♦ 2 ♦

Bir dəfə avqustda günortadan xeyli keçmiş stansiyanın platformasında boz pike panamalı kişi peyda oldu. Çiyinlərində çalın – çarpaz asılmış iri taxta yeşik və su qabı vardı, şalvarının ətəkləri corabının içinə salınmışdı, elə bil dağa çıxmağa hazırlaşırdı. Lakin yaxınlıqda zirvəsinə çıxası bir dənə də olsun dağ yox idi. Və çıxışda biletləri yoxlayan stansiya işçisi onun ardınca bir xeyli şübhəli-şübhəli baxdı. Həmin adam tərəddüd etmədən stansiyanın yanında dayanmış avtobusa mindi və arxa cərgədə yer tutdu. Avtobus dağlara tam əks istiqamətdə hərəkət edirdi.

Bu adam avtobusla axırıncı dayanacağadək getdi. Avtobusdan düşəndə buraların intəhasız enişli-yoxuşlu bir yer olduğunu gördü. Düzənlikləri başdan-başa ensiz zolaqlara bölünmüş düyü sahələri zəbt etmiş, aralarında isə sanki adaymış kimi seyrək xurma ağaclığı ucalırdı. Kişi kəndi keçdi və irəliyə – dəniz sahilinə doğru addımladı. Ayaq basdığı yerin rəngi get-gedə daha da açılır və quruyurdu.

Tezliklə evlər gözdən itdi, yalnız hərdən bir-birinə yaxın bitən şam ağacları gözə dəyirdi. Tədricən bərk torpaq dənəvari və ayağa yapışan quma keçdi. Adda-budda quru ot adacıqları qaralırdı və dəqiqliklə deyə bilərik ki, səhvən bura düşmüş quru badımcan sahələri görünürdü. Lakin ətrafda heç kəs yox idi. Görünür, ona tərəf istiqamət götürdüyü dəniz irəli idi.

Nəhayət, adam dayandı, ətrafına baxıb, gödəkçəsinin qolu ilə sifətinin tərini sildi. Tələsmədən taxta yeşiyin qapağını açdı və oradan çubuq dəsti çıxardı. Çubuqları bir – birinə birləşdirib, həşəratları tutmaq üçün əl toru düzəltdi. Qarşısına çıxan seyrək ot kolcuqlarını ağacla aralaya – aralaya yenidən irəliyə doğru addımladı. Qumdan dəniz iyi gəlirdi.

Amma vaxt keçir, dəniz isə görünmək bilmirdi. Ola bilsin, dərə- təpəli yer qarşıda nə baş verdiyini görməyə imkan vermirdi, lakin göz gördükcə landşaftın dəyişmədiyi aşkar idi. Birdən qarşısına kənd çıxdı. Bu, adi kasıb bir kənd idi: yanğınsöndürmə qülləsinin ətrafında üstü daşla basılmış nazik taxtalardan düzəldilmə damlar böyür-böyürə sıxlaşmışdı. Bir neçə evin üstü qara kirəmitlə, bəziləri isə hətta qırmızı boyanmış dəmirlə örtülmüşdü. Kəndin yeganə dördyolunun ayrıcındakı dəmir damlı ev, çox güman ki, balıqovlama artelinin idarəsi idi.

Dəniz və qum təpələri hökmən kəndin arxasında olmalıdır. Lakin kənd nədənsə həddən artıq geniş əraziyə yayılmışdı. Ətrafı bir neçə münbit torpaq sahəsi, qalan yerlər isə başdan-başa ağappaq qumluq idi. Çox da böyük olmayan yerfındığı və kartof sahələri görünürdü; dəniz iyi mal-heyvan iyinə qarışmışdı. Elə bil qum və gillə sementlənmiş sərt yolun kənarında doğranmış ağ balıqqulağı təpəcikləri ucalırdı. Kişi yolla getdiyi müddətdə artel idarəsinin qarşısındakı açıqlıqda oynayan uşaqlar da, tor toxuyan qoca da, kənddə yeganə olan xırdavat dükanının qabağına toplaşan pərişan görkəmli qadınlar da, – hamı bir anlığa donuxub, təəccüblə onun arxasınca baxırdı. Amma bu adam onlara heç diqqət ayırmırdı. Onu yalnız qum təpələri və həşəratlar maraqlandırırdı.

