♦ 17 ♦

Bayırdan qanad çırpmasını xatılrladan səs eşidildi. Kişi lampanı qapıb, bayıra cumdu. Dərənin dibində həsirə bükülmüş nəsə atılıb qalmışdı. Yuxarıda nə ins vardı, nədə cins. Bağlamaya toxunmadan, bərkdən qışqırdı. Cavab gəlmədi. O, həsirin sarındığı ipi açdı. İçində nə olduğu bilinməyən bağlama – adı maraq olan yanan fitilin yaxınlaşdırıldığı partlayıcıdır. İradəsinin əksinə olaraq qəlbinin dərinliklərində bir ümid qığılcımı parıldadı: bəlkə dərədən çıxmaq üçün istifədə edilən hər hansı vasitədir… Bu kəndçilər lazım olan hər şeyi atıb, tələsik uzaqlaşıblar…
Laikin burda qəzetə bükülmüş balaca bir bağlama və ağzına taxta tıxac tıxanmış, təxminən bir litrlik butulkada araq vardı. Bağlamada isə üç qutu, hərəsində iyirmi dənə olmaqla «Sinsey» siqareti. Və başqa heç nə. Sadəcə inanmağı belə gəlmirdi. O, yenidən həsirin bir ucundan yapışıb, bərk silkələdi – yerə ancaq qum töküldü… Hələ də ümid edirdi ki, heç olmasa bir parça kağızda da olsa məktub olmalıdır, lakin bu da yox idi. Butulkadakı turşumuş düyü kökəsi iyi verən keyfiyyətsiz araq idi.
Bütün bunlar nə üçün idi?.. Sövdələşmədi, nədi bu?.. Nə vaxtsa eşitmişdi ki, hindular dostluq əlaməti olaraq bir-birinə qəlyan bağışlayırlar. Elə araq özü də – hər yerdə şən əhval – ruhiyyə nişanəsidir. Beləliklə, güman etmək olar ki, onlar bu üsulla nə cürsə dil tapmaq istədiklərini büruzə verirlər.
Adətən kənd adamları öz hisslərini sözlə ifadə etməyə utanırlar. Bu mənada onlar çox sadəlövhdürlər.
Lakin hələlik hər cür saziş-filan bir qırağa, əsas siqaretdir. Necə olub ki, düz bir həftə onsuz dözüb? Vərdiş etdiyi cəldliklə qutunun bir qırağını cırarkən, kağızın jilalılığını hiss etdi. Qutunun dibinə çırtma vurub, bir dənə siqaret çıxardı. Siqareti tutan barmaqları ehmalca titrəyirdi. Siqaretini lampadan alışdırıb, yavaş-yavaş və dərindən qullab vurdu, qurumuş otların ətri bütün bədəninə yayıldı. Dodaqları keyidi, gözlərinin önündə ağır, məxmər pərdə sallandı. Başı zərbə alıbmış kimi hərləndi, üşünmə tutdu.
Butulkanı özünə bərk-bərk sıxıb, müvazinətini güclə saxlyaraq yavaş-yavaş evə tərəf getdi. Ayaqları sözünə baxmırdı. Başı halqaya salınıbmış kimi hələ də hərlənirdi. O, qadının olduğu yerə baxmaq istəyirdi, lakin heç cür başını döndərə bilmirdi. Gözünün ucuyla gördüyü qadının sifəti ona qeyri-adi dərəcədə balaca göründü.
– Bax, hədiyyədir… – O, butulkanı başının üstünə qaldırıb silkələdi. – Əla fikirləşiblər, düzdü? Sağ olsunlar, indi biz hər şeyi əvvəlcədən qeyd edə bilərik… Sözsüz də aydındır… Mən hər şeyi əvvəldən başa düşdüm… Olan olub, keçən keçib… hə, necə bilirsən, bəlkə əlli-əlli vuraq?
