♦ 26 ♦

Kişi qaçırdı.
Aralarından ötüb keçdiyi zəif işıqlı evlər gah ona yol verir, gah da qarşısında maneə kimi qalxırdılar. Boğazının dar dəliyinə səs-küylə doluşan küləyin dadı… Pas dadı… Çilik-çilik olmağa hazır nazik şüşənin üstündə təhlükəli trük. Qum daşıyanların hələ evlərindən çıxmadıqlarına ümid etmək həddən artıq gec, artıq dəniz sahilinə çatdıqlarına ümid etmək isə həddən artıq tez idi. Deyəsən yük maşını hələ gəlib keçməmişdi. Ola bilməzdi ki, bu ikitaktlı mühərrikin dəli taraq-turuğu, burdan bir kilometr aralıda da olsa qulağına çatmasın. Vəziyyət gərgindir.
Qəflətən qaranlıqdan qara bir yumaq çıxdı. Çox möhkəm fısıltı gəlməsindən bilinirdi ki, yekə itdir. Deyəsən, hücum etməyə öyrədilməmişdi və kişini qapmazdan əvvəl bərkdən hürməyə başladı. Kişi ucuna qayçı bağlanmış kəndiri ona tuşladı və vura bildi. İt yazıq-yazıq zingildəyib, qaranlıqda yox oldu. Xoşbəxtlikdən, it ancaq şalvarının bir parçasını qoparda bilmişdi. Həddən artıq yeyin hərəkət etdiyindən, ayaqları dolaşdı və o, yıxıldı, yumbalandı, lakin həmin dəqiqə ayağa qalxıb, qaçmağa başladı.
Sən demə, it bir yox, beş-altı dənəymiş. İlk uğursuzluqdan qorxub, hücum etmək üçün fürsət axtara-axtara bərkdən hürərək, ətrafında dövrə vururdular. Bəlkə də, xarabalıqda yaşayan həmin o kürən it onları arxadan qızışdırırdı. Kəndirin ucundan təxminən yarım metr aşağıdan tutub, var gücü ilə başı üzərindən fırlamağa başladı. Bu şəkildə itlərdən qorunaraq, bir yığın döyülmüş balıqqulağı topasının üstündən hoppandı, çəpərlərin arasındakı dar keçiddən, yerdə saman qurudulan həyətdən keçərək qaçıb, nəhayət geniş yola gəlib çıxdı. Bir az da getsə, kənd qurtaracaq!
Yolun kənarı ilə ensiz arx gedirdi. Birdən ordan iki uşaq çıxdı – görünür, bacı-qardaş idilər. O, uşaqları çox gec gördü. Kəndiri çəkdi ki, qayçı onlara dəyməsin, lakin heç nə alınmadı və hər üçü arxın içinə yumbalandı. Arxın içində navalça qurulmuşdu. Taxtanın şaqqıltısı eşidildi. Uşaqlar çığırdılar… Lənət şeytana, bunlar niyə belə qışqırır!.. Var gücüylə onları itələyib, ordan çıxdı. Elə bu an üç cərgə düzülmüş cib fənərlərinin işığı onun yolunu kəsdi.
Zəng çalındı. Uşaqlar bərkdən ağladılar… İtlər hürməkdə davam edirdilər… Hər zəng vurulanda ürəyi bərk sancırdı. Düyü dənəsi kimi saysız-hesabsız həşərat yığını ağzı açılmış dəlmə-deşiklərdən sürünüb, çıxmağa başladı. Görünür, cib fənərlərindən biri işığı bir nöqtəyə cəmləmək üçün mexanizmə malik idi – ordan çıxan şüa gah yayılır, gah da qızdırılmış nazik iynə kimi göz deşirdi.
Görəsən, düz üstlərinə atılıb, təpiklə hərəsin bir tərəfə atsın?.. Onları yarıb keçə bilsə, o tərəfdə artıq kənd arxada qalacaq… Peşiman olacaq, ya olmayacaq – hər şey bu dəqiqələrdən asılıdır… Yaxşı, tərəddüd etmək yetər!.. Yoxsa gec olacaq… Bir qədər də keçsə, onu izləyənlər arxasını da kəsəcəklər – onda hər şey məhv olacaq!
