♦ 21 ♦

Görünür, o, başdan ayağa tər və acılaşmış balıq yağını xatırladan selik içində, yerində narahat-narahat qurcalanıb, bir müddət mürgüləmişdi. Yuxu görürüdü. Yuxusunda sınmış stəkan, döşəməsi işlənməkdən dağılmış dəhliz, unitazı ağzınadək nəcislə dolu ayaqyolu, bütün yuxusu boyu su səsi eşitsə də, heç cür tapa bilmədiyi vanna otağı görürdü. Tanımadığı bir kişi əlində su qabı harasa qaçdı. O, kişidən bir qurtum su istədi, əvəzində kişi ona acıqla baxıb, çəyirtkə kimi çapa – çapa getdi.
Kişi oyandı. Nəsə isti və yapışqanlı bir şey dilini yandırırdı. Susuzluq yaman qayıtdı… Su!.. Parıldayan büllur su… Stəkanın dibindən qalxan gümüşü hava qovuqcuqları… O özü isə – yarıuçuq, boş qalmış evin hörümçək toru basmış su borusu, sudan sahilə atılmış boğulan balıq…
Ayağa qalxdı. Qolları və ayaqları içi su ilə dolu rezin yastıq kimi ağır idi… Torpaq döşəmədə atılıb qalmış qazançanı götürüb, arxaya qatlayaraq dodaqlarına yaxınlaşdırdı. Hardasa otuz saniyədən sonra dilinin ucuna iki-üç damcı düşdü. Amma dili basma kimi suyu özünə çəkdi. Bu damcıları həsrətlə gözləyən boğazı isə, səmərəsiz olaraq suyu udmağa çalışaraq, konvulsiv surətdə yığıldı.
Su tapmaq məqsədilə kişi əl-üzyuyanın yanında əlinə nə keçdisə, hamısını alt – üst etdi. Bütün kimyəvi birləşmələr içərisində su, ən sadəsidir. Stolun yeşiyində atılıb qalmış on iyenlik sikkəni görə bilməmək kimi, suyu da görməmək mümkün deyil. Aha, su iyi gəldi. Dəqiqdi, su iyidi. Kişi tələsik çənin dibindəki nəm qumu qaşıyıb, ağzına doldurdu. Ögüməyi gəldi. Əyildi, qarnını spazma sıxdı. Ödü ağzına gəldi, gözləri yaşardı.
Başağrısı qurğuşun təbəqə kimi gözlərini sıxıb əzirdi… Fiziki yaxınlıq, son nəticədə məhvə aparan yolu ancaq qısaltdı. Birdən kişi it kimi iki əl – ayağı üstə dayanıb, torpaq döşəmədə qumu qazmağa başladı. Dirsəyə qədər qazandan sonra qumun tünd və nəm olduğunu gördü. Başını ora salaraq, isti alnını çuxura dirəyib, qumun qoxusunu dərindən sinəsinə çəkdi. Əgər bu cür, qaydaya uyğun nəfəs alsan, mədəndə mütləq oksigenlə hidrogen birləşəcək.
– Lənət şeytana, gör əllərim çirkdən necə qapqaradı! – O, dırnaqlarıyla ovcunu qaşıyıb, qadına tərəf döndü. – Yaxşı indi biz nə edək?! Doğrudan heç yerdə su yoxdur?!
Qadın kimanonu ayağına keçirib, qıvrılaraq pıçıldadı:
– Yoxdu, bir damcı da yoxdu…
– Yoxdu? Yaxşı, sən indi bu “yoxdu” kəlməsilə durub qalacaqsan? Axı burda adam dözməz, ölə bilər… İt balası! Tez elə, hardan istəyirsən tap!.. Xahiş edirəm… Eşidirsən? Hələlik xahiş edirəm.
