♦ 12 ♦

Qadının asdığı çətirin altında ağzı yana-yana dəniz yosunları əlavə edilmiş tərəvəz və düyüdən hazırlanmış qatı şorbanı içirdi. Qabın dibinə qum çökdü.
Elə burdaca yaddaşı qırılır və hər şey nəsə sonsuz əzici bir qarabasmada əriyib yox olur. Yuxuda o, köhnə, çatlamış yemək çöplərinin üstündə oturub, qəribə, tanımadığı küçələrlə uçurdu. O, bu çöplərin üstündə skuterlə gedirmiş kimi az qala uçurdu və bu, pis də deyildi, lakin azacıq diqqətini yayındıran kimi, o dəqiqə nəsə onu yerə tərəf çəkirdi. Küçə yaxından küçə kərpic rənginə çalırdı, lakin uzaqlaşdıqca yaşıl dumanda əriyirdi. Bu rəng qammasında nəsə narahatlıq doğuran bir şey vardı. Nəhayət o, kazarmaya oxşar uzun taxta binanın yanına uçub gəldi. Ucuz sabun iyi gəlirdi. Belindən düşən şalvarını çəkə-çəkə pilləkənlərlə qalxdı və içərisində uzun bir masa olan boş otağa daxil oldu. Masanın ətrafında hansısa oyuna başı qarışmış on nəfər kişi və qadın oturmuşdu. Ortada, onunla üzbəüz əyləşən adam kart paylayırdı. Paylayandan sonra, birdən axırıncı kartı ona uzatdı və nəsə bərkdən qışqırdı. Kartı qeyri-iradi götürüb, onun kart yox, məktub olduğunu gördü. Əli ilə bu məktubun qəribə şəkildə yumşaq olduğunu hiss etdi və barmaqları ilə onu bir qədər sıxanda, ordan qan fışqırdı. O, qışqırıb oyandı.
Nəsə çirkli bir örtük görməyə mane olurdu. Tərpəndi, quru kağızın xışıltısı eşidildi. Sifəti ikiyə açılmış qəzetlə örtülmüşdü. Lənət şeytana, yenə yuxulamışam!.. Qəzeti kənara atdı. Onun üstündən qum şırnağı axdı. Qumun çoxluğundan az vaxt keçmədiyi məlum idi. Divarın dəlmə – deşiyindən düşən gün şüalarının istiqaməti artıq günorta olduğuna işarə edirdi. Eybi yox, amma bu nə iydir? Təzə mətbəə rəngi iyi?.. Ola bilməz, deyə fikirləşdi və ayın tarixi yazılmış yerə baxdı. On altısı, çərşənbə… Bu ki, bu günkü qəzetdir! İnanmağı gəlmirdi, amma fakt faktlığında qalırdı.
Kişi dibinəcən tərlə islanmış döşəyə dirsəkləri ilə dayaq verib, yerindən qalxdı. O dəqiqə də başında burulğan kimi cürbəcür fikirlər dolaşmağa başladı və o, hərdən yayınsa da, çox çətinliklə əldə edilmiş qəzetə göz gəzdirməyə başladı.
«Yaponiya – amerikan birləşmiş komitəsinin gündəliyinə əlavələr edilmişdir…»
… Görəsən bu qadına qəzeti əldə etmək necə müyəssər olub?.. Bəlkə bu tiplər onun qarşısında bəzi öhdəliklərinin olmasını anlayıblar?.. Bəli, amma indiyə qədər olan vəziyyətə görə, səhər yeməyi bitən kimi ətraf aləmlə hər hansı əlaqə də bitirdi. Şübhəsiz ikisindən biridir: Ya qadın ona məlum olmayan hansısa yolla ətraf aləmlə əlaqə qura bilir, ya da ki, özü buradan çıxıb və qəzet alıb.
«Nəqliyyatdakı boşdayanmalara qarşı tutarlı ölçü!»
