♦ 24 ♦

Hər şey yaxşıdır!
Dırnaqlarıyla kisələrdən yapışıb, əllərinin qanı axa-axa dərədən çıxmağa çalışırdı. Budur, o yuxarıdadır! İndi barmaqlarını boşaltsan yerə yıxılacağından qorxmaya bilərsən. Lakin hələlik barmaqlarının açılmağa gücü qalmamış, hələ də kisələrdən bərk-bərk yapışıb, qalmaqda davam edirdi.
Qırx altıncı gün əldə edilmiş Azadlıq onu güclü, sərt küləklə qarşıladı. O sürünməyə başlayanda, qum dənələri ağrıdacaq dərəcədə boynuna, sifətinə vurmağa başladı. O, bu dəhşətli küləyi nəzərə almamışdı!.. Dərənin içində dənizin səsi adət etdiyindən çox-çox bərk gəlir. Bir şey də var ki, axı indi dənizdə hər axşam olduğu kimi sakit hava hökm sürməlidir. Yoxsa duman olacağına heç bir ümid yeri qalmır. Ya bəlkə göy üzünün dumanla örtülməsi onun gözünə səmaya dərədən baxanda görünüb? Ya bəlkə havada bulud-bulud uçuşan bu qumu duman bilib? Hər nə cür baxsan, bütün bunlar yaxşı heç nə vəd eləmir.
Başını qaldırmadan həyəcanla ətrafa baxmağa başladı… Zəif işıqda yanğınsöndürmə qülləsi bir qədər əyri görünürdü. Yazıq görkəmli qülləyə bir xeyli məsafə vardı. Lakin ordan durbinlə baxırdılar deyə, məsafənin uzaqlığına ümid etmək olmazdı. Maraqlıdır, görəsən artıq onu görüblər, yoxsa yox?.. Yəqin ki, yox. Yoxsa o dəqiqə aləmə car çəkərdilər.
Bir dəfə necə oldusa qadın ona yarım il əvvəl, gecə tufan qopmasından, kəndin qərb tərəfindəki dərələrdən birinin divarının uçmasından və oradakı evin yarıyadək qum altında qalmasından danışdı. Sonra başlayan yağışdan onsuz da yaş olan qum daha da ağırlaşıb. Ev kibrit qutusu tək uçub dağılıb. Xoşbəxtlikdən tələfat olmayıb və səhər açılan kimi sakinlər dərədən çıxmağa çalışıblar. O saat həyəcan zəngi çalınıb və heç beş dəqiqə keçməmiş oradan dartıb çıxardıqları qarının ağlamağı eşidilib… “Deyilənlərə görə, bu ailənin beynində nəsə irsi xəstəlik var”, – deyə bic-bic əlavə etdi…
Yaxşı, gözləməyə dəyməz. O, cəsarətlə başını qaldırdı. Qırmızıya çalan qum dalğaları boyunca uzun kölgələr uzanırdı. Küləyin bir kölgənin üstündən qaldırdığı qum örtüyü digərinin, sonra isə tamam ayrısının üstünə uzanırdı. Bəlkə onu kiminsə görməyinə bu uçan qum örtüyü mane olur?.. İşığın gözünü qamaşdırıb – qamaşdırmadığını yoxlamaq üçün ətrafına boylananda kişi az qaldı təəccübdən yerində donsun. Deməli, qürub edən günəşin rəngli qələmlərlə rənglənibmiş kimi görünməsində, ətrafda hər şeyin süd rəngli dumana bürünməsində təkcə havada uçuşan qum dənəcikləri səbəb deyildi. Orda – burda yerdən çəngə-çəngə duman parçaları qalxırdı. Bir yerdən dağılanda başqa bir yerdə peyda olur, ordan qovulanda isə, yenidən bu yanda toplaşırdılar… Dərədə olduğu müddətdə qumun rütubəti özünə çəkdiyinə şəxsən əmin olmuşdu, amma bu dərəcədə olduğunu təsəvvür belə etmirdi… Bütün bunlar yanğınsöndürənlərin tərk etdiyi küllüyü xatırladırdı… Düzdü, işıq arxadan düşdüyündən duman bir qədər seyrək və az sezilən idi, amma hər halda müşahidəçinin gözündən yayınmaq üçün kifayət qədər etibarlı sığınacaq idi.
O, belinə asdığı çəkmələrini geyindi, kəndiri büküb cibində gizlətdi. Bir şey olarsa qayçıdan silah kimi də istifadə etmək olardı. Qərbə tərəf qaçmaq lazımdır – müşahidəçinin gözünə düşən işıq onu qoruyacaq. Bir yer tapıb gizlənmək və günəş batanadək orda oturub gözləmək lazımdır.
