İnou Tadataka ( 伊能 忠敬 , 11 fevral 1745 – 17 may 1818 ) — yapon yerölçəni və kartoqrafıdır. O, müasir geodeziya texnikalarından istifadə edərək Yaponiyanın ilk xəritəsini tamamlaması ilə tanınır.

O, 49 yaşında təqaüdə çıxana qədər pivə istehsalı və düyü ticarəti ilə məşğul olan ailə biznesini idarə etmişdir. Təqaüdə çıxdıqdan sonra Edoya köçərək, astronom Takahaşi Yoşitokinin şagirdi olub, ondan Qərb astronomiyasını, coğrafiyasını və riyaziyyatını öyrənmişdir.

1800-cü ildə təxminən beş illik təhsildən sonra, Tokuqava şoqunluğu İnouya öz pulundan istifadə edərək ölkədə sorğu keçirməyə icazə verdi. Ömrünün geridə qalan 17 ilini sərf edəcəyi bu vəzifə bütün sahil xəttini və Yapon adalarının hər birinin daxili hissəsini əhatə edirdi. Bu müddət ərzində İnou ölçmə aparmağa 3736 gün sərf etmiş (və 34,913 kilometr yol qət edib), Şoquna sorğunun gedişatını əks etdirən xəritələr təqdim etmək üçün müntəzəm olaraq fasilələr vermişdir. O, Yaponiyanın seçilmiş hissələrinin, əsasən Kyuuşu və Hokkaidouda ətraflı xəritələrini (bəziləri 1:36,000, digərləri 1:216,000 miqyasda) hazırlamışdır.

İnounun böyük əsəri olan Yaponiyanın bütün sahil xəttinin 1:216.000 xəritəsi, 1818-ci ildə ölümündən sonra yarımçıq qalmış, daha sonra 1821-ci ildə tədqiqat qrupu tərəfindən tamamlanmışdır. Onun bütün tədqiqat işlərinin cəmləndiyi atlas, Dai Nihon Enkai Yoçi Zenzu (yaponca: 大日本沿海輿地全図 Yaponiyanın Sahil Bölgəsinin Xəritələri) həmin il nəşr olundu. 1:432,000-də üç səhifə böyük miqyaslı xəritələr, səkkiz səhifədə bütün ölkə 1:216,000-də göstərilmiş və 1:36,000-də 214 səhifəlik seçilmiş sahil əraziləri əks olunmuşdur. Əksəriyyəti 1/1000 dərəcə dəqiqliyi ilə seçilən İnou-zu (İnou xəritələri) təxminən bir əsr ərzində “Yaponiyanın dəqiq xəritələri” olaraq qalmış və onun işinə əsaslanan xəritələr 1924-cü ilə qədər istifadə edilmişdir.

Xəyalə Əlizadə©yapon.az2024