Yapon dilində rəsmi olaraq Nişşouki (日章旗 “Günəşli bayraq”) və ya Hi no maru (日の丸 “Günəş dairəsi”) adlandırılan Yaponiya bayrağının forması ağ fonda qırmızı dairədir.

Qırmızı dairə ölkədə doğan günəşi təmsil edir. Günəş, Yaponiyanın ən mühüm milli simvollarından biridir və ölkənin adı da tərcümədə “Günəşin mənbəyi” deməkdir. Yapon mifologiyasına görə günəş ilahəsi Amaterasu yapon tanrılarının kraliçası və Yaponiya imperatoru sülaləsinin anasıdır. Ağ rəng isə yapon xalqının saflığını və dürüstlüyünü təcəssüm etdirir.

Günəşli bayrağı, yapon əsgərləri (samuraylar) və gəmilər min ilə yaxın qaldırmışdır. 1868-ci ildə başlayan Meici bərpasından sonra bu bayraq milli bayraq kimi hörmətlə qarşılandı. 1999-cu ildə qəbul edilən “Dövlət Bayrağı və Himni haqqında Qanun”la bayrağın ölçüləri müəyyən edilmişdir.

Yaponiyanın qədim tarix mənbəyi olan Şoku Nihongiyə görə İmperator Monmu 701-ci ildə öz sarayında günəşi təmsil edən bayraqdan istifadə etmişdir. Bu, Yaponiyada günəş motivli bayrağın istifadəsinə dair ən qədim qeyddir. Ən qədim bayraq Yamanaşi prefekturasının Koşu şəhərində yerləşən Unpo-ci məbədində saxlanılan bayraqdır və XVI əsrdən öncəsinə aiddir. Əfsanəyə görə bu bayraq İmperator Qo-Reizei tərəfindən XI əsrdə məbədə verilmişdir. Meici islahatı dövründə həm günəş dairəsi, həm də doğan günəş, bayrağı formalaşan Yaponiya imperiyasının əsas simvolları olmuşdur.

Xəyalə Əlizadə©yapon.az2024