♦ 6 ♦

O, ikinci dəfə kerosin bidonlarını doldurub kənara çəkəndə səslər eşidildi və yuxarıdakı yolda fənər yelləndi.

Qadın kəskin tonla dedi:
– Səbətlər! Burda bəs edər, mənə orda kömək edin!
Yuxarıda – nərdivanın yanındakı qumla dolu kisələrin nə üçün nəzərdə tutulduğunu kişi ancaq indi başa düşdü. Səbətləri qaldırıb-salanda onların üstü ilə kəndir gedib gəlirdi. Hər səbətlə dörd nəfər məşğul olur və belə qrupların sayı iki, ya üç idi. Ona elə gəldi ki, bunlar əsasən bir-birinin bəhsinə cəld işləyən gənclərdir. Bir qrupun səbəti dolunca, artıq ikinci səbət öz növbəsini gözləyirdi. Altı cəhdə dərədəki qum yığınından əsər-əlamət qalmadı.
– Maşallah,od-alovdular!
Köynəyinin qoluyla tərini silirdi, səsinin tonu saflıqla dolu idi. Kişi bütünlüklə öz işinə qapılan və onun qadına kömək etməsinə rəğmən bir dənə də olsun şit söz atmayan bu gənclərə simpatiya bəsləyirdi.
– Hə, bizdə «Vətənə sevgi hissinə sadiq ol» şüarına ciddi əməl edirlər.
– Bu nə hisdir ki?
– Yaşadığın yerə olan sevgi hissi.
– Bu çox gözəldir!
Kişi güldü. Onun ardınca qadın da güldü. Amma o, özü də düz – əməlli bilmirdi ki, nəyə gülmək lazımdır.
Bir qədər uzaqdan səs-küy salıb uzaqlaşan pikapın səsi eşidildi.
– Hə, bir az dincələk?
– Olmaz, hamıya baş çəkəndən sonra, səbətlərilə geri qayıdacaqlar…
– Eybi yox, qalanını sabaha da saxlamaq olar…
O, əlini yelləyib qalxdı və evə tərəf getdi, qadının isə onun arxasınca getmək fikri yox idi.
– Belə yaramaz. Heç olmasa, bir dəfə bellə evin həndəvərin dolanmaq lazımdır.
– Evin həndəvərində?
– Əlbəttə. Məgər imkan vermək olarmı ki, ev uçsun?.. Axı qum hər tərəfdən axır…
– Onda biz gərək səhərədək burda əlləşək.
Qadın meydan oxuyurmuş kimi cəld çevrildi və qaçdı. Görünür, yarğana qayıdıb işinə davam etməyə hazırlaşırdı. Hazır qabarböcəyidi ki, durub, deyə kişi fikirləşdi. Hər şey aydındı, məni belə şeylərlə yoldan çıxarmaq olmaz.
– Dəhşətdir! Hər gecə də belə, hə?
– Qum dincəlmir və dincəlməyə də qoymur… Səbətlər də, maşın da bütün gecəni hərəkətdədirlər.
– Hə, görünür ki, belədir…
Hə, sözsüz ki, belədir. Qum heç vaxt dincəlmir, heç vaxt da dincəlməyə qoymur. Kişi özünü itirdi. Onda belə bir təəssürat yarandı: elə bil birdən müəyyən etdi ki, balaca və ziyansız hesab etdiyi, quyruğunu düşünmədən tapdaladığı ilanın gözlənilmədən nəhəng olduğu aşkarlanıb və zəhərli başı ona arxadan təhlükə törədir.
– Bu nə deməkdir? Siz ancaq qum kürəmək üçün yaşayırsınız!
– Belə də olmaz axı, gecəynən şələ – küləni yığışdır, qaç.
Kişi sarsılmışdı. O, belə bir həyata cəlb olunmaq üçün heç bir arzu və istəkdə bulunmurdu.
– Yox, olar!.. Məgər bu, belə çətindir?.. Əgər istəsəniz, hər şey edərsiniz!
– Yox, belə olmaz… – Qadın belin zərbəsi ilə həmahəng nəfəs alaraq, etinasız tonla davam etdi: – Kənd ancaq ona görə mövcuddur ki, biz yorulmadan qumu kürəyirik və bununla da onu yaşadırıq… Əgər qazmağa ara versək, qum heç onca gün də çəkməz ki, onu süpürüb aparar – və kənddən heç nə qalmaz… Sonra isə… Oy, deyəsən növbə artıq qonşulara çatıb…
– Maraqlı söhbətçün sizə minnətdaram… Səbətdaşıyanların belə ürəklə işləməsinə səbəb budur?
– Hə, amma onlar, düzü, kənd idarəsindən günəmuzd nəsə alırlar…
– Əgər kəndin belə pulu varsa, onda nə üçün qumdan qorunmaq üçün planlı surətdə meşə zolağları salınmır?
– Yəqin hesablayanda bizim üsulumuzun bir neçə dəfə ucuz başa gəldiyi üzə çıxır…
– Üsul?.. Məgər bu, üsuldur? – Kişini cin vurdu. Qadını bu yerlərə bənd edənlərə də, özünü bənd etməyə imkan verən qadına da hirsləndi. – Əgər belədirsə, bu kənddən ikiəlli yapışmaq nəyə lazım? Mən heç cür səbəbi başa düşə bilmirəm… Qum heç də xırda məsələ deyil! Sizin çalışmalarınızın qumun qarşısını alacağını fikirləşmək böyük səhv olardı. Mənasızlıqdır!.. Bu cəfəngiyyatla qurtarmaq lazımdır… birdəfəlik qurtarmaq lazımdır. Mən hətta sizə acıya da bilmirəm!