– Axı biz işə başlayan kimi…
– Yaxşı, təslim oluram!.. Əlimdən nə gəlir ki, təslim oluram!.. Qurudulmuş siyənəyə dönmək istəmirəm… Belə ölməyi heç vəchlə arzulamıram. Bu təslimçilik heç ürəyimcə deyil. Suya görə meymun rəqsi də oynamaq olar – qoy baxsınlar. Düz sözümdür, təslim oluram… Amma durub gözləyim ki, nə vaxt su gətiriləcək, – məni bağışlayın… Əvvəla, belə qurumuş halda biz işləyə bilmərik. Düzdür? Nə yolla olur – olsun, təcili onlarla əlaqə qur… Yəqin sənin də boğazın quruyub, hə?
– Əgər işləməyə başlasaq, onlar o saat biləcəklər… Yanğınsöndürmə qülləsindən həmişə kimsə durbinlə baxır.
– Yanğınsöndürmə qülləsi?
İnsana əsarətdə olduğunu ona dəmir qapılar, lay divarlar yox, ən çox kameranın qapısındakı kiçik gözlük xatırladır. Kişi yerində yığılıb, fikrən ətrfaı nəzərdən keçirməyə başladı. Üfüqdə – qum və səma, başqa heç nə… Orda heç bir yanğınsöndürmə qülləsi – filan yoxdur. Və əgər bu qüllə burdan görünmürsə, çətin ki, ordan bizi görürlər…
– Yarğanın o biri divarı tərəfdən baxsaz, o saat hər şeyi başa düşəcəksiz…
Kişi cəld əyilib, beli yerdən götürdü. İndi durub şəxsi ləyaqət haqda düşünmək – çirkin içində üzən köynəyi səliqə ilə ütüləmək kimi bir şeydir. O, bayıra elə atıldı ki, sanki arxasınca qaçırdılar.
Qum ocağın üstündəki boş tava kimi yanırdı. İstidən nəfəsi kəsilirdi. Havadan sabun iyi gəlirdi. Lakin irəli getmək lazımdır. Ancaq bu halda suya yaxınlaşmaq olar. O, yarğana dənizə baxan tərəfdən yaxınlaşıb, göyə baxanda, həqiqətən də qara qüllənin çeçələ barmağın lap ucu boyda görünənən yuxarı nöqtəsini seçə bildi. Yuxarıdakı lap xırdaca çıxıntı isə, görünür, müşahidəçi idi. Yəqin, artıq fikir verib. O, yəqin ki, bu anı səbirsizliklə gözləyib.
Kişi qara çıxıntıya tərəf dönüb, beli yuxarı qaldırdı və bərkdən silkələməyə başladı. O, beli elə bucaq altında tutmağa çalışırdı ki, müşahidəçi onun itilənmiş kənarlarının parıltısını görə bilsin. Gözlərinə isti civə yayılırdı. Bu qadın orda neyləyir? Gəlib kömək edə bilərdi…
Qəfildən nəm yaylıq kimi kölgə düşdü: səmanın bir küncündə küləyin qovduğu yarpaqdan çox da böyük olmayan bulud. Lənət şeytana, yağış yağsaydı, bütün bunları etməyə ehtiyac qalmazdı… Eh, hər iki əlini irəli uzadıb, yağışın altına tutardı, onlar isə suyla dolardı… Pəncərə şüşəsində su seli… Navalçadan axan su şırnağı… Asfaltda buğlanan su damcıları…
Yuxudamı görürdü – ya xəyalı gerçəkliyə keçmişdi, – birdən onun ətrafında səs- küy və hərəkət əmələ gəldi. Özünə gələndə qum uçqununun ortasında dayandığını gördü. Talvarın altına qaçıb, divara sıxıldı. Sümükləri konservləşdirilmiş balığınkı kimi yumyumşaq olmuşdu. Yanğısı artıq hardasa gicgahlarında vururdu. Və onun xırda hissəcikləri qara ləkələrlə şüurunun üstünə səpələnmişdi. Əlini qarnının üstünə qoyub, çənəsini irəli uzadaraq, qusmaqla mübarizə aparırdı.