Di cəld ol!.. Əyil və ovalıqla qaç!.. İndi özünü itirmə… Tələs, lakin gözünü dörd elə… Bax o çuxura uzanacam!.. Bu nə şübhəli səsdir gəlir?.. Pis əlamət deyil ki?.. Bəlkə, yox… Qalxacam və irəli… Çox da sağa getmə!.. Sağ yamac çox alçaqdır və artıq yolun ortasında onu sezə bilərlər…
Gündəlik qum dolu səbət daşımaları nəticəsində dərələr arasında dərin düz cığırlar tapdanmışdı. Bəzi yerlərdə həmin cığırların sağ tərəfi uçmuş və maili olmuşdu. Bir qədər aşağıda, dərədə gizlənmiş ikinci sıra evlərin damları görünürdü. Onların qarşısını dənizə bir qədər yaxın olan üçüncü sıra tutmuşdu. Bu səbəbdən də dərələr kifayət qədər kiçik idi və qumdan qorunmaq üçün nəzərdə tutulmuş çəpər buralarda hələ xidmətini davam etdirə bilirdi. Dərələrin kəndə tərəf olan yerindən asudə çıxmaq olardı. Bir qədər yerindən qalxmağı kifayət etdi ki, az qala bütün kənd əlinin içi kimi görünsün. Dalğavari qum təpələrinin ətəklərində yelpik kimi açılmış kirəmitli, sinklənmiş, nazik taxtalardan qayrılmış damlar üst-üstə qalaqlanmışdı… Düzdü, bir qədər seyrək də olsa şam meşəliyi və nəsə gölməçəyə oxşar bir şey də görünürdü. Və beləliklə, bu bir tikə bədbəxt torpaq sahəsi ucbatından, sahildə yerləşən onlarla ev qul həyatına məhkum olub.
Qulların yaşadığı bu dərələr indi yolun solu ilə uzanıb gedirdi… Ara – sıra yerlə sürüdülən səbətlərin açdığı cığırların şaxələndiyi gözə dəyirdi, yolun sonunda isə dərənin haradan başlandığına işarə edən qum dolu kisələri görmək olardı… Onlara hətta sadəcə baxmaq belə ağrılı idi. Bəzi yerlərdə kisələrə kəndir nərdivan bağlanmamışdı, lakin dərələrin çoxunda belə nərdivanlar var idi. Görünür, bu dərələrin bir çox sakini ümumiyyətlə qaçmaq fikrindən vaz keçmişdi.
İndi o, belə bir həyat tərzinin də mümkün olduğunu özü üçün asanca təsəvvür edirdi. Mətbəxlər, içində od qalanan sobalar, yazı masası əvəzinə işlədilən içi dərsliklərlə dolu alma səbətləri; mətbəxlər, döşəmədə qazılan ocaqlar, lampalar, içində od qalanan sobalar, sıyırma sınıq – salxaq arakəsmələr, mətbəxlərin his basmış tavanları, işləyən saatlar və dayanan saatlar, qışqırışan radioqəbuledicilər və işləməyən radioqəbuledicilər; mətbəxlər və içində od qalanan sobalar… Və bütün bunlara çərçivəyə salınıbmış kimi mal-qara, uşaqlar, fiziki yaxınlıq, qarşılıqlı öhdəçiliklər, ucuz bər-bəzək, xəyanətlər, yaltaqlıqlar, xatirə şəkilləri pərçim edilib… Eyni bir şeyin adamı dəhşətə salacaq qədər yeknəsəq təkrarı…Baxmayaraq ki, bu təkrar həyatda qaçılmaz olan – ürək döyüntüsü kimidir, amma hər halda həyat özü də təkcə ürək döyüntüsündən ibarət deyil axı.
Yerə uzan!.. Yox, hər şey yaxşıdır. Adicə qarğadı…Hələlik qarğa tutub, ondan müqəvva düzəltmək ona qismət olmayıb, lakin indi bunun elə də əhəmiyyəti yoxdur. Döymə şəkil, medal, ordenlər haqqında arzular ağlasığmaz yuxulardan sonra ağıla gəlir.