Cavab vermək əvəzinə qadın gözlərini bərk-bərk qapadı. Bəlkə o, əl-ayağını açmadığım üçün hirslənib? Axmaq qadın. Axı heç olmasa bircə sualına düz – əməlli cavab versəydi, o dəqiqə onu açıb buraxardı. Bəlkə sadəcə ona bu toxunub ki, belə çətinliklə əldə etdiyi kişini saxlamaq iqtidarında deyil və məcburdur ki,- əlindən başqa nə gəlir – onu buraxsın. Görünür, qadının əlində nəsə bir əsas var… Axı onun hardasa otuz yaşı var, özü də duldur. Topuqlarının arxasında nəsə qəribə, aydın seçilən batıqlar var. Onu gic gülmək tutdu. Ayaqları niyə belə əcaibdir?
– Çəkmək istəyirsiniz? Qonaq edə bilərm.
– Yox, istəmirəm, onsuz da boğazım quruyub… – başını bulayıb, sakitcə cavab verdi.
– Bəlkə içməyə bir şey verim?
– Heç nə olmaz.
– Utanmayın. Mən sizinlə ona görə belə rəftar etməmişəm ki, şəxsiyyətinizə qarşı xüsusi nifrətim var. Özünüz bunun strateci nöqteyi – nəzərdən vacib olduğunu başa düşməlisiniz. İndi elə bil ki, geri çəkiliblər…
– Kişilərə həftədə bir dəfə araqla tütün verilir.
– Verilir?.. – Uçduğunu düşünən, lakin əslində başı ilə pəncərəyə kəllə vuran böyük milçək… Elmi adı Muscina stabulans… Əşyaları hissə-hissə görən, demək olar ki, yarıkor gözlər… Hətta özünü itirdiyini gizlətməyə çalışmadlan, narahat şəkildə soruşdu: – Axı bizə görə özlərini niyə belə əziyyətə salırlar?! Məgər yaxşı olmazmı ki, insanlara öz istədiklərini almaq üçün imkan verilsin?
– İş həddən artıq ağır və çoxdur – başqa heç nə üçün vaxt qalmır… Üstəlik kəndə də sərf edir: xərclərin bir hissəsini Liqa (Ümumyaponiya hüquqsuz icmalara yardım liqası nəzərdə tutulur. Məlum olduğu kimi, 1868 – ci ildən etibarən pari (eta) kastası formal olaraq ləğv edilmişdi. Lakin faktiki olaraq eta bu günlərə kimi fəaliyyət göstərməkdə davam edir. Bu kəndin sakinləri etaya mənsubdurlar.) öz boynuna götürüb.
Əgər belədirsə, demək bütün bunlar saziş yox, tamam əksinə, təslim olmaq üçün tövsiyyə imiş!.. Yox, görünür, lap pisiymiş. Bəlkə o,artıq gündəlik həyatı hərəkətə gətirən vintciklərdən birinə çevrilib və bu adla da bütün siyahılara salınıb?
– Lap dəqiqləşdirmək üçün bir söz də soruşmaq istərdim. Burda başına belə iş gələn ilk birisiyəm?..
– Yox. Nə deyirsənsə de, işçi qüvvəsi çatışmır axı… Təsərrüfatı olanlar da, kasıblar da – işləyə bilənlərin hamısı bir-bir kənddən çıxıb gedirlər… Dilənçi kənd – bir də ki, qum…
– Yaxşı, indi nə deyirsiniz… – hətta səsi də qum rənginə oxşar müdafiəçi rəng aldı. – Məndən başqa burda tutub saxladığınız başqa bir adam varmı?
– Hə, bu, keçən il olub, payızın əvvəllərində… açıqcaçı…
– Açıqcaçı?
– Hə də, turistlər üçün açıqcalar buraxan bir şirkətin agenti, yerli İttifaqın sədrinə qonaq gəlmişdi… Deyirdi ecaskar peyzacdır, bircə şəhərlilər üçün reklam etmək qalır…
– Onu da tutub saxladılar?
– Elə bizim cərgədəki evlərdən birində, işçi qüvvəsi çatışmırdı da…
– Bəs sonra nə oldu?
