirlər. Təfəkkür ritmindən həzz almaq iqtidarında olmayıb, tütün çəkirlər. Cinsi əlaqədən təmin olunmayıb, əsəbi şəkildə titrəyirlər. Tənəffüs də, yeriş də, bağırsaq sürüşməsi də, gündəlik cədvəllər də, hər yeddinci gündə daxil olan bazar günləri də, dördaydanbir təkrarlanan məktəb imtahanları da, – bütün bunlar nəinki onu sakitləşdirir, əksinə, hər dəfə yeni-yeni təkrarlara itələyirdi. Tezliklə çəkdiyi siqaretlərin sayı artdı, çirkli dırnaqları olan naməlum qadınla daim tənha, gözdən uzaq yerlər axtardığı pis yuxular görməyə başladı. Və nəhayət, zəhərlənmə əlamətləri hiss edən kimi vaxt itirmədən xəyalən, sadə dövrü elliptik hərəkətlə canlandırılan göylərə, millimetrin səkkizdə biri uzunluğunda dalğaların hakim olduğu qum təpələrinə üz tutdu.
O, qumla bitib tükənməyən mübarizəsindən, onun üçün ibrət dərsinə çevrilmiş gündəlik işindən hardasa həzz də alırdı. Demək olmaz ki, bu, sırf özünəqəsd idi. Bunda kamilləşməyə gedən yolu tapsaydı, heç də təəccüblənməzdi.
Lakin bir səhər mütəmadi olaraq gətirilən ərzaqla yanaşı əlinə karikatura dərgisi düşdü. Dərgidir də, başqalarından heç nə ilə fərqlənməyən dərgi. Üz qabığı cırılmış, üstü çirkli barmaq izləri ilə dolu, – hansısa köhnə cır-cındır alverçisindən alınana oxşayırdı. Və baxmayaraq ki, dərginin görkəmi adam içinə çıxarılası deyildi, onun burda peyda olmasını kənd əhlinin qayğısı kimi qiymətləndirmək də olardı. Ən çox da, dərgini oxuyarkən gülməkdən az qala qarnının cırıldığından, sanki konvulsiyası başlayıbmış kimi ayaqlarını yerə döyməyindən təəccüblənirdi.
Dərgi gic-gic karikaturalarla dolu idi. Mənasız, vulqar, zəif çəkilmiş – ondan soruşsaydılar ki, burda gülməli nə var, cavab verə bilməzdi. Təkcə birini- belinə gombul bir kişi çıxanda dizləri titrəyib yerə yıxılan at təsvir edilmiş karikaturanı yaxşı adlandırmaq olardı. Atın sir-sifəti doğrudan da gülməli idi. Amma nə fərqi var ki, məgər bu vəziyyətə düşmüş birinə gülmək olarmı? Hərəkətindən utanaydı barı. Yalnız müəyyən həddə qədər nəyəsə uyğunlaşmaq olar. Üstəlik bu, məqsəd yox, yalnız və yalnız vasitə olmalıdır. Qış yuxusuna getmək haqqında boşboğazlıq etmək ayrı, köstəbəyə çevrilib, içində işığa çıxmaq həvəsini büsbütün öldürmək isə ayrı şeydir.
Düzdü, fikirləşəndə nə vaxtsa, nə üsullasa burdan çıxmaq üçün imkan əldə edəcəyinə ümid yoxdur. Lakin axı istisna deyil ki, sadəcə hər hansı məqsəddən uzaqda nəyisə gözləməyə adətkarda olmaq olar, qış yuxusu bitəndən sonra isə məlum olacaq ki, işıq gözünü kor edib və sən burdan bayıra çıxa bilmirsən. Atalar demiş: üç günün ölüsü, min ilin ölüsü… Daxili his-pas elə sürətlə üzə çıxır ki… O, dərin fikrə daldı, lakin atın məzəli sifəti yadına düşmüşdü ki, yenidən onu gic gülmək tutdu. Başı lampa işığında həmişəki sapa muncuq düzmək kimi əziyyətli işə qarışmış qadın başını qaldırıb sadəlövhlüklə ona gülümsədi. Kişi öz satqınlığına dözə bilməyib, dərgini bir kənara atdı və çölə çıxdı. Dərənin üstündə süd rəngli duman burulub qalxırdı. Gecənin qalıqları – ətrafa səpələnmiş kölgə parçaları… qızdırılmış metal sap kimi parıldayan parçalar… parıldayan buxar damcılarına çevrilmiş üzən parçalar… Və kölgələrin belə möcüzəli ahəngi insanda intəhasız arzular oyadır. O, baxır və baxmaqdan doymurdu. Hər bir an yeni-yeni kəşflərlə zənginləşirdi. Burda hər şey vardı – həqiqətən mövcud olan obrazlar da və heç vaxt görmədiyi fantastik obrazlar da.
