♦ 29 ♦

Qadın onu görəndə sanki indi yadına düşübmüş kimi lampanı üfürüb söndürdü və bir qədər qapıya yaxın – işıq düşən yerdə əyləşdi. Yəni doğrudanmı qadın işini davam etdirməyə hazırlaşır? O, birdən nəsə etmək həvəsinə düşdü. Qadına tərəf atılıb, içində muncuq olan yeşiyi onun dizinin üstündən yerə atdı. Hansısa bitkinin meyvələrinə oxşayan qara kürəciklər torpaq döşəməyə dağılıb, o anda da qumda itdilər. Qadın bir kəlmə də kəsməyib, qorxa-qorxa ona baxırdı. Kişi sifətinə küt bir ifadə verib dayanmışdı. Əzilmiş dodaqlarından sarımtıl tüpürcəklə birgə yazıq bir inilti çıxdı.
– Mənasızdır…Əbəs yerə əlləşməkdir…Tamamilə boş söhbətdir…Sən artıq zəhərlənmisən…
Qadın hələ də susurdu. O, sakitcə artıq sapa düzülmüş muncuqları barmaqları ilə oynadırdı. Onlar jele parçaları tək parıldayırdılar. Kişini titrətmə tutdu. Titrəmə ayağından başlayıb, yuxarı, lap yuxarı qalxırdı.
– Hə, elədir. Tezliklə artıq heç nəyi dəyişmək mümkün olmayacaq. Günlərin bir günü gözümüzü açıb görəcəyik ki, kənddə bir nəfər də qalmayıb, ancaq bizik… Mənə hər şey aydındır… Düz deyirəm… Düz deyirəm… İndi bizi yalnız bu gözləyir, özü də çox tezliklə… Və başa düşəndə ki, bizi satıblar, onda gec olacaq… Biz bütün gücümüzü sərf etdik, onlar isə buna tüpürmək belə istəmirlər.
Qadın ovcunda sıxdığı muncuqlardan gözünü çəkmədən yavaşca başını buladı.
– Yox, bu ola bilməz. Burdan çıxıb gedəndən sonra onlar necə yaşayacaq, – o saat yerbəyer olmaq olmur axı?..
– Mənim vecimədi ki? Məgər burdakı mövcudiyyəti yaşayış adlandırmaq olar?
– Lakin qum var və buna görə…
– Qum? – Kişi dişlərini bir-birinə sıxıb, çənəsini oynatdı. – Qum, bəs o nəyə lazımdır? Qumdan qara qəpik də qazanmaq olmaz, ancaq həyatını korlayarsan.
– Yox, qumu satırlar.
– Satırlar?.. Görəsən onlar bunu kimə satırlar?
– Mm, şey,tikintidir, nədir, ora…Onu betona qarışdırırlar…
– Boş-boş danışma! Əgər bu qumu sementə qarışdırsaydılar, əla olardı – axı o, duzdan boldur. Əvvəla, bu, tikinti qanunlarının, ya da nədir o – təlimatlarının pozulması olardı…
– Əlbəttə ki, gizli satırlar… Yarı qiymətə…
– Ağlına nə gəldi çərənləyirsən! Axı özül, ya da bənd dağılanda, onları qumun yarı qiymətə və ya havayı alınması xilas etməyəcək!
Qadın ona acıqla baxdı. Sonra isə gözlərini aşağı dikdi, artıq onun səsində mütilik tonu hiss olunmurdu.
– Nə fərqi var? Bizlik deyil, burnunu soxma!