Qadının səsi eşidildi. Üzünü yarğana tərəf tutulub nəsə qışqırırdı. Kişi ağırlaşmış göz qapaqlarını çətinliklə qaldırıb, həmin tərəfə baxdı. Onu bura gətirən qoca kişi kəndirə bağlanmış vedrəni ehtiyatla aşağı salırdı. Su!.. Axır ki, gətirdilər!.. Vedrə əyildi və qumlu yamacda yaş ləkə əmələ gəldi. Təmiz, tərtəmiz su!.. Kişi qışqırıb, vedrənin üstünə düşdü.
Vedrə əli çatan qədər aşağı düşəndə, qadını itələyib, ayaqlarını yerə rahat dirəyərək ehtiyatla, iki əllə onu tutmağa başladı. O, kəndiri açıb, – dözümsüz şəkildə – o saat vedrəni sifətinə yaxınlaşdırdı və onun bütün bədəni nasosa çevrildi. O, başını qaldırır, nəfəsini dərib, yenidən vedrənin üstünə düşürdü. Üçüncü dəfə vedrədən qopanda burnundan, dodaqlarından su axır, boğulurdu. Onun dizləri qatlandı, gözləri yumuldu. İndi növbə qadınınkı idi. Qadın ondan heç də geri qalmırdı: bir cür səs çıxara-çıxarda, bədəni rezin porşen imiş kimi bir anda vedrənin yarısını boşaltdı. Qadın vedrəni götürüb, evə qayıtdı, qoca isə kəndiri çəkməyə başladı. Lakin bu vaxt kişi kəndirdən yapışıb, yazıq – yazıq başladı:
– Dayanın! Mən istəyirəm ki, siz mənə qulaq asasınız. Ancaq qulaq asasınız. Xahiş edirəm, dayanın!
Qoca onun xahişinin əksinə getməyib dayandı. Özünü itirib, gözlərini döyməyə başlasa da, sifətinin ifadəsi demək olar ki, dəyişmədi.
– Siz su gətirdiyinizə görə, mən nə etməliyəmsə, onu da edəcəm. Mən buna söz verirəm və istədiyim təkcə odur ki, mənə qulaq asasınız. Siz böyük səhv edirsiniz… Mən orta məktəb müəllimiyəm… Mənim dostlarım, həmkarlar ittifaqı, pedoqoji şura, Valideynlər və Müəllimlər Assosiasiyası var və onlar hamısı məni gözləyir… Siz nə fikirdəsiz, ictimaiyyət mənim yoxa çıxmam faktına susub, biganə qalacaq?
Qoca dilinin ucuyla üst dodağını yaladı və laqeydcə gülümsədi. Yox, bəlkə də, buna heç gülümsəmək demək olmazdı – sadəcə küləylə gələn qum içinə düşməsin deyə, gözlərini qıydı. Lakin həyəcanlı kişinin gözündən hətta xırda bir qırış da yayına bilməzdi.
– Nədi? Nə baş verir?.. Məgər sizə aydın deyilmi ki, cinayətin bir addımlığındasınız?
– Cinayətin? O gündən bəri artıq on gün keçib, polis isə susur… – Qoca aramla danışır, sözləri bir-bir ağzından çıxarırdı. – Əgər artıq on gün susursa, onda nə deyim…
– On gün yox, bir həftə!
Lakin qoca cavab vermədi. Doğrudan da, bu cür söhbətlərin indi heç bir mənası yoxdur… Kişi həyəcanını boğub, sakit ton verməyə çalışdığı səslə davam etməyə başladı.
– Yaxşı, bu elə də əhəmiyyətli məsələ deyil… Bəlkə yaxşı olar ki, siz bura düşəsiniz və biz sizinlə əyləşib sakitcə söhbət edək? Mən sizə heç nə etmərəm. Hətta nəsə etmək istəsəydim belə, heç nə alınmazdı. Mən sizə qarşı gücsüzəm… Söz verirəm.
