♣ Birinci hissə

♦ 1 ♦

Avqust günlərindən birində bir nəfər qeyb oldu. O, məzuniyyətini burdan qatarla yarım günlük məsafədə yerləşən dəniz kənarına səyahətə həsr etmək istəyirdi və o gündən onun izi-sorağı itdi. Nə polisin axtarışı, nə də qəzetlərdə verilən elanlar heç bir nəticə vermədi.

Ümumiyyətlə, adam itkisi elə də nadir hadisə deyil. Statistikaya görə, hər il qəzetlərdə bir neçə yüz itkin düşmüş adam haqqında məlumat çap edilir. Nə qədər qəribə olsa da, tapılanların faiz göstəricisi elə də böyük deyil. Qətl və bədbəxt hadisələr zamanı müəyyən izlər qalır; adam oğurluğu zamanı da hadisənin səbəbini təyin etmək çətinlik törətmir. Lakin itki tamam başqa səbəbdəndirsə, itənin izinə düşmək çox çətin olur. Düzü, itkindüşməni kimdənsə, nədənsə qaçma adlandıran kimi, bu hadisələrin bir çoxunu elə adi qaçışlar silsiləsinə aid etməkdən başqa çarə qalmır.

Haqqında danışılan hadisə zamanı da ortada dəlil-sübutun olmamasında qeyri-adi bir şey yox idi. Bu adamın yola düşdüyü yer təxmini məlum idi, lakin oradan naməlum meyit tapılması barədə məlumat gəlmədi. Sənəti də məxfiyyatla bağlı deyildi ki, ondan ötrü bu adamı oğurlasınlar. Hərəkət və davranışlarında isə qaçmaq haqqında düşündüyünə işarə belə yox idi.

Əvvəlcə hamı, təbii ki, məsələdə hər hansı bir qadının əli olduğunu güman etdi. Lakin polis məmurları və iş yoldaşları arvadından öyrənəndə ki, itkin düşən öz kolleksiyası üçün həşərat yığmağa gedib, deyim ki, bir qədər məyus da oldular. Həqiqətən də, hansısa qadına qoşulub qaçmağını gizlətmək üçün bir sürü ləvazimatı – zəhər dolu şüşə qabı, həşərat tutmaq üçün əl torunu özünlə sürüyəsən, – bu, çox böyük hiyləgərlik olardı. Ən əsası isə, stansiya işçisi xəbər verdi ki, həmin gün qatardan düşən alpinist görkəmli kişinin çiynində rəssamların istifadə etdiyinə oxşar çarpaz asılmış taxta yeşik və su qabı vardı: onun dəqiq yadında idi ki, bu adam tamamilə tək idi. Beləliklə, bu gümanlar da öz-özünə qüvvədən düşdü.

Mizantropiya zəminində özünəqəsd haqqında versiya üzə çıxdı. Bu şayiəni psixoanalizin böyük həvəskarı olan iş yoldaşlarından biri buraxdı. Yetkin bir adamın həşərat kolleksiyası toplamaq kimi mənasız bir işə aludə olması faktının özü, artıq psixi yarıtmazlığın göstəricisidir. Hətta uşağın da həşərat kolleksiyası toplamağa həddən ziyadə meylli olması adətən Edip kompleksi əlaməti sayılır.

Yerinə yetməmiş arzularını hər nə cürsə kompensə etmək məqsədilə o, ləzzətlə sancağı artıq ölmüş, onsuz da heç yerə qaça bilməyəcək həşərata sancır. Və əgər, yetkinlik yaşına çatdıqdan sonra da şakərindən əl çəkmirsə, deməli vəziyyəti daha da ağırlaşıb. Axı entomoloqlar tez – tez nəyisə əldə edib, toplamaq maniyası ilə alışıb yanır, son dərəcə adamayovuşmaz olmaqla, kleptomaniya (oğurluğameyllilik) və pederastiyadan (uşaqbazlıq) əziyyət çəkirlər. Bütün bunlardan mizantropiya zəminində intihara isə cəmi bir addım qalır. Bu azmış kimi, kolleksiyaçılar arasında elələri var ki, nəinki təkcə kolleksiyanın özünə, ondan da çox şüşədəki zəhərə meyl göstərir və bu səbəbdən də öz məşğuliyyətlərindən əl çəkə bilmirlər… Bir dəfə də olsun maraq göstərdiyi sahə barədə açıq danışmağa meyli olmamasının özü də, ayıblı bir işlə məşğul olduğunu dərk etdiyinə sübut idi.

Lakin meyidi tapılmadığından ilk baxışda məntiqli görünən bütün bu mülahizələr öz gücünü itirmiş oldu.

İtkindüşmənin əsl səbəbini isə axıra qədər heç kəs bilmədi. Və Mülki kodeksin 30 – cu maddəsinə əsasən hadisənin üstündən yeddi il keçdiyi üçün itkin düşmüş adam ölmüş hesab edildi.