♦ 3 ♦

Kişi başını aşağı salıb, qala səddi kimi kəndi aypara şəklində dolanan qum təpəsinin diki ilə yenidən irəli addımladı. O, demək olar ki, irəlidə nə baş verdiyinə fikir vermirdi. Entomoloq üçün vacib şərt odur ki, bütün diqqətini ancaq öz ayağından üç metrlik məsafədəki radiusda cəmləsin. Və daha bir vacib şərt – kürəyi günəşə dayanmamaq. Əgər günəş səndən arxada qalsa, onda öz kölgənlə həşəratı hürküdə bilərsən. Buna görə də, günəş həşərat ovçularının alın və burnunu eyni vaxtda yandırıb qaraldır.

Kişi aram və səlis addımlarla irəliyə addımlayırdı. Hər bir addımı atdıqca, qum çəkmələrinə səpələnirdi. Ətrafda, orda-burda kökünü çox da dərinə buraxmayan, bir balaca artıq rütubət olarsa, elə bu dəqiqə gül açmağa hazır olan ot kolcuqlarından başqa, bir dənə də olsun canlı yox idi. Uçan bir şey gözə dəyirdisə də, o da insan tərinin iyinə gəlmiş tısbağa çanağı rəngində böcəklər idi. Bax, elə arzular da çox vaxt belə yerlərdə çin olur. Düzdü, qabarböcəklər sürü ilə yaşamağa meylli deyillər və elə hallar olur ki, bir böcək ətrafda özü üçün kilometrlərlə ərazi zəbt edir. Nə edəsən – axtarışları israrla davam etdirmək lazım gəlir.

O, birdən dayandı. Otluqda nəsə tərpənirdi. Bu, hörümçək idi. Hörümçək onun nəyinə lazım? Siqaret çəkmək üçün aşağı oturdu. Dənizdən fasiləsiz külək əsir, aşağıda isə parça – parça ağ dalğalar qum təpəsinin ətəklərini gəmirirdi. Orda-qum təpəsinin qərb sonucu qurtaran yerdə, dənizdə çox da iri olmayan qayalıq seçilirdi. Qayalığın üstünə günəş şüaları iti iynə kimi səpələnmişdi.

Kibrit heç cür yanmaq istəmirdi. Onunu yandırdı – hamısı da hədərə. Qum dalğası yerə atılmış kibrit çöpləri boyunca demək olar ki, saniyəölçən sürətilə hərəkət edirdi. O, çox da iri olmayan qum dalğası gördü və bu dalğa çəkmələrinin dabanına çatınca ayağa qalxdı. Şalvarının qırışlarından yerə qum töküldü. O, tüpürdü – elə bil ağzına sürtkəc sürtdülər.

Burda həşəratlar gözlənildiyindən az deyilmi? Bəlkə qumun hərəkət sürəti həddən artıqdır. Yox, məyus olmaq hələ tezdir. Axı nəzəri cəhətdən burada həşəratlar olmaya bilməz.

Qum təpəsinin üstü bir qədər hamarlandı, bəzi yerlərdə isə o, dənizdən uzaqlaşırdı. Şikar tutmaq arzusuyla maili enişlə enməyə başladı. Orda – burda qumun hərəkətini əngəlləmək üçün istifadə olunmuş bambuk sipər qalıqları vız dururdu və bir qədər aşağıda terras görünürdü. Kişi küləyin maşın dəqiqliyi ilə çəkdiyi qum naxışlarını yarıb keçərək irəliyə addımladı. Qəfildən onun görüş dairəsindən hər şey yox oldu və dərin bir dərənin kənarında dayandığını gördü.

Dərənin eni iyirmi metrdən çox olmaqla, kələ-kötür dairə formasında idi. Qarşı divarı nisbətən maili, onun dayandığı yer isə demək olar ki, dikinə kəsilmişdi. Dərənin çini fincan kimi hamar olan qabarıq tərəfi çox sürüşkən idi. Ayağını ehtiyatla dirəyib, aşağı baxdı. Ancaq bu vaxt başa düşdü ki, ətraf aydın olsa da, axşam düşür. Dərənin lap dibində, zülmət dərinliyin içində sükuta qərq olmuş bir daxma vardı. Damının bir tərəfi maili qum divara girmişdi. “Əsl ilbiz qabığıdır, – deyə fikirləşdi – Burda nə edirsən et, qumun qoyduğu qayda – qanunun əksinə gedə bilməzsən…”

Elə fotoaparatını sazlayırdı ki, qum ayağı altından xışıldayaraq aşağı sürüşdü. Qorxub ayağını çəkdi, qum isə bir müddət axmaqda davam etdi. Qumun müvazinəti necə də səbatsızdır! Həyəcandan tövşüyüb, nəmlənmiş ovuclarını şalvarına sildi.

