♦ 27 ♦

Kişini qoltuqları altından kəndirlə sarıyıb, yenidən kisə kimi dərəyə endirdilər. Heç kəs bir kəlmə də kəsmədi. Elə bil onlar kişinin dəfnində iştirak edirdilər. Dərə dərin və qaranlıq idi. Ay işığı qum təpələrinin üstünə tünük parlaq ipək çəkdi; küləyin cızdığı naxışları, hətta ayaq izlərini belə rəngdən-rəngə çalan qırışlarda donmuş şüşəyə çevirdi. Və təkcə dərə bu mənzərəyə qarışmaq istəmədən, zülmətə qərq olmaqda davam edirdi. Lakin bütün bunlar onu həyəcanlandırmırdı. O, başını qaldırıb aya baxan kimi ürək bulanması və başgicəllənmə hiss etdi – yorulub, ölü kimi düşmüşdü.
Bu qatı zülmətdə qadın daha çox tünd ləkə kimi sezilirdi. Onun köməyi ilə güclə yatağına tərəf süründü, lakin nədənsə qadının özünü görmürdü. Və təkcə onu yox – ətrafda nə vardısa duman içindəymiş kimi yayılırdı. Hətta döşəyinin üstünə yıxılandan sonra da qumla qaçmaqda davam edirdi… Yuxuda da qaçmaqda davam edirdli. Narahat yatdı. Enən və qalxan səbətlərin səsi, itlərin uzaqdan eşidilən hürüşməsi apaydın yadında idi. Qadının gecə yarısı şam etmək üçün qayıtdığını, yatağının yanındakı lampanı yandırdığını bilirdi. Lakin yalnız su içmək üçün qalxanda tamam ayıldı. Gedib qadına kömək etmək üçün gücü qalmamışdı.
O, çaşqın-çaşqın ətrafa baxıb, lampanı yandırdı, papiros çəkdi. Gombul olsa da çox çevik hörümçək lampanın ətrafında qaçmağa başladı. Kəpənək olsaydı təəccüblənməzdi, lakin işığın hörümçəyi cəlb etməsi qəribə idi. Elə papirosu üstünə basıb hörümçəyi yandırmaq istəyirdi ki, fikrindən daşındı. Hörümçək saniyəölçənin əqrəbi kimi on beş-iyirmi santimetr məsafədə lampanın ətrafında fırlanırdı. Bəlkə onu təkcə işıq cəlb etməyib? Yox, o, gecə kəpənəyinin uçub işığa gəlməsini gözləyirmiş və buna nail oldu. Kəpənək bir neçə dəfə lampanın şüşəsinə çırpıldı, onun iri kölgəsi tavanda əks etdi, sonra isə metal altlığa düşüb, daha tərpənmədi. Nəsə qəribə kəpənəkdir – çox iyrəncdir. O, papirosu kəpənəyin üstünə basdı. Kəpənəyin əsəb sistemi iflic oldu və o, hələ də qıvrılan həşəratı götürüb hörümçək qaçan yerə atdı. Öncədən gördüyü faciə baş verdi. Bir andaca hörümçək atılıb, hələ də sağ olan kəpənəkdən yapışdı. Sonra isə o, artıq tərpənməz olan qurbanını sürüyərək, yenə fırlanmağa başladı. Yəqin o, xəyalən dadlı kəpənəyi necə yeyəcəyini duyub, bu şəkildə zövq alırdı.
O, heç bilmirdi ki, belə hörümçəklər də var. Hörümçək toru əvəzinə lampadan istifadə etmək necə də ağıllı fikirdir. Tor hörərkən nəyinsə ora düşməyini gözləmək lazım gəlir, lampanın köməyi ilə isə qurbanını özün tovlaya bilərsən. Bunun üçün yalnız münasib işıq mənbəyi gərəkdir. Əfsus ki, təbiətdə beləsi olmur. Ay və ya meşə yanğınları çətin ki, bu iş üçün yararlı olsun. İstisna deyil ki, bu, insan kimi təkamül edərək instinktlərini təkmilləşdirən nəsə yeni növ hörümçəkdir… Belə baxanda pis izahat deyil… Bəs onda işığın pərvanələri cəlb etməsini necə izah etməli?.. Kəpənək hörümçək deyil, çətin ki, lampa işığı bu həşəratların yaşamasına kömək etsin. Hər halda bu hadisə məhz süni işıq məlum olandan sonra üzə çıxıb. Elə kəpənəklərin toplaşıb aya uçmamaları faktı özü buna sübut kimi xidmət edə bilər.