Yaxşı… Tutaq ki, qadın burdan çıxıb… Bu, kəndir nərdivansız mümkün deyil. Bilmirəm bu ona necə müyəssər olub, amma bir şey tam aydındır – o, kəndir nərdivandan istifadə edib… Yaxşı, əgər bu belədirsə… – ağlı güllə kimi işləməyə başladı. Ancaq və ancaq qaçmaq haqqında düşünən əsir, – bu ayrı məsələ. Lakin, axı qadın bu kəndin sakinidir və o, bu dərədən istədiyi vaxt çıxmaq imkanının əlindən alınmasına dözə bilməz… nərdivanı götürlmələri, – məni burda saxlamaqdan ötrü müvəqqəti ehtiyyat tədbirindən başqa bir şey deyil… Deməli, onların sayıqlığını zəiflətmək üçün əlimdən gələni etsəm, əvvəl-axır belə bir imkan mənim üçün də düşə bilər.
«Baş soğanında atom radiasiyasına qarşı müalicədə effektli ola biləcək maddə tapılmışdır».
Görünür, özümü yalandan xəstəliyə vurmaq planım gözlənilməz hadisələrlə bir qədər pozulub. Hələ köhnə kişilər çox düz buyurublar: bəxtin yatıbsa, səbr eylə… Amma nədənsə ürəyi buna heç yatmırdı. Nəsə narahat idi. Bu qorxulu, bir qədər də narahat qəribə yuxunun təsirindən deyildi ki?.. Ona qorxulu – niyə qorxulu olduğunu özü də başa düşmürdü – məktub haqqında fikirlər rahatlıq vermirdi. Görəsən, bu yuxunun mənası nə imiş?
Bu iş deyil ki, – adi bir yuxunu belə ürəyinə salasan. Nə olursa olsun, başladığı işi axıra satdırmalıdır. Qadın yavaşca fısıldayır, adəti üzrə əllərilə dizlərini qucaqlayıb, başdan ayağa təzə yuduğu kimanoya bürünərək, yumağa dönüb, ocağın yanında, döşəmədə yatmışdı. O gündən etibarən bir dəfə də olsun, qadın onun gözünə çılpaq dəyməmişdi, lakin kimanonun altından çox güman ki, heç nə geyinməmişdi.
Kişi cəld sosial məsələlərə həsr edilmiş səhifəyə, daxili həyata aid sütuna göz gəzdirdi. O, əlbəttə ki, nə özünün itməsi barədə yazıya, nə də bir adamın itkin düşməsi haqda elana rast gəlmədi. Belə də gözləyirdi və buna görə çox da pərişan olmadı. Astaca qalxıb, torpaq döşəmənin üstünə düşdü. Əynində süni ipəkdən tikilmiş ətəyi uzun alt paltarından başqa heç nə yox idi. Belə hamısından yaxşıydı. Qum, rezin qaytanın bədəni sıxdığı yerdə yığılır və elə məhz burda qızartı, qaşınma əmələ gəlirdi. Qapının ağzında dayanıb, yuxarı – qum divara baxır. Gün işığı gözünü qamaşdırdı və ətrafda hər şey sanki sarı alova büründü. Heç kəs yox idi. Əlbəttə ki, nərdivan da. Təəccüblü heç nə yoxdur. Sadəcə əmin olmaq üçün baxırdı. Nərdivanı bura salladıqlarını göstərən heç bir nişanə yox idi. Düzdü, belə küləkli havada hər hansı bir izin itməsi üçün heç beşcə dəqiqə də keçməz. Üstəlik, lap qapının ağzında qumun üst qatı dayanmadan axır – elə bil qumun dərisini soyurdular.
O, evə qayıtdı və uzandı. Milçək uçurdu. Balaca qəhvəyi drozofil. Yəqin, hardasa nəsə çürüyür. Baş tərəfdə qoyulmuş polietilenə bükülü qazançadakı su ilə boğazını yaxalayıb, qadını çağırdı:
– Qulaq asın, bəlkə qalxasız…
Qadın diksinib, yerindən dik atıldı. Bir qədər sallanan, lakin hələ bərk, mavi damarcıqları üzə çıxan döşünü çılpaq qoyan kimano sürüşüb düşdü. Qadın tələsik, inamsız hərəkətlərlə kimanonu üstünə çəkdi, onun baxışları çaşqın idi və adama elə gəlirdi ki, tam ayılmayıb.
