♦ 14 ♦

Lakin taktikanın dəyişdirilməsi ciddi tərəddüdlərlə bağlı idi və kifayət qədər vaxt tələb edirdi. Qadının qum belləməyə getməsindən hardasa dörd saat vaxt keçmişdi. Bu qədər vaxta, qum dolu səbətlər artıq ikinci dəfə dolub, qaldırılmalı, qum daşıyanlar isə işlərini bitirib, maşına tərəf getməliydilər. Kişi qulaq verib, onların qayıtmayacağına əmin olandan sonra yavaşca qalxıb geyindi. Qadın lampanı götürüb getmişdi, ona görə də hər şeyi qarasına etməli oldu. Çəkmələri ağzınadək qumla dolu idi. O, şalvarının balaqlarını corablarının içinə saldı, getrlərini çıxarıb, cibinə qoydu. Həşərat ovlamaq üçün lazım olan ləvazimat və başqa əşyalarını qapının ağzına yığdı ki, sonra tapmaq asan olsun. Ayaq qoyduğu torpaq döşəmə qum xalçasıyla örtülmüşdü və o, səssiz yaxınlaşmaya bilməzdi – bir də ki, ayaq səsləri onsuz da eşidilmirdi.
Qadının başı işə qarışıb. Quma soxub-çıxardığı bellə asanca davranır… Dərindən, rəvan nəfəs alır… Ayaqlarının yanına qoyduğu lampanın işığında uzun kölgəsi oynaşır… Kişi nəfəsini içinə çəkib, evin tinində gizləndi. Dəsmalın uclarını əlində yığıb, çəkib uzatdı. Onacan sayacam və yerimdən sıçrayacam… Əyilib qumla dolu beli qaldıran an imkan tapıb, üstünə atılmaq lazımdır.
Əlbəttə, heç bir təhlükə yoxdur demək düz olmaz. Onu da deyək ki, onların kişiyə olan münasibəti cəmi yarımca saatın ərzində kəskin dəyişə bilər. Axı prefekturadan olan məmur hər halda mövcuddur. Üstəlik, qocanın onu əvvəlcə bu məmurla səhv salıb ehtiyatlanması elə-belə məsələ deyil. Çox güman ki, bu gün sabah gəlib onları yoxlayacaqlarını gözləyirlər. Və əgər belədirsə, istisna deyil ki, yoxlama zamanı kənddə fikir ayrılığı yaranacaq, onun mövcudluğunu gizlətmək mümkün olmayacaq və əvvəl-axır onu ağzı bağlı saxlamaq fikrindən əl götürəcəklər. Doğrudur, bu yarım saatın yarım il, bir il, bəlkə də daha çox uzanacağına heç bir təminat yoxdur. Yarım saat və ya bir il – şanslar bərabərdir. O, mərc gəlməyə ürək etməzdi.
Lakin fərz etsək ki, ona kömək əllərini uzada bilərlər, onda ən yaxşısı özünü xəstəliyə vurmaqda davam etməkdir. Məhz bu məsələyə o, fikrən dönə-dönə qayıdırdı. İndi ki, o, qayda-qanunları olan ölkədə yaşayır, onda hardansa kömək gözləməyi də təbiidir. Müəmma dumanında gizlənən və sağ-salamat olmaları barədə heç bir işarə vermədən itkin düşənlər sırasına qoşulan adamlar çox vaxt özləri bunda maraqlı olanlardır. Bundan əlavə, əgər hadisədə cinayətə dəlalət edən bir şey yoxdursa, itkindüşməyə cinayət işi kimi yox, mülki iş kimi baxılırdı və polis bu işdə çox da dərinə baş soxmurdu. Lakin onunla bağlı vəziyyət tamam başqa cürdür. O, həsrətlə kömək gözləyir, bu haqda hamıya müraciət edir, bu kömək hardan gələcək – onun üçün fərqi yoxdur. Hətta onu heç vaxt görməmiş, səsini eşitməmiş adamın üçün, sahibsiz qalmış evinə heç olmazsa bir dəfə, ani də olsa, baxması kifayətdir ki, ona hər şey o saat aydın olsun. Oxuduğu yerdə saxlayıb, açıq qoyduğu yarımçıq kitab… İşə geyindiyi kostyumun cibindəki xırda pul… Lap qoy cüzi məbləğdə də olsa, son vaxtlar hesabından pul çıxarılmayan çek kitabçası… Yarımçıq qurudulub, hələ səliqəyə salınmamış həşəratlarla dolu yeşik… Yola salınmağa hazır, üstünə marka yapışdırılmış həşəratlar üçün təzə şüşə qablar sifarişi kağızı… Hər şey yarımçıq atılıb və sahibinin qayıtmaq fikrində olduğuna işarə edir. Baş çəkməyə gələn adam, istəsə də İstəməsə də, bu otaqların az qala hər nöqtəsindən eşidilən yalvarışları eşitməyə bilməz.
