♦ 13 ♦

Kişi tərdən islandı və mum kimi əriməyə başladı. Dərisindəki məsamələr tər saçırdı. Saatı dayanmışdı və o, dəqiq vaxtı bilmirdi. Orda – yuxarıda ola bilsin ki, günün qızğın vaxtı idi. Lakin iyirmi metrlik dərənin dibində artıq qürub çağıydı.
Hələ ki, qadın bərk yatmışdı. Hərdən diksinib ayaqları və qollarını əsəbiliklə atırdı – yuxusunda nəsə görürdü. İstədi ki, qadının yuxusuna haram qatsın, lakin fikrindən daşındı. Onsuz da qadın artıq yuxudan doymuşdu.
Kişi bədənini küləyə verərək yerindən qalxdı. Görünür, yuxuda çevrilərkən, yaylıq sifətindən sürüşüb düşmüşdü və indi qulaqlarının arxasına, burnunun ətrafına, ağzının kənarlarına o qədər qum yapışmışdı ki, götürüb qaşıyan gərəkdi. Gözünə damcı töküb, onları dəsmalın ucu ilə örtdü. Bunu yalnız bir neçə dəfə təkrar etdikdən sonra gözünü əməlli-başlı aça bildi. Bir neçə gün də belə keçsə, artıq göz damcıları qurtaracaq. Hətta təkcə buna görə də olsa, tezliklə hər şeyin istənilən sonluqla bitməyini istədi. Bədəni elə ağır idı ki, elə bil dəmir yaraq-əsləhə ilə maqnitin üstünə uzanmışdı. O, var gücü ilə gözünü gərdi, qapıdan düşən sönük işıqda qəzetdəki ieroqliflər ölü milçəklərin donmuş pəncələrinə oxşayırdılar.
Əlbəttə ki, əslində hələ gündüz qadından qəzeti onun üçün oxumasını xahiş etmək lazım idi. Bu, həm də onun yatmağına mane olardı. Bir güllə ilə iki dovşan vura bilərdi. Lakin təəssüf ki, özü qadından əvvəl yuxulamışdı. Nə qədər çalışsa da, hər şeyi korlamışdı.
Və indi yenə də bu dözülməz yuxusuzluq ondan əl çəkməyəcəkdi. O, tənəffüsünün ritmilə yüzdən geriyə doğru saymağa çalışdı. Xəyalən addımbaaddım evdən işə uzanan adət etdiyi yolu getməyə çalışdı. Müəyyən sıra ilə ona məlum olan həşəratların növ və fəsilələr üzrə qruplaşdıraraq adlarını çəkməyə çalışdı. Lakin bütün çalışmalarının əbəs olduğuna əmin olub, daha da hirslənməyə başladı. Dərənin kənarı ilə şütüyən küləyin küt donqultusu… Nəm qumu laylara ayıran bellərin səsi… Uzaqdan gələn it hürüşməsi… Şam alovu kimi əsən, güclə eşidilən səslər… Sumbata kimi sinirlərinin ucunu yonan aramsız səpilən qum… Və o, bütün bunlara dözməlidir.
Eybi yox, bir təhər dözər. Lakin bu an, tərtəzə mavi şüalar dərənin kənarından aşağı sürüşəndə, hər şey əksinə oldu – hopduran kağız suyu özünə çəkən kimi, onun da canına hopan yuxu ilə mübarizəsi başladı.
Və əgər bu məntiqsizlik çevrəsi hardasa qırılmasa, qum dənələri nəinki saatı, nə bilmək olar, bəlkə də zamanın özünü də dayandırarlar.
Qəzetdə elə həmişəki yazılar idi. Burda hətta bir həftəlik əlaqəsizliyin belə hər halda mövcud olmasını göstərən bircə əlamət belə tapmaq olmazdı. Əgər qəzeti ətraf mühitə pəncərə adlandırsaq, onda görünür, şüşələri tutqundur.
«Vergilərlə əlaqədar rüşvətxorluq özəl şirkətlərdən şəhər hakimiyyətinə keçib…» «Universitet şəhərciklərini sənayenin Məkkəsinə çevirək…» «Müəssisələr bir-birinin ardınca işini dayandırır. Həmkarlar ittifaqı baş şurasının iclası yaxınlaşır; bu barədə nəzər nöqtəsi dərc ediləcək…» «Ana iki uşağını öldürüb və özünü zəhərləyib…» «Tez-tez baş verən avtomobil oğurluğu – yeni həyat tərzi və ya yeni cinayətkarlıq növü…» «Naməlum qız artıq üç ildir ki, polis budkasına gül gətirib qoyur…» «Tokionun olimpiya büdcəsində çətinliklər…» «Bu gün kabus daha iki qızı doğrayıb…» «Tələbələr sağlamlıqlarını narkotiklərlə zəhərləyirlər…» «Səhmlərin məzənnələrinə payız küləyi dəyib…» «Məşhur tenor Blu Cekson Yaponiyaya gəlir…» «Cənubi Afrika ittifaqında yeni təlatüm; 280 öldürülən və yaralanan var» «Pulsuz oğru məktəbi; bu işdə qadınların da əli var; imtahanlardan müvəffəqiyyətlə çıxanlara kamal attestatı verilir».
Bir dənə də olsun oxumadığına peşiman olası yazı yoxdur. Xəyali kərpiclərdən hörülmüş bacaları olan xəyali qüllə. Bununla belə, əgər dünyada ancaq əldən çıxardığına görə heyfsiləndiyin şeylər mövcud olsaydı, gerçəklik toxunmağa belə qorxduğun kövrək, şüşədən hazırlanmış xırdavata çevrilərdi. Lakin həyat – elə həmin qəzet məqalələridir. Buna görə də hər bir kəs bunun mənasızlığını anlasa da, kompasın mərkəzini öz evində yerləşdirir.
Və birdən gözünə qeyri-adi bir məqalə sataşdı.
«Ayın on dördü, təxminən səhər saat səkkiz radələrində, Yekokava küçəsi 30-dakı yaşayış evinin tikinti meydançasında, Xinoxara şirkətində işləyən 28 yaşlı ekskavatorçu Tosiro Sutomu qum uçqunu altında qalıb, ağır bədən xəsarətləri almışdır. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, tezliklə vəfat etmişdir. Yekokava polis idarəsinin apardığı təhqiqatdan məlum olub ki, bədbəxt hadisəyə səbəb, çox güman ki, on metrlik təpəni dağıtmaq istəyən ekskavatorçunun aşağı hissədən həddən artıq çox qum götürməsi olub».
Aydındı… Onlar bu yazını mənə bilə-bilə soxuşdurublar. Yoxsa mənim xahişimi elə – belə yerinə yetirməzdilər. Yaxşı ki, altından qırmızı qələmlə xətt çəkməyiblər. Demək istəyirlər ki, həddən artıq qalmaqallı tiplər üçün ehtiyat variantlarımız var… Dəri kisəni qumla dolduracaqlar – belə şeylə dəmir və ya qurğuşun dəyənəklə vurulan zərbədən heç də pis olmayan zərbə vurmaq olar… Nə qədər desələrdə ki, qum axır, hər halda o, sudan fərqlidir… Suyun üzü ilə üzmək olar, qumun ağırlığından isə adam batır…
Vəziyyətim həddən artıq ümidverici görünürdü.