Kişi tərəddüd edirdi. O, qadınla nərdivan barədə hirsli, eyhamsız danışmalıydımı… Ya bəlkə, yaxşı olar ki, qəzetə görə təşəkkür edib, o dəqiqə də sakit, xeyirxah tonla soruşsun? Əgər o, qadını məhz yuxusuna haram qatmaq üçün oyadıbsa, onda ən düzgünü – aqressiv olmaqdır. İlişmək üçün səbəb isə nə qədər istəsəndir. Lakin bu, əsas məqsəddən – özünü ağır xəstəliyə vurmaqdan yayındıra bilər. Belə davranış onurğa sutunu zədələnmiş adamın davranışına çox oxşayır demək, düzgün olmazdı. Bu dəqiqə vacibi odur ki, işçi qüvvəsi kimi istifadə üçün onun tam yararsız olduğuna onları inanmağa məcbur etsin və hər vasitə ilə sayıqlıqlarını zəiflətsin; baxın, ürəkləri elə yumşalıb ki, hətta ona qəzet də gətiriblər, indi isə onları müqavimət üçün yararsız etmək lazımdır.
Lakin onun bütün ümidləri bir anda məhv oldu.
– Yox əşşi, mən heç yerə çıxmamışam. Bizim arteldən bir nəfər mənə çoxdan söz verilən, taxta çürüməsinə qarşı vasitə gətirmişdi… Mən elə ondan da xahiş etdim… Bu kənddə cəmi dörd-beş evdə qəzet alırlar… Qəzeti almaq üçün o, məxsusi olaraq şəhərə getməli olub…
Belə təsadüf tam mümkündür. Lakin bu ona dəlalət etmirmi ki, o, qıfılına açar tapılmayan qəfəsdə qıfıllanıb? Hətta əgər yerli camaat belə dustaq həyatıyla barışmağa məcburdursa da, bu qum divarların sıldırımlığı zarafat məsələ deyil. Kişini məyusluq bürüdü, amma özünü ələ ala bildi.
– Demək belə?.. Qulaq asın… Axı siz buranın sahibisiniz, düzdü?.. Yoldan keçən it – pişik deyilsiniz ki… Ola bilməz ki, siz istədiyiniz vaxt burdan çıxa və qayıda bilməyəsiniz! Yoxsa elə iş tutmusuz ki, həmkəndlilərinizin gözünün içinə baxa bilmirsiniz?
Qadının yuxulu gözləri təəccübdən bərəldi.
Gözləri közərmiş kimi qanla doldu, hətta ona elə gəldi ki, otaq işıqlandı.
– Siz nə danışırsınız? Gözlərinizə baxa bilmirəm. Boş söhbətdir!
– Yaxşı, onda sizin belə ağciyər olmağınız yersizdir!
– Hətta mən burdan çıxsam belə, orda mənlik elə bir iş yoxdur…
– Gəzmək olar!
– Gəzmək?
– Hə də, gəzmək… Ora-bura gedərsiz, məgər bu azdır ki?.. Mən deyirəm ki, bax siz, mən bura gələnə kimi istədiyiniz vaxt azadə çıxa bilirdiz?
– Amma axı işsiz-gücsüz ora-bura getmək boş yerə yorulmaq deməkdir…
– Düz sözümdür! Yaxşı fikirləşin. Siz bunu anlamalısınız!.. Axı hətta iti də uzun müddət qəfəsdə bağlı saxlasaz, o dəli olar!
– Əşşi mən də gəzmişəm də! – qadın özünün küt usandırıcı səsilə qışqırdı. – Düz deyirəm, mənə istədiyim qədər gəzməyə imkan verirdilər… Nə qədər ki, bura düşməmişdim… Qucağımda uşaq saatlarla gəzirdim… Hətta bu gəzintilərdən bezmişqdim də…
Kişi bunu gözləmirdi. Nəsə qəribə bir danışıq tərzi idi. Qadın ona belə baxanda cavab verməyə də halı olmur.
