***

Yoşihide… Doğrudur, hazırda onu xatırlayan adamlar hələ də vardır. O elə məşhur rəssam idi ki, öz dövrünün əlinə fırça götürənləri arasında ona bənzəyən biri çətin tapılardı. Həmin vaxt, səhv etmirəmsə, onun əlli yaşı olardı. Əslində, bəstəboy, cılız, bir dəri, bir sümük, qaraqabaq qoca kişi idi. Saraya əlahəzrətin yanına gələndə əynində tünd-sarı rəngdə kariqinu (toy paltarı), başında isə momieboşi (yumşaq materialdan hazırlanan, dəbilqənin altından geyinilən papaq) var idi. Çox xoşagəlməz təsir bağışlayırdı, həmçinin, yaşına uyğun gəlməyən qırmızı dişləri ona heyvani görünüş verirdi. Deyirlər, guya, fırçanı yaladığına görə ağzı tez-tez qızarardı, həqiqətin isə nədən ibarət olduğunu kimsə bilmirdi. Zirəkiliyinə görə onu meymuna oxşadırdılar, hətta ləqəb də qoymuşdular – Saruhide (saru – yaponca meymun deməkdir).

Saruhide demişkən, yadıma düşən bir şeyi də sizə danışım. Həmin vaxtda Yoşihidenin on beş yaşlı, görünüşünə görə atasına heç bənzəməyən qızını sarayda kameristka (keçmişdə xanımların xüsusi xidmətində olan qulluqçu) vəzifəsinə təyin etmişdilər. Ola bilsin, bu vəzifəyə həm bu qızın erkən yaşlarında anasını itirməsi, bir qədər qayğılı gəzməsinə rəğmən, yaşına uyğun olmayan tərzdə ağıllı, diqqətli olması, həm də saray təsərrüfatına olan marağına görə onu seçmişdilər və bütün saray xanımları onu sevirdilər.

Necə oldusa, bir dəfə əlahəzrət üçün Tamba əyalətindən ələöyrədilmiş meymun hədiyyə gətirmişdilər və əlahəzrətin dəcəl oğlu onun adını Yoşihide qoymuşdu. Meymun özü-özlüyündə, onsuz da, çox məzəli idi, üstəlik də, ona bu adın qoyulması saraydakı hər kəsə gülməli gəlirdi. Gülməkləri bir yana, üstəlik, meymun küknar ağacının başına çıxsaydı və ya tataminin (yapon evlərində qalınlığı 6-8 sm olan həsir) üstündə hoppanıb-düşsəydi hamı bir ağızdan: – Yoşihide, Yoşihide! – deyə qışqırardılar. Təbii ki, rəssamı bu cür hərəkətlər lap təngə gətirərdi.

Elə bir dəfə, Yoşihidenin haqqında bəhs etdiyimiz həmin qızı əlində məktub və gavalı ağacının budağı (adətə görə, məktub aparanda, mütləq yanında hansısa bir çiçək açmış ağacın budağı olmalıydı) qarşıdakı qapıdan çıxıb dəhliz boyunca gedəndə qarşısına həmin meymun çıxdı. Yoşihide adəti üzrə, dirəyə dırmaşmaq istəsə də mümkün olmadı, deyəsən, ayağını əzmişdi. Gənc ağa isə əlində qamçısını yelləyə-yelləyə onun arxasınca qışqırırdı:
– Əclaf oğru! Dayan hələ bir…

Elə bunu görən kimi Yoşihidenin qızı özünü itirdi, həmin anda meymun qıza doğru qaçıb, onun ətəyindən yapışdı və yazıq-yazıq zingildəməyə başladı. Qızın pna elə yazığı gəldi ki, özünü güclə ələ aldı. Tez əlindəki albalı budağını yerə atıb meymunu qucaqladı və ağanın qarşısında təzim edərək ona doğru səsləndi:
– İcazə verin deyim, axı bu heyvandır. Xahiş edirəm, onu əfv edin.
Lakin ağa qızın qarşısında qəzəbli şəkildə ayaqlarını yerə döyərək:
– Onun tərəfini saxlayırsan?! Meymun mandarinləri oğurlayıb.
– Axı bu heyvandır… – Qız bir qədər də cəsarət toplayıb qüssəli təbəssümlə əlavə etdi: Həm də onun adı Yoşihidedir, belə çıxır ki, siz mənim atama qəzəblənmisiniz, mən bu mənzərəyə sakit tamaşa edə bilmərəm.
Belə olan halda, gənc ağa da özünü ələ aldı.
– Belə de!… Əgər atana görə xahiş edirsənsə, mən də bağışlayar və geri çəkilərəm, – həvəssiz dilləndi və əlindəki qamçını yerə ataraq gəldiyi qapıdan geri qayıtdı.Bu olaydan sonra, Yoşihidenin qızının həmin meymunla dostluğu başladı. Qız onun boğazına gənc xanımdan hədiyyə aldığı qızıl zınqırovlu qırmızı lent bağladı, meymunsa heç onun yanından ayrılmırdı. Yoşihidenin qızı xəstələnib yataqda uzananda isə meymun qızın başının üstündən ayrılmayaraq, qəm-qüssə içində dırnaqlarını çeynəyirdi.