***

Yoşihide kameristka vəzifəsində çalışan yeganə qızını çox sevirdi. Mən artıq bu qızın çox nəzakətli, yaxşı qız olduğu haqqında danışmışam və əgər desəm ki, heç məbədə ianə verməyən Yoşihide qızının geyiminə, saç düzümünə pul xərcləyirdi, bu, ağ yalan olar. Bir sözlə, onun qızına olan sevgisi yalnız onu əzizləmək idi, qızı üçün yaxşı ər seçmək, axtarmaq heç ağlına gəlməzdi. Əksinə, kimsə onun qızını gözaltı eləsəydi, həmin adamı öldürməkdən ötrü lazım olsa, başkəsən də tutmağa hazır idi. Ona görə də eşidəndə ki əlahəzrət onun qızını kameristka təyin eləyib, əlahəzrətə qaşqabaq tökməyə başladı. Əlahəzrətin, guya, gözəlliyinə aşiq olaraq qızı atasının razılığı olmasa belə sarayda saxlamaq istəməsi kimi dedi-qoduların yaranmağı elə buna görə idi. Deyilənlərin bəzisi yalan olsa da, Yoşihidenin öz qızını çox sevməsi və ona saraydan getməsi üçün icazə verilməsini dəfələrlə xahiş etməsi isə doğru idi.

Bir dəfə əlahəzrətin sifarişi ilə gənc Moncunun (Moncu – buddizmdə müdriklik ilahəsi hesab olunur- tərc.) sifət quruluşunu o qədər uğurlu təsvir etmişdi ki, əlahəzrət çox məmnun olaraq lütfkarlıqla üzünü ona tutub:
– Mükafat olaraq nə istəsən sənə verməyə hazıram, de, utanma.
– Siz nə düşünürsüz? – Yoşihide cəsarətlə cavab vermişdi. – Xahiş edirəm mənim qızımı azad edin!

Başqa sarayları deyə bilmərəm, amma Horikavanın sarayında xidmət edənlərə o qədər çox qayğı göstərilirdi ki… Axı harada bu dərəcədə axmaq təmənnada bulunan insan tapılardı? Görünür, bu söz əlahəzrətə çox toxundu, o, bir qədər də sakit dayanaraq fikrə getdi və sonra qəfildən: – Mümkün deyil – deyib ayağa qalxdı. Sonralar bu cür hallar tez-tez təkrarlanardı. Getdikcə əlahəzrətin Yoşihideyə olan münasibəti də soyumağa başladı. Atasına görə narahat olan qız tez-tez kameristkalar üçün ayrılmış otağa qapılaraq acı-acı gözünün yaşını axıdardı. Elə əlahəzrətin Yoşihidenin qızına aşiq olması barədə gəzən söz-söhbətlər də heç səngimək bilmirdi. Bəziləri hətta deyirdilər ki, şirma üzərindəki “cəhənnəm iztirabları” təsviri qızın əlahəzrətə “yox” cavablarının təsirindən yaranmışdı, lakin bu, belə deyildi.

Yadımda qalan budur ki, əlahəzrət gənc qızın taleyinə acıdığı üçün onu buraxmaq istəmirdi. O, qızın taleyini bu cür inadkar atanın ixtiyarına buraxmaqdansa, azad yaşaya biləcəyi sarayda qalmağını daha üstün tuturdu. Əlbəttə, bu, onun qıza olan mərhəmət və qayğısı idi. Əlahəzrətin şəhvət düşkünü olması barədə gəzən söhbətlər isə uydurmadan başqa bir şey deyildi.

Qızına görə gözdən düşən Yoşihide əlahəzrətin sifarişi ilə saraya dəvət olunur və ona “cəhənnəm iztirabları”nı çəkmək həvalə edilir. Əlahəzrət niyə belə qərara vermişdi, onu anlamıram.