Qoca əvvəlkitək susub qalmışdı. Kişi tez – tez nəfəs almağa başladı.
– Axı mən, qumu kürəməyin kənd üçün necə vacib bir iş olduğunu başa düşürəm… Nə deyirsənsə de – həyati vacib məsələsidir. Çox ciddi məsələdir… Gözəl başa düşürəm… Əgər məni güclə məcbur etməsəydilər, bəlkə də mən öz xoşumlə burda qalmaq istərdim… Sizi əmin edirəm! Burda həyatın necə olduğunu bircə dəfə görmək kifayətdir ki,- hər bir adam sadəcə insanpərvərlikdən çıxış edərək sizə kömək etməyə çalışacaq. Məgər mənim elədiyimi əsl kömək adlandırmaq olarmı?.. Şübhə edirəm… Nəyə görə siz, nəsə ayrı, daha uyğun gələ bilən əməkdaşlıq üsulları haqda fikirləşmirsiniz?.. Adamları ağıllı qaydada düzmək olar… Əgər bir adam üçün düzgün yer seçilməyibsə, ən xoş niyyətə söykənən kömək etmək arzusu belə sına bilər… Düzdü?.. Məgər məndən istifadə etmək üçün belə ümidsiz riskli təşəbbüsə əl atmadan, daha ağlabatan üsuldan istifadə etmək olmazdımı?
Qoca qulaq asıb – asmadığı bilinməyən görkəmlə başını çevirdi və başı oyuna qızışmış pişik balasını qovurmuş kimi bir hərəkət etdi. Bəlkə qüllədəki müşahidəçiyə görə narahat olurdu? Ya bəlkə, onun gözü qarşısında burda söhbət etməkdən qorxurdu?
– Razılaşın… Qumu kürəmək, həqiqətən də önəmli bir işdir. Lakin bu vasitədir, məqsəd deyil… Məqsəd – müdhiş təhlükənin qarşısını almaqdır… Düz demirəm? Xoşbəxtlikdən, mən qumu uzun müddət öyrənmişəm. Mən bu məsələ ilə dərindən maraqlanmışam. Elə buna görə də mən belə bir yerə gəlmişəm. Bəli, nə deyirsən de, indiki zamanda qum insnları cəlb edir… Bundan məharətlə istifadə etmək olar… Bu yerləri yeni turist zonasına çevirmək olar… Quma qarşı yox, ardınca gedib, ondan istifadə etmək olar. Qısası, başqa cür fikirləşməyə cəhd edin.
Qoca gözlərini qaldırıb, laqeyd görkəmlə dedi:
– Əgər burda müalicəvi isti su mənbələri yoxdursa, hansı turist zonasından söhbət gedə bilər… Belə baxanda, turizmdən ən çox ticarətçilərlə gəlmələrin qazandığı hamıya məlumdur.
Kişi onun sözlərində istehza tutdu, o dəqiqə qadının həmin taleni yaşayan açıqcaçı və onun xəstələnib ölməsi haqqında söhbətini xatırladı.
– Hə… Əlbəttə, mənim dediklərim, ancaq misal üçündür. Siz qumun xassələrinə uyğun gələn xüsusi kənd təsərrüfatı bitkiləri haqqında düşünmüsünüzmü?.. Açığı, nəyin bahasına olursa olsun, köhnə həyat tərzindən dördəlli yapışıb qalmaq zəruri deyil.
– Biz burda çox şey əkib yoxlamışıq. Yerfındığı da, soğanköklü bitkilər də… Baxıb görəydiz burda tülpan necə çıxır.
– Bəs qumdan qorunmaq üçün aparılan işlər nə yerdədir?.. Qumdan qorunmaq üçün aparılan əsl işlər. Dostlarımdan biri müxbir işləyir. Qəzetin köməyilə ictimai rəyi öyrənə bilərik. Bu işdə mümkün olmayan heç nə yoxdur.
