♦ 23 ♦

Got a one way tijket to the blues, woo, woo… (Mən göylərə gedən qatara – bir tərəflik bilet almışam, vuu, vuu…) Oxumaq istəyirsən – buyur, oxu. Əslində isə kiminsə yalnız bir tərəfə bilet sırıdığı adam heç vaxt belə oxumaz. Yalnız bir tərəfə bileti olan adamların ayaqlarının alt dərisi çox nazik olur və onlar hətta kiçicik bir daş üstünə çıxanda da ağrıdan çığırırlar. Sonra – bir addım da olsun atmırlar. Onlar göylərə aldıqları biletin hər iki başa olması haqqında oxumaq istərdilər. Bir tərəfə olan bilet – dünənlə bu gün, bu günlə sabah arasında əlaqəsi olmayan hissələrə parçalanmış həyatdır. Və yalnız ovcunda geriyə bileti olan adam bir tərəfə bilet haqqında azca qəmli mahnı oxuya bilər. Bu, dəqiqdir. Elə bu səbəbdəndir ki, o, daim səksəkədədir – qorxur ki, biletin yarısını itirər və geri qayıda bilməz, yaxud onu oğurlayarlar; səhmlər alır, həyatını sığortalayır, həmkarlar və müdiriyyətlə ikiüzlülük edir. O, qazılmış dərələrdən və çirkab suları axan xəndəklərdən eşidilən fəryad səslərini, – ancaq bir tərəfə bilet əldə etmişlərin qışqırıqlarını eşitməmək üçün qulaqlarını tıxayır. Bu barədə fikirləşməmək üçün televizorun səsini lap ucaldır və var qüvvəsilə bir tərəfə alınan bilet haqqında blüz oxumağa güc verir.
İndi əlinə girəvə düşən kimi kişi gizlincə kəndir düzəldirdi. O, köynəyini zolaq – zolaq kəsib, bir – birinə bağladı, ucuna isə qadının rəhmətə getmiş ərinin kimanosunun bel ipini sarıdı – təxminən beş metr uzunluğunda bir şey alındı. Vaxt gələcək və o, kəndirin o biri başına ağzı açıq şəkildə qalması üçün arasına taxta parçası qoyub bərkitdiyi köhnə paslı qayçını bağlayacaq. Hələlik isə kəndir çox qısa alınıb. Lazım olan uzunluğu almaq üçün üstündə buğda və balıq qurudulan torpaq döşəməyə tarım çəkilmiş həsir kəndiri, paltar zivəsini də bağlamaq lazım gələcək.
Bu ideya ağlına tamamilə gözlənilmədən gəldi. Axı heç də vacib deyil ki, yalnız çoxdan fikrində dolaşan planlar həyata keçsin. Planlarını işləyib hazırlayarkən fikrinin hansı yollardan keçib getdiyini anlamaq mümkünsüz olduğundan, belə gözlənilməz dərketmənin təməli özü özündədir. Gözlənilməz verilən qərarların müvəffəqiyyət qazanma şansı daha çoxdur, nəinki sonsuz olaraq düşünülüb daşınılmış qərarların.
İndi isə cəmi bir məsələ qalırdı – planının həyata keçirilməsi vaxtını təyin etmək. Dərədən çıxmaq üçün ən rahat vaxt gündüzdür – bu vaxt qadın yatır. Bu, artıq həll olunub. Lakin işıq ikən kəndin içi ilə getmək yaramaz. Yəqin ən yaxşısı budur: qadın oyanmamışdan bir qədər əvvəl yuxarı çıxmaq, etibarlı yerdə gizlənmək və günün batmasını gözləyib, kənddən uzaqlaşmaq. Ay çıxana qədər qaranlıqdan istifadə edib, kifayət qədər asan yolla avtobusların hərəkət etdiyi şosseyə çıxmaq olar.
Bütün bu vaxt ərzində kişi qadından ərazinin relyefi və kəndin tutduğu mövqe barədə söz almağa çalışırdı. Dənizin kənarında yerləşsə də, bir dənə olsun balıqçı gəmisi olmayan kənd necə dolanır?.. Nə vaxtdan qadın belə vəziyyətə düşüb?.. Kənddə ümumiyyətlə nə qədər adam yaşayır?.. Kim və harada zanbaq əkib becərir?.. Uşaqlar məktəbə hansı yolla gedirlər?.. Kənd haqqında bu yolla əldə etdiyi məlumatları, kəndi öz gözlərilə gördüyü və yayğın yadında saxladığı o yeganə günün xatirələrini fikrən də olsa cəmləyib, ərazinin təxmini planını cıza bildi.
