♣ İkinci hissə

♦ 11 ♦

Cınq, cınq, cınq, cınq.
Bu nə cingiltidir?
Zınqırov cingiltisi.
Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə səsdir?
İblisin səsi.
Qadın xəfif səslə nəsə zümzümə edirdi. O, su bakının dibindəki çöküntünü yığa-yığa, yorulmadan eyni ibarəni təkrar edirdi.
Nəğmə kəsildi. Sonra isə qadının düyünü necə əzməsi eşidildi. Kişi yüngülcə ah çəkir, yerində qurcalanır və hövsələsizliklə gərilib, gözləyir… indi yəqin onun bədənini silmək üçün qadın bir ləyən su ilə içəri girəcək. Qum və tərdən dərisi elə qıcıqlanıb ki, indilərdə iltihablanacaq. Təkcə soyuq nəm əski haqda fikirdən artıq bütün bədəni sıxılır.
Qum onu əzəndən və huşunu itirəndən bəri yataqdadır. İlk iki gün onu bərk – demək olar ki, otuz doqquza yaxın qızdırma və qarşısıalınmaz ögümə üzdü. Sonra temperaturu düşdü, iştahası qayıtmağa başladı. Görünür, o, qum uçqununun vurduğu zərbədən çox, yandırıcı gün şüalarının altında adət etmədiyi uzunmüddətli işdən xəstələnib. Nə isə, ciddi bir şey yoxdur.
Ola bilsin elə bu səbəbdən də çox tez sağalırdı. Xəstəliyinin dördüncü günü ayaqlarındakı, belindəki ağrılar demək olar ki, keçdi. Beşinci gün isə, bir qədər zəifliyini nəzərə almasaq, xəstəliyinin heç bir əlamətini hiss etmədi. Lakin yataqdan qalxmır, özünü ağır xəstə kimi göstərməkdə davam edirdi. Əlbəttə, bunun üçün səbəb vardı. O, qaçmaq haqda fikirlərdən heç də əl çəkməmişdi.
– Siz artıq oyanmısınız?
Qadının səsi ürkək çıxdı. O, altdan-altdan qadının şalvardan bilinən dizlərinin yumrularına baxdı və anlaşılmaz iniltiylə cavab verdi. Qadın aramla dəsmalı əzik mis ləyənin üstündə sıxıb, soruşdu:
– Özünüzü necə hiss edirsiniz?
– Belə də…
– Kürəyinizi sürtüm?..
O, itaətkarlıqla özünü qadının əllərinə təslim etdi, təkcə xəstə olduğuna görə yox, həm də ona görə ki, bu, ona xoş gəlirdi. Qızdırma xəstəliyinə tutulmuş bir oğlan haqqında oxuduğu şer yadına düşdü. Şerdəki oğlan yuxusunda onu sərin gümüşü kağıza bükdüklərini görmüşdü. Tər və qum qatı altında boğulan dəri yavaş-yavaş soyuyur, nəfəs almağa başlayırdı. Qadın bədəninin ətri dirilmiş dərisindən daxilinə keçir, onu yüngülcə həyəcanlandırırdı.
Amma nə olursa olsun, o, qadını heç cür bağışlaya bilmirdi. O – bir şeydir, bu – başqa şey, ayrı-ayrı şeylərdir və onları qarışdırmağa dəyməz. Üç günlük məzuniyyət çoxdan bitib. İndi tələsməyə dəyməz. Onun qum divarının altını qazıb, maili etmək haqda ilk planı nəinki pozuldu, həm də kifayət qədər yaxşı hazırlanmamışdı. Əgər qabaqcadan nəzərdə tutulmayan hadisələr mane olmasaydı – elə götürək gün vurmasını, – hər şey yaxşı alınardı. Düzdü, qum qazmağın onun gözlədiyindən qat – qat çətin bir iş olduğu üzə çıxdı, sən demə bu, cəhənnəm əzabıymış və indi hər şey onun özü üçün daha məqbul bir üsul tapıb, tapmayacağından asılıdır. Elə bu an da onun ağlına özünü yalandan xəstəliyə vurmaq gəldi.
