***

Bu son dövrdə danışılacaq elə bir şey baş verməmişdi, yalnız deyirlər ki, Yoşihide tək qalan anlarda gözləri yaşarırmış. Tələbələrdən biri mənə danışırdı ki, bir dəfə usta bağçadakı şəkil sərgisinin qarşısında dayanıb mavi səmanı seyr edərkən gözləri yaşla dolubmuş. Tələbə ani vəziyyətdən çaşaraq tez oradan uzaqlaşıb. Qəribə görsənən o idi ki, “həyat və ölümün dövretmə”si rəsmində yoldakı meyidləri cəsarətlə təsvir edən özündən müştəbeh usta indi niyə bu qədər aciz görsənirdi?

Yoşihide dəli adamlar kimi gecə-gündüz çalışırdı, qızı isə, sanki, depressiyaya düşmüşdü. O, əvvəllər də çox qayğılı gəzərdi, indi isə göz qapaqları göy qübbəsi qədər ağırlaşmış və gözlərinə kədər çökmüşdü. Əvvəlcə elə düşünürdük ki, qızın məyus gəzməsinə səbəb sevgi məsələləridir, daha sonra söz gəzdi ki, əlahəzrət qızı özünə tabe elətdirməyə çalışırmış və birdən, elə bil, bütün söz-söhbəti xəncərlə kəsdilər, qız hamının yadından çıxdı.

Bir dəfə gecə vaxtı mən sərginin qarşısında gəzəndə diqqət yetirdim ki, meymun Yoşihide mənim ətəyimi arxadan dartışdırmaq istəyir. Ayın zəif işiğı və albalı ağaclarının xoş ətri gecəni öz ağuşuna almışdı. Və mən gecə işiğında ürkmüş meymunun dişlərini qıcırdadaraq qışqırıq səsləri çıxartmasından diksindim. Yəqin, meymun məni boş yerə dartışdırmırdı. Onun məni dartdığı istiqamətə tərəf getdim.

Sərginin qurtaracaq küncündə əyilmiş küknar ağaclarının arxasından gölün zəif parıltısını görmək mümkün idi. Ora yaxınlaşanda yandakı otaqdan iki nəfərin xısın-xısın mübahisə etdiyini eşitdim. Ətrafda hər şey donmuşdu, heç bir ins-cins gözə dəymirdi, bircə balıqların sudakı şırıltı səsləri aydın duyulurdu. Dayanıb diqqətlə qulaq asmağa başladım, “əgər kimsə mənlə zarafatlaşmaq istəyirsə, ona göstərəcəm” deyə özüm-özümə toxtaqlıq verdim. Nəfəsimi içimə çəkib, yavaşca qapıya doğru qısındım.