♦ 31 ♦

Qumun bir-birindən fərqlənməyən gecələri əvəzlənir, həftələr keçirdi.
Qarğalar əvvəlkitək “Ümid”ə yaxın durmurdular. Yem – qurudulmuş balıq – daha qurudulmuş balıq deyildi. Qarğalar ona tamah salmamışdılar, lakin görünür, bakteriyalar üçün fərqi yox idi. Bir dəfə səhər çağı taxtanın ucu ilə yemə toxundu – balığın yalnız qabığı qalmışdı, özü isə qara, yapışqan kimi horraya çevrilmişdi. Yemi dəyişib, qurğusunun xarab olub – olmamasını bir daha yoxlamaq qərarına gəldi. O, qumu qazıb, qapağı açanda zərbə yemiş kimi yerindəcə qurudu. Çəlləyin dibində su yığılmışdı. Hündürlüyü cəmi on santimetr olardı, lakin bu, göz yaşı kimi dupduru su idi, hər gün onlar üçün gətirilən paslı sudan qat-qat təmiz. Məgər son günlər yağış yağıb ki?.. Yox, ən azı iki həftə idi ki, yağış yağmırdı… Onda, bəlkə bu su, əvvəl yağan yağışlardan qalmadır?.. O, belə fikirləşmək istərdi, amma təəccüblüsü o idi ki, çəllək suyu buraxırdı. Həqiqətən də, o, çəlləyi qaldıranda altından şorhaşorla su axdı. Nəzərə alsaq ki, belə dərinlikdə yeraltı su qaynağı ola bilməz, onda belə çıxır ki, çəlləkdən axan su daim hardansa onun içinə daxil olur. Hər halda, nəzəri cəhətdən belə çıxır. Lakin bu qurumuş qumların içində su çəlləyə haradan daxil ola bilər?
Kişi dəqiqəbədəqiqə artan həyəcanını güclə boğurdu. Yalnız bir cavab uyğun gəlirdi. Qumun kapilyarlığı. Qumun üst qatı adətən, yüksək istilik tutumu hesabına qurumuş olur, lakin bir qədər dərinə getsən, orda qum həmişə nəm olur. Şübhəsiz ki, bu, qumun üst qatında buxarlanmanın, aşağı qatlardan nəmi vurub çıxaran pompanqın işini gördüyü üçün baş verir. Bunu təsəvvür edib, qum təpələrindən səhər-axşam qalxan qatı dumanın, evin taxta divar və dirəklərininin canına hopub, çürüdən qeyri-adi nəmişliyin nədən baş verdiyini asanca anlamaq olar. Uzun sözün qısası, qumun quruluğu sadəcə su çatışmamazlığı ilə deyil, kapilyarlardan sovrulma sürətinin buxarlanmanın sürətindən həmişə geri qalması ilə izah edilir. Başqa sözlə, suyun daxilolması fasiləsiz davam edir. Lakin bu dövretmə adi torpaq üçün ağlasığmaz olan bir sürətlə baş verir. Və çox güman ki, onun “Ümid”i suyun bu dövretməsini hardasa pozub. Görünür, basdırılmış çəlləyin yeri, onunla qapağı arasındakı yarığın eni və s. – bütün bunlar aşağıdan özünə yol tapan suyun buxarlanmasını əngəlləyib, o da çəlləyin dibində yığılıb qalıb. Bu nə mövqedir və bütün bunlar bir-birilə necə əlaqəlidir kimi suallara cavab tapmaq onun üçün hələlik çətin idi, lakin dərindən öyrənsəydi, yəqin ki, cavab tapa bilərdi. Və istisna deyil ki, su əldə etmək üçün daha səmərəli qurğu qura bilərdi.
Təcrübələr müvəffəqiyyətlə başa çatsa, onlar üçün su gətirməyi tərgitsələr belə, heç kəsin qarşısında əyilməyəcək. Ən maraqlısı odur ki, sən demə, bu qumlar həm də nəhəng nasosdur. Ona elə gəldi ki, susovuran nasosun üstündə əyləşib. Dəlicəsinə vuran ürək döyüntülərini sakitləşdirmək üçün oturub, nəfəsini dərməli oldlu. Hələlik bu barədə heç kəsə bir kəlmə demək lazım deyil. Bir şey olsa, bu, zəruri silahdır.
O, sevinərək gülüşünü saxlaya bilmədi. Baxmayaraq ki, “Ümid”lə bağlı baş verənlər haqqında susmalı idi, ürəyini dolduran bu sevinc hissini gizlədə bilmirdi. Kişi qəfildən nazik səslə qışqırıb, yataq döşəyən qadını arxadan qucaqladı. Lakin qadın əlindən çıxdı, o, isə arxası üstə yıxıldı və sanki içi qazla doldurulmuş şar qarnını qıdıqladığından ayaqlarını oynadaraq, gülməyə başladı. Ona elə gəldi ki, üzünə tutduğu əli havada sərbəst uçur.
