Əvvəllər samuraylar bellərinə qılınc taxırdılar. Samurayların taxdığı qılınclar iki cür olurdu: uzun qılınc və qısa qılınc. Uzun qılınca, adətən, “katana”, ya da “taçi” deyirdilər, qısasına isə “vakizaşi”. Qısaca “böyük və kiçik” [大小] (oxunuşu: daişou) deyən də olurdu.


Katana samuray üçün o qədər dəyərli idi ki, “katana samurayın ruhudur” da deyilirdi. İnanırdılar ki, qılınca samurayın ruhu hopur. Elə bu qədər dəyərli olduğuna görə yapon dilində katanadan yaranan bir çox söz var. “Ailə xəzinəsi qılıncı”「伝家の宝刀」(oxunuşu: denka no houtou) ailədə nəsildən nəslə ötürülən mənəvi dəyərli bir katanadır. Bir müddətdən sonra həmin söz gündəlik istifadə olunmayan, ancaq vacib məqamlarda üzə çıxarılan nəyisə təsvir etmək üçün istifadə olunmağa başlandı. Belə deyirdilər “ailə xəzinəsi qılıncı çəkin”.

Belə sözlərə “sukedaçi”「助太刀」də daxildir. Bu söz “adauçi”, ya da döyüş zamanı kiməsə gücünü vermək mənasındadır. “Adauçi” isə öz növbəsində sənə dəyərli olan birini – ağanı, valideynini, qardaş-bacını və s. – öldürən birini öldürərək intiqam atəşini söndürməyə deyilir. “Hataşiai” isə döyüş zamanı canını ortaya qoyub döyüşməyi ifadə edirdi. Beləcə, bu söz yavaş-yavaş döyüşdə güc vermək, dəstək olmaqdan real həyatda kömək etmək, borc verməyə çevrilib. Məsələn, “işdə böyüyündən “sekudaçi” istəmək” formasında istifadə olunur.

“Kaito”「懐刀」kimononun yaxalığında, ya da qurşağında gəzdirə biləcəyiniz balaca qılınc – qəmədir. Bu qəmənin əsas məqsədi çətin anlarda özünüzü qoruya biləcəyiniz bir şey olmağıdır. Bir digər adı da “kaiken”dir. Bu söz də zamanla öz mənasını itirib özündən vəzifəlini qoruyan birini təsvir etməyə başlayıb. Artıq “başçının kaitosu” deyiləndə onun etibarlı işçisi nəzərdə tutulur, qəməsi yox.

“Marukoşi”「丸腰」deyiləndə üstündə silahını gəzdirməyən samuray nəzərdə tutulur. Yavaş-yavaş bu söz də əli tamam boş, silahsız olan adamı ifadə etməyə başlayıb. Yeri gələndə “Marukoşi dayanmaq”, yəni əliboş dayanmaq formasında istifadə olunur.

Eləcə də “qarnını kəsmək”「自腹を切る」(oxunuşu: cibara o kiru)sözünün “cibara”sunda qarın nəzərdə tutulur. Bir növ harakiri, yəni seppuku adlanan intihar formasını təsvir edir. Amma oradakı “cibara” artıq öz cibindən nəyisə ödəmək mənasını verməyə başlayıb. Məsələn, ofisdə vəzifəli bir insan “qarnımı kəsib öz işçilərimlə içməyə gedirəm”「自腹を切って部下と飲みに行く」(oxunuşu: cibara o kitte bukato nomini iku) deyirsə, öz hesabına işçilərinə qonaqlıq verdiyi başa düşülür.

İki tərəfi kəskin qılınc「諸刃の剣 (oxunuşu: moroha no tsuriqi) 」hər iki tərəfi kəsən qılınc deməkdir. Bu qılınc adi katanalardan fərqlənirdi, çünki katanaların, adətən, bir tərəfi kəskin olurdu. Edo dövründə samuraylar nadir hallarda “tsurugi”「剣」istifadə edirdilər. Çünki bu qılıncların hər iki tərəfi kəskin olduğuna görə, rəqibinə qılınc çəkəndə özünü də yaralaya bilərdin. Elə buna görə də, yavaş-yavaş「諸刃の剣」bir tərəfdən çox faydalı, digər tərəfdən isə olduqca təhlükəli ola bilən nəyisə ifadə etmək üçün istifadə olunmağa başlanıb. Belə hallarda deyirlər “bu fikirlə razılaşmaq tsurugi ilə döyüşmək kimidir”

「太刀打(が)できない」(oxunuşu: taçiuçi qa dekinai) ifadəsindən gələn “taçi-uçi”「太刀打」 uzun qılınc olan “taçi” zərbəsinin qarşısında durmaq qabiliyyətini izah edir. Əgər “taçi” zərbəsini dəf edə bilmirsinizsə, deməli, ya siz döyüşməyi bacarmırsınız, ya da rəqibiniz çox güclüdür. İndiki dövrdə isə “o adama taçi çəkə bilmirəm” deyəndə, qarşınızdakının sizdən güclü olduğunu boynunuza almış olursunuz.