Özünə gəlib, hələ də orda – qadının evində uzandığını görəndə dəhşətli dərəcədə hirsləndi. Kənddən olan bu tiplər heç bu işdə iştirak etmək belə istəmirlər. Bu, ona gün kimi aydın oldu və o dəqiqə həll yolu tapdı. Onun xəstəliyinin qorxulu olmadığını başa düşüb, həkim çağırmamışdılar. İndi isə, o, bundan istifadə edib, üstəlik onları tövbə etməyə məcbur edəcək. Gecə, qadın işləyəndə o, yatacaq. Əvəzində, gündüz, yəni qadın istirahət edəndə, ona mane olacaq, dözülməz ağrılardan şikayətlənib, onu yatmağa qoymayacaq.
– Ağrıyır?
– Əlbəttə, ağrıyır… Yəqin onurğa sütunum hardansa zədələnib…
– Bəlkə ovxalayaq?
– Qətiyyən! Məgər bunu mütəxəssis olmayan bir adama etibar etmək olar? Adam bir anda zədələnər. Axı onurğa beyni həyat kanalıdır. Birdən öldüm? Axı sizin hamınız üçün pis olacaq. Həkim çağırın, həkim! Ağrıdır… Dözmək olmur… Əgər tələsməsəz, gec olacaq!
Qadın buna çox dözə bilməyəcək və gücdən düşəcək. Onun işgüzarlıq qabiliyyəti zəifləyəcək və ev uçmaq təhlükəsi qarşısında qalacaq. Bu isə, kəndin özü üçün də kiçik problem deyil. Öz axmaqlıqlarından, əlavə fəhlə qüvvəsi cəlb etmək əvəzinə, boyunlarına artıq yük götürüblər. Və əgər elə bu dəqiqə ondan can qurtarmasalar, sonra gec olacaq.
Lakin bu plan da onun düşündüyündən fərqli olaraq, yağ kimi getmirdi. Burda gecə gündüzdən qat – qat gediş – gəlişlidir. Divarın o tərəfindən belin cınqıltısı… qadının ağır-ağır nəfəs alması… qum dolu səbətləri dartan kişilərin qışqırtı və nırçıltısı eşidilirdi… Üstəlik külək də uzaqdan yük maşınının səsini, itlərin hürüşməsini gətirir… Nə qədər istəsə də yata bilmirdi – əsəbləri həddən artıq gərilmişdi və gözlərinə yuxu girmirdi.
Gecə pis yatdı və buna görə də gözünün acısını gündüz almalı oldu. Ən pisi də o idi ki, getdikcə daha çox səbirsiz olurdu: özünü inandırmağa çalışırdı ki, hətta bu plan da uğursuzluğa düçar olsa, nə yolla olursa olsun, qaçmaq üçün nə qədər istəsən üsul tapmaq olar. Həmin gündən artıq bir həftə keçmişdi. Axtarış üçün ərizə vermək vaxtı gəlib çatmışdı. Birinci üç gün onun qanuni məzuniyyəti idi. Sonrası isə – xəbərdarlıq etmədən yerində olmama. Hətta çox vaxt heç bir səbəb olmadan yoldaşlarının nə etdiyini qısqanclıqla izləyən iş yoldaşları çətin ki, bu faktın üstündən sükutla keçsinlər. Çox güman ki, bu günlərdə xeyirxahlardan biri onun evinə baş çəkib. Bürkülü, günortadan sonrakı gündən qızmış otaqda viranəlik hökm sürür – aydındır ki, yiyəsizlikdir. Qonaq çox güman ki, bu dəlikdən can qurtarmış xoşbəxtə instiktiv olaraq paxıllıq da edir. Səhəri gün isə – xoşagəlməz qaşqabaqla və ikimənalı cestlərlə müşaiyyət olunan təhqiredici qeybət, iyrənc pıçahapıç. Və kifayət qədər məntiqli olaraq… Qəlbinin dərinliklərində hələ onda hiss edirdi ki, bu qeyri-adi məzuniyyət iş yoldaşları arasında məhz belə münasibət doğuracaq. Və təəccüblü də deyil, axı müəllimlər paxıllıqla zəhərlənən özünəməxsus həyat tərzi keçirirlər… İlbəil onların gözü qarşısından çay suları kimi şagirdlər axır və uzaqlaşırlar, müəllimlər isə daşlar kimi bu axının dibində qalmağa məhkumdurlar. Onlar başqalarına arzular barədə danışa bilirlər, lakin özləri, hətta yuxuda belə heç nəyə ümid bəsləyə bilmirlər. Onlar özlərini dəyərsiz şey hesab edir və mazoxist yalqızlığa düçar olur, ya da purist olur, başqalarına şübhə ilə yanaşır, onları oricinallıq etməkdə günahlandırırlar. Onlar azadlıq üçün elə darıxıblar ki, azadlığa nifrət etməyə bilmirlər.