Sadəcə onun əhvalını pozmamaq üçün, süni də olsa qadın da gülürdü. Kişi özü-özünə, nazik gümüşü sap kimi qumların arasındakı dar yollarla yuxarı qalxan, intəhasız olaraq uzanıb gedən dupduru yeraltı çaylar şəbəkəsini təsəvvür etdi. Qadın isə tamam ayrı – kişinin bu hərəkətindən sonra baş verəcək hadisə – cinsi əlaqə haqqında fikirləşdi. Qoy olsun. Yalnız gəmidə batan və ancaq möcüzə sayəsində sağ qalan adam, yalnız təkcə nəfəs aldığına görə qəhqəhə çəkmək istəyən adamın psixologiyasını anlaya bilər.
Əvvəlkitək dərənin dibində olsa da, ona elə gəlirdi ki, hündür bir qülləyə çıxıb. Bəlkə bütün dünyanın astarı üzünə çevrilib və hündürlüklərlə çökəkliklər bir-biriylə yerlərini dəyişib. Hər halda o, qumda su tapıb. Bu isə o deməkdir ki, kənd əhli onunla elə də asan bacara bilməyəcək. Qoy lap su təchizatına xitam versinlər, o, onlarsız da nə qədər istəsə yaşaya bilər. Və o, kənd camaatının necə vurnuxacağını təsəvvür edib, yenidən gülməyini saxlaya bilmədi. Ona hətta elə gəldi ki, artıq dərədən canı qurtarıb. Ətrafına baxdı və bütün dərə onun gözləri qarşısında açıldı. Mozaikaya kənardan baxmasan, ona qiymət vermək çətindir. Lap yaxından baxsaz, detalları qarışdırarsınız. Bir detaldan gözünüzü çəkən kimi digərinə ilişəcəksiniz. Çox güman ki, o, indiyədək qumun özün yox, yalnız ayrı-ayrı qum dənələrini görmüşdür.
Bax elə beləcə də həmin o başqa qadın haqqında, iş yoldaşları haqqında danışa bilərdi. İndiyədək təsəvvüründə qeyri-adi dərəcədə böyüyən yalnız ayrı-ayrı kiçik detalları xatırlayırdı: ətli burunun deşikləri… qırışmış dodaqlar…Qırışsız nazik dodaqlar…küt barmaqlar… nazik barmaqlar… gözlərdəki parıltı… körpücük sümüyünün altındakı uzunsov xal… sinədə görünən mavi damarlar…Yaxından, gözlərini zəlləyib baxmaq iyrəncdir. Lakin uzaqdan bütün bunlar kiçik, cuppulu həşərat boyda görünür. Bax orda, müəllimlər otağında çay içən həmkarları qarışqa kimi qaynaşırlar. Bax orda isə, küncdə, – həmin qadın lüt, gözləri yarıörtülü, papirosunun külünün indilərdə düşəcəyinə baxmayaraq, tərpənmədən nəm çarpayıda uzanıb. O, heç bir paxıllıq hissi-filan keçirmədən sanki içi boş peçenye üçün forma imiş kimi bu balaca həşəratlar haqqında fikirləşirdi. Təki formalardan istifadə etsin deyə, heç kəsin sifariş vermədiyi peçenyeləri dönə-dönə bişirmək üçün, deyək ki, fanatik-şirniyyatçı olmaq vacib deyil. Əgər işdi, onlarla bir də münasibət qurmaq lazım gəlsə, hər şeyi yenidən başlamaq lazım gələcək. Qumda baş verən dəyişikliklər həm də onun özündəki dəyişikliklər idi. Elə bil qumda, su ilə yanaşı yeni bir insan da tapmışdı.
Beləliklə, onun gündəlik işlərinin üstünə su yığmaq üçün qurğu inşası da gəldi. Rəqəmlər və diaqrammalar meydana gəlməyə başladı – çəlləyin basdırılacağı yer…çəlləyin forması… günün uzanması vaxtı ilə suyun yığılma sürəti arasında əlaqə… temperaturun və atmosfer hadisələrinin qurğunun effektivliyinə təsiri. Onun qarğalar üçün düzəltdiyi tələ ilə belə ciddi-cəhdlə məşğul olmasını qadın heç cürə anlamırdı. O, hər bir kişinin oyuncaqsız keçinə bilmədiyinə özü-özünü inandırırdı və əgər kişi bundan zövq alırsa, nə olar – əla. Bu öz yerində, nədənsə kişi qadının ev işlərinə də böyük maraq göstərməyə başlamışdı. Bunda pis bir iş yox idi. Qoy başını qarışdırsın. Lakin kişinin bütün bunlar haqqında öz fikir və mülahizələri vardı. Gözlənilmədən onun tədqiqatları müqayisə və bir sıra şərtlərin əlaqəsini tələb edən ciddi çətinliklərlə üzləşdi. O, əldə edilən materialların sayının artmasına baxmayaraq, heç cürə bunların nizamlı sistemdə ümumiləşdirməyə imkan verən qanunauyğunluğu tapa bilmirdi. Üstəlik, dəqiq material əldə etmək istəyirdisə, hava haqqında məlumat və proqnozlara qulaq asmaq üçün radioqəbulediciyə malik olmalıydı. Beləliklə radioqəbuledici onların hər ikisinin ümumi məqsədinə çevrildi.
