♦ 4 ♦

Gün əyildi, külək bir az sakitləşdi. Kişi, qumda küləyin çəkdiyi naxışlar gözlə seçilənədək təpənin üstündə ora – bura gəzdi.
Sözün düzü, ov çox da uğurlu alınmadı.
Sisəy və düzqanadlılar dəstəsindən olan ağbığ qulağagirən.
Atlı qarışqalar və bir dənə də başqa həşərat,- o, atlı qarışqaların bir növü olan bu həşəratın adını dəqiq bilmirdi.
Axtardığı sərtqanadlılardan isə təkcə taxılbitləri və uzunayaqlı “məktub paylayan”.
Əslinə baxanda səfərinin əsas məqsədi olan milçəklər ailəsindən isə bir dənə də olsun nümunə ələ keçməmişdi. Ola bilsin, sabahkı qənimətlər ürəkaçan oldu…
Yorğunluqdan gözlərinin qabağında sönük işıq zolağı uçuşurdu. Birdən qeyri – iradi dayandı və artıq tündləşən qum təpəsinin səthinə diqqətlə baxmağa başladı. Artıq ondan asılı deyildi: hərəkət edən nə görürdüsə, qabarböcəyi bilirdi.
Qoca söz verdiyi kimi, onu artel idarəsinin qarşısında gözləyirdi.
– Sizə əziyyət verdim…
– Yox canım, təki sizin xoşunuza gəlsin…
Görünür, idarədə nə barədəsə müzakirə gedirdi. Dörd və ya beş kişi dövrə vurub oturmuşdu, gülüş səsləri eşidilirdi. Artırmanın üzərinə üstünə “Vətənə sevgi hissinə sadiq ol” sözləri yazılmış böyük bir parça asılmışdı. Qoca nəsə donquldandı – gülüş o dəqiqə kəsildi. Elə bil bir qədər həvəssiz irəli addımladı, kişi də onun arxasınca. Balıqqulağı ilə örtülmüş yol qürübda ağappaq ağarırdı.
Nəhayət, qum təpəsinin lap dikində yerləşən çuxurlardan birinə yaxınlaşdılar. Kənd burda qurtarırdı.
Onlar sağa, dikdən aşağı aparan cığıra tərəf döndülər, bir qədər keçmiş qoca qaranlıqda itdi, əlini əlinə vurub, bərkdən çağırdı:
– Ay nənə, hardasan?
Aşağıda, az qala ayaqlarının altındakı qaranlıqda fənər işığı göründü.
– Burda, burda… Nərdivan çuvalların yanındadır.
Doğrudan da, bu dərədən pilləkənsiz çıxa bilməzsən. Aşağıdakı bu ev kimi daha üç evi bir-birinin üstünə qoymaq olar; hətta nərdivanla da ora çıxmaq müşküldür. Yamac demək olar ki, şaqulidir, amma gündüz, dəqiq yadındadır, ona elə gəlmişdi ki, mailidir. Nərdivana güman yox, özü də ki, cürbəcür kəndirlərlə bağlanıb və əgər müvazinətini itirsən, hardasa ortadan dolaşacaq. Lap təbii qalada yaşamağa oxşayır.
– Heç nədən narahat olmayın, dincəlin…
Qoca aşağı düşmədi, bir az dayanıb getdi.
Kişi başdan – ayağa qum içində idi və bir anlıq uşaqlığına qayıtdığını düşündü. Onu fənərlə qarşılayan qadını nənə deyə çağırırdılar və o, bu qadını qoca arvad bilmişdi, sən demə, xoşsifət, çox cavan, otuz yaşlarında, bəstəboy bir qadın imiş. Görünür o, sifətini pudralamışdı! – dəniz kənarında yaşayan qadın üçün sifəti həddən artıq ağ idi. Qısası, onu gülər üzlə, süni olmayan sevinclə qarşıladığı üçün o, qadına minnətdar idi.

Açığı, qonaqpərvərliklə qarşılanmasaydı, bu daxmanın kandarından içəri girməyə özünü məcbur edə bilməzdi. Yəqin ki, ələ salındığını fikirləşib, o dəqiqə burdan qaçardı. Divarlar qopub tökülmüşdü; qapı əvəzinə həsir sallanırdı; damı saxlayan dirəklər əyilmişdi; pəncərələrə taxta vurulmuşdu; döşəməyə sərilmiş saman döşəklər dağılmağa hazır vəziyyətdəydi və üstünə ayaq basanda yaş məsaməli rezin hopduran kimi fırçıldayırdı. Və bütün bunlardan əlavə – iyrənc, yetişmiş qumun çürümüş iyi.

Lakin axı hər şey ovqatdan asılıdır. O, qadının qonaqpərvərliyi qarşısında mat qalmışdı. Eybi yox, deyə özünü sakitləşdirirdi, belə şeylər ildə, ayda bir dəfə olur. Bəlkə bəxtim gətirdi, maraqlı bir həşərata rast gəldim. Hər halda belə yerlərdə həşəratlar at oynadır.