– Deyəsən elə o gün də öldü…Yox, o elə əvvəldən də çox cansız idi…Üstəlik, tərslikdən qasırğalar vaxtı idi, işləməkdən üzüldü…
– Bəs niyə o saat canını qurtarıb qaçmadı?
Qadın cavab vermədi. Belə də hər şey o qədər aydın idi ki, cavab verməyə lüzum yox idi. Ona görə qaçmamışdı ki, qaça bilməmişdi… Əlbəttə ki, məsələ ancaq bunda idi.
– Bəs ondan başqa?
– Hə… ilin lap əvvəlində burda bir tələbə vardı, deyəsən kitab satırdı.
– Kitabpaylayan?
– Nəsə namnazik, cəmi on iyenlik kitablar idi. Orda kiminsə əleyhinə nəsə yazılmışdı…
– Bu tələbə Vətənə qayıtmaq uğrunda hərəkat iştirakçısıymış… Onu da saxladılar?
– O, indi də deyəsən, bizdən üç ev aralıda yaşayır.
– Kəndir nərdivanı orda da yığışdırıblar?
– Gənclər bura heç cür alışa bilmirlər… Nə etmək olar, şəhərdə yaxşı
pul verirlər, üstəlik kinoteatrlar, restoranlar da hər gün işləyir…
– Axı ola bilməz ki, burdan indiyədək bir nəfərə də qaçmaq müyəssər olmasın?
– Niyə ki, dostlarının yoldan çıxardığı bir nəfər cavan oğlan vardı, o da şəhərə qaçmışdı… Orda kimisə bıçaqlamışdı – hətta qəzetlər də bu barədə yazmışdı… İş verdilər, çıxandan sonra isə geriyə – bura göndərdilər, yəqin yaşayır, sakitcə oturub valideynlərinin yanında…
– Mən ondan danışmıram! Mən o adamlar haqqında soruşuram ki, burdan qaçıb, geri qayıtmayıblar!
– Bu çoxdan olub… Yadımdadı, bütöv bir ailə gecəykən aradan çıxmışdı… Evləri uzun müddət boş qaldı; bu isə çox qorxuludur, amma daha nə etmək olardı… düz deyirəm, çox qorxuludur… Əgər burda heç olmasa bir tərəf uçsa – bu elə bəndin yarılması kimi bir şeydir…
– Və deyirsiniz ki, bundan sonra başqası olmayıb?
– Məncə, yox…
– Absurddur! – boynunun damarları şişdi, nəfəs almaq çətinləşdi.
Birdən qadın yumurta qoyan arı kimi ikiqat oldu.
– Nə oldu?.. Ağrıyır?..
– Hə, ağrıyır…
O, qadının rəngi qaçmış əllərinə toxundu. Sonra barmaqlarını düyünlərin arasından salıb, nəbzini yoxladı.
– Hiss edirsiz? Nəbziniz kifayət qədər yaxşı vurur… Mənə elə gəlir ki, ciddi bir şey yoxdur. Başa düşürəm ki, düz eləmirəm, amma mənə lazımdır ki, siz onlara – kənddəki o günahkarlara şikayət edəsiniz.
– Bağışlayın, siz mənim boynumu – qulağımın arxa tərəfini qaşımazsız?
Özünü itirib, yox deyə bilmədi. Dərisi ilə qum qabığı arasında dağılmış yağı xatırladan qatı tər layı vardı. Elə bil, dırnaqları şaftalı dərisinin qabığının içi ilə gedib gəlirdi.
– Bağışlayın… Doğrudanmı burdan hələ heç kəs canını qurtara bilməyib?..
Qəfildən qapının çərçivəsi şəffaf, aydın olmayan xətlərə çevrildi və harasa uçub getdi. Bu, ay idi. Qarışqa qanadlarına bənzər sönük işıq parçaları. Və gözləri öyrəşdikcə, qum fincanının dibi bütünlüklə təzə-tər yarpaqlarda olduğu kimi bir qədər nəmli, cilalanmış kimi görünürdü…
– Nə olar, belə olan təqdirdə, mən birinci olacam!