♦ 10 ♦

Kişi oğrun-oğrun, gözünün ucuyla qadının necə kartof təmizlədiyini müşahidə edərək, əzabla düşünürdü: onun hazırladığı yeməyi qəbul etsinmi?
İndi elə bir vəziyyət yaranıb ki, rahatlıq və soyuqqanlılıq tələb olunur… Qadının niyyəti aydındır və bütün tərəddudləri kənara atıb, boş-boş ümidlərlə özünü sakitləşdirməməlidir, əksinə, faktların gözünün içinə dik baxmaq və burdan can qurtarmaq üçün real plan hazırlamaq lazımdır… Qanunsuz hərəkətlərə görə günahlandırmanı sonraya saxlamaq gərəkdir… Aclıq isə ancaq və ancaq iradəni sındırmağa işləyir… gücünü toplamağa mane olur. Lakin, digər tərəfdən o, hazırkı vəziyyəti qəti rədd edirsə, görünür, qidadan imtina etməlidir. Həm narazı olmaq, həm də yeməyi qəbul etmək sadəcə gülməli olardı. Hətta itin özü ona yal verəndə quyruğunu qısır.
Amma gəlin tələsməyək… Qadının nə qədər dərinə gedəcəyi hələ məlum olmadığı bir şəraitdə, belə kəskin müdafiə mövqeyi tutmaq hələ tezdir….Ondan nəyisə müftə qəbul etmək, hər hansı iltifat haqqında söhbət belə gedə bilməz… Nə yesəm, pulunu qəpiyinəcən ödəməliyəm… Və əgər pulu ödəyibsə, heç nəyə görə özünü borclu bilməz, bir qram da … Hətta televiziyadakı boks şərhçisi də həmişə deyirdi ki, hücum, – müdafiənin ən yaxşı üsuludur.
Beləliklə, o, yeməkdən imtina etməmək üçün əla bəhanə tapıb, rahatlıqla nəfəs aldı. Birdən elə bil ki, gözləri açıldı, daim ondan qaçan fikir kələfinin ucundan tutdu. Məgər onun əsas düşməni qum deyil? Əgər qumdursa, onda boş yerə ağlasığmaz, həlli müşkül olan, – tutaq ki, məsələn, polad qapıları və yaxud bu kimi maneələri yarıb keçmək haqqında qarşıya tapşırıqlar qoymaq lazım deyil. Madam ki, kəndir nərdivanı yığışdırıblar, taxta nərdivan düzəltmək olar. Madam ki, qum divar həddən artıq şaqulidir, onu qazıb, düzəltmək olar… Əgər bir balaca beynini işlətsən, hər şey qaydasına düşər… Ola bilsin, bu yol çox sadə yoldur, amma əgər bu üsulla məqsədə çatmaq mümkünsə, onda nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Məsələnin ən düzgün həlli adətən, çox sadə olur. Təki çətinliklərdən qorxmayasan… təki əsl mübarizə aparasan… onda heç nə itirməmisən.
Qadın kartofu təmizləyib qurtardı, doğradı və köküqarışıq xırda-xırda doğranmış ağ turpla birgə ocağın üstündə asılmış böyük dəmir qazana saldı. O, polietilen kisədən səliqəylə kibrit çıxarıb od qaladı, kibriti gizlətdi və kisənin ağzını rezinlə yığdı. Sonra isə aşsüzənə düyü töküb, su ilə yudu. Yəqin düyünün qumunu yuyurdu. Aş qazanda qaynamağa başladı, ağ turpun xoşagəlməz iyi yayıldı.
– Düzü, su az qalıb, amma, bəlkə siz üzünüzü də yuyasınız?
– Yox əşşi, üzümü yumaqdansa, içsəm yaxşıdır…
– Oy, bağışlayın… İçməli su başqa yerdədir – qadın əl-üzyuyanın altından polietilenə bükülmüş qazança çıxartdı, – su çox soyuq deyil, amma əvəzində qaynanmışdır, içmək üçün yararlı olsun deyə.
– Axı bakda az da olsa su qalmasa, qabları nəylə yuyacaqsınız?
– Yox, mən qabları qumla sürtürəm, tərtəmiz olur.