Lakin qəribə olan təkcə kəndin ölçüləri deyildi. Yol birdən dikə qalxdı. Elə bu özü də tam gözlənilməz bir şey idi. Axı, bu yol dənizə aparırdısa, onda təbii ki, aşağıya enməli idi. Bəlkə o, xəritəyə baxanda səhv edib? İstədi ki, elə indicə qarşısına çıxan qızı sorğu – suala tutsun. Amma qız gözlərini yerə zilləyib, yan keçdi, özünü elə apardı ki, guya sualı eşitmir. Olsun, yolumuza davam edək. Nə deyirsən de, qumun rəngi də, balıqçı torları da, balıqqulağı yığını da – hər şey dənizin lap yaxınlıqda olduğuna dəlalət edirdi. Axır ki, narahatlıq üçün əsas yoxdur.

Yol daha da dikəlir və artıq ətrafda qumdan başqa heç nə görünmürdü.

Amma qəribədir, evlər olan tərəf heç yarım metr də qalxmırdı. Təkcə yol özü yuxarı qalxırdı, kənd isə bu vaxt elə bil alçaqda qalırdı. Bununla belə, yuxarı qalxan yalnız yol deyildi. Yolla birgə evlərin arasındakı məsafə də artırdı. Buna görə də adama elə gəlirdi ki, bütün kənd dağa qalxır, təkcə evlər bir səviyyədə qalır. Qum təpəsinin yuxarısına doğru irəlilədikcə bu təəssürat daha da güclənirdi və tezliklə ona elə gəldi ki, evlər qumda qazılmış iri çalalarda tikilib. Nəhayət, onun irəlilədiyi yol və evlər arasındakı məsafə damlardan da hündür oldu.

Qəfildən yamac demək olar ki, şaquli vəziyyət aldı. İndi onun yanından damların üstünədək hardasa iyirmi metr olardı ki, az olmazdı. «Nə həyat ola bilər ey, orda?» – deyə ürpəşərək dərin çalaya baxıb fikirləşdi. Birdən sifətinə vuran küləyin ani şiddəti kişinin nəfəsini boğdu və o, çalanın kənarından çəkilməyə tələsdi. Qəfildən çox-çox aşağıda, bulanıq köpüklənən, sahilboyu qumu yalayan dənizi gördü. Adam məhz can atdığı yerdə – qum təpəsinin lap yuxarısında dayanmışdı.

Təpənin, mussonlar əsən tərəfindən dənizə baxan yamacı həmişə olduğu kimi şaquli və keçəl idi. Lakin bir qədər əydəmli yerlərdə ensiz yarpaqlı ot kolcuqları göyərmişdi. Ətrafa göz gəzdirəndə, təpənin lap uc hissəsinə yaxınlaşdıqca daha da dərinləşən nəhəng çuxurların eninə kəsilmiş arı şanısı kimi qat-qat kəndin mərkəzinə meylləndiyini gördü. Elə bil ki, kənd təpəyə dırmaşırdı. Bəlkə də, əksinə. Hər halda, kəndin görkəmi adamı qıcıqlandırır, darıxdırırdı.

Nə isə, arzuladığı təpələrə çatıb və hər şey qaydasındadır. O, su qabından iri bir qurtum vurdu, dərindən nəfəs aldı, lakin ilk baxışda çox təmiz görünən hava boğazını sumbata kimi yandırdı.

Adam, kolleksiyasını qumda yaşayan həşəratlarla zənginləşdirmək istəyirdi.

Qum həşəratlarının rəngi tutqun, özləri isə çox iri olmur, lakin kolleksiya toplamaq maniyası ilə alışıb yanan adamı nə parlaq qanadlı kəpənəklər, nə də ki, iynəcə maraqlandırır. O, öz kolleksiyasını ekzotik nümunələrlə bəzəmək istəmir, sistemliliyə xüsüsi maraq göstərmir, çin təbabətində istifadə olunan dərmanlar üçün xammal axtarışı ilə məşğul olmur. Entomoloqun sadə, ürəkdən gələn bir sevinci var – yeni növün tapılıb üzə çıxarılması. Nail oldunmu? O dəqiqə entomoloci atlasda, yenicə tapılmış həşəratın latınca yazılmış uzun elmi adının yanında sənin də adın peyda olacaq və istisna deyil ki, bu ad orada əsrlərlə qalacaq. Sənin adın, lap tutaq ki, həşəratın sayəsində də olsa, insanların yaddaşında uzun müddətə qalırsa, bu o deməkdir ki, əziyyətin hədər getməyib.