Kişi üzünü bu kölgələr burulğanına tərəf tutub, danışmağa başladı:
– Cənab məhkəmə sədri, məni ittihamla tanış edin! Mənə deyin görüm, belə bir hökm çıxarılmasına səbəb nədir?! Müttəhim sizin cavabınızı ayaq üstə gözləyir!
Dumanın içindən ona tanış səs eşidildi. Bir qədər küt olan həmin səs, elə bil telefon trubkasına danışırdı.
– Belə baxanda, yüzündən biri…
– Nə dediz?
– Deyirəm, Yaponiyada hər yüz nəfərdən biri şizofrenikdir.
– Üzr istəyirəm, siz nədən danışırsınız?
– Yeri gəlmişkən, kleptomanlara da yüzündən biri düşür…
– Bura baxın, siz nədən danışırsınız?
– Əgər kişilərin bir faizi eynicinsli sevgiyə mübtəla olubsa, onda təbii ki, qadınlar arasında da faiz göstəricisi belə olmalıdır. Və əgər davam etsək – bir faiz aravuranlar, bir faiz əyyaşlar, bir faiz psixi cəhətdən geri qalanlar, bir faiz cinsi manyaklar, bir faiz allahlıq iddiasında olanlar, bir faiz islaholunmaz dələduzlar, bir faiz impotent, bir faiz terrorist, bir faiz paranoid…
– Xahiş edirəm, bu mənasız söhbətə son qoyun…
– Yaxşı, sakitcə qulaq as. Hündürlükdən qorxmanı, sürətdən qorxmanı, narkomaniyanı, isteriyanı, adam qanına susamışları, sifilisliləri, ağıldan kəmləri də bir faiz olmaqla bura əlavə etsək…- hardasa iyirmi faiz alarıq… Və əgər sən bax elə bu üsulla hardasa səksən anomaliya da saysan… bunun mümkün olduğuna isə heç bir şübhə-filan yoxdur…deməli, insanların hamısının – yüz fizinin də anormal olduğu tam dəqiqdir, statistik cəhətdən sübut olunmuşdur.
– Bu nə cəfəngiyyatdır! Əgər normallığın hər hansı bir etalonu olmasaydı, anormallığı da təyin etmək mümkün olmazdı!
– Belə lazım deyil, axı mən sadəcə səni müdafiə etmək istəyirdim…
– Müdafiə etmək?..
– Lakin axı sən çətin ki, günahkar olduğunun üstündə təkid edəsən.
– Əlbəttə etməyəcəm!
– Onda özünü daha üzüyola apar. Vəziyyətdə nə qədər istisnalıq olursa olsun, özünü dağıtmağın heç bir mənası yoxdur. İnsanlar əcaib kəpənək qurdunu xilas etməyə borclu deyillər, lakin onların bu qurdu mühakimə etməyə də haqları yoxdur…
– Kəpənək qurdunu?.. Nə üçün qanunsuz saxlanmaya qarşı etirazım məni əcaib kəpənək qurduna çevirdi?
– Özünü sadəlövhlüyə vurma… Yüksək rütubət və temperatun səciyyəvi olduğu Yaponiya kimi bir ərazidə təbii fəlakətlərin səksən yeddi faizi daşqınların üzərinə düşür. Və belə bir şəraitdə küləyin yaydığı qumun vurduğu ziyan faizin mində biri qədərdir. Bunu nəzərə almaq – Saxarada daşqınlarla mübarizə qanunvericiliyi tətbiq etmək kimi bir şey olardı. Mənasız söhbətdir!
