♦ 22 ♦

Əgər əzələlərinin arasına gips töksən, yəqin ki, əhvalın təxminən belə olar. Səhv etmirəmsə gözlərim açıqdır, bəs onda ətraf niyə belə qaranlıqdır? Hardasa siçan öz yuvasına nəsə dartıb aparır… Boğazım yanır, elə bil yeyə sürtüblər… Ağzımdan zibil quyusunun iyi gəlir… Siqaret çəkmək istəyirəm… Yox, əvvəlcə içsəm yaxşıdır… Su!.. O, həmin anda gerçəkliyə qayıtdı… Belə de… Bu siçan deyilmiş – qadın işə başlamışdı. Görəsən yatdığı nə qədər vaxt olar?.. Qalxmağa cəhd göstərdi, lakin nəsə dəhşətli bir qüvvə onu yenidən döşəyin üstünə tulladı… Birdən nəsə ağlına batdı və üzündəki yaylığı çəkib atdı. Taybatay açılmış qapının arasından jelatindən süzülübmüş kimi təzətər Ay işığı daxil olurdu. Hiss olunmadan gecə düşdü.
Yatağının yanında qazança, lampa və araq şüşəsi qoyulmuşdu. O, cəld dirsəklənib, ağzını yaxaladı. Ağzındakı suyu bir qədər uzağa, ocağa tərəf tüpürdü. Aramla bir neçə ləzzətli qurtum vurdu. Əli ilə lampanın ətrafını yoxladı, barmaqları yumşaq bir bağlamaya toxundu – kibrit və siqaret. Lampanı yandırdı, alovu siqaretinə yaxınlaşdırdı. Bir az da araqdan içdi. Parçalanmış şüuru yavaş – yavaş nəsə bütöv bir şeyə çevrilməyə başladı.
Bağlamada yemək də vardı. Hələ də isti olan düyü və undan hazırlanmış üç kökə, iki dənə qurudulmuş siyənək, turşuya qoyulmuş, quruyub büzüşmüş turp və bir qədər də acı dadan, – deyəsən, elə həmin turpun qurudulmuş yarpaqlarından ibarət bişmiş tərəvəz. Bircə dənə siyənək və kökə bəs edərdi. Mədəsi yığılıb, rezin əlcək boyda olmuşdu.
Ayağa qalxanda güclü küləkdən titrəyən dəmir örtük kimi oynaqları cırıldadı. Kişi ehtiyatla su çəninin içinə boylandı. Çən yenidən ağzınadək doldurulmuşdu. Kişi yaylığı isladıb, üzünə sərdi. Titrətmə bütün bədənini dəlib keçdi – gündüz işığı lampasını dəlib keçən qığılcım kimi. O, boynunu, böyürlərini yaylıqla sürtdü, barmaqlarının arasındakı qumu təmizlədi. Bəlkə də, elə belə anlarla həyatın mənasını təyin etmək lazımdır.
– Bəlkə çay içəsiniz? – qadın qapının ağzında dayanmışdı.
– Lazım deyil… Qarnım nağara kimidir – suyla dolub.
– Yaxşı yatdınız?
– Qalxanda gərək məni də oyadaydın…
Qadın başını aşağı salıb, sanki onu qıdıqlayırmışlar kimi bir qədər gülməli səslə dedi:
– Gecə üç dəfə qalxıb, üzünüzdəki yaylığı səliqəyə salmışam.
Bu, nəhayət ki, böyüklərin gülüşünü təqlid etməyi çətinliklə öyrənib başa çıxan üç yaşlı uşağın şıltaqlığına bənzəyirdi. Qadının aşıb – daşan sevinc hissini daha yaxşı necə ifadə etməyin sadəcə yolunu bilmədiyi çaşqın görkəmindən aydın görünürdü. Kişi qaşqabaqla cavab verdi.
– Sənə qazmaqda kömək edim?.. Yoxsa, bidonları daşısam daha yaxşı olar?
– Axı… artıq vaxtdır. İndilərdə səbətləri aşağı sallamalıdırlar…
İşə başlayanda öz bədənindən gözlədiyi müqaviməti hiss etmədiyindən təəccübləndi. Görəsən bu dəyişikliyin səbəbi nədir? Bəlkə səbəb susuz və ya qadının qarşısında borclu qalmaq qorxusudur, ya da ola bilsin ki, bu, əməyin öz xarakterindən gələn bir şeydir. Həqiqətən də, əmək sürətlə uçan vaxtla barışmaqda insana kömək edir, hətta o, mənasız yerə itirilsə belə.