Gözlə görünməyən sonsuz sayda həşərat növləri yeni kəşflər üçün geniş imkanlar açır. Elə özü də uzun müddət ikiqanadlı və insanların zəhləsini tökən adi ev milçəklərini toplamağa vaxt sərf etdi. Milçəyin növləri nə qədər qəribə olsa da, həddən ziyadədir. Lakin bütün entomoloqların məqsədi bir istiqamətdə inkişaf etdiyindən, onlar demək olar ki, çox az rast gəlinən, Yaponiyada tapılmış səkkizinci mutant da daxil olmaqla bu növlərin bir çoxunu öyrənib qurtarıblar. Ola bilsin bu, insanların həyatı ilə milçəklərin həyatının sıx bağlı olduğundan irəli gəlir. İlk növbədə diqqəti mühitə yönəltmək məqsədəuyğundur. Milçək növlərinin çoxsaylı olması onların böyük uyğunlaşma qabiliyyəti ilə izah olunur. O, bu kəşfi edəndə sevincindən göyə tullandı. Mənim fikrim heç də axmaq fikir deyil. Milçəklərin başqa həşəratların yaşaya bilmədiyi ən əlverişsiz mühitdə belə yaşaya bilməsi faktı onların böyük uyğunlaşma qabiliyyəti ilə izah edilir. Onlar, məsələn, hətta bütün canlıların məhv olduğu səhrada yaşamağa da uyğunlaşa biliblər…

Bu qənaətə gəlincə, o, qumluqlara xüsusi diqqət ayırmağa başladı. Nəticə özünü çox gözlətmədi. Bir dəfə o, evinin yaxınlığında yerləşən qurumuş çay yatağında sərtqanadlılar fəsiləsinə aid olan qabarböcəyini xatırladan lap xırdaca sarımtıl həşərat gördü (Cicindela Japonica, Motshulsky). Məlumdur ki, qabarböcəklər müxtəlif rənglərdə və ölçülərdə olurlar. Lakin onların qabaq pəncələri bir – birindən çox da fərqlənmir.Elə bu da onların təsnifatı üçün əsas amillərdən biridir, belə ki, qabaq pəncələrin fərqi növ fərqini təyin edir. Gözünə dəyən həşəratın qabaq pəncəsinin ikinci buğumu həqiqətən də, diqqətçəkən xüsusiyyətə malik idi.

Qabarböcəkkimilərə aid olan həşəratların qabaq pəncələri adətən, nazik, qara və olduqca hərəkətli olur; bu milçəkdə isə yumru, kök, elə bil möhkəm çanaqla örtülü olmaqla rəngi sapsarı idi. Ola bilsin ki, pəncələrə tozcuqlar yapışmışdı. Ola da bilsin, tozcuqları yığmaq üçün həşəratda tükcük kimi xüsusi bir şey vardı. Əgər həşərata baxış zamanı ciddi bir səhv buraxmayıbsa, onda çox güman ki, vacib bir kəşf edib.

Amma təəssüf, bu həşəratı tutmaq ona nəsib olmadı. Həddən artıq həyəcanlı idi, sözün açığı milçək özü də bir ayrı cür uçurdu. O, uçub getdi. Sonra isə qayıdaraq onun yaxınlaşmasını gözləməyə başladı, sanki: “Tut görüm, necə tutursan” – demək istəyirdi. O, inanaraq yaxınlaşanda, milçək yenə uçdu, qayıtdı və yenə gözləməyə başladı. Elə bil ki, onu ələ salırdı, sonra isə birdəfəlik otluqda gizləndi.

Bax beləcə o, sarı qabaq pəncəli bu qabarböcəyinin əsirinə çevrildi.

Qumluq yerə diqqət yetirərkən öz gümanlarına daha da əmin oldu. Axı qabarböcəyi tipik səhra həşəratı idi. Nəzəriyyələrdən birinə görə, bu böcəklərin qeyri – adi uçuşu, xırda heyvanları öz yuvalarından aldadıb çıxarmaq üçün tələdən başqa bir şey deyil. Böcəklərin bu yolla cəlb etdikləri siçanlar, kərtənkələlər öz yuvalarından səhranın içinə doğru uzaqlaşır və orda aclıqdan, yorğunluqdan məhv olurlar. Böcəklər də elə bunu gözləyirmişlər kimi, onların üstünə düşüb yeyirlər. Bu böcəklərin «məktubpaylayan» kimi zərif yapon ayaması var və baxmayaraq ki, onlar ilk nəzərdə cazibədar görünürlər, əslində çox iti çənələri var, elə qaniçəndirlər ki, hətta biri – birilərini yeməkdən belə çəkinmirlər. O, bu nəzəriyyənin doğru olub olmadığını bilməsə də, heç şübhəsiz, qabarböcəyinin sirli uçuşunun əsiri oldu.

Təbii ki, onun qabarböcəyinin yaşaması üçün münbit şərait yaradan qumluqlara da marağı artdı. O, qum haqqında ədəbiyyat oxumağa başladı və nə qədər çox oxuyurdusa, bir o qədər də qumun çox maraqlı bir hadisə, təzahür olduğuna əmin olurdu. Məsələn, ensiklopediyada qum haqqındakı məqalədə bunları oxumaq olar:

“Qum – dağılmış dağ suxurlarının bir yerə yığılmasıdır. Tərkibcə özündə maqnetit, kasiterit, bəzi hallarda isə qızıl tozu və qumu birləşdirir. Diametri on altıda bir millimetrdən on altıda iki millimetrədək olur.”