Bu sözləri deyib, qadın pəncərənin ağzından bir ovuc qum götürdü, əlində tutduğu qabın içinə atıb, qumu fırladaraq bir neçə dairəvi hərəkət etdi və qabı ona göstərdi. O, düz-əməlli ayıra bilmədi ki, qab təmizləndi, ya yox, amma fikirləşdi ki, yəqin təmizlənib. Hər halda, qumdan belə işlərdə istifadə onun qum haqqındakı təsəvvürlərinə tam uyğun gəlirdi.
Yenə də çətirin altında yeyirdi. Qaynadılmış tərəvəz və qurudulmuş balıq… Təam az da olsa qumlu idi. Əgər çətir tavandan asılsaydı, onlar bir yerdə də yeyə bilərdilər – deyə fikirləşdi, lakin qadının bunu yaxınlaşmağa cəhd kimi başa düşəcəyindən qorxdu. Yalnız görkəmindən tündlük yağan aşağı növ çay, demək olar ki, dadsız idi.
O, yeyib qurtarandan sonra qadın əl-üzyuyan tərəfdə oturdu və başına bir parça polietilen örtüb, yavaş-yavaş yeməyə başladı. İndi bu qadın hansısa həşərata oxşayır – fikirləşdi. Doğrudanmı bu qadın ömrünün axırına kimi belə həyat sürməyə hazırlaşır?.. Yuxarıda olanlar üçün bura yalnız böyük torpağın kiçik bir parçasıdır, lakin dərənin dibindən heç nə görünmür – ancaq ucu-bucağı olmayan qum və səma… Şəkil kimi həmişəlik gözlərdə donmuş yeknəsəq həyat… Və bu həyatı, hətta heç nə xatırlaya bilməyəcək bir qadın sürür, – o, ömrü boyu heç kimdən nəvazişli söz eşitməyib. Yəqin məni tələyə salıb, xüsusi bir hədiyyə kimi ona verəndə qız kimi ürəyi bərk-bərk döyünüb… Mənim ona yazığım gəlir…
Onun ürəyindən qadına nəsə demək keçdi və söhbəti birtəhər başlamaq üçün siqaret çəkməyi düşündü. Doğrudan da, burda gündəlik istifadə üçün lazım olan predmet – polietilensiz keçinmək olmaz. Alışdırdığı kibriti siqaretinin qabağında nə qədər tutdusa da, siqaret yanmadı. O, siqareti var gücü ilə elə sorurdu ki, yanaqları dişlərinə yapışmışdı, lakin nə qədər çalışsa da, ancaq tüstünün tamini hiss etdi. Yağ-nikotinli tüstü, yalnız dilini qıcıqlandırır, siqaret çəkməyi heç cür əvəz etmirdi. Əhvalı korlandı, söhbət alınmırdı, üstəlik özü də qadınla söhbət etməkdən vaz keçdi.
Qadın bulaşıq qabları yığıb, torpaq döşəməyə düzdü, tələsmədən onların üstünə qum tökməyə başladı. Göz görəsi çətinlik və tərəddüdlə dedi:
– Bilirsiz… Çardaqdan qumu kürəyib atmaq vaxtıdır…
– Qumu kürəyib, atmaq? Hə – ə, nə olar, buyurun…- ” Bunun mənə nə dəxli var? – kişi etinasızcasına düşündü, – qoy tirlər çürüsün, qoy lap dirəklər uçsun – mənim nə işimə?”
– Əgər mən sizə mane oluramsa, bəlkə, harasa gedim?
– Üzr istəyirəm, buyurun, amma…
Xeyri yoxdur, hiyləgərlik etmək lazım deyil! Özünü elə göstərir ki, guya heç nə olmayıb! İçi isə soğan yemiş kimi göynəyir… Lakin qadın adətkarda olduğu görünən hərəkətlərlə, çox cəld sifətinin aşağı hissəsini ikiqat qatlanmış dəsmalla sarıdı, süpürgəni və taxta parçasını qoltuğuna vurub, bircə qapağı qalmış divar şkafının yuxarı rəfinə dırmaşdı.
– Düzünə qalsa, əgər mənim fikrimi bilmək istəyirsinizsə, – belə ev elə uçsa yaxşıdır!..