Bir dəfə “Mebiusun Lenti” onu hansısa bir mühazirəyə dartıb apardı. Mühazirənin keçirildiyi yer alçaq, paslı dəmir barmaqlıqla çəpərlənmişdi və onun arxasında o qədər kağız qırıntısı, boş banka, nə üçün nəzərdə tutulduğu bilinməyən əski parçaları səpələnmişdi ki, torpaq heç görünmürdü. Buranı hasarlamaq fikri layihəçinin ağlına hardan gəlib? Və elə bil onun bu təəccüb doğuran sualına cavab verirmiş kimi nimdaş pencəkli bir nəfər peyda oldu, dəmir çəpərin üstündən əyilib, ciddi – cəhdlə barmaqlarını onun üstünə sürtdü. “Mebiusun Lenti” pıçıldadı ki, bu adam paltarını dəyişmiş polis işçisidir. Tavanda yağış damcılarının qəhvəyi rəngli izi yayılmışdı – belə iri iz o heç vaxt görməmişdi. Və belə bir şəraitdə mühazirəçi danışırdı: “Əməyin üzərində ucalmaqdan ötrü əməyin özündən yaxşı vasitə ola bilməz. Əmək öz – özlüyündə qiymət kəsb eləmir, əməyin öhdəsindən əməklə gəlmək qiymət kəsb edir… əməyin həqiqi qiyməti onun özü – özünü inkar etmək gücündədir”
Bərkdən fit səsi eşidildi. Kimsə barmaqlarını ağzına qoyub, şərti siqnal verdi. Qumla dolu səbətlərin qaldırılmasını müşayiət edən qayğısız səs-küy, qışqırıq onların yerləşdiyi dərəyə yaxınlaşdıqca get – gedə sakitləşirdi. Səbətləri aşağı buraxanda isə artıq tam sakitlik çökürdü. O, kənardan müşahidə edildiyini hiss edirdi, lakin divara müraciətlə qışqırmaq əvvəlkindən daha mənasız idi. Lazım olan qədər qumun müvəffəqiyyətlə yuxarı qaldırılmasından sonra elə bil ki, gərginlik azalıb, yox oldu. Heç kim heç nə deməsə də, artıq belə bir təəssürat yaranmışdı ki, hava və su kimi lazım olan qarşılıqlı anlaşma baş tutub.
Qadının davranışlarında da gözə çarpan dəyişikliklər baş vermişdi.
– Dincələk… Mən indi çay gətirərəm…
Səsində və hərəkətlərində gümrahlıq hiss olunurdu. Qadın gizlətməyə belə çalışmadığı şuxluq, oynaqlıqla aşıb daşırdı. Kişi həddən artıq qənd yeyibmiş kimi çiyrinmişdi. Buna baxmayaraq, qadın onun yanından gəlib keçəndə kişi yüngülcə onun yançalarına şappıldatdı. Əgər gərginlik gəlib son həddə çatıbsa, qoruyucu mütləq yanır. Nə olursa olsun, qadını belə aldatmaq olmaz. Bir gün gələr o, xəyali qalanı müdafiə edən keşikçi haqqında rəvayəti qadına danışar.
Bir qala vardı… Yox, qala olmasa da olar – zavod, bank, kazino olsun – bu, elə də vacib şərt deyil. Keşikçi əvəzinə elə qarovulçu, ya da sadəcə mühafizəçi ola bilər. Beləliklə, daim düşmənin hücumunu gözləyən keşikçi hər an ayıq – sayıq idi. Nəhayət, yolunu uzun müddət gözlədiyi düşmən gəlib çıxdı. Keşikçi vaxt itirmədən həyəcan şeypuru çaldı. Lakin nə qədər qəribə olsa da, əsas qüvvələrdən səs – səmir çıxmadı. Aydın məsələdir ki, düşmən çətinlik çəkmədən, bir zərbəsilə keşikçini süpürüb atdı. O, son nəfəsində dumanlı da olsa, düşmənin heç bir müqavimətə rast gəlmədən, hava kimi divarları, darvazaları, evləri yarıb keçdiyini gördü. Əslində isə hava kimi olan düşmən yox, qalanın özü idi. Sən demə, tənha keşikçi ömrü boyu vəhşi çöllükdə bitən qurumuş ağac kimi xəyali bir qalanı qoruyub…
Kişi belin üstündə oturub, siqaretini yandırmağa çalışdı. Lakin bu, ona yalnız üçüncü dəfədən sonra müyəssər oldu. Yorğunluğu suya tökülmüş mürəkkəb kimi çevrələr cızır, meduza kimi yeriyir, atom nüvəsi sxeminin qəribə ornamentinə çevrilir və nəhayət əriyib gedirdi. Gecəquşu çöl siçanını görən kimi öz iyrənc səsiylə rəfiqəsini səsləyir. Nədənsə narahat olan it kal səslə hürür. Göyün dərinliklərində toqquşan hava kütlələri vıyıldayır. Yerdə isə şiddətli külək qumun tünük dərisini bıçaq kimi qatbaqat soyur.
Kişi tərini, barmaqları ilə burnunu silib, başından qumu çırpıb təmizlədi. Ayağının altındakı qum naxışları qəfil donmuş dəniz ləpələrinə oxşayırdı. Əgər bu səs dalğaları olsaydı, gör indi buralarda nə melodiya səslənərdi! İnsanın burnunu kömür maşası ilə sıxsan, qulaqlarını qan laxtası ilə doldursan, çəkiclə bir – bir dişlərini vurub sındırsan, onda, çox güman ki, o da bu melodiyanı zümzümə edə bilər. Lakin bu çox qəddar hərəkət olardı və düzünə qalsa, melodiyanın özü də artıq sən deyən kimi alınmaz… Birdən ona elə gəldi ki, gözləri quş kimi göyün yeddinci qatına qalxdı və ordan onun özünə diqqətlə baxmağa başladı. Heç kim yox, elə onun özü bütün baş verənlərin qəribəlikləri barədə düşünə – düşünə, çox qəribə həyat tərzi keçirir.