♦ 18 ♦

Gözləmək çətin idi. Zaman, ilan dərisindəki halqalar kimi sonsuz dairələrlə uzanırdı. İrəliyə yalnız halqadan-halqaya düşməklə hərəkət etmək olardı. Və hər bir halqada tərəddüd, hər bir tərəddüdün isə özünün məxsusi silahı vardı. Bu tərəddüdlər içində qovrularaq, onlara əhəmiyyət vermədən, yaxud kənara çəkməklə irəliləmək çox çətin idi.
Gecə əzablı gözləmə içərisində keçdi. İşıqlaşdı. Pəncərədən boylanan səhər ağ ilbiz kimi onun alnı, burnunun üstü ilə sürünərək, gülümsünürdü.
– Bağışlayın, su istəyirəm…
Nə baş verir? Yəqin, onu ani yuxu tutub. Köynəyi, şalvarının dizləri islanmışdı. Tərinə yapışmış qum həm rənginə görə, həm də toxunanda elə bil çiy buğda kökəsi idi. O, sifətini örtməyi unutmuşdu, buna görə də qışda düyü tarlasında olduğu kimi ağız-burnu qupquru qurumuşdu.
– Bağışlayın, çox xahiş edirəm…
Bədəni başdan ayağa qumla örtülmüş qadın qızdırmalı kimi titrəyirdi. Qadının əzabları sanki naqillərlə ona ötürülürdü. O, qazançanı polietilendən çıxarıb, əvvəlcə özü acgözlüklə suyun üstünə düşdü. Yaxalamaq üçün ağzına bir az su aldı, bir neçə dəfə belə etsə də bu azlıq etdi. O, dayanmadan topa – topa qum tüpürürdü. Sonra bezib, qumu suqarışıq udmağa başladı. Bu, elə daş udmaq kimi bir şey idi.
İçdiyi su elə o dəqiqə də tərə çevrilib, canından çıxdı. Qızmış dərisi – kürəyində yuxarıdan aşağıyadək, sinəsində və böyürlərində düz belinədək – elə ağrıyırdı ki, elə bil onu qatbaqat soyurdular.
Özü içəndən sonra günahkar görkəm alıb, qazançanı qadının ağzına yaxınlaşdırdı. Qadın qabı dişləri ilə tutub, ağzını da yaxalamadan, göyərçin kimi inildəyərək içməyə başladı. Üç qurtuma qadın qabı boşaltdı. Şişmiş
qapaqları altından kişiyə baxan gözləri ilk dəfə amansız məzəmmətlə doldu. Boşalmış qazança elə yüngülləşdi ki, elə bil kağızdan düzəldilmişdi. Kişi xoşagəlməz günah hissindən yaxa qurtarmaq üçün üstündəki qumu çırpa-çırpa torpaq döşəməyə çökdü. Bəlkə, heç olmasa nəm yaylıqla sifətini silim? Əlbəttə, tərdən boğulmağına imkan verməkdənsə,bu daha yaxşı olar. Belə hesab olunur ki, sivilizasiyanın səviyyəsi, dərinin təmizlik dərəcəsi ilə düz mütənasibdir. Əgər insanın ruhu varsa, sözsüz ki, o,dərinin içində məskunlaşır. Su haqqında təkcə fikirləşmək kifayət edir ki, çirkli dərimizin üstünü, onu sormağa hazır olan on minlərlə əmzik örtsün. Buz kimi soyuq və şəffaf, pərqu kimi yumşaq, – ruh üçün əla bir yuva. Bir saniyə da keçsə, dərisi bütün bədəni boyu çürüyüb düşəcək.
O, su çəninin içinə boylandı və birdən ümidsiz bir səslə qışqırdı:
– İçi boşdu!.. Tamamilə boşdu!
Əlini çənin içərisinə saldı. Dibində yığılmış qara qum, ancaq barmaqlarının uclarını batırdı. Dərisinin altında susuzluqdan yanan saysız-hesabsız yaralı qırxayaq dəstəsi qurdalanmağa başladı.
– Əclaflar, su gətirməyi unudublar!.. Bəlkə onlar suyu bir az gec gətirmək istəyirdilər?
Yaxşı başa düşürdü ki, bununla özünə təsəldli verir. Yük maşını hər gün dan yeri söküləndə işini bitirib, kəndə qayıdırdı. Bu vicdansızların niyyəti aydındır.Görünür, onlar su daşımağı dayandırıb, onu özündən çıxarmaq istəyirlər. Və o dəqiqə yadına düşdü – axı bu adamlar, qum uçurumunu aşağıdan qazmağın necə təhlükəli olduğunu çox yaxşı bilə-bilə, ona xəbərdarlıq etməyi belə lazım bilməyiblər. Onun başına bir iş gəlməsin deyə, qeydinə qalmaq haqqında düşünmək belə istəmirlər. Görünür, həqiqətən də, onların sirrinə belə dərindən bələd olmuş bir adamı burdan diri buraxmaq istəmirlər və əgər bu yolu tutublarsa, axıradək ondan əl çəkməyəcəklər.