Belə instinktlərə təkcə hansısa bir növ həşərat malik olsaydı, yenə başa düşmək olardı. Lakin axı bu on min növə yaxın pərvanə üçün ümumi instinkdir. Demək, bu nəsə şəksiz, dəyişməyən qanundur. Süni işıq tərəfindən oyadılan korkoranə, dəlicəsinə qanad çırpınması. İşıq, hörümçək və kəpənəklər arasındakı sirli əlaqə… Əgər qanun belə ağılsız təzahür edirsə, onda nəyə inanasan?
Kişi gözünü yumdu… Yayğın işıq zolağları axıb getdi…
O, tutmaq üçün əlini uzadanda, onlar çapalayıb yox olurdular… lap quma düşən qabarböcəyinin kölgəsi kimi…
O, hıçqırtıya oyandı.
– Niyə ağlayırsan?
Qadın çaşqınlığını gizlətməyə çalışaraq, tələsik qalxdı.
– Bağışlayın… Sizə çay hazırlamaq istəyirdim…
Onun göz yaşıyla doymuş boğuq səsi kişini şübhəyə saldı. Qadın əyilib balaca peçi yandırmaq istəyəndə kürəyi nəsə qəribə şəkildə titrədi və o, uzun müddət nə baş verdiyini anlamadı. Çətinliklə dərk edir, elə bil vərəqləri kif basmış kitabı süst vərəqləyirdi. Hələ yaxşıydı ki, vərəqləri çevirə bilirdi. Qəflətən özünə bərk yazığı gəldi.
– Alınmadı…
– Hə…
– Və hər şey elə axmaqcasına pozuldu ki.
– Axı heç kəsə müyəssər olmayıb… bir dəfə də olsa…
Qadın göz yaşları içərisində danışsa da səsində inam notları vardı, elə bil kişinin iflasına haqq qazandırır və başa düşürdü. Nə deyirsən de, təsirli acımadır. Onun səsinə səs verməmək, həddən artıq ədalətsizlik olardı.
– Hər halda heyf… Qərar vermişdim ki, qaça bilsəm, o saat radio alıb, sənə göndərəcəyəm…
– Radio?
– Sən axı çoxdan onun arzxusundasan.
– Eybi yox, lazım deyil… – Qadın üzr istəyirmiş kimi utana-utana danışırdı. – Əgər yaxşı işləsəm, elə burda da ala bilərəm. Nisyə alsam, yəqin ilk haqqını ödəməyə pulum çatar.
– Hə, əlbəttə, əgər nisyə alsan…
– Su qızanda yuyunaq?
Gözlənilmədən onda alatoran kimi, boz kədər baş qaldırdı… Bir-birinin yarasını yalamaq vaxtıdır. Lakin əgər sağalmaz yaraları durmadan yalasan, dilindən heç nə qalmaz.
– Yaxşı, təsəlli vermək lazım deyil… Həyat, onu təsəlli içində yaşamalı nəsnə deyil… Orda özünəməxsus həyat var, burda – özünəməxsus və həmişə adama elə gəlir ki, özgə həyatı daha yaxşıdır… Ən pisi – həyat elə belə də davam edəcək?.. Bu nə həyatdır?.. – deyə fikirləşməkdir. Axı bunu heç kəs bilmir… Eh, ən yaxşısı boğazacan iş-gücün içində olub, bu barədə heç fikirləşməməkdir…
– Yuyunaq?..
Yüz faiz, qadın onu ruhlandırmaq üçün bu sözləri dedi. Yumşaq, sakitləşdirici. Kişi yavaş-yavaş köynəyinin düymələrini açmağa, şalvarını çıxarmağa başladı. O, başdan ayağa qum içində idi. (O birisi, başqası indi görəsən nə edir?) Dünənə qədər nə olmuşdusa, hər şey çox uzaq keçmiş kimi görünürdü.
Qadın dəsmalı sabunlamağa başladı.