Əlbəttə, qaçışını kəndin içi ilə deyil, onu yandan ötərək həyata keçirə bilsəydi, ideal olardı. Lakin qərb tərəfdən yolu sıldırımlı burun kəsirdi, bura çox da hündür olmasa da, min illər boyu sinəsini gəmirən dalğalar onu üst – üstə qalanmış dik qayalara çevirmişdi. Düzdü, orada kənd əhlinin çırpı yığmağa gedəndə dırmaşdığı cığırlar var, amma həmin cığırlar kol – kosun arasında itib batıb və onları axtarıb tapmaq elə də asan deyil. Həddən artıq zəhlətökən sorğu – suallar isə qadını şübhələndirə bilərdi. Kəndin şərqində isə təxminən on kilormetr uzunluğunda ins – cinsin yaşamadığı, qum təpələri ilə haşiyələnmiş körfəz quruya daxil olmuşdu. Həmin körfəz kəskin dönüş edib demək olar ki, lap kəndə bitişirdi. Beləliklə, kənd sanki boğazı dik qayalar və körfəzlə sıxılmış qum kisəsinin içində yerləşir. Buna görə də sərsəri kimi gəzib vaxt itirmək və bu tiplərin səni təqib etməsinə şərait yaratmaqdansa, mərkəzdən cəsarətlə yarıb keçməyi həyata keçirmək daha təhlükəsiz olardı.
Lakin bütün bunlar hələ o demək deyil ki, məsələ tam həll olunub. Elə götürək bu başıbəlalı yanğınsöndürmə qülləsindəki gözətçini. Bundan əlavə, qadının onun qaçdığını görüb, səs-küy qaldıracağından və kənddən çıxış yollarının o, oranı tərk etməmiş qapadılacağından ehtiyatlanmaq lazımdır. Ola bilsin son nəticədə bu iki məsələni birində cəmləmək oldu. İlk qumdaşıyanlar dəstəsi su və qalan vacib şeyləri gün batandan sonra gətirirlər. Və əgər qadın qumdaşıyanlar gələnə kimi onun itməsi barədə xəbər vermək istəsə, bunu yalnız yanğınsöndürmə qülləsindəki gözətçinin vasitəsilə edə bilər. Buna görə də məsələ ora gəlib çıxırdı ki, gözətçinin işi necə olsun.
Xoşbəxtlikdən bu yerlərdə, görünür temperaturun kəskin dəyişməsi səbəbindən, gün batmazdan qabaq təxminən yarım saat, bəzən də düz bir saat müddətində yeri yüngül duman örtür. Bu ona görə baş verir ki, qumun tərkibindəki çox zəif istilik tutumu olan silisium turşusu gün ərzində canına çəkdiyi istiliyi çox tez buraxır. Qüllədən baxanda bütün bu ərazi ona, yəni qülləyə nəzərən işığın əks olunma bucağı altında yerləşir və ən zəif duman belə gözətçi üçün arasından heç nə görünməyən qalın ağ örtüyə çevrilir. Srağagün buna bir daha əmin oldu. Dənizə baxan tərəfdən yarğanın altında bir müddət nə barədəsə işarə verirmş kimi dəsmal yellədi, lakin güman etdiyi kimi buna heç bir reaksiya verilmədi.
Planını bu barədə ağlına gələn ilk gündən dörd gün sonra həyata keçirməyə qərar verdi: əl-üz yumaq üçün su gətirildiyi şənbə axşamını seçdi. Qaçışdan əvvəlki gecəni özünü xəstəliyə vurdu ki, doyunca yata bilsin. Hətta ehtiyat tədbiri kimi necə etdisə, onu aspirin içməyə belə məcbur etdilər. Görünür, dərman həbləri uzun müddət xırdavat dükanının uzaq künc-bucağında atılıb qalmışdı – rəngini tamam itirmişdi. O, üstündən araq içməklə iki həb qəbul etdi və nəticə özünü çox gözlətmədi. Qadın işini bitirib qayıtmayınca heç bir səs-küy eşitmədi – yalnız bir dəfə qum dolu səbətin necə qaldırıldığını eşitdi.