– Sizin bu ictimai rəyinizin bizə nə qədər yazığı gəlirsə gəlsin, əgər pul yardımı almasaq, onun bir qəpik də qiyməti yoxdur.
– Elə mən də onu təklif edirəm ki, belə maliyyə yardımları almaq üçün kompaniyaya başlayaq.
– Hakimiyyətdəkilər küləyin qovub gətirdiyi qumu təbii fəlakət kimi qiymətləndirmir və ziyanı ödəməkdən imtina edirlər.
– Onları məcbur etmək lazımdır!
– Məgər dilənçi bir prefekturada nəyəsə nail olmaq olar? İnamımızı itirmişik. Bizim indi etdiklərimiz, – ən ucuz başa gələndir… Amma hakimiyyətədəkilərə ümid olsan, onlar orda haqq – hesab aparanadək bizi də burda qum süpürüb aparar.
– Lakin axı mənim, mənim özümün cəmiyyətdə tamamilə aydın bir mövqeyim var! – deyə kişi ciyərlərini tam səfərbər edib qışqırdı. – Bax, elə sizi götürək, məgər siz öz övladlarınızın valideyni deyilsinizmi? Siz müəllimlik borcu nədir, bilməyə bilməzsiniz!
Elə bu vaxt qoca kəndiri yuxarı çəkdi. Kişi qəfildən yaxalanmış kimi onu əlindən buraxdı. Nə baş verir?.. Yəni doğrudanmı qoca ona özünü yalandan qulaq asırmış kimi göstərib, onun əlindən kəndiri çəkmək üçün fürsət arayırmış?.. Özünü itirib, irəli uzatdığı əllərini havada yelləyirdi.
– Siz dəlisiniz… Siz anormalsınız… Axı hətta meymunu da əhilləşdirsən, qumu kürəyə bilər… Mənsə daha çox şeyə qadirəm… İnsan öz imkanlarından istifadə etməyə borcludur…
– Ihı… – deyə qoca bu boşboğazlıqdan yorulduğunu göstərən saymazyana görkəmlə söz atdı. – Yaxşı, mümkünsə məni bağışlayın. Əlimizdən nə gəlirsə, sizinçün edəcəyik…
– Dayanın! Axı mən ciddi deyirəm! Ey, dayanın, xahiş edirəm!.. Peşman olacaqsınız! Axı siz hələ heç nə başa düşmədiniz!.. Yalvarıram… Bir dayanın!..
Qoca isə heç bir dəfə də olsun çevrilib, arxaya baxmadı. Çiyinlərində ağır yük aparırmış kimi belini büküb, ayağa qalxdı, getdi. Üç addımdan sonra çiyinləri görünmədi, dördüncü addımdan sonra isə özü də tamamilə gözdən itdi.
Kişi əldən düşmüş halda divara söykəndi. Əlləri və başını quma soxdu və qum boynundan köynəyinin içinə dolmağa başladı, şalvarının belini sıxdığı yerdə yastıq kimi köpdü. Birdən boynunda, üzündə, ayaqlarının arasında tər su kimi axmağa başladı. Bir qədər əvvəl içdiyi su bütünlüklə bədənindən çıxdı. Tər və qum birləşib, dəriyə kip yapışan xardala oxşar bir şey əmələ gətirdi. Dərisi şişib, sürüşkən rezin bürüncəyə oxşadı.
Qadın artıq işə başlamışdı. Birdən kişinin ağlına gəldi ki, qadın suyun qalanını içib. O, təlaş içərisində evə atıldı.
Suyu necə qoymuşdularsa, elə də qalmışdı. Birnəfəsə üç – dörd qurtum vurdu və bu şəffaf mineralın dadına yenə valeh oldu. O, narahatlığını gizlədə bilmirdi. Bu qədər su ilə axşama kimi dözmək olmazdı. Xörək hazırlamaq üçün isə, sözsüz ki, çatmayacaqdı. Bu tiplər dəqiq hesablayıblar. Susuzluq qarşısında qorxu – məni necə istəyirlərsə elə də hərləmək üçün onların əlindəki cilovdur.