Bunu demək lazımdır, “cəhənnəm iztirabları” təsvir edilmiş şirma o qədər qorxunc şəkildir ki, gözlərimin önündən getmək bilmir. Başqa cəhənnəmləri təsvir etmiş rəssamların əsərlərini Yoşihideninki ilə müqayisə edəndə o dəqiqə anlamaq olur ki, bu rəsm tərtibatına görə tamamilə fərqlidir. Layın bir hissəsində, kənarda xırda şəkildə on nəfər knyazın təsviri var, şəklin qalan böyük hissəsində parlaq alov o qədər şiddətli təsvir olunub ki, elə bil, nəhəng dağ boyda dərd dilə gəlib alışıb-yanır və bıçaq da artıq sümüyə dirənib. Ləkəyə bənzər, sarı və ya göy rəngdə olanlar isə yalnız cəhənnəm qullarının əynindəki paltarların təsviridir, qalan hissə isə alovun dilləri arasından ətrafa səpələnən qaynar qığılcımlardan və qara tüstünün azğın şəkildə burularaq çıxmasından ibarətdir.

Burada fırçanın gücünün insanın nəzərini çaşdırmasında bir şey də var, o da günahkarların odun içində qıvrılmasıdır, cəhənnəmə aid çəkilən adi şəkillərdə belə görüntüyə rast gəlmək çətindir. Yoşihidenin günahkar qismində təsvir etdiyi insanlar müxtəlif təbəqənin insanlarıdır; ən yüksək ali məmurdan tutmuş ən kasıb insana qədər… Yüksək mənsəb sahibləri saray mundirində, gözəl xanımlar ipək paltarda, budda kahinləri özlərinəməxsus geyimdə, gənc kənizlərin ayağında asida (taxtadan düzəlmə ayaqqabı), yeniyetmə qızlar uzun qapalı libasda, falabaxanlar isə öz tərzlərinə uyğun şəkildə təsvir olunublar, bir sözlə, hamısını saymaqla tamamlaya bilmərik. Başı buğa və at olan bu cəhənnəm qulları, sanki, küləkdə göyə sovrulan yarpaqlar kimi alovun içində qovrulurlar. Saçları yabaya taxılmış rahibə qadın isə hörümçək kimi ayaqları və əlləri qıvrılmış halda ilişib qalıb. Bir tərəfdə başqa bir kişini – belə görsənir hansısa sərdardır – qılıncla bir tərəfindən yortub o biri tərəfindən çıxararaq yarasa kimi başıaşağı asıblar. Kimisə dəmir şallaqla qamçılayırlar, kimsə min adamın belə xilas edə bilməyəcəyi daşın altında əzilib, digərini yırtıcı quş parçalayır, başqa biri zəhərli əjdahanın dişləri arasında əziyyət çəkir və bu təsvirlər o qədərdir ki, heç bilmirəm hansını deyim. Ən dəhşətli təsvir isə haçalanmış, vəhşi heyvanın caynağını xatırladan ağacdan asılı qalmış karetin təsviridir. Bambuqdan hazırlanmış pərdənin şiddətli cəhənnəm küləyi ilə dartılması, kübar saray xanımını xatırladan, acılar içində çırpınan qadının uzun, qara saçlarının alovda yanması və başını çevirərək imdad diləməsi, karetin aşması mənzərələri insanın gözü önündə cəhənnəmin necə iztirablı yer olduğunu xatırladır. Nəzər salanda, bütün diqqət şəkildəki bu təsvirin üzərinə yönəlir. Bu, elə bir qeyri-insani təsvirdir ki, qulaqlarda dəhşətli uğultu yaradır.

Bax hər şey təsvir etdiyim qədər idi, bəlkə də, çoxunu yada sala bilmədim. Bir şey də var ki, əgər bu təsvir edilənlər həqiqətən baş verməsəydi, Yoşihide həmin cəhənnəm mənzərəsini olduğu qədər orijinal çəkə bilməzdi. “Cəhənnəm iztirabları” şəklini yaratmaq Yoşihideyə həyatı bahasına başa gəldi. Deyə bilərəm ki, Yoşihidenin təsvirindəki cəhənnəm elə birinci onun özünün düşəcəyi yer idi.

“Cəhənnəm iztirabları” şəklini sizin təsəvvürünüzdə canlandırmaq üçün, deyəsən, bir az tələskənlik etdim. İndi isə bir qədər geriyə qayıdıb, əlahəzrətin Yoşihideyə həmin şəkli yaratmaq üçün necə sifariş etdiyindən bəhs edəcəyəm.