Uzun fasilədən sonra qadın yenə tək işləməli oldu və o, yorğunluqdan ayaq üstə güclə dayanırdı. Qadın onsuz da gecikmiş xörəyi hazırlayana kimi kişi tənbəl-tənbəl ordan-burdan çərənləyirdi – məsələn deyirdi ki, çoxdan sıradan çıxmış əl-üzyuyanı təmir etmək pis olmazdı. Qadın onun sağlamlığına zərər vurar deyə pərtliyini üzə vurmurdu və yəqin ki, onun eqoizminin artıq buralarda kök atması sübutu kimi qəbul edirdi. Bir iş görəndən sonra hər adam yuyunmaq istəyir. Xüsusən də adamı yuxudaykən tərləmiş dərisinə yapışan qum qıcıqlandırır… Bu gunsə xoşbəxtlikdən yuyunmaq üçün su gətirilən gündür və elə qadının özü üçün də onu çimizdirməkdən ləzzətli heç nə ola bilməz, yəqin bu gün o, üzüyola olacaq.
Qadın onu yuyundurmaqdaykən qəflətən həvəsə gəldi və qadının kimanosunu dartıb, əynindən çıxardı. O da qadını yuyundurmaq istəyirdi. Qadın çaşqınlıq və intizar içində yerində donub qalmışdı. Sonra isə etiraz edirmiş kimi əlini qaldırsa da, əslində konkret nəyə etiraz etdiyi qaranlıq idi. Kişi tələsik onun üstünə bir parç isti su axıtdı və kisəsiz, sabunlu əlləri ilə qadının bədənini sürtməyə başladı. Əlləri onun boynundan çənəsinə, çiyinlərinə sürüşürdü və biri tezliklə qadının döşünə çatdı. Qadın astadan qışqıraraq ona sıxıldı. Qadın gözləyirdi. Lakin kişi ləngiyirdi. Onun əlləri hələ də qadının bədənində dolaşırdı.
Nəhayət, qadının ehtirası ona da keçdi. Lakin birdən onu nəsə anlaşılmaz bir kədər hissi bürüdü. Qadın daxildən gələn işıqla büsbütün işıldayırdı – sanki içində işıldaquşlar yanırdı. İndi ona xəyanət etmək – ölümə məhkum edilmişin qaçmağına şərait yaradıb, elə o anda da arxadan güllə ilə vurmaq kimi bir şey olardı. O, yenidən oyanmış ehtirasını qamçılayaraq, coşmuş halda qadının üstünə atıldı. Lakin hər bir ehtirasın sərhədi var. Belə səbirsizliklə nəvaziş gözləyən qadın əvvəlcə kişinin coşmasından qorxdu və o, həvəsini artıq ödəyibmiş kimi halsız düşdü. Sonra isə xəyalını müxtəlif riskli situasiyalarla həyəcanlandıra-həyəcanlandıra, qadının döşlərini öpə-öpə, sabundan, tərdən və qumdan az qala maşın yağıyla dəmir ovuntuları qarışıq bir şeylə örtülən bədəninə əzab verə-verə yenidən özünü qızışdırmağa başladı. O, beləcə lap iki saat da davam etməyə hazır idi. Nəhayət qadın ağrıdan hətta dişlərini qıcırdaraq çömbəldi. Kişi qadının üstünə atıldı… Bir anda hər şey bitdi. Kişi qadının sabunlu bədənini yumaq üçün üstünə su tökməyə başladı, sonra isə güclə də olsa içində üç dənə aspirin həbi həll edilmiş araq içməyə məcbur etdi. İndi qadın lap gün batanadək, hələ bəxti gətirsə, qum daşıyanların qışqırığı onu oyadanədək bərk yuxuya gedəcək.
Qadın burnuna kağız tıxac tıxayıbmışlar kimi yuxuda fısıldayırdı… O, rahat nəfəs alırdı. Kişi yüngülcə onun pəncəsinə toxundu, lakin qadın heç tərpənmədi də… İçərisindən hissiyatı sıxılıb çıxarılmış boş tübik. O, qadının üzünü örtən yaylığı düzəltdi və kəndir kimi burulub, yuxarı çəkilmiş kimanonu aşağı, dizlərinə tərəf çəkdi. Xoşbəxtlikdən başı son hazırlıq işlərinə qarışmışdı və yersiz həssaslıq göstərməyə vaxtı yox idi. Köhnə qayçının üstündə cadugərliyini bitirdikdən sonra, lazımi an gəlib yetdi. Axırıncı dəfə qadına baxanda, gözlədiyi kimi, ürəyinin sıxıldığını hiss etdi.
