***

Karet yanmağa başladı. Küləyin təsirindən şiddətlənən alovdan karet yandıqca qadının paltarının qolu, qızıl bəzəkli əşyalar, pərdə əriyib tökülməyə başladı. Bundan qorxunc heç nə ola bilməzdi! Alovun dilləri karetin gövdəsini sarmışdı və az qalsın səmaya qalxırdı. Elə bil günəşin özü yerə düşüb parçalanmışdı. Mən əvvəlcə qışqırmaq istəyirdim, bir az da keçəndən sonra həyəcandan ürəyim ağzıma gəlmişdi. Yoşihide isə…

Yoşihidenin o andakı simasını hələ də unuda bilmirəm. O, birinci karetin üstünə qaçıb qızını xilas etmək istəsə də, tüstü onu geriyə çəkilməyə məcbur etdi. Bərəlmiş gözləri, əyilmiş ağzı, yana dartılmış yanaqları, bir sözlə, bütün dəhşət və qorxudan yaranmış üz cizgiləri alovun işığında yaxşı əks olunurdu. Yüz cinayət törətmiş günahkarın belə edam qabağı sifətində bu cür ifadəni görə bilməzdiniz. Pəhləvanın da rəngi qaçmışdı və əlahəzrətə tərəf boylanırdı.

Əlahəzrətin arada dodaqlarını dişləyir və karetdən gözünü çəkmirdi. İçindəki dəhşəti, baş verənləri isə danışmaq çətindir mənə. Tüstüdə itib-batan qadının görkəmini izləmək isə… Uzun qara saçları, bəzəkli paltarı hamının gözü önündə əriyirdi. Külək tüstünü yırğaladıqca qadının ağzına bağlanmış ipi gəmirib qoparmaq istəməsi və çapalayıb xilas olmaq niyyəti açıq görsənirdi. Mən daxil olmaqla həmin pəhləvana qədər, orada dayanan hər kəsin tükləri biz-biz dayanmışdı, budur, cəhənnəm iztirablarını öz gözlərimizlə müşahidə edirdik!

Birdən qara nəsə bir şey xəncər kimi göydən hoppanaraq karetin üstünə sancıldı. Bu, sarayda qaçmasın deyə bağlanmış meymun Yoşihide idi. O, qıza qısınaraq qışqırmağa başladı.