Necə də aydın tərifdir! Qısası, qum dağılmış dağ suxurlarından yaranır və hardasa kiçik daşla gil arasında olan bir nəsnədir. Lakin qumu aralıq məhsul adlandırmaq hələ tam izah vermək demək deyil. Nə üçün torpağı təşkil edən bu üç elementdən – daş, qum, gilin mürəkkəb birləşməsindən, yalnız qum təcrid olunmuş vəziyyətdə qala, səhra və qumluq ərazilər yarada bilir? Əgər bu, yalnız aralıq məhsul olsaydı, onda daz qayalarla gil sahələri arasındakı erroziya nəticəsində onların qarşılıqlı təmasından əmələ gələn saysız aralıq məhsullara rast gəlinərdi. Axı əslində aydın şəkildə seçilən cəmi üç suxur növü məlumdur: qaya, qum və gil. Bu da maraqlıdır ki, qum dənələrinin ölçüsü demək olar həmişə eynidir: istər Enosima adaları sahillərindəki qum olsun, istərsə də Qobi səhrasındakı – bu, orta hesabla millimetrin səkkizdə birinə bərabərdir.

Bir elmi əsərdə torpağın erroziya nəticəsində dağılmasına son dərəcə sadə bir izah verilmişdi: yüngül elementlər çox böyük məsafələrə yayılır. Lakin burada millimetrin səkkizdə birinə bərabər olan qum dənəsinin ölçü xüsusiyyəti tamamilə izahsız qalırdı. Geologiya üzrə başqa bir elmi əsərdə isə bunun tamam əksi izah olunurdu.

“Su və hava axını burulğan yaradır. Burulğan dalğasının ən qısa uzunluğu səhradakı qum dənəsinin diametrinə ekvivalentdir. Məhz bu xüsusiyyətinə görə, burulğan zamanı torpaqdan ancaq qum xaric olur, özü də burulğana nəzərən düz bucaq altında. Əgər torpağın ayrı-ayrı komponentləri arasında bağlılıq gücü zəifdirsə, onda qum daş və gili qaldıra bilməyən hətta çox zəif küləkdə də havaya qalxa bilər. Sonra isə qum küləyin əsmə istiqamətində bir qədər irəlilədikdən sonra yenidən yerə enir. Görünür, qumun xüsusiyyətləri aerodinamika nəzərindən öyrənilməlidir.”

Yuxarıdakı tərifi davam etdirək:
“… yəni, onları daha da fəal edən belə ölçülü dağılmış dağ suxurlarının hissəcikləri”.
Yerdə həmişə külək və su axınları mövcud olduğundan, qumların yaranması qaçılmazdır. Və nə qədər ki, küləklər əsəcək, çaylar axacaq, dənizlər öz dalğalarını diyirlədəcək, yerdən hər dəfə yeni – yeni qum kütləsi çıxacaq və canlı orqanizm kimi hər yana yayılacaq. Qum dincəlmək nədir, bilmir. Hiss olunmadan, lakin israrla hər yeri zəbt edib, dağıdır…

Əbədi hərəkət edən bu qum mənzərəsi onu sözlə ifadə edilə bilməyən bir şəkildə həyəcanlandırır və sanki qamçılayırdı. Qumun faydasız olması, adətən təsəvvür edildiyi kimi təkcə onun susuzluğu ilə deyil, heç bir canlının dözə bilməyəcəyi fasiləsiz hərəkətilə izah edilir. Bu necə də günü-gündən bir-birindən yapışan insanların kədərli həyatına bənzəyir.

Bəli, qum həyat üçün elə də yararlı deyil. Lakin sarsılmazlıq həyat üçün beləmi mütləq vacib şərtdir? Məgər iyrənc rəqabətçilik möhkəmliyini, sarsılmazlığını təsdiq elətdirməyə çalışmaq uğrunda mübarizədən doğmurmu? Əgər möhkəmliyini bir kənara atıb, özünü qumun hərəkətinə tabe etsən, onda rəqabət də qurtarar. Axı səhrada da güllər bitir, həşəratlar və heyvanlar yaşayır. Bütün bu canlı orqanizmlər uyğunlaşmanın gücünün sayəsində rəqabət çərçivəsindən canını qurtarmışlardır. Elə bu qabarböcəklərinin özləri kimi…

O, xəyalında qumun hərəkətini çəkdi və artıq onda hallüsinasiyalar başladı – özünü də bu sonsuz axında hiss etdi.