***

İnilti səsləri getdikcə çoxaldı və qırıq-qırıq səslərlə əvəz olundu, elə bil kimsə suda boğulur və imdad istəyirdi.
– Sən nə istəyirsən? – Gəl yanıma. – Hara gəlim? – Cəhənnəmə gəl. Odlu-alovlu cəhənnəmə! – Axı sən kimsən? Mən kiminlə danışıram, kimsən sən? – Səncə kim olaram?
Tələbə qeyri-ixtiyari əlindəki işini dayandırdı və ustaya tərəf boylandı; qocanın qırışmış üzündə tər damcıları yaranmışdı, ağzı aralı qalmış və rəngi ağarmışdı. Dili ağzında yeyin-yeyin çevrilirdi. Kəsik-kəsik səslər qopub tökülürdü.
– Sən necə düşünürsən? – Hə, bu, sənsən. Mən bilirdim ki, bu, sən olarsan. Sən məni aparmağa gəlmisən? – Sənə deyirəm gəl cəhənnəmə. Cəhənnəmə gəl! Cəhənnəmə… – Cəhənnəmdə məni qızım gözləyir.
Birdən tələbəni vahimə basdı və ona elə gəldi ki, şirmadan qarabasma şəklində kölgələr sürüşüb çıxdılar. Bu anda tələbə Yoşihidedən möhkəmcə yapışıb bütün var gücüylə onu silkələməyə başladı, lakin o, yuxudan oyana bilmir və öz sayıqlamağında idi. Tələbə fırçaları yumaq üçün qoyulan suyu ustanın üzərinə əndərdi.
– O qız səni gözləyir, arabaya otur… sənə dedim əyləş və cəhənnəmə gəl…
Deyilən sözlər yenə də iniltiyə çevrildi, elə bil, onu boğazından sallaşıb boğurdular. Birdən Yoşihide sıçrayıb yerindən qalxdı, sanki, ona isti şiş batırdılar. Göz qapaqları yumulu qaldı və sonra gözlərini açıb düz qarşı tərəfə baxdı, bir müddətdən sonra kobud şəkildə tələbəyə sarı:
– Mən artıq yaxşıyam, get işinlə məşğul ol!
Ustanın xasiyyətinə yaxşı bələd olan tələbə heç bir dəqiqə eçmədən otağı tərk etdi və Yoşihide yenə də dərin yuxuya getdi.
Həmin hadisədən bir ay keçmiş Yoşihide ağzında fırçanı dişləyə-dişləyə başqa tələbəni yanına, otağa çağırdı. Tələbə otağa daxil olanda qəfildən ona tərəf çevrilərək:
– Qulaq as, səndən bir xahişim var, soyun, lüm-lüt ol!
Belə hadisələr əvvəllər də təkrarlandığı üçün tələbə özünü itirmədən, tez-tələsik təpədən-dırnağacan soyundu. Yoşihide ağız-gözünü büzüb soyuqqanlı şəkildə:
– İstəyirəm əl-qolu zəncirlənmiş adamın obrazını yaradasan, qoy bir az da səni zəhmətə salım. Mənim xahişimi yerinə yetirsən əla olardı. – dedi.
Bu oğlanın bədəni çox yaxşı formada olduğu üçün ona daha çox əldə qılınc tutmaq yaraşardı, nəinki fırça.

Sonra Yoşihidenin davranışı oğlanı bərk qorxudub. Oğlan elə bilib ki, ustanın başına hava gəlib və onu öldürmək istəyir. Tələbənin həmin ankı qətiyyətsizliyi ustanı hövsələdən çıxardıb. Əlindəki incə zənciri bura-bura, cəld hərəkətlə oğlanın üstünə tullanaraq çiyinlərindən yapışıb və yerə yıxaraq əllərini birləşdirmək istəyib ki, bağlasın. Tələbə də özünü itirərək şappıltıyla yerə yıxılıb.