Beli bir az kənarda atılıb qalmış bidonların yanına tullayıb, qadının sifətinin ifadəsinə fikir də vermədən evə qayıtdı.

Yata bilmirdi. Kişi qadının nə etdiyinə qulaq verirdi. Bir az da utanırdı: axı onun özünü belə aparması son nəticədə qadını burda saxlayan nə varsa, hamısına qısqanclıq hissi və qadını işini atıb, gizlində onun yatağına girməyə məcbur etmək idi. Doğrudan da, son dərəcə kəskin hiss etdiyi nə idisə, təkcə qadının sadəlövhlüyünə olan etiraz hissi deyildi. Məsələ çox dərin idi. Yorğan-döşək get-gedə nəmləşir, qum bədənə daha da möhkəm yapışırdı. Nə böyük ədalətsizlik, nə böyük biabırçılıqdır! Və buna görə də beli bir kənara tullayıb, evə qayıtdığı üçün özünü həlak etməyə dəyməz. O, belə bir məsuliyyəti öz üzərinə götürə bilməz. Bunsuz da onun öhdəlikləri lazım olandan artıqdır. Qum və həşəratların onu cəlb etməsi, son nəticədə bir neçə günlüyə də olsa, mənasız həyatın zəhlətökən öhdəliklərindən can qurtarmaq cəhdindən başqa bir şey deyildi…

Heç cür gözünə yuxu getmirdi.

Qadın dincəlmədən ora-bura gedirdi. Bin neçə dəfə aşağı salınan səbətlərin səsi yaxınlaşdı, sonra isə yenə uzaqlaşdı. Əgər belə davam etsə, sabah işləyə bilməyəcək. Axı dan yeri sökülən kimi ayaqda olmaq və günü boş keçirməmək, ovdan əlidolu qayıtmaq lazımdır. Yuxuya getməyə nə qədər çox səy göstərirdisə, bir o qədər də yuxusu qaçırdı. Gözləri sancdı – onlar yaşarır, qırpılır, lakin fasiləsiz tökülən qumla bacara bilmirdilər. Dəsmalı açıb onunla sifətini örtdü.

Nəfəs almaq çətinləşdi. Amma hər halda belə daha yaxşıdır.