Noyabrın əvvəli üçün gün ərzində çəlləkdə dörd litrədək su yığılırdı, lakin sonradan daxil olan suyun miqdarı günü-gündən azalmağa başladı. Bəlkə teiperaturun təsirindən idi? Lakin görünür, tam həcmli təcrübələr keçirmək üçün yazadək gözləmək lazım idi. Sərt, uzun sürən qış gəldi və qumla yanaşı havada buz parçaları uçuşmağa başladı. Bir az yönlü radio almaq üçün, qadına heç olmasa bir az kömək etmək qərarına gəldi. Dərənin də öz üstünlükləri vardı – onun içində külək hiss olunmurdu. Lakin əvəzində, demək olar ki, heç günəş də görünmürdü. Qum hətta donanda belə, havada adi günlərdən heç də az olmayan miqdarda uçuşurdu və evin həndəvərini qumdan yorulmadan təmizləmək lazım idi. Əlinin dərisi çatlayıb, qanayırdı.
Nəhayət qış bitdi. Yaz gəldi. Martın əvvəlində radio alındı. Damda uzun anten quraşdırdılar. Qadın bütün günü sevinc və təəccüb içərisində, radionun dəstəyini hərləyirdi. Ayın axırı hamilə olduğunu hiss etdi. İki ay da keçdi. İri ağ quşlar üç gün idi ki, qərbdən şərqə uçurdular. Bir gün sonra isə qadın dözülməz ağrıdan şikayət etdi. Onun büsbütün qan içində olduğunu gördü. Kənddəkilərdən biri – qohumlarından kimsə baytar imiş – diaqnoz qoydu: uşaq düşüb. Qadını yük maşınında şəhərə, xəstəxanaya aparmağa qərar verdilər. Maşın gələnədək kişi bir əli qadının əlində, digəriylə onun qarnını sığallaya-sığallaya xəstənin yanında əyləşdi.
Budur, pikap dərəyə yaxınlaşdı. Axırıncı yarım ildə ilk dəfə kəndir nərdivanı salladılar. Barama kimi yorğana bükülmüş qadını kəndirlə yuxarı qaldırdılar. Qadın lap axıradək yaşarmış gözləriylə ona yalvarışlı baxışlarla baxmaqda davam edirdi. O, bunu görmürmüş kimi üzünü yana çevirdi.
Qadını aparandan sonra da kəndir nərdivan sallanmaqda davam edirdi. Kişi qorxa-qorxa yaxınlaşıb, barmağının ucuyla ona toxundu. Nərdivanın yox olmadığına əmin olub, ehtiyatla yuxarı dırmaşmağa başladı. Göy üzü nəsə bulanqıq-sarı rəngdə idi. Qolları və ayaqları sudan çıxmış adam kimi ağırdır… Budur, çoxdan gözlənilən nərdivan…
Elə bil külək nəfəsini ağzından alıb aparırdı. Dərənin ətrafında dövrə vurub, dənizi görmək üçün hündürə çıxdı. Dəniz də bulanıq-sarı rəngdəydi. Dərindən nəfəs aldı, lakin hava o təsəvvür etdiyi kimi deyil, tamam başqa cür – nahamar idi. Arxaya dönüb, kəndin qırağındakı tozanağı gördü. Yəqin qadını aparan pikapdır… Hə, yəqin, getməmişdən əvvəl nahaq qadına tələ haqqında hər şeyi danışmadı.
Dərənin dibində nə isə tərpəndi. Bu, onun kölgəsi idi. Bir qədər yuxarıda isə su yığmaq üçün qurğunun kölgəsi. Plankanın(tamasanın) biri düşmüşdü. Yəqin, qadını aparanda ayaqları ilişib. O, sınığı düzəltmək üçün geriyə tələsdi. Su, o ehtimal etdiyi kimi dördüncü nişana kimi qalxmışdı. Sınıq elə də ciddi deyil. Radio evdə cır səslə oxuyurdu. Göz yaşlarını güclə saxlayıb əllərini çəlləyin içinə saldı. Su soyuqluğuyla yandırdı. Lakin o, elə həmin vəziyyətdə – sallağı oturmaqda davam edərək, yerindən heç tərpənmədi də.
Qaçmaq üçün tələsməyə elə də ehtiyac yoxdur. İndi onun əlində hər iki istiqamətə bilet – təmiz blank var və o özü, ürəyi istədiyi kimi bu blankı həm yola düşmək vaxtını, həm də son dayanacağı göstərməklə, doldura bilər. Bundan əlavə, su yığmaq üçün düzəltdiyi qurğu barədə kiməsə danışmağa müəyyən edilməz şəkildə çəkir. Və əgər o, bunu etməyə qərar versə, kənd əhlindən çox razılıq edən dinləyici tapmayacaq. Bu gün də olmasa, sabah kiməsə bu barədə hər şeyi danışacaq.
Qaçış – bu barədə düşünməyə isə hələ çox vaxt olcaq.