Deyəsən, kəndin qırağına gəlib çatıb. Yol qum təpəsinin üstünə çıxdı, soldan dəniz göründü. Külək ləpədöyənin acı havasını gətirdi, fırfıralar fırlanıbmış kimi qulağı və burun pərələri cingildədi. Başına bağladığı dəsmalın ucları küləkdə yellənir, yanaqlarına çırpılırdı. Burda artıq duman da gücünü itirir, qalxa bilmirdi. Dənizin üzü qaynanmış südün köpüyü kimi xırda qırçınlarla bükülmüş qalın qurğuşun laylarla örtülmüşdü. Buludların sıxdığı qurbağa kürüsünü xatırladan günəş batmaq istəmədiyindən yerində donub qalmışdı. Üfüqdə qara nöqtə kimi donmuş gəmiyə qədər olan məsafəni və onun ölçülərini təyin etmək imkansız idi.
Qarşısında maili qum təpələri intəhasız dalğalartək düz burunun axırınadək uzanıb gedirdi. Doğrusu, yolu belə davam etdirmək heç də təhlükəsiz deyildi. Qətiyyətsiz halda ətrafına boylandı. Xoşbəxtlikdən yanğınsöndürmə qülləsinin qarşısını çox da hündlür olmayan təpə tuturdu və oradan onu görə bilməzdilər. Ehmalca pəncələri üstə qalxıb özündən sağ tərəfdə, qum yarğanının kölgəsində əyilmiş, demək olar ki, damına qədər quma girmiş, ancaq o dayanan yerdən görünə bilən daxma gördü. Külək döyən yerdə dərin çökək vardı, elə bil çömçə ilə qazmışdılar.
Əla sığınacaqdı… Qumun üstü balıqqulağı içi kimi hamardır, heç yerdə insan ləpiri gözə dəymir… Amma bəs özünün qoyduğu izlər necə olsun?.. O, ayaqlarının izilə geri qayıtdı, lakin heç otuz metr getməmişdi ki, onların yerli-dibli silindiyini gördü… Hətta ayağının yanındaca izlər çöküb, formasını dəyişirdi… Sən demə, külək də nəyəsə yarayarmış.
Artıq daxmanın yanından ötüb keçməyə hazırlaşırdı ki, birdən oradan nəsə qara bir şey çıxmağa başladı. Donuz kimi piyli kürən bir itmiş. Qorxmağa dəyməz. Get burdan! Ancaq gözünü naməlum adama dikmiş it getməyə hazırlaşmırdlı. Qulağının biri parçalanmış, proporsional olmayan xırda gözləri bəd-bəd baxırdı. İt onu iyləməyə başladı. Görəsən, hürməyə hazırlaşmır ki? Kişisən hür… O. əlini cibinə salıb, qayçını ovcunda sıxdı… Əgər hürsə, başını qayçıyla deşəcəm! Lakin it səsini çıxarmadan ona tərəf acıqlı-acıqlı baxmaqda davam edirdi. Bəlkə vəhşi itdir?.. Pırtlaşıq tükləri çəngə-çəngə sallanmışdı… Bəlkə nəsə xəstəliyi-zadı var – bütün sir-sifəti qasnaqdır… Deyirlər, hürməyən it qorxulu olur… lənət şeytana! Gərək özümlə nəsə yeməkdən-zaddan götürəydim… Hə, yemək götürmək lazım idi, ay səni, zəhər şüşəsini götürmək yadımdan çıxdı… Eybi yox, zəhəri elə gizlətmişdi ki, çətin qadın onu tapa bilsin… Kişi yavaşca fit çalıb, itlə dostlaşmağa cəhd edərək əlini uzatdı…İt buna cavab olaraq, nazik dodlaqlarını uzadıb üstünə qum yapışmış sarı dişlərini ağartdı… Yox, çətin ki, bu it ona tamah salsın… Necə də iyrənc qarınqulu görkəmi var… Elə vurasan ki, bircə zərbədən gəbərə…
Gözlənilmədən it başını aşağı salıb çevrildi və heç nə olmayıbmış kimi tənbəl-tənbəl uzaqlaşdı. Görünür, kişinin hədəli görkəmindən qorxmuşdu. Əgər o, vəhşi iti belə qorxuda bilibsə, deməli ruhən hələ güclüdür. Qumluqla düzən yerə sürüşüb, enişdə uzanıb qaldı. İndi küləyin ona əli çatmırdı və bəlkə də buna görə özündə yüngüllük hiss etdi. Küləkdən səndələyən it havada uçuşan qum pərdəsinin arxasında gözdən itdti. Görünür, adamlar bura yaxın da durmurlar, yoxsa bu komada vəhşi it məskunlaşmazdı…Və nə qədər ki, it gedib artel idarəsinə ondan xəbərçilik etməyib, hər şey yaxşıdır. Bədənindən tər su kimi axsa da, o bundan ancaq ləzzət alırdı. Necə də sakitlikdi!.. Elə bil onu qabın dibinə atıb, üstünə jelatin çəkiblər… İndi onun əlində saat mexanizmli bomba var, partlayışın vaxtı isə naməlumdur, lakin bu, zəngli saatın çıqqıltısından heç də çox narahat etmir… Onun yerində “Mebiusun Lenti” olsaydı, o dəqiqə vəziyyəti analizə edər və deyərdi:
– Sən, mənim dostum, məmnuniyyəti vasitələri məqsədə çevirməkdə tapan tipik insan nümunəsisən.