Nəsə başqa bir şey haqqında fikirləşmək lazımdır. Gözlərini yumursan və nəsə uzun, sap kimi şeylər yellənə-yellənə gözlərinin qabağında üzürlər. Bu, təpəylə üzən qum naxışlarıdır. Yəqin bütün günü gözlərimi çəkmədən onlara baxmışam deyə, tor qişasında həkk olublar. Bax elə belə qum axınları da çiçəklənən şəhərləri və böyük imperiyaları basıb, udublar. Bunu belə adlandırırlar, hə, dəqiq bilirəm – Roma imperiyasının sabulyasiyası. Şəninə Ömər Xəyyamın şerlər qoşduğu şəhərlər isə… Bu şəhərlərdə dərzi emalatxanaları, qəssab dükanları, bazarlar vardı. Onları heç nəyin yerindən tərpədə bilməyəcəyi düşünülən, sıx – sıx çəkilib bir – birinə dolaşan yollar qucurdu. Yollardan heç olmasa birinin istiqamətini dəyişmək üçün, kim bilir, hakimiyyətlə neçə illər mübarizə aparmaq lazım idi. Sarsılmazlığına heç kəsin şübhə etmədiyi qədim şəhərlər… Son nəticədə isə, onlar da daim hərəkətdə olan, diametri millimetrin səkkizdə birinə bərabər qumun qanunlarına qarşı çıxa bilmədilər.

Qum… Qumun nəzər nöqtəsindən baxsaq, formaya malik bütün predmetlər qeyri – realdır. Real olansa ancaq hər cür formanı rədd edən qumun hərəkətidir. Amma orda, bir taxta qalınlığında olan divarın arxasında, qadın qumu qazmaqda davam edir. Axı bu nazik, incə əllərlə o, nə edə bilər? Bu, dənizin yerində ev tikmək üçün onun sularını boşaltmağa bənzəyir. Gəmini suya buraxmazdan əvvəl, ilk növbədə suyun nə demək olduğunu dərk etmək lazımdır.

Bu fikir gözlənilmədən, onu qadının qazdığı qumun xışıltısının əmələ gətirdiyi ruh düşkünlüyündən azad etdi. Əgər gəmi su üçün yararlıdırsa, onda qum üçün də yararlı olmalıdır. Əgər adamı əzən tərpənməz ev ideyasından azad ola bilsən, onda qumla mübarizə etmək zəruriliyi öz-özünə qüvvədən düşmüş olur… Qumla üzən azad bir gəmi… Üzən evlər… Formasını itirmiş kəndlər və şəhərlər…

Qum, əlbəttə ki, maye deyil. Buna görə də onun üzündə heç nə dayana bilməz. Əgər, məsələn, onun üstünə xüsusi çəkisi qumdan az olan probka qoysan, onda bir müddət keçəndən sonra o da quma qərq olacaq. Qumda üzmək üçün gəmi tamamilə ayrı, xüsusi keyfiyyətlərə malik olmalıdır. Məsələn, diyirlənərək hərəkət edə bilən çəllək formasında ev…Əgər o, heç olmasa bir balaca dönə bilsə, onda üstünə tökülən qumdan azad ola və yenidən üzə çıxa bilər. Gəl ki, ev bütünlüklə fasiləsiz diyirlənsə, içində yaşayan adamlar özlərini rahat hiss edə bilməzlər… Yəqin, ixtiraçılıq bacarıqlarını nümayiş etdirmək lazım gələcək – tutaq ki, bir çəlləyi digərinin içinə qoymaq olar…Elə etmək olar ki, məsələn, daxildə qalan çəlləyin ağırlıq mərkəzi dəyişməz qalsın və döşəmə həmişə aşağıda olsun… Daxildəki çəllək həmişə hərəkətsiz qalacaq və yalnız kənardakılar fırlanacaq… Nəhəng saatın kəfkiri kimi yellənən ev… Beşik – ev… Qum gəmisi…

Bu gəmi yığınından ibarət kənd və şəhərlərin dincəlməz hərəkəti…

Özü də bilmədən yuxuya getdi.