Dərənin divarlarına, yuxarıdan təxminən bir metr aşağıya zəif işıq düşürdü. Hesabnan yeddinin yarısı olardı – yeddyə iyirmi dəqiqə qalardı. Əsl vaxtdır. O, qurumuş kürəyini düzəltmək məqsədilə var gücü ilə qollarını arxaya atdı və bir neçə dəfə boynu ilə idman hərəkəti etdi.
Əvvəlcə dama qalxmaq lazımdır. Ən yaxşısı əşyanı qırx beş dərəcəyə yaxın bucaq altında tullamaqdır. O, kəndirlə dama çıxmağı yoxlamaq istədi, amma ürək etmədi – dama dəyən qayçının səsi qadını oyada bilərdi. Buna görə də yaxşı olar ki, bu eksperimentdən imtina etsin və evin başına dolanıb, haçansa altında pal-paltar qurudulan yarıuçuq talvarın köməyi ilə dama çıxsın. Nazik dördkünc tirlər demək olar ki, çürümüşdü və bu onu qorxudurdu. Lakin ən qorxulusu hələ qabaqda idi. Havada uçuşan qumla pardaxlanmış dam örtüyünün ağ taxtaları təptəzəymiş kimi parıldayırdı. Lakin ora çıxan kimi damın biskivit kimi yumşaq olduğu üzə çıxdı. Uçulsa, həngaməyə bax da. Yerə sərilərək, ehtiyatla üzüyuxarı sürünməyə başladı. Nəhayət lap hündürə çatıb, dizi üstə qalxdı. Artıq damın yuxarısna da kölgə düşürdü və qərb tərəfdən dərənin qırağındakı, xarlanmış bal rəngində olan qum dənələrinin apaydın görünməsi dumanın enməsinə işarə edirdi. İndi qüllədəki keşikçidən qorxmamaq da olardı.
Sağ əli ilə kəndirin qayçı bağladığı yerindən təxminən bir metr aşağı hissəsindən tutaraq, səbətləri qaldırmaq üçün blok kimi istifadə edilən kisələrə tərəf tuşlayıb,başı üstündən fırlamağa başladı. Əgər onlar kəndir nərdivana dözürlərsə – deməli, kifayət qədər möhkəm basdırılıblar. O, get-gedə kəndiri daha bərk fırlatmağa başladı, sonra isə nişan alıb atdı. Lakin kəndir əks istiqamətə uçdu. Düzgün hesablamamışdı. Qayçı çevrəyə toxunan xətt üzrə uçmalıdır; buna görə də kəndiri əlindən, o, hədəfə nəzərən düz bucaq altında olanda və ya buna bir an qalmış buraxmaq lazımdır. Hə, dübbələndüz!.. Heyf, bu dəfə qayçı yarğanın ortasına dəyib, aşağı düşdü. Görünür, fırlanmanın sürəti və qalxma bucağı kifayət etmədi.
Bir neçə cəhddən sonra o, nəhayət ki, məsafə və istiqaməti dəqiq təyin etdi. Düzdü, müvəffəqiyyətə hələ çox vardı. O, hətta ən kiçik ümidverici əlamət belə olsaydı, sevinərdi. Lakin hələlik onun müvəffəqiyyətə yaxınlaşdığına oxşamırdı, – əksinə, yorğunluq və əsəbilik uğurdan uzaqlaşdırır, uzaqlaşdırırdı. Bəli, bütün bunlar əvvəlcə ona çox sadə görünürdü. O əsəbiləşir, acıqlanır və ağlmağa belə hazır idi, baxmayaraq ki, heç kim onu ümidvar etməmişdi.
Axı deyəsən, imkanın cəhd sayına düz mütənasib olduğunu deyən ehtimal nəzəriyyəsi heç də boşuna danışmır. Və o, allah bilir, artıq neçənci dəfə elə belə, heç bir ümidi olmadan kəndiri atanda, o, yəni kəndir gözlənilmədən düz kisələrin üstünə düşdü. Kişinin ağzı açıq qaldı, yerində dondu. Ağzını dolduran su axmağa başladı. Lakin sevinmək hələ tez idi… onun əlində hələlik ancaq lotoreya bileti almaq üçün pul var idi… Bilet udacaq, ya udmayacaq – gələcək göstərər. Elə bil onun hər bir siniri kəndirə bağlanmışdı. Ehtiyatla, sanki hörümçək sapı ilə ulduzu çəkirmiş kimi kəndiri özünə tərəf çəkdi.