– Tamamilə doğrudur,- deyə o razılaşardı – Lakin vasitələrə, məqsədə sərhəd qoymaq beləmi vacibdir?.. Onlardan şəraitdən asılı olaraq, lazimi şəkildə istifadə etmək gərəkdir…
– Yoox, bu artıq heç nəyə yaramaz. Zamanı şaquli vəziyyətdə yaşamaq mümkün deyil axı. Zaman elə bir şeydir ki, üfüqi vəziyyətdə axır. Bu, gün kimi aydındır.
– Bəs zamanı şaquli yaşamağa cəhd etsək necə?
– Mumiyaya çevrilərsən. Bəlkə elə deyil?!
Kişi gülümsəyərək çəkmələrini çıxarmağa başladı. Öz aramızdır, düzdü də, zaman üfüqi axır. Çəkmələrin içi qumla dolub, tərlə qarışmışdı – daha dözmək mümkün deyildi. O, corablarını min əzabla soyunub, küləyə tutdu. Görəsən heyvan yaşayan yerlərdən niyə belə iyrənc qoxular gəlir?.. Yaxşı olardı ki, heyvanlar gül ətri saçsın… Yox ey, belə pis qoxuyan onun ayaqlarıymış… Və nə qədər paradoksal olsa da, bu fikir ona ləzzət edirdi… Kimsə deyib ki, öz qulağından çıxan çirkdən dadlı heç nə ola bilməz – o, pendirdən də dadlıdır… Düzdür, ola bilsin ki, bu şişirdilmiş fikirdir, lakin öz çürümüş dişinin də qoxusunda nəsə çəkici bir şey var – ondan doymadan, dalbadal içinə çəkmək istəyirsən.
Komanın girişinın yarıdan çoxu qumla örtülmüşdü və ona içəriyə baş soxmaq elə də tez başa gəlmədi. Bəlkə bu, köhnə quyunun xarabalıqlarıdır? Quyunun üstündə daxma tikilməsində təəccüblü heç nə yoxdur, bunu ona görə edirdilər ki, quyu qumla dolmasın. Çətin ki, burda su olsun… O, yenidən içəri baş soxmağa cəhd etdi və bu vaxt onun burnuna əsl it iyi vurdu. Heyvanın iyi fəlsəfədən güclüdür. Mənə koreyalının ruhu yaxındır, lakin onun iyinə dözə bilmirəm – deyən bir sosialist varmış… Yaxşı, əgər zaman üfüqi axırsa, qoy necə iti axdığını ona göstərsin!.. Ümid və narahatlıq… Azadlıq hissi və səbirsizlik… Bunlar ən dözülməz əzablardır. O, sifətini yaylıqla örtüb, arxası üstə uzandı. Düzü buradakı qoxu onunkuydu, lakin özünə kompliment demək istəyi onda nə qədər güclü olsa da, bu qoxunun ona xoş gəldiyini dilinə gətirə bilmirdi.
Ayağının üstü ilə nəsə sürünür… Yerişindən “qabarböcəyi”nə oxşamırdı… Çox güman ki, altı ayağı ilə özünü güclə sürüyən yer böcəyidir… Dəqiqləşdirməyə həvəsi yox idi. Bu, çoxdan arzuladığı qabarböcəyi olsaydı belə, çətin ki, onu tutmağa həvəsi yaranardı. Hər halda bu suala dəqiq cavab verə bilməzdi.