Bəli… Əgər həmin məktub olmasaydı… Əgər həmin sarsaq məktub olmasaydı… Amma o var idi… Bu yuxu öncəgörmə oldu, indi isə o, yenidən özü – özünü nəyəsə inandırmağa çalışır. Nə üçün? Hiylə yetər. İtirdiyini qaytara bilməzsən. O, öz əlləri ilə artıq çoxdan özünü məhv edib.
Bu məzuniyyətə aid nə varsa, hamısını sirr saxlayırdı və həmkarlarının heç birinə hara gedəcəyi barədə bilərəkdən heç nə demirdi. Susmağı azmış kimi, bu gedişini düşünülmüş şəkildə sirrə bələmişdi. Bu, öz yekrəng boz həyatlarında özləri də başdan-ayağa bozarmış həmin adamları ələ salmaq üçün(bundan yaxşısını düşünə bilməzsən) çox gözəl vasitə idi. İndi o, özünüməhvlə məşğul idi; bütün bu bozluq içərisində əlbəttə onun yox, başqalarının tamam ayrı rəngdə də ola biləcəklərini fikirləşməyə dəyərdi: qırmızı, mavi, yaşıl…
Axı gözqamaşdırıcı günəşlə dopdolu yay ancaq roman və kinofilmlərdə olur. Həyatda isə – bu, elə orda da həmən acı tüstü iyinin hakim olduğu şəhər kənarına getmiş balaca, təvazökar adamın istirahət günləridir və siyasətə həsr olunmuş səhifələri açıb, qəzeti yerə sərərək uzanıb… Maqnit stəkanlı termos və konservləşdirilmiş şirə… uzun müddət növbədə dayanandan sonra kirayəyə götürülmüş qayıq – saatı on beş iyen… Qurğuşun rəngli köpüklərin diyirləndiyi, ölü balıqlarla qaynam-qaynam qaynaşan sahil… Sonra isə ölü kimi yorulub düşmüş adamlarla ağzınadək dolu elktrik qatarı… Hamı hər şeyi çox gözəl başa düşür, lakin özü-özünü aldadan axmaq görkəmində görünməmək üçün boz kətanda bütün bacarıqlarını səfərbər edib, nəsə bayrama bənzər bir şey çəkirlər. Bədbəxt, üzütüklü atalar öz narazı balalarını bazar gününün necə əla keçdiyini söyləməyə məcbur edərək zinhara gətirirlər… Hər bir adamın heç olmasa, bircə dəfə də olsa elektrik qatarının bir küncündə görə biləcəyi səhnələr… Az qala riqqətə gətirəcək başqasının günəşinə olan paxıllıq hissi.
Lakin iş təkcə bunda olsaydı, bütün bunları belə ciddi qəbul edib, ürəyinə salmağa dəyməzdi. Əgər həmin adam bütün baş verənlərə başqa həmkarları kimi reaksiya verməsəydi, o, çətin ki, belə tərslik edərdi.
Ancaq ona xüsusi inam bəsləyirdilər. Bu, düz danışan, aydın gözlü, həmişə təzə yuyulmuş kimi görünən sifəti olan bir adam idi. Bu adam həmkarlar hərəkatında fəal iştirak edirdi. Bir dəfə isə onunla hətta başqalarından gizlətdiyi məhrəm fikirlərilə ciddi və səmimi şəkildə bölüşməyə səy göstərdilər.
– Sən belə fikirləşirsən?.. Məni sadəcə bax bu həyatla zənginləşdirilən təhsil problemi rahat buraxmır…
– “Zənginləşdirilən”i necə başa düşək?
– Belə deyək də, illüziyalara əsaslanan və mövcud olmayanı mövcud olan kimi qavramağa məcbur edən təhsil. Götürək elə qumu – o, bərk cisimdir, lakin eyni zamanda kifayət qədər hidrodinamik xüsusiyyətlərə malikdir. Elə ona belə diqqət ayırmağımın əsas səbəbi də budur…
Adam çaşdı. Pişik kimi çiyinləri çıxmış bu adamın çiyinləri daha da çox çıxdı. Lakin sifətinin ifadəsi, həmişəki kimi açıq qalmaqda davam edirdi. O, ideyanın ona yad olduğunu heç nə ilə bildirmirdi. Bir dəfə kimsə dedi ki, o, mebiusun lentini xatırladır. Mebiusun lenti – bu, bir dəfə burulub, ucları birləşdirilmiş və beləliklə də üz və astarını itirərək müstəviyə çevrilmiş kağız zolağıdır. Ola bilsin ki, bu ləqəbə onun Mebiusun lenti kimi özünün həmkarlar ittifaqındakı fəaliyyəti ilə şəxsi həyatın bir araya cəmləyə bilməsi fikri yerləşdirilmişdi?
Bu ləqəbdə yüngülvari bir rişxəndlə yanaşı təqdir də vardı.
– Bəlkə sən realistik təhsili nəzərdə tutursan?
