Yaradıcılığı dövründə 150 qısa hekayə yazıb. Yazıçının ən məşhur hekayələri sırasında “Raşomon darvazası”, “Burun”, “Cəhənnəm iztirabları” və “Sıx meşədə” var

Akutaqava Ryunoskenin (芥川龍之介) (1892-1927) ədəbi irsi (1914-1927-cı illər yaradıcılığı dövrüdür) XX əsr Yaponiya ədəbiyyatının ən parlaq hadisələrindən sayılır. Ryunoske yeni yapon ədəbiyyatının klassiki hesab olunur. Mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritça və əfsanələrdən alan yazıçı əsərlərində insan psixologiyasını, zahirən adi görünən hadisələrin şüuraltısını özünəməxsus ironiya ilə açmağa çalışıb.

Məşhur yaponiyalı yazıçı 1892-ci il martın 1-də kasıb südsatan Tosizo Niihara və xanımı Fuku Niiharanın ailəsində, Kyobaşi rayonunda (Tokio) anadan olub. O, əjdaha ilində, əjdaha ayında və əjdaha saatında anadan olduğu üçün ona Ryunoske adı (“əjdaha oğlu”) qoyulur. Elə adın ilk heroqlifi də – əjdaha mənasını verir.

O, anadan olanda anasının 30, atasının 40 yaşı vardı və həmin dövrdə bu, yaxşı əlamət sayılmırdı. Ryunoske on aylıq olanda anası dəlixanada özünə qəsd edir. Bundan sonra onu uşağı olmayan dayısı Mitiaki Akutaqava övladlığa götürür. Qədim və intelegent ailəyə sahib olan dayısı adət-ənənələrə, mədəniyyətə xüsusi önəm verir və qayda-qanunlu, disiplinli idarəetməyə sahib idi. Həm ailənin üzvləri arasında alim və yazıçılar da vardı.

1910-cu ildə o, Tokioda orta məktəbin yuxarı sinfini əla qiymətlərlə bitirib ingilis ədəbiyyatı üzrə kollecə daxil olur. 1913-cü ildə kolleci bitirib Tokio Universitetinin ingilis dili şöbəsinə daxil olur. Burada Ryunoske gələcəkdə məşhur yazıçı olacaq dostları ilə “Şinşiço” (“Yeni axın/cərəyanlar”) ədəbiyyat jurnalını buraxır. Jurnal naturalizm mövqeyindən çıxış etsə də onu “anti-naturalistlər” idarə edirdi. Lakin Akutaqava və dostları neorealizm tərəfdarları idi. Ryunoskenin ilk debütü olan “Ronen” (老年 ) (1914) əsəri də burada nəşr olunur. Erkən başlayan uğur bir-birinin ardınca özündə orta əsr Yaponiyasını əks etdirən “Raş(y)omon darvazası” (羅生門) (1915), “Burun” (鼻) (1916), “Cəhənnəm iztirabları” (地獄変) (1918) kimi əsərləri gətirir.

Gənc yaşlarından Meici dövrü yazıçıları (Natsumi Soseki, Mori Ohai), eləcə də, Çin və Qərb ədəbiyyatının nümayəndələrinin əsərlərindən (Mopassan, Frans, Strindberq, Dostoyevski) təsirlənib. Ryunoske 1916-cı ildə yazdığı “İmoqayu” (芋粥) əsərini Qoqolun “Şinel”, “Burun”u isə onun eyniadlı povesti, “Bağ” əsərini Çexovun “Albalı bağı” pyesindən təsirlənərək yazıb. “Burun” əsərinə görə o, Sosekidən tərifnamə məktubu alır.

Həmçinin, o, həmin dövrdə Qaki haiqosu (ləqəbi) ilə haikular (俳句 – yapon poeziyasında ən qısa janrlardan biri. 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır) yazır.

Tələbə ikən uşaqlıq dostu Yayoi Yoşida ilə ailə qurmaq istəsə də ailəsi razılaşmır. 1916-cı ildə o, Fumi Tsukamoto ilə nişanlanır və 1918-ci ildə onunla evlənir. Onların üç övladı dünyaya gəlir: gələcəkdə aktyor, dramaturq olan Hiroşi (1920-1981), tələbə ikən çağırışla Burmada öldürülən Takaşi (1922-1945), bəstəkar Yasuşi (1925-1989).

Bu dövr yaradıcılığını xarakterizə edən bir çox tənqidçilər hesab edir ki, bu, əsərlərin yaranmasına səbəb Ryunoskenin məhəbbətdəki uğursuzluğu olub, onu həyatda yaşadığı acıları unudaraq tarixi hadisələrdən tutunmağa sövq edib.