… Bədbəxt hadisə, yəqin ki?.. Yox, bədbəxt hadisə olsaydı, onda çox güman ki, hər hansı bir yolla xəbər verərdilər… Bəlkə özünəqəsddir?.. Lakin bu barədə heç olmasa, polis bir şey bilərdi!.. Bu ağıldankəm oğlanı həddən artıq şişirtmək olmaz!.. Bəli, bəli o, öz istəyi ilə itkin düşüb və başqasının işinə burun soxmağa dəyməz… Lakin axı bir həftəyə yaxın vaxt keçib… Bu necə adamdır, mütləq gərək camaatı narahat edəydi, indi hardan biləsən, ağlına nə girib…
Çətin ki, ondan ötrü narahatlıqları səmimi olsun. Sadəcə onların tükənməyən hər şeyi bilmək həvəsi vaxtında dərilməyən xurma kimi dəyib. Sonra isə hadisələr bu məcrada inkişaf edir. Baş müəllim axtarış üçün verilən ərizəni necə tərtib etməyi öyrənmək məqsədilə polisə müraciət edir. Riyakar sifətinin arxasında necə məmnun olduğu görünür… «Adı və soyadı: Niki Dzyümpey. Yaşı: 31. Boyu: 1 m 58 sm. Çəkisi: 54 kq. Saçları: seyrək, arxaya daranmış, briolindən istifadə etmir. Görmə qabiliyyəti: sağ – 0,8, sol – 1,0. Bir qədər çəpliyi var. Dərisi əsmər. Əlamətləri: sifəti uzunsov. Burnu balaca. Çənəsi dördbucaq, sol qulağının altında xal var, başqa xüsusi əlamətləri yoxdur. Qan qrupu: AB. Xırıltılı səslə danışır, bir qədər də kəkələyir. Diqqətlidir, inadcıl, lakin adamlarla münasibətdə sadədir. Paltarı: çox güman ki, əynində entomoloci işlərdə istifadə olunan paltar var. Yuxarıdakı – öndən çəkilmiş şəkli iki ay əvvəlindir».
Əlbəttə, kənd camaatının belə qətiyyətlə bu mənasız avantüranı davam etdirməyindən görünürdü ki, onlar lazımi ehtiyat tədbirləri görüblər. Bir-iki kənd polisini barmağa dolamaq elə də çətin məsələ deyil. Onlar sözsüz ki, polislərin vacib bir iş olmasa kəndə ayaq basmamalarının qayğısına qalıblar. Lakin gözdən pərdə asmaq yalnız o, sağ-salamat və qumu qazmağa qadir olanadək məqsədəuyğun və vacibdir. Və artıq bir həftədir yataqda çabalayan ağır xəstəni risk edib gizlətmək axmaqlıqdır. Əgər onlar bu adamın lazımsız olduğu qərarına gəlsələr, ən ağıllısı – nə qədər ki, məsələ mürəkkəbləşməyib, tezliklə ondan can qurtarmaqdır. İndi həqiqətəoxşar bir versiya fikirləşib tapmağa hələ vaxt var. Məsələn. Belə demək olar ki, bu adam özü dərəyə yıxılıb və zərbənin gücündən onda nəsə qarabasmalar başlayıb. Sözsüz ki, bu izah daha tez qəbul ediləcək, nəinki guya bilə-bilə onu dərədə gizlətmələri haqda başdan-ayağa fantastik görünən iddıa.
