♦ 15 ♦

Hərəkətləri düşündüyünü həyata keçirməyə rəğmən, həddən artıq ləng idi. Qum bütün gücünü udurdu. Bu ərəfədə qadın çevrildi və belin dəstəyinə söykənərək, təəccüblə gözlərini ona zillədi.
Əgər qadın müqavimət göstərsəydi, nəticə tamam başqa cür olardı. Lakin onun gözlənilməzliyə hesablanmış planı özünü doğrultdu. Düzdü, hərəkətləri həddən artıq əsəbi idi, lakin qadın da elə bil iflic vurmuş kimi sarsılmışdı. Qadının ağlına belə gəlmədi ki, əlindəki bellə onu qovsun.
– Səs-küy salma!.. Sənə heç nə etməyəcəm… Sakit!.. – o, dəsmalı
qadının ağzına necə gəldi dürtə-dürtə, boğuq səslə pıçıldayırdı. Lakin qadın bu bacarıqsız, kor-koranə hərəkətlərə müqavimət göstərməyə səy belə etmirdi.
Kişi onun passivliyini hiss edib, özünü ələ aldı. O, qadının ağzından dəsmalın bir ucunu çıxarıb, başını sıx-sıx bağladı və arxadan kip çəkib, düyün vurdu. Sonra isə əvvəlcədən hazırladığı getr ilə qadının əllərini arxadan bərk – bərk bağladı.
– İndi isə, haydı, tez evə!
Qadın tamamilə yerində donmuş kimi, nəinki onun hərəkətlərinə, həm də sözlərinə itaətkarcasına tabe olurdu. Düşmənçilik nədi – qadın heç kölgəyə də müqavimət göstərmirdi. Görünür, gipnoza oxşar vəziyyətə düşmüşdü. Kişi nə etdiyini fikirləşmirdi və bilmirdi ki,düz edir, yoxsa yox, lakin görünür, kobud rəftar qadının müqavimət göstərmək bacarığını əlindən almışdı. O, qadını torpaq döşəmədən ayağa qalxmağa məcbur etdi. İkinci getr ilə ayaqlarını topuqlarının yanından sarıdı. Bütün bunları qaranlıq şəraitdə, kor-koranə edirdi və getrdən qalan bir parça ilə tam arxayınlıq üçün ayaqlarının ətrafında bir dəfə də dolayıb, bağladı.
– Bax belə, sakit otur, aydındı?.. Özünü yaxşı aparsan, sənə heç nə etməyəcəm… Amma bax ha, mənimlə zarafat etməyin sonu pis olur…
Qadının nəfəsi gələn tərəfə diqqətlə baxıb, dal-dalı qapıya tərəf getdi, sonra isə cəld bayıra çıxıb, bellə lampanı götürdü və o dəqiqə evə qayıtdı. Qadın bir böyrü üstə çevrilmişdi. O, tez-tez və ağır nəfəs alır, buna uyğun olaraq da, başını qaldırıb, salırdı. Nəfəsini çəkəndə qadın çənəsini uzadırdı – yəqin, həsirdən nəfəsinə qum getməsin deyə. Nəfəsini buraxanda isə – hava burnunun deşiklərindən böyük təzyiqlə çıxıb, sifətindəki qumu üfürsün deyə, əksinə.
– Eybi yox, bir qədər dözərsən. Səbətlilər qayıdana qədər gözləməli olacaqsan. Mənim çəkdiyim bütün bu əzablardan sonra, sənin susmağın məsləhətdir. Bundan əlavə, axı mən burda keçirdiyim vaxta görə sizə pul ödəyəcəm… Qalan bütün əlavə xərcləri isə, nə isə, özün hesablayarsan… Etiraz etmirsən?.. Etiraz edirsən?! Düzünə qalsa, mənim pul ödəməyim yersizdir, sadəcə, xoşlayıram ki, hər şey doğru-düzgün olsun. Buna görə də, istəsən də, istəməsən də, nə olursa olsun, bu pulları sənə qaytaracam.
Kişi əlləri ilə boğazından tutub, sanki rahat nəfəs almaq üçün özü – özünə kömək edirmiş kimi, narahatlıqla bayırdan gələn, aydın olmayan bir səsə qulaq asmağa başladı. Hə, yaxşı olar ki, lampanı söndürüm. O, şüşəni qaldırdı və alovu söndürməyə hazırlaşırdı ki… Yox, bir də baxım, görüm qadın neyləyir. Ayaqları kifayət qədər bərk bağlanıb – barmağını belə sala bilməzsən. Əlləri ilə də bağlı hər şey qaydasındadır – biləngləri gömgöy göyərib, mayasınadək qırxılmış dırnaqları köhnəlib qatılaşmış mürəkkəb rəngindədir.
Əla tıxacdır. Qadının onsuz da rəngi qaçmış dodaqları elə dartılmışdı ki, üstündə qan deyilən şey qalmamışdı – elə bil əsl kabusdur. Ağzının suyu axıb, həsirin üstündə, elə yanağının altındaca qara ləkə əmələ gətirmişdi. Lampanın titrək işığında ordan – qadın olan yerdən, elə bil ki, sakit inilti səsi gəlirdi.
– Nə etmək olar? Poxu özün qaynatmısan… – Onun tələsik atılmış sözlərində əsəbilik hiss olunurdu. – Sən məni aldatmağa cəhd göstərdin, mən səni. Haq-hesabı çürütdük? Axı mən hər halda insanam, adamı it kimi götürüb, zəncirləmək olmaz axı… Kimi dindirsən, bunun doğru, qanuni özünümüdafiə olduğunu deyər.
Qəfildən qadın başını döndərib, yarıörtülü gözünün qırağı ilə onun baxışını tutmağa çalışdı.
– Hə, nədi?.. Nəsə demək istəyirsən?
Qadın başını bir qədər qeyri-təbii yellədi. Elə bil həm təsdiq edir, həm də inkar edirdi. O, qadının heç olmasa gözlərindən bir şey oxumaq üçün lampanı onun sifətinə yaxınlaşdırdı. Əvvəlcə o, hətta inanmadı. Qadının gözlərində nə kin, nə də ədavət vardı, yalnız sonsuz qəm və elə bil nə üçünsə yalvardığı hiss olunurdu.
Ola bilməz… Yəqin, mənə elə gəlir… «Gözlərin ifadəsi» – bu, olsa-olsa, gözəl deyimdən başqa bir şey deyildir… Əgər göz alması hər hansı bir əzələdən xalidirsə, onda məgər gözdə nəsə ifadə ola bilərmi? Lakin kişi hər halda tərəddüd edirdi və qadının ağzına bağladığı yaylığı boşaltmaq üçün əlini uzatmağa hazırlaşırdı.
Və o an da əlini çəkdi. Tələsik lampanı söndürdü. Qum səbəti
daşıyanların səsi yaxınlaşırdı. Söndürülmüş lampanı asan tapmaq üçün onu döşəmənin lap kənarına qoydu və əl – üz yuyanın altından su qazançasını çıxarıb, dodaqlarına dirəyərək acgözlüklə içməyə başladı. Sonra isə beli götürərək, qapının yanında gizləndi. Başdan ayağa su içində idi. Bax indi… Beş-on dəqiqə də səbr… Həşərat kolleksiyası ilə dolu yeşiyi qətiyyətlə özünə tərəf çəkdi.