1916-cı ildə o, hərbi-dəniz məktəbində ingilis dili dərsi deyir. Amma müəllilmik etməyi sevmir. Gələcəkdə yazacağı əsərlərin birində Yasukiti müəllim obrazında öz prototipini yaradır…

1919-cu ildə “Osaka mainiçi şinbun” qəzetində işləyir. 1921-ci ildə xüsusi müxbir kimi 4 aylıq Çində ezamiyyətdə olur. Lakin bu səfər ona rahatlıq gətirmir. Anasından keçmə əsəb sisteminin pozulması, stress, yuxusuzluq onu rahat buraxmır. Bununla belə bu dövrdə yazdığı əsərlər yaradıcılıq baxımından digərilərindən seçilir. “Yabu no naka” (藪の中) (1922) həmin dövrün navvatoruna çevrilir. Arkadiy Struqaçovun sözlərinə görə, əsər ədəbiyyat tarixində bənzəri olmayan açıq aloqizmi yüksək bədii zirvəyə ucaldan unikal əsərdir. Cinayət haqqında çoxlu insan danışır, lakin bütün versiyalar bir-birinə ziddir…

Əsərdən sonra Ryunoskenin yaradıcılığında yazı üslubunun dəyişildiyinin şahidi olmaq olar; dil sadə, lakonik lakin aydın olmağa başlayır, mövzu Edo, Meici və s. dövrü tarixi hadisələrdən günün özünə gəlir.

Ümumiləşdirdikdə, yazıçı 1920-1923-cü illərdə “Sehr möcüzələri”, “Bisey necə inanırdı”, “Bir qisasın tarixçəsi”, “Susanoo-no-mikoto, “Susanoo-no-mikoto ahıl çağlarında”, “Tanrı Aqni”, “Qəribə hekayət”, “Xanım Rokunomiya”, 1924-1927-ci illərdə “Sanemonun cinayəti”, “Məktub parçası”, “Momotaro”, “At ayaqları”, “Ölümdən sonra”, “Karmen”, “Su adamları ölkəsində”, “Tanekonun kədəri”, “Yuxu” və s. novellalar yazıb.

“Tütün və şeytan”, “Culiano Kitiske” novellalarında Yaponiyada xarici – xristianlar pislənilir (həmin dövrdə fırıldaqçı, alverçilər Yaponiyada yayılmışdılar), tütünün yayılmasından danışılır. Tütün isə əsərdə xristianlığın ümumiləşdirilmiş obrazıdır.

20-ci illərdə yazdığı əsərlərin bir çoxu avtobioqrafik xarakter daşıyır. Həmin əsərlərində özü, xəstəliyi, hallusinasiyalarından danışır. Yazıçının 1927-ci ildə yazdığı “İlğım” və “Dişli çarxlar” hekayələrində, “Səfehin həyatı” povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixoloji vəziyyətini hər şeydən yaxşı əks etdirir. Ryunoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edir.

1935-ci ildə həyat dostu Kan Kikuçi ədəbiyyat sahəsində Akutaqava Ryunoske mükafatını yaradıb.

1950-ci ildə Ryunoskenin “Raşomon darvazası” (1915) və “Sıx meşədə” (1922) hekayələri əsasında Akira Kurosavanın “Raşomon” filmi çəkilib. Ukarynalı bəstəkar Viktoriya Poleva 1994-cü ildə “Cəhənnəm iztirabları” əsasında “Qaqaku” baletini yazıb. Yaponiyalı bəstəkar Mayako Kubo “Raşomon” operasını yaradıb. Əsərin almanca versiyası 1996-cı ildə Avstriya, yaponca versiyası 2002-ci ildə Tokioda səhnələşdirilib.

2015-ci ilin mart ayının 5-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşr – görkəmli yapon yazıçısı Akutaqava Ryunoskenin “Tanrıların istehzası” hekayələr toplusu çap olunub. Kitabda oxucuya təqdim olunan novellaların bir qismində qəhrəmanlar həyati əhəmiyyət kəsb edən məsələlərin çözümündə seçimlər edir, digərləri həyatın mənası barədə düşüncələrə varmadan, ümumi axına qoşulurlar. Kitabın tərcüməçisi Rövşən Ramizoğludur.

Azərbaycan dilində “Cəhənnəm iztirabları”nı oxumaq üçün kitablar bölümünə keçid edin.

Sevinc Nur © yapon.az 2015