Horikava kimi işıqlı, nəcib birisini tapmaq qeyri-mümkündür, əvvəllər müşgül idisə, bundan sonra, ümumiyyətlə, çətin ki, tapılsın. Deyilənlərə görə, o, anadan olmamışdan qabaq anasının başı üstündə Müqəddəs Dayitoku (Dayitoku Myoo “Heyrətamiz güc və yenilməzlik” rəmzi kimi, Buddizm təlimini müdafiə edən beş müqəddəsdən biri hesab olunur; altı sifəti, altı əli, altı ayağı olan bu məxluq odun ağzında dayanan ağ öküzün tərkində durub, əlində isə qılınc, üçbaşlı əsa, toppuz və çarx var, pislik və xəstəliyə müqavimət göstərib onu məhv etməyə çalışan bir təsvir yaradır) peyda olur. Həqiqətən, o, anadan olanda adi uşaqlara oxşamırdı. Bir dəfə də olsun yadıma gəlmir ki, o, nəsə edəndə bizi heyrətləndirməsin. Lap çayın o tayındakı sarayına baxmaq kifayətdir ki, Horikavanın nə qədər əzəmətli olduğunu görəsən. Biz bunu öz sadə təfəkkürümüzlə dərk etməkdə çətinlik çəkərik.

İnsanlar onun əzəmətini Çin imperatorları Şi Huanqdi və Yandi (Şi Huanqdi – Tsin sülaləsinin yaradıcısıdır, b.e.ə. 256-210-cu illərdə hakimiyyətdə olub; Yandi – Suy sülaləsinin yaradıcısıdır, hakimiyyət illəri 605-617-ci illər) ilə müqayisə edirlər, lakin onlar tarixdə öz zalımlıqları ilə seçiliblər və Yandi həm də inanılmaz dərəcədə əxlaqsız olub. Yox, heç bu müqayisə də onu təsvir etmək üçün yetərli sayılmaz, bu, korun əli ilə fili hiss etməsinə bənzədi lap…

Əlahəzrət təkcə özü barədə deyil, həm də öz şan-şöhrətini düşünərdi. O çalışırdı şan-şöhrəti onun şəxsiyyətini üstələməsin. Bununla yanaşı, bütün ətrafındakılarla birgə öz ürəyinin böyüklüyünə sevinirdi.

Əlahəzrət, hətta Nico sarayında olanda da, gecə qəddar ruhlar qarışıqlıq yaratdılar, amma heç bir pis şey baş vermədi. Hətta sadaycin (sadaycin – hökumətdə və saray əyanları içərisində yüksək rütbələrdən biridir) Torunun ruhu (Minamoto-no Toru (822-895) – ruhunun dolaşması ilə bağlı qədim povestlərdə xatırlanılır) deyilənlərə görə, hər gecədən gecəyə Üçüncü Şərq küçəsindəki Kavarain sarayında gəzişirmiş. Bu saray Miçinokuda Şioqamanın (Miçinoku – Honşu adasının şimal-şərqində qədim əyalətlərdən birinin adıdır. Şioqama özünün dənizsahili görüntüləri ilə cəzbedicidir) gözəlliklərini əks etdirən məşhur saraydır və əlahəzrət bu sarayda həmin ruha qışqırmağıyla ruh oranı tərk etdi. Bax elə ona görə də, şəhərdə hər kəs; istər yaşlı, istər cavan, istər kişi, istərsə də qadın onun haqqında elə danışırdılar ki, sanki, söhbət dirilmiş buddadan gedirdi. Bir dəfə də gavalı ağaclarının çiçəklədiyi gün, bayramlaşma mərasimindən saraya qayıdanda yolda əlahəzrətin cəng arabasına qoşulmuş öküzlər bir qocanın üstündən basıb keçir və qoca səssizcə dayanır, hətta təşəkkür də edir ki, nə yaxşı əlahəzrətin öküzləri onun üstündən keçdilər.

Ona görə də hələ uzun illər hər yerdə əlahəzrətin haqqında çox söhbətlər danışılacaq: Qonaqlara otuz ağ at hədiyyə etməsi, Naqara körpüsünün tikilməsi zamanı öz sevimli yeniyetmə oğlunu qurban verməsi (burada adətə görə, qədim Yaponiyada tikilməsi nəzərdə tutulan hər hansı bir körpü və ya binanın özülünün qoyulmasında insan qurbanının verilməsindən bəhs edilir), bundan başqa, çinli monaxa budunda əmələ gələn çibanı necə çərtmək lazım olduğunu göstərməsi… Hamısını bir-bir yada salsaq, sayı-hesabı itirərik! Bütün bu hekayələrin içərisində ən qorxulusu əlahəzrətin evində indinin özündə də ən qiymətli əşya sayılan “Cəhənnəm iztirabları” şəklinin öz şirmaları (şirma üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən arakəsmədir və tarix boyunca Yaponiya incəsənətində rəssamlar şəkli ipək, həmçinin, iki və ya çoxtaylı ipək şirma üzərinə çəkərdilər) ilə birlikdə necə meydana gəlməsidir. Hətta dünyada heç bir qüvvə əlzahəzrəti pərişan edə bilmədiyi halda, bu hadisə onun qəlbini titrətmişdi. Ona qulluq edən bizlər isə çox çətinliklə sağ qala bildik – bu haqda heç bilmirəm nə deyim… Əlahəzrətin otuz il qulluğunda duran biri kimi onu deyə bilərəm; mən bu hadisəyə qədər ömrümdə belə dəhşətlə qarşılaşmamışdım.

Hekayəmə keçməzdən əvvəl sizə “Cəhənnəm iztirabları”nı şirma üzərində təsvir edən usta-rəssam Yoşihide haqqında danışmağı lazım bildim.