Zənni onu aldatmamışdı. Düz torpaq döşəmədə qazılmış ocağın kənarında, təklif edilən yerdə oturmağa macal tapmamış, yağış yağırmış kimi xışıltı eşidildi. Bu, birə yığını idi. Amma onu belə şeylərlə qorxutmaq olmaz. Entomoloq belə gözlənilməzliklərə həmişə hazırdır. Sadəcə, paltarının astarına xüsusi dərman səpmək, yuxudan qabaqsa bədənin açıq yerlərinə həşərat əleyhinə maz çəkmək lazımdır.
– Mən yemək hazırlayıram, ona görə də hələlik… – qadın əyilib, lampanı götürdü, – bir qədər qaranlıqda oturmalı olacaqsınız.
– Sizdə lampa cəmi bir dənədir?
– Hə, təəssüf ki…
Qadın günahkarcasına gülümsədi, – sol yanağında çuxur əmələ gəldi. Bu qadının çox cazibədar sifəti var, deyə fikirləşdi.
Lakin gözlərinin qəribə ifadəsi vardı. Ola bilsin, bu, xəstəliklə əlaqədardır. İltihablamış göz qapaqlarını hətta pudra da gizlədə bilmirdi. Yuxudan qabaq gözlərinə damcı dərmanı töksə, pis olmaz…
– Yemək yeməmişdən qabaq çimmək istəyərdim.
– Çimmək?
– Nədi ki, mümkün deyil?
– Çox təəssüf, birisi günə qədər gözləməli olacaqsınız.
– Birisi günə qədər? Axı birisi gün mən artıq burda olmayacam, – özündən asılı olmayaraq bərkdən güldü.
– Doğrudan?..
Qadın üzünü çevirdi, çiyinləri əsdi. Yəqin dilxor oldu. Bu kənd camaatı hisslərini gizlətməyə heç çalışmır da. Pərt olub, utandığından dodaqlarını gəmirirdi.
– Yaxşı, əgər çimməyə yer yoxdursa, yetər ki, sadəcə başımdan su axıdım. Yoxsa, başdan ayağa qumun içindəyəm…
– Üzürlü hesab edin, su cəmi bir vedrə qalıb… Axı quyu çox uzaqdadır…
Nəsə məzlum qadındır. Yaxşı, daha heç bir söz deməyəcəm. Tezliklə özü də əmin oldu ki, burda çimmək tamamilə mənasız bir işdi.
Qadın qaynadılmış balıq və molyusk şorbası gətirdi. Qısası dənizkənarı qida və bu, heç də pis deyildi. O, yeməyə girişmişdi ki, qadın onun başı üzərində böyük bir kağız çətir açdı.
– Bu nə üçündür? (“Yəqin, nəsə yerli adətdir.”)
– Yoxsa qum yeməyin içinə düşər.
– Niyə? – O, tavana baxdı və nə qədər təəccüblü olsa da, bir dənə də olsun çat – filan görmədi.
– Bilirsiz, qum… – Qadın da tavana baxdı. – Hər yerdə uçuşur… Bir gün süpürməyəndə, üç barmaq qalınlığında yığılır.
– Bəlkə dam köhnəlib?
– Yox, fərqi yoxdur, dam lap təzə olan vaxtlarda da qum bura düşürdü… Doğrudan da, qumdan dəhşətli heç nə ola bilməz. Ağacovandan da pisdi.
– Ağacovan?
– Belə böcəklərdi, ağac ovurlar.
– Yəqin termitlərdi.
– Yox, bilirsiz, bərkdilər.
– A – a, onda odunböcəyidir.
– Odunböcəyi?
– Qırmızımtıl, uzunbığlı. Onlardı?
– Yox, yox, bunlar düyü boydadılar, rəngləri də qəhvəyi.
– Hə, belə de. Onda bu, yarpaqyeyəndi.
– Əhəmiyyət verməsən, bax o boyda taxta dirəyi bir dəqiqədə çürüdər.
– Nə, yarpaqyeyən?
– Yox, qum.
– Niyə?
– Bütüm dəlmə-deşiklərdən özünə yol tapır. Külək pis tərəfdən əsəndə isə, qum çardağa yığılır, əgər yığışdırmasan, o qədər toplanacaq ki, tavandakı taxtalar dözməyəcək.
– Hə, qumun çardaqda yığılmasına yol vermək olmaz… Amma dirəkləri çürüdəcək demək sizə bir qədər qəribə gəlmirmi?
– Niyə ki, çürüdəcək.
– Məgər qum özü çox quru olması ilə seçilmirmi?
– Baxmayın, çürüdəcək… Bax, sizə deyirəm, təptəzə getanın (taxta ayaqqabı) qumunu təmizləmədən qoyun – yarım aydan sonra ondan bir şey qalmayacaq.
– Başa düşmürəm niyə.
– Ağac çürüyür, onunla birgə qum da çürüyür… Üstünü qum basmış tavan taxtalarını qazıb çıxarmağa çalışın, – piylənmiş torpaq görəcəksiz, lap götür xiyar yetişdir.