Mən bundan danışmıram. Söhbət mənim əzablarımdan gedir… Qanunsuz saxlama hər yerdə qanunsuzdur – istər səhrəda olsun, istərsə də bataqlıqda!
– A – a, qanunsuz saxlama… Amma axı insan tamahının sərhədi yoxdur… Və sən kənd əhalisi üçün dadlı tikəsən…
– Pox da yeməkdir! Lakin mənim üçün yaşamağın mənası daha yüksək şeylərdədir!
– Mənim bildiyimə görə, dünyada elə adamlar var ki, pi rəqəminin bir neçə yüz işarəlik dəqiq sayını tapmaq üçün ömürlərinin az qala on ilini sərf ediblər… Əla… Yəqin bunun özündə də yaşamağın mənası var… Lakin sən yaşamağın məhz belə bir mənasını inkar etdiyin üçün sonda gəlib bu yerlərə çıxmısan.
– Qətiyyən! Qumun özünün də tam ayrı imkanları var!.. Məgər o, tökmə üçün formaya yaramır?.. Sonra – o, betona möhkəmlik vermək üçün vacib xammaldır… Həm də qumdan bakteriya və alaq otunun asan alınması kənd təsərrüfatındakı təcrübələrədə istifadə edilir… Nəhayət, onu da əlavə edim ki, enzim əlavə etmək yoluyla qumdan münbit torpaq almaq üçün təcrübələr aparılıb… Qısası, qumu sən elə-belə bilmə…
– Ay da, adamı imanından necə tez döndərirsən… Lakin sən öz nöqteyi-nəzərini dəyişsən, mən bundan sonra nəyə inanmaq lazım olduğunu bilməyəcəm.
– Mən it kimi gəbərmək istəmirəm!
– Məgər sənin üçün fərqi va?.. Qarmaqdan qaçırdığın balıq həmişə tutduğundan böyük görünür.
– Lənət şeytana, axı sən kimsən?
Lakin duman parçaları burulub, göyə qalxdı və o, cavabı eşitmədi. İndi isə işıq şüaları dəstə-dəstə aşağı enməyə başladı. Nur gözünü qamaşdırdı. Dişlərini bir-birinə sıxıb, yorğunluğunun, boğazının yolunu tutan qatı qurum topasının çölə çıxmasına imkan vermədi.
Qarğa qarıldadı. Cələ yadına düşdü deyə, evin arxasına keçib, öz “Ümid”inə baş çəkmək qərarına gəldi. Müvəffəqiyyətə ümidi heç yox idi, lakin bu məşğuliyyət karikatura dərgisindən qat-qat maraqlıydı.
Yem əvvəlki tək toxunulmamış qalmışdı. İylənmiş balığın iyi burnuna vurdu. “Ümid”i düzəltdiyi vaxtdan hardasa iki həftə keçsə də, heç bir nəticə hasil olmamışdı. Görəsən səbəb nədir? Cələnin konstruksiyasına əmin idi. Əgər qarğa yemə toxunsaydı, hər şey əla olardı. Lakin qarğa heç o tərəfə baxmırdı da, indi durub nə edəsən…
Görəsən “Ümid”in nəyi onların xoşuna gəlmirdi? Axı hansı tərəfdən baxırsansa bax, cələdə şübhəli heç nə yox idi. Qarğalar başqa quşlardan onunla fərqlənir ki, insanın atdığı zir-zibililə qidalandığından, son dərəcə ehtiyatlı olmaq şərtilə həmişə yaşayış məskənlərinin ətrafında fırlanırlar. Onlar elə bil insanla səbirli olmaq üzrə yarışına çıxıblar. Nə qədər ki, dərədəki bu iylənmiş balıq onların şüurunda adi bir şeyə çevrilməyəcək… Nə isə, səbirli olmaq hələ məğlub olmaq demək deyil… Əksinə, elə ki, səbirliliyi məğlubiyyət kimi qəbul etməyə başladın, əsl məğlubiyyət də elə onda başlayır. Axı məhz elə buna görə də o, “Ümid” adını seçib. Ümid burnu – Cəbəllütarix deyil, Keyptaundur…
Kişi Ayaqlarını bir-birinə dolaşdıra-dolaşdıra evə qayıtdı… Yenə yatmaq vaxtı gəldi.