İnək böyürdü – elə bil boğazına mis boru qoymuşdular. Hardasa xoruz banladı. Qum dərədə nə məsafə var, nə də istiqamət. Ancaq orda, bayırda, – yol qırağında uşaqların sinif-sinif oynadığı, səhərlərin vaxtlı-vaxtında açıldığı adi, normal dünya var və bu səhərin rəngləri bişmiş düyü ətrinə qarışır.
Qadın onun bədənini ciddi-cəhdlə silirdi, hətta deyərdim ki, həddən artıq cidi-cəhdlə. Sürtəndən sonra yaş əskini quruyanədək elə burub sıxırdı ki, o, taxta kimi bərkiyir və artıq qurumuş əskiylə elə sürtürdü ki, elə bil tərli şüşəni parıldadır. Oyanan səhərin səsləri və bu ritmik təkanlar onu yuxuya verirdi.
– Hə, yeri gəlmişkən… – o, içindən elə bil kəlbətinlə çıxarılan əsnəməsini basdı. – Necə deyim… Artıq çoxdandır ki, qəzet oxumaq istəyirəm. Təşkil etmək olar?
– Yaxşı, mən soruşaram, sonra.
O saat başa düşdü: qadın öz səmimiyyətini göstərmək istəyir. Onun utancaq, ürkək səsində açıq-aydın kişinin qəlbini sındırmamağa çalışdığı hiss olunurdu. Lakin bu, onu daha da əsəbiləşdirdi. Soruşaram?! Deməli, belə çıxır ki, mən icazəsiz qəzet də oxuya bilmərəm?.. Donquldanaraq, qadının əlini kənara itələdi. O, ləyəni içindəkilərlə birlikdə aşırmaq həvəsilə alışıb yanırdı.
Lakin onun vəziyyətində çox da əsib – coşmaq lazım deyil – bu, bütün planları poza bilər. Axı ağır xəst bir adam çətin ki, vecsiz qəzet üstündə narahat olsun. O, əlbəttə ki, qəzetlərə baxmaq istəyirdi. Əgər peyzac yoxdursa, heç olmasa şəklə baxaq – axı rəssamlıq daha çox təbiəti kasıb olan yerlərdə tərəqqi edib, qəzetçilik isə ən çox insanlar arasında əlaqənin zəiflədiyi sənaye rayonlarında. Bu öz yerində, bəlkə birdən orda adam itməsi barədə elana rast gəldi. Hələ bəxti gətirsə, istisna deyil ki, sosial məsələlərə həsr edilmiş səhifənin küncündə onun itməsi barədə məqalə yerləşdiriləcək. Əlbəttə, çətin ki, bu kəndçilər belə məqalə çıxan qəzeti ona versinlər. Lakin indi ən əsası – səbirdir.
Özünü yalandan xəstəliyə vurmaq elə də asan iş deyil. Bu, elə çıxıb qaçmağa hazır olan kip sıxılmış yayı əlində tutmaq kimi bir şeydir. Belə bir şeyə çox dözə bilməzsən. Lakin bununla barışmaq da olmaz. O, nəyin bahasına olursa olsun, bu tipləri burda qalmasının onlar üçün nə qədər məşəqqətli olduğunu özlərinin başa düşməsinə məcbur etmək istəyirdi. Bax elə bu gün, nəyin bahasına olursa olsun, qadına bir dəqiqəliyə də olsa, göz yummağa macal vermək olmaz!
(Yatma… Yatmaq olmaz!)
Kişi yerində qovrulub, yalandan inildədi.