– Boş söhbətdi! – kişi həqarətlə üz – gözünü turşutdu. Ona elə gəldi ki, qum haqqında təsəvvürləri qadının avamlığıyla təhqir edilir. – Axı mən özüm də qum haqqında bir şey bilirəm… Bilirsiz, bax bu qum var ha, il boyu beləcə hərəkət edir… Onun canı hərəkətdədir… O, heç yerdə ləngimir – nə suda, nə havada, – özü – özü üçün hərəkətdədir… Elə buna görə də qumluqda hər canlı yaşaya bilmir… Bu, çürüməni doğuran bakteriyalara da aiddir… Əgər bilmək istəyirsinizsə, qum təmizlik rəmzidir, o, daha çox çürüməni dəf edir və onun özünün çürüdüyünü demək ağılsızlıqdır… Siz hələ deyirsiniz ki, qum çürüyür… Elə ondan başlayaq ki, qum çox nəcib mineraldır.
Qadın özünü itirmiş halda susurdu. Kişi qadının hələ də onun başı üzərində tutduğu çətirin altında, daha heç bir söz demədən naharını tez-tələsik yekunlaşdırırdı. Çətirin üstü qumla elə örtülmüşdü ki, barmaqla yazı yazmaq olardı.
Dözülməz rütubət vardı. Yox, qum nəm deyildi, sadəcə bədənin özünə rütubət hopmuşdu. Damın üstündə külək vıyıldayırdı. Siqaret üçün əlini cibinə saldı – cibi qumla doluydu. Kişi hələ siqaretini yandırmamışdan, ağzında tütünün acısını hiss etdi.
Yaxşı olar ki, içində zəhər olan bankadan həşəratları çıxarım. Nə qədər ki, qupquru olmayıblar, sancaqlayıb, heç olmasa pəncələrini hamarlayım. Qadının evin yanındakı talvarın altında qab-qaşıq yuduğu eşidilirdi. Görünür, ondan başqa burda heç kəs yaşamır.
Qadın qayıtdı və sakitcə evin küncündəki yatağı döşəməyə başladı. Əgər mən burda uzansam, bəs onda o özü harda gecələyəcək? Hə, əlbəttə, həsirin arxasındakı o dal otaqda. Deyəsən heç başqa otaq yoxdur. Amma bir az qəribədir – qonağı qapısı küçəyə açılan aralıq otaqda yatızdırırsan, özün isə arxa otaqda. Bəlkə, ola bilsin, orda tərpənə bilməyən ağır xəstə yatır… Hə, görünür bu, ağlabatan fərziyyədir. Hər halda, məhz belə düşünmək ən düzgünü olar. Çətin ki, tənha bir qadın hər yoldan ötənin qayğısına qalsın.
– Burda bizdən başqa kimsə var?..
– Kimsə?..
– Ailə üzvlərindən…
– Heç kəs, mən tək-tənhayam. – Qadın deyəsən onun fikirlərini oxudu və gözlənilmədən utana-utana güldü. – Bu qumun üzündən hər şey nəm çəkib, hətta yorğan da…
– Bəs sizin əriniz hardadır?
– Keçən ilki qasırğada… – Qadın yorğan-döşəyi təkrar-təkrar əli ilə saylayıb çırpırdı, bir sözlə lazımsız bir işlə məşğul idi. – Buralarda qasırğalar dəhşətli olur axı… Qum bura şəlalədən tökülən kimi, gurultu ilə tökülür. Gözünü açıb yumunca bir dze, bir də gördün, iki-üç dze silib süpürdü.
– Axı, iki dze altı metrdi…
– Belə olanda qumu nə qədər təmizləsən də, çatdırmaq olmur. Hə, onu deyirdim axı, ərim qışqırdı ki, toyuq damı təhlükədədir. Və qızımla birgə, onda qızım artıq məktəbə gedirdi, evdən bayıra atıldı… Mənsə çıxa bilmirdim – çalışırdım ki, heç olmasa evə xətər toxunmasın… Nəhayət, səhər açıldı, külək ara verdi və mən çıxdım. Hinin izi – tozu da qalmamışdı. Onları da tapa bilmədim…
– Qum örtmüşdü?
– Hə, tərtəmiz.
– Dəhşətdir… Qorxulu hadisədir. Qum və belə bir iş… Dəhşətdir…
Gözlənilmədən lampa avazımağa başladı.
– Yenə də qum.
Qadın dizləri üstə dikəlib, əllərini uzatdı və gülə-gülə barmaqlarıyla fitildən yapışdı. Lampanın işığı o dəqiqə artdı. Elə dizləri üstə dayanıb, diqqətlə alova baxırdı, sifətində isə əzbərlənmiş bir təbəssüm donmuşdu. Yəqin yanağındakı çuxuru gözə soxmaq üçün bilə – bilə edirdi. Kişinin bədəni qeyri – iradi gərildi. Bu, həyasızlığın son həddi idi, axı elə bu dəqiqələrdə qadın öz yaxınlarının tələf olması barədə danışırdı.