Pişikləri sevən insanlar çoxdur, xüsusən də Yaponiyada. Yaponiyaya pişiklər təxminən Nara dövründə (710-784) Avropa qitəsindən gətirilib. Siçanlar buddist sutralarını parçaladıqları üçün, sutraları qorumaq məqsədilə pişiklərin gətirildiyi deyilir. Pişiklər əzəldən Yaponiyada yaşamış heyvanlar olmayıblar.

Yaponlar pişikləri niyə “neko” adlandırırlar?


Pişiklər “nya-nya” , “mya-mya” deyə səslər çıxarırlar. Bu səslərə “ko” hissəciyi əlavə edildiyini deyən fikirlər mövcuddur. “Ko” yaxınlıq və sevgi ilə danışılan dillərdə istifadə edilir. “Ne” hissəciyinin isə 寝る (neru) “yatmaq” və ya 鼠 (nezumi) “siçan” sözlərindəki “ne” hecası olduğu iddia edilir. Bilirik ki, pişiklər çox yatan heyvandırlar və bütün pişiklər olmasa belə, bəziləri siçan da tutur.

Yaponiyaya gətirilən pişiklər tez bir zamanda insanlar tərəfindən sevilməyə başlandı. Bunu pişiklərlə bağlı ifadələrdən də başa düşmək olar. Pişiklərlə bağlı ifadələrin bəzilərini sizlərə təqdim edirik:

猫にかつおぶし [Neko ni katsuobuşi]
“Katsuobuşi” katsuo (palamut) adlanan balığın ətindən hazırlanıb, yapon yeməklərinin dadını daha da ləzzətli edən çox vacib ərzaqdır. Pişiklər isə “katsuobuşi”ni çox sevirlər. Buna görə də ねこにかつおぶし ifadəsi katsuobuşi pişiklərin yanına qoyulsa tez onu yeyəcək yəni, çox sevdiyiniz bir şey yanınızda olarsa, yaxşı olmayan bir hadisə baş verəcək mənasını verir.

猫に小判 [Neko ni koban]
“Koban” Edo dövründə istifadə olunan qızıl qəpiklərdir. Kobanın bir dənəsi çox dəyərli idi. Bu kimi dəyərli şeyi pişiyə versəniz, heç bir geri dönüş, heç bir nəticə olmayacaq. Nə qədər dəyərli bir şey olursa olsun, onu bu dəyəri anlamayan şəxsə versəniz heç bir faydası olmayacaq.

 

猫の手も借りたい [Neko no te mo karitai]
Pişik olsa da olar, kömək etməyini istəyirəm mənasına gəlir. Çox məşğul olan zaman, kiminsə köməyinə ehtiyac olduqda istifadə edilir. “Pişik olsa belə olar” kimi ifadələr pişiklərə qarşı nəzakətsizlik hesab olunsa da, çarəsizliyi bildirmək üçün istifadə olunan ifadədir.

猫の首に鈴を付つける [Neko no kubi ni suzu o tsukeru]
Bu ifadə Ezop əfsanələrindən gəlib. Ezop əfsanələri qədim yunan heyvanlarını və sairə baş qəhrəman edərək, nəyisə öyrətmək və ya qınamaq üçün yazılan əfsanələr toplusudur. Siçanlar yığışıb, pişiyin gəlməsini tez anlamaları üçün pişiyin boynuna zınqrov taxmağı qərara alırlar. Lakin pişikdən qorxan, zınqırovu pişiyə taxmaq istəyən siçanın yoxa çıxması haqqında rəvayətdir. Yəni görüləsi işlər müzakirə edilsə də, işin icrası zamanı bunu kimin reallaşdıracağına öncədən qərar verilməlidir. Yəni fikirlər nə qədər yaxşı olsa da, heç kim onu həyata keçirməsə, müzakirə olaraq qalacaq mənasını verir.

猫を被る [Neko o kaburu]
Əsl xarakterini gizlədərək, özünü sakit kimi göstərən insanlara deyilir. Pişiklər sakit görünürlər amma vəhşi təbiətlərini gizlədirlər. Həmçinin hər hansı birşeyi bildiyi halda bilmirmiş kimi davranmaq mənasında da istifadə edilir.

Pişiklərlə bağlı ifadə və deyimlər çoxdur. Yəqin ki, pişiklər qədim zamanlardan insanlarla təmasda olduqları üçün bu cür deyimlər yaranmışdır. Siz, necə düşünürsüz?

Mürsəlzadə Günel©yapon.az2024