***

Bu hadisədən iyirmi gün keçmişdi və bir dəfə, qəfildən Yoşihide əlahəzrəti görmək üçün saraya gəlmişdi. Əslində, rəssam vəzifəcə kiçik adam sayılırdı, amma əlahəzrət ona çox şeylərdə güzəştə gedirdi. Hər dəqiqə kimisə qəbul etməyi sevməyən əlahəzrət Yoşihidenin adını eşidən kimi dərhal görüşməyə razılıq verdi. Yoşihidenin əynində həmişəki kimi tünd-sarı rəngdə kariqinu və momieboşi vardı, özü də bir qədər kədərli görkəmdə idi. Əzahəzrətin qarşısında təzim edərək söhbətə keçdi:
– Mən sizə “cəhənnəm iztirabları” şirmasıyla bağlı müraciətə gəlmişəm. Siz bu işi artıq uzun müddətdir mənə həvalə etmisiz və mən də demək olar dayanmadan gecə-gündüz çalışaraq işin böyük bir qismini bitirmişəm.
– Əla, şadam.
Elə bil, əlahəzrətin səsində bir nagümanlıq, həvəssizlik müşahidə olunurdu.
– Əslində, burada əla heç nə yoxdur. Məsələ burasındadır ki, mən böyük bir hissəni sona çatdırmışam, bundan sonrası isə mənlik deyil.
– Nə olub? Bacarmırsan ki?
– Bəli, Mən görmədiyim şeyi həqiqətə necə çevirim? Yaratsam belə narazı qalacağam. Belə çıxır ki, onsuz da, bacarmayacağam.
Əlahəzrət bunu eşidəndə istehzayla gülümsündü.
– Demək sənə çəkmək üçün cəhənnəmi görmək lazımdır?
– Bəli, əlahəzrət, doğru buyurdunuz. Bir neçə il bundan qabaq dəhşətli yanğın baş verəndə onu öz gözlərimlə görmüşdüm. Oradakı ocağın şöləsi ancaq cəhənnəmdəki od-alovla müqayisə oluna bilərdi, ona görə də “Yocire-Fudo”( alovun ortasında təsvir olunmuş buddist Fudonun rəsmi nəzərdə tutulur) rəsmini yaratmaq mənə çətin olmadı.
– Bəs günahkarları, cəhənnəm qullarını haradan tapaq ki, sən təsvir edə biləsən?
Əlahəzrət bir-birinin ardınca, durmadan suallar verirdi.
– Mən zəncirə dolanmış adamı görə bilmişəm, vəhşi quşun bir adamı didib-parçalamasına da şahid olmuşam. Ona görə də demək olmaz ki, mən bu sahədə təcrübəsizəm. İstər yuxuda, istərsə də aşkarda mən cəhənnəm qullarını görə bilmişəm, inəkbaşlı, yaxud atbaşlı adam, həmçinin, üçbaşlı, altıayaqlı və s. varlıqları da müşahidə etmişəm. Yox, məsələ mənim çəkmək istəyib, çəkə bilməməyimdə deyil.
Əlahəzrət özü də çaşıb qalmışdı. Bir müddət səs-səmirsiz Yoşihidenin üzünə baxdı. Sonra qaşlarını çataraq:
– Yaxşı, de görək nədir çəkə bilmədiyin?
– İstədiyim şey, ortada yuxarıdan karetin necə aşağıya aşmasını çəkməkdir.
Yoşihide öz sərt baxışlarıyla əlahəzrəti daha da pərişan elədi. Eşitdiyimə görə o, hər dəfə “cəhənnəm iztirabları” haqqında danışanda üzündə qorxunc cizgilər yaranırdı.
– Karetin içində isə saçları alışıb-yanan saray qadının işgəncəyə məruz qalmasını təsvir etmək… Tüstüdən boğulan bu qadın nəfəs almaq üçün başını karetdən çıxardıb və bir tərəfdən də çaxan şimşəkdən qorunmaq üçün bambuq pərdəni başının üstünə tərəf dartır. Başının üstündə onlarla iti caynaqlı vəhşi quşlar uçuşurlar. Baxın məhz karetdəki həmin qadını heç cür təsvir edə bilmirəm.
– Nə olsun ki? – özündənrazı şəkildə əlahəzrət cavab verdi.
Yoşihide qızdırmalı adamlar kimi titrəməyə başladı. Qırmızı dodaqlarını tərpədib mızıldandı:
– Elə o qadını təsvir edə bilmirəm də… – Və birdən kiməsə hücum çəkirmiş kimi qışqırdı: – Əlahəzrət, xahiş edirəm, mənim gözümün önündə bir kareti yandırın. Və bir də mümkünsə…
Əlahəzrətin üzü qaraldı və onu qəfil gülmək tutdu. Gülməkdən özünü zorla ələ alan əlahəzrət:
– Yaxşı, sənin dediklərini edəcəyəm. Gəl başqa məsələləri artıq müzakirə etməyək.
Bunları eşidəndə ürəyim yerə düşdü, dəhşətli bir qorxu büsbütün vücudumu sardı. Əlahəzrətin də ağzı köpüklənmiş və qaşları çatılmışdı. Adama elə gəlirdi ki, Yoşihidenin sərsəmliyi əlahəzrətə keçmişdi. Əlahəzrət yenə bir müddət səssiz qaldı və təzədən dəli gülmək onu tutdu:
– Kareti yandıracağam, saray qadınlarından birini orada otuzdurub həmin mənzərəni yaradacağam, özü də alovun içində özünü itirmiş və tüstüdən boğulmuş halda… Birinci dəfədir bu cür görüntünü sənin kimi canlı təsvir etmək istəyən rəssama rast gəlirəm. Halal olsun sənə. Həqiqətən, halaldır!
Yoşihidenin rəngi bir az da saraldı, dodaqları zorla tərpəndi və güclə eşidiləcək səslə:
– Bundan böyük xoşbəxtlik yoxdur!
Ola bilsin, əlahəzrət görüntünü yaratmağa razılıq verəndə Yoşihide mənzərəni gözləri önündə canlandırırmış. Bütün həyatım boyunca birinci dəfə idi ki, Yoşihideyə yazığım gəlirdi.