Bu sözləri püskürən gözlənilməz hirsdən özü də çaşdı, qadın isə ona tərəf heç də az olmayan çaşqınlıqla döndü. Buna bax, deyəsən hələ bütünlüklə həşərata çevrilməyib…
– Yox, siz elə fikirləşməyin ki, mən ancaq sizə acıqlanıram. Burda siz hamınız belə fikirləşirsiniz ki, bir adamı zəncirləmisiniz. Mənimsə münaqişələri görməyə gözüm yoxdur. Aydındır? Hətta aydın deyilsə belə, mənim üçün fərqi yoxdur. İstəyirsiz, sizə maraqlı bir hadisə danışım… Bu, çoxdan olub. Kirayə qaldığım evdə heç nəyə yaramayan bir it saxlayırdım, həyət iti… Maraq doğuracaq qədər sıx olan tüklərini hətta yayda belə tökmürdü… Elə kədərli görkəmi vardı ki, onu qırxmağa qərar verdim… Və beləliklə, iti qırxıb qurtarıb, qırxılmış tüklərini atmağa hazırlaşırdım ki, it, düzü bilmirəm ağlına nə gəldi, birdən ulayıb, dişlərilə bu tük yığınını qamarlayıb, öz yerinə qaçdı… Ola bilsin o, qırxılıb yerə tökülmüş tükünü öz bədəninin bir hissəsi bilib və onu itirəcəyinə heyfsilənib. Oğrun-oğrun qadına baxdı: görəsən qadın bu sözləri necə qarşılayacaq? Lakin qadın şkaf rəfinin üstünə qeyri-təbii əyilərək, necə dayanmışdısa, elə həmin pozada da qalmışdı və hətta ona tərəf dönmək üçün cəhd belə etmədi. – Lap yaxşı… Hər kəs özü bildiyi kimi mühakimə yürüdür… Ya qum qazmaq olsun, ya da tamam başqa bir şey – buyurun, necə istəyirsinizsə, elə də edin. Lakin mənim qətiyyən, bütün bunlara dözmək fikrim yoxdur. Yetər! Eybi yox, bir az da keçsin – mənim burda izim-tozum da qalmaz!.. Məni hədər yerə qiymətləndirmirsiniz… Əgər istəsəm, burdan qaçaram, heç bir problemsiz… Hə, elə siqaretim də indicə qurtardı…
– Siqaret. – Onun sadəliyi ilə səfehliyini ayırmaq olmurdu. – Bu bir qədər gec olacaq, suyu gətirəndə…
– Siqaret?.. Siqaretlər də?.. – Kişi özünə də qəribə gələn şəkildə çımxırdı. – Məsələ bunda deyil… Qırxılmış tüklərdədir, qırxılmış tüklərdə… Yəni doğrudan başa düşmürsünüz? Deməyim odur ki, qırxılmış tükdən ötrü işdən iş çıxarmaq lazım deyil.
Qadın susurdu və onun özünə haqq qazandırmaq üçün nəsə deyəcəyinə inanmaq olmurdu. O, bir qədər də gözlədi və kişinin danışıb qurtardığına əmin olandan sonra, soyuqqanlıqla yenidən onu bir qədər əvvəl ayırdıqları işə girişdi. Qadın şkafın üstünə yaxın, tavandakı lyukun qapağını kənara çəkib, qurşağadək ora girdi və dirsəkləri ilə özünə dayaq verərək, ayaqlarını naqolay şəkildə oynada-oynada yuxarı dırmaşmağa başladı. Ordan-burdan nazik tük kimi qum tökülməyə başladı. Kişi çardağda çox güman ki, qeyri-adi bir həşəratın yaşadığını fikirləşdi… Qum və çürümüş taxta… Amma yox, bəsdir, qeyri-adi olanlar həddindən artıqdır!
Sonra isə tavandan – gah ordan, gah da burdan – aşağıya doğru çoxlu qum çayı axmağa başladı. Qəribə idi ki, bu bol qum şəlaləsi çox səssiz tökülürdü. Bir göz qırpımında döşəməni örtən saman döşəklərin üstündə taxta tavanın bütün çatları, dəlmə – deşikləri ilə birlikdə barelyef kimi şəkli qaldı. Qum burnuna dolur, gözlərini yandırırdı. Kişi tələsik özünü bayıra atdı.