Kişi çaşdı. Qadında baş verən dəyişiklik heyrət doğururdu – elə bil üzündəki maska yırtılmışdı. Bu, onun qarşısında qadın qiyafəsində dayanmış kəndin sifəti idi. İndiyədək kənd onunçün yalnız cəllad idi. Yaxud acgöz aktinium kimi faydasız yabanı bitki. Özünü isə bədbəxt, təsadüfən tutulan qurban hesab edirdi. Kəndin əhalisi isə əksinə, məhz onların hamı tərəfindən atıldığını, tərk edildiyini düşünürdü. Təbii ki, bundan sonra onların başqaları qarşısında heç bir borcu-filanı qalmırdı. Deməli o, kəndlilərə ziyan vuranlara aid olduğundan, kəndin çıxartdığı buynuz ona tuşlanmışdı. O, hələ indiyədək özünün kəndlə olan münasibətləri haqqında belə düşünməmişdi. Onların karıxması təəccüblü deyil. Qoy lap elə belə olsun, lakin geri çəkilmək – özünün haqlı olmasının üstündən xətt çəkmək kimi bir şey olardı!
– Bəlkə də elədir, başqalarının dərdini çəkməyə dəyməz. – Əsəbi halda qalxdı. – Amma bu geydirmə al-verdən kimsə əməlli-başlı pul qazanır, düzdür?.. Bu əclaflar üçün tər tökməmək də olar…
– Xeyr, qum satışı artelin öz işidir.
– Tutaq ki… Amma hər halda kimin daha çox səhmi var, kim daha çox pul qoyubsa, o…
– Qayıq almaq üçün pulu olan sahibkarlar burdan çoxdan çıxıb gediblər… Bizə isə çox istı münasibət göstərirlər… Düz sözümdür, aldatmaq söhbəti ola bilməz… Əgər fikirləşirsinizsə ki, mən yalan danışırım, onda xahiş edin yazı-polzunu sizə göstərsinlər, onda özünüz hər şeyi başa düşəcəksiniz.
Kişi özünü itirmiş halda, həyəcanlı dayanmışdı. O, birdənbirə özünü bədbəxt, köməksiz hiss etdi. Üstündə düşmən və öz qoşunlarının mövqeləri müxtəlif rənglərlə rənglənmiş əməliyyat xəritəsi, heç nə anlaşılmayan naməlum çalarlı, nəsə sirli bir şəklə çevrildi. Və bu karikatura dərgisindən ötrü də çox elə kef pozmağa dəyməzdi. Gic-gic gülməkdən burda sənin ürəyin gedir, ya yox – bu heç kəsi maraqlandırmırdı… O, dili dolaşa-dolaşa, qırıq-qırıq donquldandı:
– Hə də… Əlbəttə… Başqalarının işi… Bu həqiqətdir…
Sonra onun dilindən özünün də gözləmədiyi, əvvəl deyilənlərlə heç bir əlaqəsi olmayan bir söz çıxdı.
– Vaxt itirmədən, hansı olursa-olsun, bir dibçək gülü almaq lazımdır. – Özü də dediyinə mat qaldı, amma qadının sifəti daha təəccüblü idi və o, artıq geri çəkilə bilməzdi. – Ətraf ölüdür, göz də nəyəsə baxıb dincəlməlidir…
Qadın həyəcanla cavab verdi:
– Bəlkə şam ağacı?..
– Şam… Yox, mən şamı xoşlamıram… Nə isə, fərqi yoxdur, lap adi ot da olar… Burun tərəfdə onlardan çox bitir, nədir onun adı?
– Tüklücədir deyəsən. Amma hər halda balaca ağac daha yaxşıdır, hə?
– Əgər ağac alsaq, onda ya ağcaqayın, ya da nazik budaqlı, iri yarpaqlı pavloniy… Qoy külək onları yellətsin…
Yellənsinlər…Dalğalanan yarpaq salxımları. Qaçmaq istəsələr, qaça bilməyəcəklər – gövdəyə möhkəm bitişiblər…
Birdən naməlum bir səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. Az qalmışdlı ki, hönkürsün. Cəld üstünə muncuq səpələnmiş torpaq döşəməyə əyilib, naqolay hərəkətlərlə qumda eşələnməyə başladı.
Qadın tələsik qalxdı.
– Eybi yox, eybi yox. Mən özüm… Hamısıı ələkdən keçirərəm.