İ t k i n d ü ş m üş a d a m h a q q ı n d a v e r i l m i ş ə r i z ə y l ə b a ğ l ı e l a n

İtkin düşmüşün adı – Niki Cyumpey

Doğulduğu gün, ay, il – 7 mart, 1924

Yuxarıda adı çəkilən Niki Cyumpeyin itkin düşməsi barədə Niki Şino tərəfindən daxil olan ərizə ilə əlaqədar, birinciyə 21sentyabr, 1962-ci il tarixədək məhkəməyə öz olduğu yer barədə məlumat verməsi təklif olunur. Əgər belə bir məlumat daxil olmasa, o, ölmüş hesab ediləcək. İtkin haqqında hər hansı məlumatı olan şəxslərdən göstərilən müddətədək məhkəməyə məlumat vermələri xahiş edilir.

18 fevral, 1962-ci il
Mülki məhkəmə

Q ə r a r

İddiaçı – Niki Şino
İtkin düşən – Niki Cyumpey, 1924-cü il, martın 7-də doğulub

Bununla təsdiq edilir ki, yuxarıda göstərilən şəxsin itkin düşməsi barədə daxil olan ərizə ilə əlaqədar açıq elan proseduru həyata keçiriləndən sonra, 1955-ci il, 18 avqustdan etibarən, yəni yeddi ildən çox keçən müddət ərzində göstərilən şəxs barədə heç bir məlumat daxil olmamışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qərar verilir: İtkin düşmüş Niki Cyumpey ölmüş hesab edilsin.

5 oktyabr, 1962-ci il
Mülki məhkəmə

Hakimin imzası.

“Alatoran” dərgisinin 2004-cü il №1, №2, №3 sayında nəşr olunub.