İlk əvvəl elə təəssürat yarandı ki, tonqalın içinə düşüb və artıq pəncələri əriməyə başlayıb. Lakin hardasa içində hətta belə istiyə də can verməyən silindrik buz parçası vardı. İçində xəcalət hissi qımıldandı. Bu qadın heyvan kimidir… Onun üçün dünən yoxdur, sabah yoxdur – bu günlə yaşayır… Qrifel lövhəsindən təbaşiri silən kimi, adamı da tərtəmiz silmək olar əminliyinın ağalıq etdiyi dünya. Adamın yuxusuna da girməzdi ki, bizim günlərdə hardasa belə vəhşilik yuvası hələ də qalıb.
Yaxşı… Əgər bunu, keçirdiyi sarsıntıdan sonra özünə gəlməsi kimi başa düşsək və hesab etsək ki, rahatlığı qayıdır, onda bu xəcalət hissi heç də pis deyil.
Amma boş yerə vaxt itirməyə dəyməz. Axşamadək bu işləri yekunlaşdırsa, pis olmaz. Gözlərini qıyıb, üzündə elə bil nazik pərdə olan ərimiş şüşəni xatırladan dalğalı qum divarının hündürlüyünü gözəyarı ölçdü. O, bu divara nə qədər çox baxırdısa, divar da elə bil ki, bir o qədər hündürləşirdi. Əlbəttə, təbiətin əksinə getmək və maili yamacı sıldırım etməyə səy göstərmək çətindir, lakin axı o, sıldırım yamacı maili etmək istəyir, vəssalam. Geri çəkilməyə elə də əsas yoxdur.
Ən yaxşısı yuxarıdan başlamaqdır. Lakin, bu mümkün olmadığından, aşağıdan qazmaqdan başqa çarə qalmır. Əvvəlcə o, aşağıdan nə qədər lazımdırsa qazar və yuxarıdan qumun uçmağını gözləyər, sonra yenidən aşağıdan qazar, sonra yenə yuxarıdan qum uçar… Bunu bir neçə dəfə təkrar etdikdən sonra, o, hər dəfə az da olsa hündürə qalxar və son nəticədə yuxarı çatar. Əlbəttə, onu uçqunlar gözləyir və qum axınları onu götürüb, aşağı ata bilər. Lakin bunu nə qədər axın adlandırsalar da, hər halda qum su deyil. Kiminsə qumda boğulduğunu hələ eşitməyib.
Bel bidonlarla birlikdə evin çöl divarının yanındaydı. İtilənmiş yarımdairəvi ağzı çini parçası tək parıldayırdı.
Bir müddət bütünlüklə işinə aludə olaraq dayanmadan qazdı. Qum axı çox yumşaqdır və iş çox qabağa gedirdi. Belin qumu gəmirən hər zərbəsi, onun hər dəfə köks ötürməsi vaxtı sayırdı. Lakin tezliklə qolları yorulduğunu daha tez – tez xatırlatmağa başladı. Ona elə gəlirdi ki, çoxdan qazır, amma nəticə nədənsə özünü göstərmirdi. Yalnız qazdığı yerin düz üstündə çox da iri olmayan yaprıxmış qum tikələri uçurdu. Bütün bunlar onun beynində cızdığı çox sadə həndəsi sxemlərdən köklü fərqlənirdi.
Həyəcanlanmaq hələ tez idi, dincəlməyə və dərənin modelini düzəldib, hesablamalarını yoxlamağa qərar verdi. Xoşbəxtlikdən, material nə qədər istəsəndir. O, evin üstündəki çıxıntının altında, kölgədə yer seçdi və əlli santimetr dərinliyində çala qazmağa başladı. Lakin nədənsə, dərənin divarlarını lazımi bucaq altında düzəltmək olmurdu. Ən çox – qırx beş dərəcə… yuxarıya qalxdıqca enlənən həvəngdəstə kimi.
O, dərənin dibini qazmağa cəhd edəndə divarlarından qum səpələnməyə başlayırdı, lakin yamacı dəyişməz qalırdı. Elə bil, qumun dəyişməz bucağı mövcud idi. Görünür qum dənəciklərinin çəkisi ilə müqaviməti proporsionaldır. Və əgər belədirsə, deməli, aşmaq istədiyi bu divar da həmin maililik dərəcəsinə malikdir.