– Yox, mənim qumla bağlı misalımı götür… məgər dünya son nəticədə quma oxşamır?.. Bax həmin bu qum, hərəkətsiz, sakit vəziyyətdə öz varlığını büruzə vermir… Əslində qum hərəkət etmir, hərəkət özü qumdur… Yaxşı olar ki, izahat verməyim…
– Mən onsuz da anladım. Axı tədris təcrübəsində relyativizmin vacib elementləri cəmləşib.
– Yox elə deyil. Mən özüm quma çevriləcəm… Hər şeyi qumun gözü ilə görəcəm… Bir dəfə ölmüsənsə, yenidən öləcəyindən narahat olmağa dəyməz…
– Sən idealist deyilsən ki, hə?.. Sən yəqin ki, öz şagirdlərindən qorxursan, düzdü?
– Çünki mən şagirdlərimin də nəyləsə quma bənzədiklərini düşünürəm…
Onda o, dişlərini ağardıb, axır məqamda onsuz da ümumi bir nəticəyə gələ bilməyəcəyimiz bu söhbətin, onun ürəyindən olmadığını heç nə ilə hiss etdirmədən cingiltili gülüşlə güldü. Onsuz da kiçik olan gözləri üzünün qırışlırında tamam itdi. Mən, yadımdadı ki, onun gülüşünə gülüşlə cavab verməyə bilmədim. Bu adam həqiqətən də Mebiusun lenti idi. Həm yaxşı, həm də pis mənada. Heç olmasa yaxşı olan tərəfinə görə, hörmət etməyə dəyərdi.
Lakin hətta bu Mebiusun lenti də, başqa həmkarları kimi məzuniyyətə çıxdığına görə ona açıq-aydın paxıllıq edirdi. Bu isə Mebiusun lentinə qəti surətdə oxşamırdı. Paxıllıq etməklə yanaşı, o həm də sevinirdi. Comərd adamlar adətən adamı qıcıqlandırır. Buna görə də onu əsəbləşdirməkdən hədsiz zövq almaq olurdu.
Və bu zəhrimar məktub… Geri qaytarılması mümkün orlmayan paylanmış kart. Dünənki yuxunu səbəbsiz hesab etmək olmaz.
Onunla o qadın arasında, yəni bu yox, başqa qadın arasında sevgi yox idi demək, yalan olardı. Onların arasında nəsə sönük və bəlkə də qeyri-müəyyən münasibətlər mövcud idi və o, heç vaxt bilmirdi ki, bu qadından nə gözləmək olar. Məsələn ona deyəndə ki, nikah mahiyyət etibarilə xam torpağın şumlanması kimi bir şeydir, o dəqiqə qəti və əsəbi şəkildə etiraz edirək, nikahı darısqallaşmış ev-eşiyin genişlənməsi kimi başa düşmək lazım olduğunu bildirirdi. Əksini desəydim, sözsüz ki, buna da etirazını bildirərdi. Bu, fasiləsiz olaraq iki il və dörd ay davam etmiş oyun idi – kim-kimə üstün gələcək. Ola bilsin, onlar sevgi hissini itirmişdilər demək əvəzinə, axır – axırda lap dondurmuşdular demək daha düzgün olardı, çünki onu, yəni sevgini həddən artıq idellaşdırmışdılar.
Və elə onda da gözlənilmədən məktub yazıb qoymaq və orda bir müddətə yerini demədən, tək harasa gedəcəyəi barədə xəbər vermək qərarına gəldi. Məzuniyyəti ətrafında qurduğu, həmkarlarına əngəlsiz təsir edən müəmma toru bu qadına təsir etməyə bilməzdi. Lakin lap son anda – artıq ünvanı yazıb, markasını yapışdırdıqdan sonra, belə qərara gəldi ki, bu, axmaqlıqdır və məktubu stolun üstündə saxladı.
Ziyansız bir zarafat yalnız seyf sahibinin aça biləcəyi, sekreti olan avtomatik qıfıl rolunu oynadı. Məktub mütləq kiminsə gözünə dəyməli idi. Burda əlbəttə ki, bilərəkdən, onun öz arzusuyla itməsinə işarə vuran sübut vardı. O, küt bir tərsliklə, onu cinayət yerində gördüklərinə baxmayaraq barmaq izlərini məhv edən ağılsız cinayətkara bənzəyirdi.
Əsirlikdən qaçmaq imkanları azalırdı. Və indi, baxmayaraq ki, hələ də ümidini itirməmişdi, bu ümid özünün qatdığı zəhərdən boğulurdu. İndi onun bir yolu vardı – kiminsə bu qapıları onun üzünə açmasını gözləmədən, özü o qapıları açsın və güclə də olsa, buradan canını qurtarsın. Bu saat tərəddüd etmək olmaz.
Bədəninin bütün ağırlığını ağrıyanadək quma batırdığı ayaq barmaqlarına salıb, qərar verdi: onacan sayıb, yerimdən sıçrayacam… Lakin on üçədək saydı – heç nə alınmadı. Nəhayət, dörd dəfə köks ötürüb, o, gizləndiyi yerdən çıxdı.