Kişi qapının yanında dayanıb, göyə baxdı. Səhər günəşi şüalarının yaydığı qırmızı rəngdə yumşaq, qorxaq buludları çətinliklə ayırmaq olurdu… Göy üzü yağış vəd etmirdi. Bədəni, elə bil hər tənəffüsdə su itirirdi.
– Bura baxın, bunların fikri nədir?! Məni öldürmək istəyirlər, nədi?!
Qadın əvvəlkitək səssiz titrəyirdi. Bəlkə hər şeyi çox gözəl başa düşdüyünə görə. Qısası – özünü qurban kimi qələmə verib, əslində cinayətin iştirakçısıdır. Əzabındı, çək!.. Sənin çəkdiyin əzablar, elədiklərinə görə ədalətli cavabdır.
Lakin əgər kənddəki alçaqların onun əzablarından xəbəri olmayacaqsa, bütün bunlar əbəsdir. Eyni zamanda, axı onların xəbər tutacağına zəmanət də yoxdur. Bu azmış kimi, çox ola bilsin, əgər lazım olsa, onlar fikirləşmədən qadını da qurban verərlər. Bəlkə qadın buna görə belə qorxur. Azadlığa çıxmaq istəyilə yol axtaran heyvan çox gec başa düşüb ki, girdiyi deşik qəfəsin girişidir… Nəhayət, balıq başa düşüb ki, hərdən burnu ilə toqquşduğu akvariumun şüşəsi, keçilməz səddir…O, ikinci dəfəydi ki, heç nəsiz qalırdı. Və indi silah başqalarının əlindədir.
Lakin qorxmağa dəyməz. Gəmidə batanlar aclıq və susuzluqdan çox, su və çörəyin çatışmayacağı qorxusundan məhv olurlar. Uduzduğun haqda fikirləşməyə başlayan kimi məğlubiyyətin başlayır. Burnunun ucundan tər damcısı düşdü. Neçə kub santimetr rütubət itirməyin haqqında fikirləşmək, – düşmənin tilovuna düşmək deməkdir. Bir stəkan suyun buxarlanmasına nə qədər vaxt sərf olunduğu haqda düşünmək lazım idi. Lazımsız narahatlıqlar bu yabını – zamanı qova bilməz ki. – Bəlkə əl-qolunu açım, hə?
Qadın nəfəsini çəkib, inamsızlıqla donub qalmışdı.
– İstəmirsinizsə – mənim üçün fərqi yoxdur… İstəyirsinizsə – açım…
Amma bir şərtlə… İcazəsiz beli əlinizə götürməməlisiz… Hə, nə oldu, söz verirsiz?
– Çox xahiş edirəm, nə olar! – buna qədər it kimi hər əzaba dözən qadın yazıq-yazıq yalvarmağa başladı. Bu, küləyin qəflətən çətirin astarını üzünə çevirməyi kimi gözlənilməz oldu. – Nə istəyirsinizsə, söz verim! Çox xahiş edirəm, nə olar… yalvarıram!..
Kəndirlər üstdən ağımtıl pərdəylə örtülü, qıpqırmızı iz qoymuşdular. Elə əvvəlki vəziyyətdə – üzüyuxarı uzanıb qalaraq, qadın topuğunu topuğuna sürtürdü. Sonra barmaqlarıyla bilənglərini ovuşdurmağa başladı. İnildəməmək üçün dişini-dişinə sıxmış, sifətini tər basmışdı. Budur, o yavaşca dönüb, iki əl-ayağı: əvvəlcə dizləri, sonra isə əlləri üstə qalxdı. Nəhayət, çətinliklə başını qaldırdı. Bir müddət yüngülcə yellənərək, bu vəziyyətdə qaldı.
Kişi dinməz-söyləməz döşəmənin hündür yerində oturmuşdu. O, ağzındakı tüpürcəyi yığıb udurdu. Bir neçə qurtumdan sonra tüpürcəyi yapışqan kimi qatılaşıb, boğazında qaldı. Yatmaq istəmirdi, yorğunluqdan da beynində hər şey əriyib, nəm kağızda mürəkkəb kimi yayılırdı. Gözlərinin qabağında nəsə bulanıq ləkələr və xətlər oynaşırdı. Müəmmalı şəkil kimi. Qadın var… Qum var… Bomboş su çəni var… Axıb yayılan heyvani selik var… Günəş var… Və hardasa – harda olduğunu özü də bilmədiyi, – əlbəttə ki, atmosfer təzyiqinin aşağı olduğu ərazi də var. Görəsən, bu cəmin məchul çoxluq tənliyinə hansı tərəfdən yanaşmalı?
Qadın qalxıb, yavaşca qapıya tərəf getdi.
– Hara gedirsən?
Qadın təki başından eləsin deyə, onun baş açmadığı nəsə bir söz mızıldandı. Elə o an da taxta divarın arxasından qadının sakitcə işədiyi eşidildi. Və birdən hər şey ona dəhşətli dərəcədə mənasız göründü.