***

Beş-altı ay öncə Yoşihide sarayda tamamən görsənməz oldu. İşə bu cür canla-başla girişməsi onun üçün xarakterik olmayan bir hal idi. Heç qızı ilə də maraqlanmağa vaxtı yox idi. Yoşihidenin tələbəsi danışırdı ki, elə bil, o, işə girişəndə bədənində tülkü yerləşmişdi. Gəzən söz-söhbətlərə görə Yoşihide – tanrıya bu təsviri yaradacağına dair söz veribmiş. Deyirlər ki, onun necə işlədiyini görmək üçün kənardan müşahidə etmək kifayət idi ki, ətrafında dolaşan ruhları, tülküləri görə biləsən. Doğrudur ki, o, əlinə fırça götürəndə yaratdığı əsər istisna olmaqla dünyadakı qalan hər şeyi unudurdu. Gecə-gündüz qapalı yerdə oturur, nadir hallarda gün işığına çıxırdı. “Cəhənnəm iztirabları”nı təsvir edəndə də tamamilə ona mübtəla olmuşdu. Qaranlıq otaqda – qəndil işığında rəngləri çox qəribə üsulla qarışdırırdı. Bir də tələbələrinə suykan (suykan – kariqinudan bir qədər qısa hərbi geyimdir) və kariqinu geyindirərək hər birinin rəsmini aramla çəkirdi. Bu cür əcaibliklər onda nəinki “cəhənnəm izitrabları” təsvirini yaradanda, elə digər işlərində də müşahidə olunurdu. Məsələn, Ryuqayci məbədində “həyat və ölümün dövretməsi” rəsmini yaradanda yerdə düzülmüş ölü cəsədlərdən hansınınsa tərpənməsini vecinə almadan onların yarıçılpaq ayaq, əl və üzlərini təpədən-dırnağacan təsvir edir. Onun xasiyyətindəki bu qəribəlikləri yəqin ki, hər kəs anlaya da bilməz. Heç bunları nöqtə vergülünə qədər anlatmağa zaman yetməz, amma əsas şeyləri bilmək istəyirsinizsə, icazə verin danışım.

Bir gün mən sizə bəhs etdiyim həmin tələbə fırçanı təmizləyəndə Yoşihide ona yaxınlaşaraq:
– Bir az yatmaq istəyirəm, amma son vaxtlar nədənsə pis yuxular görürəm – dedi.
Burada təəccüblü bir şey olmadığı üçün tələbə əlindəki işi dayandırmadan qısaca cavab verdi:
– Yaxşı.
Yoşihide özünəməxsus olmayan utancaq səslə üzünü tələbəyə tutaraq:
– Səndən rica edirəm, mən yatana qədər yanımda oturasan.
Tələbə Yoşihidenin gördüyü yuxulara niyə bu şəkildə əhəmiyyət verdiyinə bir az təəccüblənsə də, onun xahişini geri çevirmədi. Bu zaman Yoşihidenin utancaqlıq duyulan səsinə bir az da təşviş əlavə olundu:
– Onda arxa otağa keç, əgər o biri tələbələr gəlsələr, içəri, mənim yanıma buraxmazsan.
Bu, həmin zəif lampa işığından başqa heç bir şey olmayan və “cəhənnəm iztirabları” şirmasının qoyulduğu otaq idi. Şirma isə hələ tamamlanmamışdı. Tələbələr buraya gələndə Yoşihide heydən düşmüş halda qollarını başının altında dirsəkləyib yuxuya getmişdi. Heç yarım saat keçməmişdi ki, onun yanında əyləşən tələbənin qulağına çox zəif eşidilən qəribə inilti səsləri gəlməyə başladı.