O, özünə gələnəcən fənərlər sağdan və soldan, aralarındakı məsafəni get-gedə azaldaraq hər tərəfdən onu əhatələməyə başladı. Kişi əlindəki kəndiri bərkdən sıxıb, tamam gərildi, lakin heç cür qərara gələ bilmirdi. Pəncələri daha çox yumşaq quma batırdı.Fənərlər arasındakı böyüyən boşluq adam gölgələri ilə dolmuşdu. Nə qədər idilər? Yolun kənarında isə görkəmindən dərəyə oxşayan
nəsə var – ah, yox, bu yük maşınıdır. Mühasirəni yarıb irəliyə atılsa belə, onu arxadan tutacaqlar. Arxadan qaçıb uzaqlaşan uşaqların ayaq səslərini eşitdi – artıq ağlamırdılar. Bir anlığa beynindən cəsur fikir keçdi. Uşaqları tutub, onlardan sipər kimi istifadə etmək! Onlar girova çevriləcək və o, bu alçaqların yaxınlaşmalarına imkan verməyəcək! Lakin uşaqları tutmaq üçün geri çevriləndə onu pusan başqa işıqları gördü. Yol kəsilib!
Sıxılıb, birdən buraxılan yay kimi geri atılıb, dabanına tüpürdü – bura gəlib çıxdığı yolla da geri qaçmağa başladı. O bunu sanki burunun davamı olmağa xidmət edən qum təpəsini yarıb keçmək üçün yer tapmaq ümidilə, demək olar ki, şüursuz edirdi. Elə bil bütün kənd bağırışaraq onun dalınca qaçırdı. Hədsiz gərginlikdən ayaqları zəiflədi, elə bil vətərlərini dartıb çıxarmışdılar. Lakin bəlkə də onu qovanlar qəfil yaxalandıqlarından, ona vaxtaşırı geri dönüb ardınca qaçanların harda olduğunu görməyə imkan verən kifayət qədər məsafə saxlamaq müyəssər olurdu.
Nə qədər qaçmışdı?.. Artıq bir neçə təpə aşmışıdı. Və nə qədər çox güc itirirdisə, bir o qədər də hər şeyin əbəs olduğunu fikirləşir, yuxuda olduğu kimi yerində qaçdığını düşünürdü. Lakin indi gücünü nə qədər effektiv xərcləyib, xərcləməmək barədə fikir yürütmək vaxtı deyil. Ağzı mis qarışıq qan daddı. Tüpürmək istədi, tüpürcəyi qatı olduğundan tüpürə bilmədi. Barmağı ilə çıxarıb, atmalı oldu.
Zəng çalınmaqda davam edirdi, lakin artıq ondan çox uzaqlaşmışdı deyə, hərdənbir səsi tamam itirdi. İtlər də geri qalmışdılar və hardasa uzaqlarda hürüşürdülər. Təkcə metala sürtülən yeyənin qıcırtısını xatırladan nəfəsinin səsi eşidilirdi. Onu izləyənlərin fənərləri – hər üç cərgə, əvvəlki tək zəncirvari düzülüb, yuxarı, aşağı yellənərək, elə bil ki, yaxınlaşmırdılar, lakin heç uzaqlaşmırdılar da. Qaçana da, onu qovanlara da eyni şəkildə çətin idi. İndi kim daha çox dözsə, o da qalib olacaq. Lakin bu, təsəlli vermir. Bəlkə həddən artıq gərginlikdən iradəsi sınıb – gücünün daha tez onu tərk etməsini arzulayan zəiflik özünü yetirib. Qorxulu simptomdur… Lakin nə qədər ki, o bu təhlükəni dərk edir, qorxusu yoxdur…
Çəkmələrinə qum dolub, ayaq barmaqları ağrıyır. Boylandı. Onu qovanlar bir qədər sağda, yetmiş-səksən metr geri qalmışdılar. Görəsən nədən belə yoldan sapıblar? Yəqin dikdirlərdən yayınmaq istəyiblər və belə alınıb. Görünür, onlar da əməlli-başlı yorulublar..Deyirlər axı, qovan qaçandan tez yorulur. Tez çəkmələrin çıxarıb, ayaqyalın qaçmağa başladı… Çəkmələrini cibinə qoysa, mane olacaq, kəmərinə keçirsə yaxşıdır. Nəfəs dərib, bir həmləyə kifayət qədər dik təpəni aşdı. Belə getsə, yəqin, bu alçaqlardan can qurtara bilər…
Ay hələ çıxmamışdı, lakin ulduzlardan düşən işıq ətrfda nə vardısa hamısını, tünd və parlaq ləkələrlə doldurmuşdu və uzaq təpələrin üstü apaydın seçilirdi. O səhv etmirdisə, buruna tərəf qaçırdı. Sükan yenə sağa çəkir. Elə istiqaməti dəyişmək istəyirdi ki, birdən bununla özü ilə onu qovanların arasındakı məsafəni qısaldacağını anladı. Nəhayət elə onda da izinə düşənlərin məkrini anladı və qorxdu.
