***

Gecəyarısı idi. Qaranlıqda ağacların arası ilə axan kiçik çayların səsindən başqa bir şey eşitmək çətin idi. Bir də hər dəfə xəfif külək əsəndə məşəlin tüstüsü və hisinin iyi ətrafa yayılırdı. Əlahəzrət bir müddət sakitcə bu sehirli mənzərəyə daldı və qəfildən qarşı tərəfə səsləndi:
– Yoşihide!
Rəssam yerindən mızıldandı, amma nəsə eşitmək mümkün olmadı.
– Yoşihide, bu gün sən arzuladığın kimi karetə od vurub yandıracağıq.
Əlahəzrət ona tərəf yaxınlaşanlara gözücü diqqət yetirdi. Bu anda hər kəsin simasında mənalı baxışlar və təbəssüm müşahidə olundu, ya da mənə elə gəldi. Yoşihide kirimişcə başını qaldırıb karetə baxdı və susdu.
– Diqqətlə bax, bu karet mənim əvvəllər gəzdiyim karetdir, yəqin sən onu xatırlayırsan. Mən indi onu yandıracağam və sən öz gözlərinlə cəhənnəm alovunu görəcəksən. – Əlahəzrət yenidən susdu və ətrafdakıları bir daha nəzərdən keçirdi. Birdən kobudcasına:
– İçərisində əli-qolu bağlı günahkar qadın oturmuşdur. Və bu, o deməkdir ki, karet alışıb-yananda onun sümükləri yanıb kömürə dönəcək, həm də dəhşətli əzabdan məhv olub öləcəkdir. Sənin rəsmin üçün bu, təkrarolunmaz mənzərədir, yaxşı izlə, gör onun ağ dərisi şam kimi necə əriyib töküləcək. Alovun qığılcımından yanıb külə dönəcək qara saçlarına da nəzər sal.
Əlahəzrət yenə susdu və nəyisə xatırlayıb içində qəh-qəhə çəkdi, yalnız çiyinləri tərpəndi və:
– Bu dəhşəti ömrünün sonuna qədər unuda bilməyəcəksən, mən də izləyəcəyəm. Hə, bir qaldırın pərdəni, qoy Yoşihide içəridə kimin oturduğunu görsün!

Bunu eşidən qulluqçulardan biri karetə yaxınlaşıb bir əli ilə pərdəni dartdı. Məşəlin alovu karetin içini yaxşıca aydınlaşdırdı. İçəridə zəncirlənmiş qadın oturmuşdu… necə səhv salmaq olardı ki?! Əynində basma gülləri olan ipək paltarı və qara, uzun saçları dalğalanırdı. Geyimindən kimliyini bilmək çətin olsa da, nazik, uzun boğazından, xırda bədənindən, həmçinin, qüssəli sifətindən tanımaq olurdu… Bu, Yoşihidenin öz qızı idi. Mən özümü güclə saxladım, az qalsın qışqıracaqdım. Bu anda həmin pəhləvan Yoşihideyə yaxınlaşaraq sərt baxışlarını onun üzərində saxladı. Yoşihide qızını görəndə ağlını itirmək dərəcəsinə gəldi. O, oturduğu yerdən sıçrayıb karetin üzərinə hoppanmaq istədi. Təəssüf ki, məndən uzaqda olduğu üçün üzündəki ifadəni görə bilmirdim. Yoşihidenin ağappaq olmuş bədəni tüstünü yararaq gözlərimin önündə dayandı. Əlahəzrət “yandırın!” əmrini verən kimi məşəllər karetə doğru uzandı və kareti alov bürüdü.