İri həsir şlyapanı gözünün üstünə basıb, dalınca qovurmuşlar kimi bayıra atıldı. Onun fikir və mülahizələri susuzluq qarşısında isti alnına düşən aciz qar dənəciklərinə dönmüşdü. Əgər on stəkan – ürəyi vuracaq qədər çoxdursa, onda bir stəkan – qamçıdır desək, daha doğru olar.
Hə, hardadı bu bel?..
Qadın talvarın altını göstərdi və yorğun halda gülümsəyib, köynəyinin qoluyla alnının tərini sildi. Əldən düşsə də, bir an olsun, alətlərin harda qoyulduğunu unutmurdu. Bu, qumluqlarda yaşayan insanın təbii yolla əldə etdiyi ənənəvi düşüncə tərzidir.
Beli əlinə alan kimi yorğun sümükləri qatlanan sacayağın ayaqları kimi qısaldı. Yəqin ona görə ki, keçən gecə demək olar ki, gözünü yummamışdı. Görünür, istənilən vəziyyətdə hər şeydən öncə, görüləsi vacib olan minimal iş həcmi barədə qadınla razılığa gəlmək lazımdır.
Lakin onun üçün hətta danışmaq belə çətin idi. Ola bilsin ki, qoca ilə danışmağa çox güc sərf etdiyindən, səs telləri çürümüş toqqa tək parça – parça olmuşdu. Qadının yanında dayanıb, bellə avtomat kimi işləməyə başladı. Onlar bir – birinə bağlıymış kimi həmahəng qaza – qaza evlə yarğan arasında irəliləyirdilər. Evin taxtadan qayrılmış çiy düyü kökəsi kimi yumşaq divarları, göbələk şitilliyinə çevrilirdi. Nəhayət onlar qumu bir yerə topladılar. Sonra isə bidonlara doldurub, təmizlənmiş yerə sürüdülər. Bütün bidonları çəkib aparandan sonra, yenidən işə başladılar. Qayğısız, az qala avtomatlaşmış hərəkətlər. Ağzı çiy yumurta ağı dadı verən köpüklü tüpürcəklə doludur… Tüpürcəyi buxağıyla üzüaşağı sürüşüb, sinəsinə damır, lakin o, buna fikir vermirdi.
– Bilirsiz, sol əlinizlə bax belə tutun, bir az aşağıdan… – deyə qadın sakitcə işarə vurdu. – Onda bellə az hərəkət etməli olarsan, sağ əlinizdən ling kimi istifadə edin, onda bundan qat-qat az yorularsınız.
Qarğa qarıldadı. Sarı işıq birdənbirə maviyə çevrildi. Ağrı iri planda çəkilmiş kimi ətraf aləmdə əridi. Dörd dənə qarğa sahil boyu lap aşağıdan uçub getdi. Onların qanadlarının ucları tünd yaşıl rəngə çalırdı və nədənsə kişinin yadına həşəratlar üçün nəzərdə tutulmuş bankadakı zəhər düşdü. Hə, nə qədər ki, yadından çıxmayıb, onları başqa yeşiyə köçürmək və polietilenə bükmək lazımdır. Yoxsa istinin təsirindən bir anda parçalanıb töküləcəklər…
– Bu günlük məncə bəs edər…
Qadın bu sözləri deyib, yarğanın yuxarısına baxdı. Onun sifəti tamam qurumuşdu və nazik qum örtüyü ilə örtülməsinə baxmayaraq, kişi qadının üzünün tamam qansız olduğunu başa düşdü. Dolaşıq fikir tunelinin içiylə axtara-axtara gəlib, nəhayət kirli yatağını tapdı. Qadın nə vaxt qayıtmışdı – o, artıq eşitmədi.