Kimsə arxada öskürdü. Demək olar ki, lap yanında, az qala çiyinlərinə toxunacaq qədər yaxın məsafədə hardan peyda olduğu naməlum olan bir qoca dayanmışdı, görünür yerli balıqçılardan idi. Fotoaparata, sonra isə dərənin dibinə baxıb, gülümsəyərək aşılanmış sifətini qırışdırdı. Qan qoymuş gözlərinin qıraqlarında nəsə yapışqan kimi bir şey yığılmışdı.
– Nədi, yoxlamadı?
Səsini külək aparır, əl radiosundan çıxırmış kimi küt, şəffaf gəlirdi. Amma tələffüzü aydın idi, başa düşülürdü.
– Yoxlama? – Adam özünü itirmiş halda ovcu ilə obyektivin gözünü qapadı və qocanın diqqətini çəksin deyə əli ilə əl torunun ora – burasını düzəltdi. – Siz nə demək istəyirsiniz? Mən nəsə sizi anlaya bilmirəm… Mən, belə demək mümkünsə, həşərat kolleksiyası toplamaqla məşğulam. Peşəm – bu qumluqlarda dolaşan həşəratlardır.
– Nə? – Qoca elə bil heç nə başa düşmədi.
– Hə – şə – rat – la – rın kol – lek – si – ya – sı – nı! – qışqıraraq təkrar etdi. – Hə – şə – rat – la – rın, başa düşürsüz, hə – şə – rat – la – rın! Mən onları tuturam!
– Həşəratları? – qoca heç şübhəsiz inanmayaraq, üzünü çevirib tüpürdü. Ya da, belə demək olarsa, dodağından tüpürcək sallandı. Külək tüpürcəyi qapıb, uzun sap kimi uzatdı. Əslinə baxanda, onu belə nə narahat edir?
– Bu ərazidə nəsə yoxlama gedir?
– Yox, əgər siz yoxlayıcılardan deyilsinizsə, nə istəyirsiz edin, mənə dəxli yoxdur.
– Yox, yox, mən təftişçilərdən deyiləm.
Qoca hətta sağollaşmadan ona arxa çevirdi və həsir səndəlinin burnu ilə yeri qaza – qaza, qum təpəsinin diki ilə ağır – ağır getməyə başladı.

Əlli metr aralıda, görünür qocanı gözləyən eyni geyimli üç kişi çömbələrək oturmuşdu. Bunlar nə vaxt peyda oldu? Deyəsən onlardan birində, aramsız olaraq dizinin üstündə hərlədiyi durbin vardı. Qoca onlara yaxınlaşdı və dördü də bir – birinin ayağı altından qumu qaza – qaza nə barədəsə müzakirəyə başladılar; deyəsən mübahisə edirdilər.
Artıq axtardığının – öz milçəyinin dalınca getməyə hazırlaşırdı ki, qoca tövşüyə – tövşüyə onun yanına qaçdı.
– Dayanın, siz doğrudanmı prefekturadan deyilsiniz?
– Prefekturadan?.. Yox əşşi, siz yanılırsız.
“Həvəsdir, bəsdir” – fikirləşdi və vizit kartını zəhlətökən qocaya tərəf uzatdı. O, isə dodaqlarını əsdirə – əsdirə bir xeyli kartı oxudu.
– H – ə – ə, siz müəllimsiniz…
– Görürsüz, mənim prefektura ilə heç bir bağlılığım yoxdur.
– Aha, demək siz müəllimsiniz…
Deyəsən, axır ki, başa düşdü; qoca gözlərini qıyıb, vizit kartı da əlində o birilərinin yanına qayıtdı. Elə bil, vizit kartı onları bir qədər sakitləşdiridi. Qalxdılar, çıxıb getdilər.
Lakin qoca yenidən qayıtdı.
– Yaxşı, bəs indi nə etmək fikrindəsiz?
– Həşərat axtarmağa gedəcəm…
– Axı siz axırıncı avtobusa gecikdiniz.
– Burda gecələməyə bir yer tapa bilmərəmmi?
– Gecələmək? Bu kənddə? – qoca səksəndi.
– Əgər burda olmasa, qonşu kəndə gedərəm.
– Gedərsiz?..
– Ümumiyyətlə, mən heç hara elə də tələsmirəm…
– Yox, yox, niyə özünüzü əziyyətə salırsız… – Qoca birdən – birə lütfükar oldu və söhbətcil adamlar kimi davam etdi: – Özünüz görürsünüz, kasıb kənddir, bir dənə də münasib ev yoxdur, amma etiraz etmirsizsə, sizə kömək edərəm, kiməsə ağız açaram.

Pisniyyətə oxşamırdı. Görünür, onlar nədənsə ehtiyat edirlər, – ola bilsin prefekturadan yoxlama üçün göndərilən məmur gözləyirlər. İndi, onların qorxu – hürküsü çəkilib gedəndən sonra, yenə əvvəlkitək sadə, üzügülər balıqçıldardı.
– Hədsiz minnətdar olaram… Əlbəttə, sizə də xəcalətli qalmaram. Ümumiyyətlə, mən belə kənd evlərində gecələməyi xoşlayıram.