♦ 8 ♦

İşəyib yüngülləşəndən sonra, kişi ağır buxarla nəfəs ala- ala dayanmaqda davam edirdi… O, burda dayana – dayana, hər hansı bir ümid yerinin peyda olacağına bel bağlamırdı. Sadəcə, heç cür özünü evə qayıtmağa məcbur edə bilmirdi. Qadından uzaqda olarkən onun yanında dayanmağın nə qədər təhlükəli olduğunu daha aydın şəkildə başa düşürdü. Yox, məsələ yəqin ki, qadının özündə deyil, hansı vəziyyətdə uzanmasında, onun bu pozasındadır. Ömründə bir dəfə də olsun, belə həyasız qadın görməmişdi. Nə olursa olsun, evə qayıtmayacam. Qadının pozası həddən artıq təhlükəlidir.
Belə bir deyim var: ölü kimi uzanıb qalmaq. Bu, bəzi növ həşəratların və hörümçəklərin, onlara qəfildən hücum olarsa, düşdüyü iflic vəziyyətidir… Sındırılmış təsvir… Dispetçer məntəqəsi ruhi xəstələr tərəfindən zəbt olunmuş aerodrom. İnanmaq istərdi ki, bu hərəkətsizlik dünyadakı bütün hərəkəti dayandıracaq, axı qış yuxusuna getmiş qurbağalar üçün qış deyilən şey yoxdur.
O, xəyallarda üzərkən, günəşin istisi daha da dözülməz oldu. Kişi elə bil yandırıcı şüalardan qorunmaq üçün üçqat olmuşdu. Sonra başını cəld əyib, köynəyinin yaxasından yapışdı və bütün gücü ilə dartdı. Köynəyin üç yuxarı düyməsi qopub düşdü. Köynəyin boynunun altındakı qumu çırpanda, yadına qadının qumun heç vaxt quru olmadığı, ətrafda nə varsa, hamısını çürütmək üçün kifayət qədər nəm olduğu haqda sözləri düşdü. Kişi köynəyini çəkib, şalvarının belini boşaltdı ki, heç olmazsa, əyni bir az hava çəksin. Amma düzü, bu qədər narahat olmağa lüzum yox idi. Əzginlik necə tez gəlmişdisə, elə də itdi. Görünür, nəm qum hava ilə təmasda olan kimi öz iblisani xüsusiyyətlərini itirir.
Elə bu an ağlına gəldi ki, qadının çılpaqlığını həddən artıq birtərəfli anlatmaqda ciddi səhv edib. Əlbəttə, demək olmaz ki, qadının onu tələyə salmaq kimi gizli meyli olmayıb. Lakin istisna deyil ki, bu, onun yaşadığı şəraitin diqtə etdiyi sadəcə vərdişdir. Aydındır ki, qadın yalnız dan yeri söküləndən sonra yatmağa gedir. İnsan yuxudaykən daha çox tərləyir. Əgər gündüz, üstəlik od tutub yanan qum çuxurunda yatmalı olursansa, soyunmaq arzusu təbii bir şeydir. Onun yerinə olsaydım, mən də soyunardım; əlbəttə, belə imkan olsaydı…
Bu tapıntı o saat onu tərli bədəndən qumu təmizləyən külək kimi ağır hisslərdən azad etdi. Qorxularımı şiddətləndirməyin mənası yoxdur. Əsl kişi nə qədər istəsən polad və dəmir – beton divar da olsa dağıdıb, qaçmağa qadirdir. Təkcə qalanı görüb, ona açarın olub olmamasını aydınlaşdırmadan məyusluğa qapılmaq düzgün deyil… Tələsmədən, quma bata – bata o, evə tərəf getdi… Bu dəfə sakit danışacam və mənə nə lazımdırsa, ondan öyrənəcəm… O, qadının üstünə bağıraraq cumanda, qadın ona heç bir cavab verməməkdə haqlı idi… Bəlkə, qadın ona görə susurdu ki, sadəcə utanırdı: o, kişinin onu çılpaq görməməsi üçün heç bir tədbir görməmişdi.