Gəlin indi isə katananın hissələrinin adından yaranan ifadələrə nəzər yetirək. Məsələn, güclü rəqabət しのぎをけずる “şinogi o kezuru” adlanır. “Şinogi” katananın bıçaq olan tərəfi ilə bıçaqsız tərəfi arasındakı azca hündür olan hissədir. Qılıncla döyüşən zaman bıçaqların hissələri bir-birinə dəydikdə bıçaqlar boşalıb kəsilməz vəziyyətə düşür, ona görə də katanın “şinogi” hissələri bir-birinə vurularaq döyüşülür. Katana dəmirdən hazırlanmış qılınc olsa da, keçmişdə şinogi hissəsi “yaralamaq üçün sərt vuruş” mənasını verirdi. Bundan sonra “şinogi o kezuru” şiddətli hücum, rəqabət, döyüş mənasını verdi. Məsələn milli turnirdə 6 komanda bir-birilə “şinogi o kezuru” deyildikdə, yəni “komandalar şiddətli döyüşür, rəqabət aparır” mənasında istifadə olunur.

Bir insanın xasiyyəti, hobbi və zövqü başqasının zövqünə uyğun gəlmirsə, buna そりが合わない “sori qa avanai” yəni “uyğunsuzluq” deyilir. Həmçinin insanın xasiyyəti, hobbi və zövqü uyğun gələndə 反りが合う “sori qa au” yəni “uyğunluq” deyilir. “Sori” sözü katananın formasından götürülübdür. Katana elə hazırlanmışdır ki, uc hissəsi gövdəsinə baxır. Qılıncın bu əyri formasına “sori” deyilir. Qılınc istifadə edilmədikdə, digər əşyalara zərər verməmək üçün さや “saya” adlanan uzun, dar bir qaba (qın) qoyulur. “Saya” katananın əyri formasına uyğun olmadıqda, katana “saya”nın içərisinə sığışmır. Katananın meyilli hissəsi ilə “Saya”nın (qılıncın qabı) formaları bir-birinə uyğun gəlmədikdə, “Sori qa avanai” yəni “əyrilər uyğun gəlmir” deyilir. Əgər onlar mükəmməl uyğunlaşarsa, “Sori qa au” yəni “bir-birinə uyğundurlar” deyilir. Bu söz ”işdə olan insanlarla yola gedə bilmirəm” və ya əksinə kimi halları izah etmək üçün istifadə olunur.

Gücündə heç bir fərq olmadığı və hər iki tərəfin qalib gələ bildiyi eyni səviyyədə iki nəfər mübarizə apardıqda buna つばぜり合い “tsubazeriai” deyilir. “Hər iki komanda güclü döyüşür ” kimi məna verir. Qılıncın əl ilə tutulan hissəsinə 柄 “tsuka” (qulp), həmin hissə ilə qılıncın əsas gövdəsi arasında olan düz lövhəyə isə つば “tsuba” deyilir. “Tsuba” adətən dəmirdən, “tsuba”nı tutan əlin qılıncın kənarı ilə cızılmayacağı formada hazırlanır. Qılıncla döyüşərkən hər iki tərəf bir-birinə yaxınlaşdıqda qıvılcım çıxaracaq formada bir-birinə şiddətlə vuraraq döyüşməsinə isə 競り合い “zeriai” deyilir. Yəni “zeriai” döyüşmək, ”tsubazeriai” isə bir-birinin qılınc hücumlarını qəbul edərək, bir-birini itələmək deməkdir. Beləliklə də “tsubazeriai” iki tərəf arasında güc fərqinin olmadığı bir vəziyyətdə döyüşüldükdə, kim qalib gəlsə də təəccüblənəcək hal yoxdur deməkdir.

Katananın “ağız” hissəsində せっぱ “seppa” deyilən hissə var. Bu, qılıncın qabının içərisinə daxil edildiyi zaman asanlıqla sürüşməsinin qarşısını almaq üçündür. Bu hissədə bir az boşluq olmalıdır. Əgər bu boşluq olmazsa, katananı qınından (saya) çıxarmaq və ya daxil etmək mümkün olmur. Buradan 切羽詰まる “seppa tsumaru” sözü yaranıb. つまる “tsumaru” qılıncı qınından çıxara bilməmək deməkdir. Qılınc kritik anlarda istifadə edilə bilmədiyi üçün “seppa tsumaru” nəyinsə sürətlə yaxınlaşdığını və bununla bağlı heç nə edə bilməməyi bildirir. Məsələn, ”Pulum bitdi, çarəsiz qaldım və valideynlərimdən kömək istədim” demək üçün istifadə olunur.

Bellərində qılınc olan samuraylar artıq yoxdur, lakin qılıncdan yaranan sözlər müasir günümüzdə yapon dilində hələ də yaşayır.

Cəmilə Məmmədli/Əliyev İbrahim©yapon.az2024