Müqavimət hiss etdi. Əvvəlcə buna inanmağı gəlmədi, lakin kəndir həqiqətən də yerindən tərpənmədi. Daha da bərk çəkdi… Gərilərək gözləyirdi – indilərdə qırılacaq… Lakin artıq heç bir şübhə yeri yox idi. Qarmağa çevrilmiş qayçı kisələrə möhkəm ilişmişdi. Bəxti gətirdi!.. İlahi, necə də gətirdi!.. Elə bu dəqiqələrdən hər şey yaxşı getməyə başlayacaq! Hökmən!
Kişi cəld damdan düşüb, indi rahat-rahat aşağı sallanıb, qum divarını kəsən kəndirin yanına qaçdı. Bax orda, orda yerin üstüdür… İnanılmaz dərəcədə yaxında… Sifəti gərilmiş, dodaqları əsirdi. Heç şübhəsiz Kolumb yumurtası bişmiş olub. Lakin yumurtanı həddən artıq bişirsən, hər şeyi korlayarsan.
Kəndirdən yapışıb, bütün ağırlığıyla ondan sallandı. Və o dəqiqə kəndir rezin kimi uzanmağa başladı. Qorxudan büsbütün tərlədi. Xoşbəxtlikdən kəndir təxminən otuz santimetr gərildikdən sonra, daha uzanmadı. O, yenidən kəndirdən sallandı. Bu dəfə narahatlıq üçün əsas yox idi. Ovuclarına tüpürüb, kəndiri ayaqları ilə tutdu və yuxarı dırmaşmağa başladı. O, oyuncaq meymun oyuncaq palmaya dırmaşan kimi dırmaşırdı. Ola bilsin ki, həyəcandan – alnının təri soyuq idi. Kişi qum üstünə töküliəsin deyə, divara toxunmadan, yalnız kəndirin köməyi ilə yuxarı dırmaşırdı deyə, bədəni fırlanırdı. Hər şey onun gözlədiyindən qat-qat ləng gedirdi. Yerin cazibə qüvvəsi həqiqətən də çox dəhşətli şeydi. Bəs bu titrətmə hardan çıxdı? Qolları onun iradəsindən asılı olmayaraq hərəkət edirdi, elə bil özü-özünü yuxarı atırdı. Əgər zəhərlə dolu qırx altı günü xatırlasaq, burda qəribə heç nə yox idi. O, bir metr qalxanda, dərənin dibi yüz metr dərinə getdi, iki metr qalxanda isə – ən azı iki yüz metr uzaqlaşdı. Dərinlik artırdı, nəhayət başgicəlləndirici uzaqlıqda oldu… Yorulub əldən düşmüşdü… Aşağı baxmaq lazım deyil!.. Lakin budur, artıq yerin üstü… Üstündə azadə hara istəsən, lap dünyanın axırına da gedə biləcəyin yollarla dolanmış yer… O, yerin üstünə çatanda burda nə baş vermişdisə, hər şey cib dəftərçəsinin səhifələri arasında qurudularaq xatirə kimi saxlanan kiçik gül ləçəklərinə çevriləcək… Zəhərliləri də, yırtıcıları da – bütün bunlar nazik, yarımşəffaf, rəngbərəng kağız qırıntılarına çevriləcək, sən də onları işığa tutub, rahatca evində çay iç – o, bunlarla bağlı olan hər şey haqqında danışmaqdan zövq alacaq.
Elə bu səbəbdən də onda qadını nədəsə günahlandırmaq həvəsi tamam itdi. Zəmanət vermək olar ki, qadın ləyaqətliliyi ilə seçilmirdi, lakin fahişə də deyildi. Qadına zəmanət məktubları tələb olunarsa o, bunu sevinə-sevinə edər – neçəsini istəsən, lap on dənəsini. Lakin məndən ancaq və ancaq hər iki istiqamətə alınan o bircə biletlə yapışan bu qadın necə də sadəlövhdür. Axı hətta bilet elə həmin biletdirsə də, yola düşmə nöqtəsi müxtəlifdirsə, təbiidir ki, çatma nöqtəsi də müxtəlif olacaq. Onun geriyə biletinin qadın üçün əks istiqamətdə olacağında təəccüblü heç nə yoxdur.
Tutaq ki, qadın hər hansı bir səhvə yol verib… Amma axı səhv – elə səhvdir, başqa bir şey deyil.
…Aşağı baxma! Aşağı baxmaq olmaz!
Alpinist, pəncərətəmizləyən, televiziya qülləsindəki montyor, sirk gimnastı, elektrik stansiyasının hündür bacasındakı bacatəmizləyən – onlardan hər hansı birinin aşağı baxması kifayət edər ki, yerə yıxılsın.