Külək onun üzündəki yaylığı atdı. Gözünün bir ucu ilə qum təpəsinin qızıl kimi parıldayan üstünü gördü. Hamar qalxan yamac, bu qızıl xəttə çatandan sonra qəfildən kölgədə itdi. Məkanın belə quruluşunda nəsə sözlə ifadə edilə bilməyən bir gərginlik vardı və kişi qəlbini dolduran insan həsrətindən hətta diksindi də. (Bəli, son vaxtlar gənc turistləri mənzərəli yerlər cəlb edir… ümidverici səhmlər… Təcrübəli bir adam kimi bu ərazinin gələcək inkişafına tam zəmanət verə bilərəm. Lakin ilk növbədə reklam lazımdır! Reklam olunmasa, buralara heç milçəklər də uçub gəlməz… Bilməmək – malik olmamaq kimi bir şeydir… Qaş-daşa sahib olasan və onu yerin altında gizlədəsən. Yaxşı, indi nə edəsən?..Bacarıqlı bir fotoqrafa bədii açıqcalar sifariş etmək lazımdır. Keçmişdə görməli yerlər artıq hər yerdə tanındıqdan sonra bədii açıqcalar hazırlanırdı… İndi – əvvəlcə açıqcalar, sonra isə gəzməli-görməli yerlərin tikilməsi. Bu qaydalar indi adiləşib. Burda bir neçə nümunə var, zəhmət deyilsə, baxardınız.) Bədbəxt açıqca alverçisi başqalarına tələ qurmaq fikrindəydi, lakin özü bu tələyə düşdü, sonra isə xəstələnib öldü. Düzdü o, sən deyən qədər də diribaş adam deyildi… Yəqin bu yerlərin gələcəyinə böyük ümidlər bəsləyib və həmin biznesə bütün varidatını qoyub… Bu gözəlliyin həqiqi mahiyyəti nədədir?.. Bəlkə təbiətin malik olduğu fiziki harmoniya və dəqiqlikdədir, və ya əksinə – insanın onu dərk etmək istəyinə təbiətin amansız müqavimətində.
Hələ dünənə qədər bu mənzərə haqqında hətta fikirləşəndə az qala ödü ağzına gəlirdi. Və o, bu dərənin doğrudan da həmin açıqcasatan kimi fırıldaqçıların boynuna biçildiyi barədə qəzəblə düşünürdü…
Lakin dərədəki həyat və mənzərə haqqında düşünəndə onları biri-birinə qarşı qoymaq bizə nə verir? Gözəl mənzərənin insana həmişə alicənablıq göstərməsi vacib deyil.
Nəhayət, elə onun özünün qumu sabitliyin inkarı kimi görmək kimi əsas ideyasının özü heç də axmaq fikir deyil. Millimetrin səkkizdə birinin hərəkəti. Mövcud olmanın hallar zəncirindən ibarət olduğu dünya… Başqa sözlə, onun gözəlliyi ölümə məxsusdur. Onun nəhəng dağıdıcı gücünün təmtərağı, qoyub getdiyi xarabalıqlar içindən keçən ölümün gözəlliyi… Yox, dayan. Əgər ona məhz bu səbəbdən hər iki istiqamətə olan bileti əlində bərk-bərk tutub buraxmadığını desələr, biabır olmaq olar. Vəhşi heyvanlar, müharibələr haqqında filmlər elə inandırıcıdır ki, hətta ürəktutmasına gətirib çıxara bilər, lakin kinodan çıxırsan və bayırda səni dünənkinin davamı olan bu gün gözləyir. Onların ləzzəti bundadır… Həqiqi güllələr doldurulmuş tüfənglə silahlanıb kinoya gedən dəlini harda görmüsüz?.. Səhradakı həyata kim uyğunlaşa bilər? Su əvəzinə öz sidiyini içən bəzi növ siçanlar, çürümüş ətlə qidalanan həşəratlar, bir də ki, yalnız bir istiqamətə biletin mövcudluğu haqqında eşidib bilən köçərilər. Əgər lap əvvəldən əmin olsan ki, biletin həmişə ancaq bir istiqamətədir, onda rahat yaşayarsan, daha qayaya yapışan ilbiz kimi quma sıxılıb sürünmək üçün mənasız cəhdlər etməzsən. Axı bu köçərilər artıq öz adlarını da dəyişiblər və indi onlar maldar adlanır…
Həə, bütün bunlar haqqında qadına danışmaq lazım idi… Onun üçün mahnı oxumaq lazımdır – hər iki istiqamətə biletə dəxli olmayan qum mahnısı, vacib deyil, melodiyasını səhv salıb, ağzına gələni də oxuya bilər… Ən yaxşı halda o, qadını tutmaq üçün qarmağına yem əvəzinə başqa, ayrı bir həyat keçirmiş adi bir qadın ürəyi ovçusunun miskin təqlidçisindən başqa bir şey olmayacaqdı. Başdan-ayağa qum içində, tərpənməyə belə gücü qalmamışdı – kağız torbaya salınmış pişiyə oxşayırdı.
Gözlənilmədən qum təpəsinin üstündəki parıltı söndü… Ətrafda nə vardısa, qaranlığa büründü. Ani olaraq külək sakitləşdi və onda yenidən güc yığaraq, duman qayıtdı. Bəlkə elə buna görə də günəş belə tələsik batdı.
… Haydı, yola çıxmaq vaxtıdır.