Hə, düzdü… on il əvvəl, hər tərəf dağıntı altında olanda, hamının bircə istəyi vardı ki, evdən çölə çıxmasın. Onlar azadlığı bu cür təsəvvür edirdlilər. Lakin indi demək olarmı ki, onlar bu azadlıqdan doyub beziblər?.. Bəlkə, sən bu qumluq diyara da elə xəyali azadlıq dalınca qaçmaqdan usandığından gəlib çıxmısan… Qum… Millimetrin səkkizdə birinin intəhasız hərəkəti. Neqativ plyonkasında astarı üzünə çevrilmiş, heç yana çıxmadan azad həyat sürməkdən bəhs edən bu avtoportret. Axı hətta bütün günü gəzməyə can atan uşaq da azanda ağlamağa başlayır.
Birdən qadın danışıq tərzini tam dəyişdi:
– Özünüzü necə hiss edirsiz ey? Hər şey qaydasındadır?
Nə qoyun kimi gözünü döyürsən! Kişi əsəbləşdi. Sənə zülm edəcəm, ancaq bütün günahların səndə olduğunu boynuna almağa məcbur edəcəm! Təkcə bu fikirdən bütün bədəni ürpəşdi və hətta ona elə gəldi ki, dərisindən qurumuş yapışqanı soyurmuşlar kimi bərk çəkdilər. Elə bil dərisi «zülm» sözüylə bağlı olan assosasiyanı hiss etdi. Birdən qadın fondan çəkilən siluetə çevrildi. İyirmi yaşlı kişini xəyalları ehtirasa gətirir… qırx yaşlını – dəri. Otuz yaşlı kişi üçün ən qorxulusu – qadının siluetə çevrilməsidir… O, qadını özünü qucaqladığı kimi asanca qucaqlaya bilər… Lakin qadının arxasınca saysız-hesabsız göz baxır… O, yəni qadın sadəcə bu baxışların iplərlə idarə etdiyi marionetdir… Bircə dəfə ağuşuna alsan, artıq sənin özünü bu iplərlə idarə edəcəklər… Onda onurğa sütununun zədələnməsi barədə uydurduğu bu yalan da tezcənə üzə çıxacaq. Məgər o, belə bir yerdə bütün keçmiş həyatının üstündən xətt çəkə bilərmi!
Qadın yandan lap yaxına gəldi. Onun yumru dizləri kişinin buduna dirəndi. Qadının ağzından, burnundan, qulaqlarından, qoltuqlarının altından, bütün bədənindən ətrafa qalıb iylənmiş suyun qatı qoxusu yayıldı. Onun od kimi isti barmaqları bir qədər cəsarətsiz, qətiyyətsiz şəkildə onurğasının üstü ilə yuxarı – aşağı sürüşdü. Kişinin bütün bədəni gərildi.
Birdən barmaqlar onun böyrünə toxundu. Kişi çığırdı:
– Qıdığım gəlir!
Qadın güldü. O, yüngülcə şıltaqlıq edir, bir az da cəsarətsiz idi. Bütün baş verənlər olduqca gözlənilməz idi və o, özünü necə aparmaq lazım olduğunu hələ bilmirdi. Bu qadın nə istəyir?.. Bunları bilə-biləmi edir, ya sadəcə barmaqlarımı sürüşüb?.. Elə indicə bütün gücünü toplayıb oyanmaq üçün gözlərini döymürdümü?.. Lakin axı elə o birinci axşam da, yanından keçərkən böyrünə toxunub, beləcə qəribə bir gülüşlə gülmüşdü… Bəlkə qadın öz hərəkətlərinə nəsə xüsusi bir məna vermək istəyir? Ola da bilsin, qəlbinin dərinliklərində qadın onun xəstəliyinə inanmır və bütün bunları öz şübhələrini yoxlamaq üçün edir… istisna deyil… Yatmaq olmaz. Onun cazibədarlığı – ən adi tələdir, lap elə həşəratlarla qidalanan yırtıcı bitkilərdəki şirin bal ətri kimi. Əvvəlcə o, kişini zor tətbiq etməyə təhrik edəcək və bununla da qalmaqal salacaq, sonra da onun əl-qolu şantac zənciriylə zəncirlənəcək.