Hə, ilk baxışda bacarıqsız seçdikləri güman edilən yol sən demə əməlli-başlı düşünülüb: onlar kişini dənizə sıxmaq istəyirdilər. Özü də bilmədən bütün bu müddət ərzində onların ovcunun içindəymiş. Bir qədər düşünüb, cib fənərlərinin onlara, kişiyə harda olduqlarını göstərmək üçün xidmət etdiyini başa düşdü. Beləliklə, onların nə yaxınlaşıb, nə də uzaqlaşmayıb, əksinə həmişə eyni məsafədə qalmaları da elə-belə deyilmiş.
Yox, təslim olmaq hələ tezdir. Qayalara qalxmaq üçün hardasa buralarda yol olmalıdır və əgər başqa yol qalmasa, dənizlə üzüb, burunun o tayına düşmək olar. Bütün tərəddüdləri atmaq lazımdır – yalnız onu tutub, yenidən necə dərəyə atacaqlarını düşünmək yetər.
Uzun maili yoxuşdan sonra – sıldırımlı eniş… Sıldırımlı yoxuşdan sonra – uzun maili eniş… Addım, bir addım da – sapa düzülmüş muncuq kimi bir-birini əvəz edir – səbr imtahanı. Zəng bir anlığa susdu. Nə eşitdiyini təyin edə bilmir: küləyin uğultusudurmu, dənizin səsi, yoxsa sadəcə qulaqlarınnın cingiltisidir. Hündür bir yerə çıxıb, geriyə qanrıldı. Onu izləyənlərin işıqları gözdən itmişdi. Bir az gözlədi – görünmürdülər.
Əla. Doğrudanmı onlardan can qurtara bilib?
Ümidi ürəyini daha tez-tez vurmağa sövq etdi. Ayaqları ağırlaşmışdı. Və bu ağırlıq nəsə qeyri-adi idi. O, sadəcə bu ağırlığı hiss etmirdi – ayaqları həqiqətən də quma batmağa başladı. Ayaqları artıq baldırının yarısınadək qumda olanda, elə bil qardı, deyə düşündü. Qorxub, ayağının birini çıxarmağa çalışdı, lakin bu vaxt o biri ayağı dizədək quma girdi. Bu nədir? Adamı guya diri-diri udan qumların mövcud olması haqqında eşitmişdi… Var gücü ilə ordan çıxmağa çalışırdı, lakin nə qədər çox əlləşirdisə, bir o qədər dərinə gedirdi. Artıq ayaqları demək olar ki, qurşağadək qumda idi.
Bəlkə, bu sadəcə tələdir?! Onlar kişini dənizə tərəf yox, məhz elə bura sıxırmışlar!.. Kişini tutmaq üçün artıq əziyyət çəkməyib, sadəcə onu məhv etmək istəyirlər!.. Bu əsl məhvedilmədir… Fokusçu öz yaylığı ilə bundan təmiz iş görə bilməzdi…Külək bir həmlə də artıq etsə, başdan ayağa qumun içində olacaq… Və onda müsabiqədə hətta birinci yer tutmuş polis iti də onu tapa bilməyəcək… Bu alçaqlar çox güman ki, indən sonra heç gözə dəyməyəcəklər!.. Onlar heç nə görməyiblər, heç nə də eşitməyiblər… Yadelli, axmağın biri özü azıb, itib… Vəssalam, alçaqlar heç əllərini də bulaşdırmadan işlərini görəcəklər…
Batıram… Batıram… Budur, artıq sinəsinədək qumdadır… Nə etsin? Əgər qumla təmas səthini böyütmək mümkün olsa, cismin (bədənin) hər nöqtədəki təzyiqi azalar, və o, yəqin, batmaqda davam etməz… Əllərini yana açıb, sinəsiylə quma çökdü… Lakin artıq gec idi. Qarnı üstə uzansa da, bədəninin qurşaqdan aşağı hissəsi şaquli vəziyyətdə donub qalmışdı. Beli ağrıyır və artıq düz bucaq altında, əyilmiş halda daha qala bilmirdi. İstənilən adam, hətta gecə-gündüz məşq etmiş idmançı belə, bu vəziyyətdə çox qala bilməz.
Gör bir necə qaranlıqdır… Bütün kainat gözünü yumub, qulaqlarını da tıxayıb. Burda qalıb çezərsən, bir it oğlu dönüb, sənə tərəf baxmaz! Hardasa boğazının dərin qatlarında gizlənmiş qorxu birdən özünü çölə atdı. Kişi ağzını açıb, heyvan kimi böyürdü:
– Kömək edin!