Yox, ola bilməz… Bu ancaq göz yanlışı ola bilər, amma yox, belə olmur axı… Aşağıdan hansı yamaca baxırsansa bax, o, həqiqətdə olduğundan sıldırımlı görünür.
Bəlkə, bütün bunları kəmiyyət məsələsi kimi araşdırmaq lazımdır?.. Əgər kəmiyyət fərqi varsa, təbiidir ki, təzyiq fərqi də var. Əgər təzyiq fərqi varsa, onda çəki və müqavimətin proporsiyasının dəyişilməsi də qaçılmazdır. Mümkündür ki, burada qumun quruluşu da əhəmiyyət kəsb edir. Məsələn, götürək elə qırmızı gilin özünü. Təbii halda olan qırmızı gil və hasilatdan sonrakı qırmızı gil təzyiqə müxtəlif müqavimət həcminə malikdirlər. Üstəlik nəmliyi də nəzərə almaq lazımdır… Beləliklə, bu model tamamilə başqa qanunlara tabe ola bilər, nəinki təbii dərənin özü.
Lakin buna baxmayaraq, təcrübə səmərəsiz ötüşmədi. O, anladı ki, divar yamacının bucağı qeyri-adi sabitdir, – təkcə bu bilginin özü nəyə desən dəyərdi. Və ümumiyyətlə, qeyri – adi sabitliyi adi sabitliyə çevirmək çox da çətin məsələ deyil.
Həddən artıq doymuş məhlulu bir balaca çalxalamaq kifayətdir ki, kristallar yığılsın və o,adi doymuş məhlula çevrilsin.
Birdən kiminsə yanında dayandığını hiss edib, arxaya döndü. Qadın qapının yanında dayanmışdı və diqqətlə ona baxırdı. O, qadının nə vaxt çölə çıxdığını eşitməmişdi belə. Cinayət başında tutulubmuş kimi, özünü itirib, çaşqın-çaşqın baxa-baxa geri çəkildi. Məhz elə bu an da o, arxa tərəfdə, qum yarğanının şərq tərəfdəki kənarında üç nəfərin aşağı baxan başını gördü. Onlar kənarı sifətlərinin aşağı hissəsini örtən yaylıqlara bürünmüşdülər və buna görə də dünənki qocalar olub-olmadıqlarına əmin deyildi. Deyəsən, elə onlar idi. Kişi bir anlığa çaşdı, lakin elə o an da özünə gəlib, baxanlara əhəmiyyət vermədən işinə davam etməyə qərar verdi. Ona göz qoymaları hətta bir qızışdırdı da.
Tər burnunun ucundan damır, gözlərinə axırdı. Tərini silməyə də vaxtı yox idi və o, gözüyumulu qazmağa davam edirdi. Bir an da olsa, qollarına dinclik verməməlidir. Onlar onun necə cəld işlədiyini görüb, nə qədər küt, alçaq olduqlarını başa düşəcəklər.
Saatına baxdı. Şüşəsindəki qumu şalvarına sildi. Hələ cəmi üçə on dəqiqə işləmişdi. Bir qədər əvvəl, axırıncı dəfə saatına baxanda olduğu kimi, hələ də üçə on dəqiqə işləmişdi. Onun öz cəldliyinə olan inamı o dəqiqə itdi. Əgər ilbizin gözü ilə baxsaq, yəqin ki, günəş beysbol topu sürətilə hərəkət edir. O, beli qapıb, yenidən qum divarın üstünə döşəndi.
Qəfildən qum uçqunu qopub, aşağı yönəldi. Küt səs eşidildi, elə bil yerə rezin düşdü və nəsə ağır bir şey sinəsinə endi. Nə baş verdiyini anlamaq üçün başını qaldırıb, yuxarı baxdı, lakin heç cür yuxarının harda olduğunu müəyyənləşdirə bilmədi. O, ikiqat olub öz qusuntusunda uzanmış, ətrafa isə nəsə başqa cür – sönük, süd kimi rəng yayılmışdı.