***

Əlahəzrətin “Yukige” sarayında kareti yandırtması barəsində söz-söhbətlər hər yerə yayılmışdı, lakin hər kəsə qəribə görsənən məhz Yoşihidenin qızının o karetdə olması idi. Deyirdilər, guya, əlahəzrətin qız tərəfindən rədd edilməsi buna səbəb olmuşdu. Əlahəzrətin niyyəti isə tamam başqa şey idi. O, istəyirdi gözü heç nəyi görməyən, öz işindən ötrü bir insanın həyatına son qoya biləcək rəssamın dərsini versin.

Həqiqətən, bu söhbəti əlahəzrətin öz ağzından eşitmişdim. Yoşihide isə bu hadisədən sonra nəinki, öz işini kənara qoydu, hətta onu sona çatdırmaq istəyi daha da şiddətləndi. Çoxları onu öz işi naminə qızının qatilinə çevrilən, insan cildində gizlənmiş vəhşi heyvana bənzədirdilər. Yokoqava ata isə belə deyirdi: – Rəssam kimi onun bacarığına sözüm yoxdur, ancaq münasibətlərdə beş müqəddəs (konfusi təliminə görə ata ilə oğul, ağa ilə qulluqçu, böyüklə kiçik, ərlə arvad, həmçinin dostlar arasındakı münasibətlər nəzərdə tutulur) qanunna əməl etmədiyi üçün yeri cəhənnəmdir.

Bir neçə aydan sonra “cəhənnəm iztirabları” şirması nəhayət ki, tamamlandı. Yoşihide şirmanı götürərək əlahəzrətin yanına yolandı. Bu vaxt Yokoqava ata da orada idi. O, şəklə nəzər salanda şirmadakı yanğının görüntüsündən dəhşətə gəldi. Əvvəllər, o, həmişə Yoşihideyə qaşqabaqla baxardı, amma bu dəfə ona sarı: “Əsrarəngizdir!” dedi. Əlahəzrətin üzündəki təbəssüm isə mənim yadımdan heç vaxt çıxmaz.

Bu hadisədən sonra sarayda bir nəfər də olsun, Yoşihide haqqında pis danışmadı. Yəqin şəklə görən hər kəs həqiqi cəhənnəm iztirabının nə demək olduğunu dərk edə bildi. Şəkli təhvil verəndən sonra evinə qayıdan Yoşihide isə özünü otağında asıb öldürmüşdü. Görsənir qızının yoxluğuna dözə bilməmişdi. Onun cəsədini öz yaşadığı evin yerində dəfn etmişdilər. İndi də oradadır. Daşın üzəri yağış və nəmdən mamırla elə sıx örtülmüşdür ki, kimsə oradakı qəbrin Yoşihideyə məxsus olduğunu bilmir.

Aprel, 1918-ci il.

Tərcüməsi Günel Əhmədovaya aid olan bu novella kulis.az saytından redaktə edilərək götürülüb.