Çeynənmiş ifadə!.. Lap elə çeynənmiş olsun… Ölüm ayağında olanda
orijinallıq hayında olmursan. Nəyin bahasına olursa olsun yaşamaq – hətta onun həyatı eyni formada bişirilən ucuz peçenye kimi başqalarının həyatından heç nə ilə fərqlənmirsə belə! Tezliklə qum boğazına, çənəsinə, burnuna çatacaq… Daha dözə bilmirəm!
– Kömək edin!.. Nə desəz edərəm, söz verirəm!.. Yalvarıram, kömək edin!.. Yalvarıram!
Kişi dözmədi. Əvvəlcə ancaq hıçqırırdı, sonra isə hönkür-hönkür ağlamağa başladı. Dəhşət içərisində anladı ki, hər şey məhv olub. İndi fərqi yoxdur – heç kəs onu görmür… Əlbəttə, heyf ki, bütün bunlar belə hallarda zəruri olan prosedurlarsız baş verir… Ölümə məhkum edilmiş ölməmişdən qabaq nəsə yazıb qoya bilər… Burda isə nə qədər qışqırırsansa qışqır… heç kəs fikir verməyəcək. Pisdir!
O, birdən arxadan səslər eşidəndə hətta çox təəccüblənmədi. Məğlub olmuşdu. Utancaqlıq hissi iynəcənin oda verilmiş qanadı kimi yanıb-yanıb, kül olmuşdu.
– Hey, tut!
Uzun bir taxta parçası aşağı sürüşüb, böyrünə dirəndi. İşıq şüası qaranlıqda dairə cızıb, taxtanı işıqlandırdı. Kişi buxovlanmış bədənini səs gələn tərəfə güclə çevirib, yazıq-yazıq soruşdu:
– Bağışlayın, bəlkə siz bu kəndirlə dartıb məni çıxarasınız …
– Yox əşi, kötük deyilsiz ki, sizi kəndirlə dartıb çıxaraq…
Arxadan gülüş səsi eşidildi. Dəqiq təyin etmək olmasa da, hardasa beş-altı
nəfər olardı.
– Bir az da dözün, artıq bel dalınca gediblər… Dirsəklərinizi taxtaya dirəyin, hər şey yaxşı olacaq…
Ona təklif etdikləri kimi dirsəklərini taxtaya dirəyib, başını ovucları arasına aldı. Saçları tərdən islanmışdı. Heç nə hiss etmirdi, təkcə bu biabırçı vəziyyətdən tez çıxmaq istəyirdi.
– Bilirsiz… Bəxtiniz hələ gətirib ki, biz sizin izinizlə qaçırdıq. Burda elə bataqlıqdı ki, itlər də yaxın düşmür… Siz çox böyük təhlükədə idiniz. Heç bilmirəm, nə qədər adam heç nədən şübhələnmədən bura gəlib çıxıb, elə də geri qayıtmayıblar… Burda, dağların arxasında sakitlikdi deyə, qumu bura kürəyir… Qış gələndə – qar yığılır… Onun üstünə yenə qum… Sonra yenə qar və yüz ildi ki, belədir – üst-üstə düzülmüş çiy vafli kimi… Bizə bu barədə şəhərə oxumağa gedən keçmiş artel sədrinin oğlu deyib… Maraqlıdır, deyilmi?.. Axıradək qazmağa cəhd etsən, bəlkə nəsə qiymətli bir şey tapmaq olar.
Bu nə demək istəyir?! Elə danışır ki, guya tərtəmizdir və heç nədə günahı yoxdur. Boş-boş danışmağını qurtarsaydı yaxşı olardı… Elə ələ salsaydı daha yerinə düşərdi… Ya da onu puç olmuş ümidləriylə baş-başa qoyub, çıxıb getsəydi, daha yaxşı olardı…
Nəsə canlanma var – görünür, bellər gəlib çıxıb. Üç kişi ayağını taxtanın üstünə qoyub, çətinliklə müvazinətlərini saxlayaraq, müyyən məsafədə onun ətrafını qumdan təmizləməyə başladılar. Qatbaqat. Arzuları da, xəcaləti də, ümidsizliyi də – hər şey bu qumun altında qalmışdı. Onun çiyinlərindən yapışanda, təəccüblənmədi də. Əmr etsəydilər, şalvarını çıxarıb, onların gözü qarşısında işəyərdi də. Göy üzü işıqlandı – yəqin indi ay çıxacaq. Qadın məni nə üzlə qarşılayacaq?! Fərqi yoxdur… İndi onu nə cür istəsələr, elə də şallaqlaqlaya bilərdilər – o, dözməli idi.