♦ 16 ♦

– Ey! – xırıltılı səs eşidildi.
– Orda nə edirsiniz? – hələ də gənclik təravətini saxlayan başqa bir səs əks-səda kimi eşidildi. Dərəyə elə qatı zülmət çökmüşdü ki, göz-gözü görmürdü, bayırda isə, çox güman ki, artıq ay çıxmışdı, çünki qumla səma arasındakı sərhəddə yayğın ləkə kimi bir-birinə qarışmış bir qrup adamın kölgəsi qaralırdı. Kişi sağ əlində bel, dərənin dibi ilə süründü. Yuxarıda həyasız gülüşmə eşidildi. Səbətləri qaldırmaq üçün aşağıya qarmaqlı kəndir salladılar.
– Xalacan, tez elə!
Elə bu an kişi gərilib, dalınca qum tozanağı qaldıraraq kəndirə tərəf tullandı.
– Ey, qaldır! – deyə qışqırdı. Kələkötür kəndirdən elə yapışmışdı ki, daş da olsaydı, fərqi yoxdur, barmaqları axıradək içinə girəcəkdi. – Qaldır! Qaldır! Nə qədər ki, qaldırmamısınız, buraxmayacam… Qadın əli-ayağı bağlı evdə uzanıb qalıb. Ona kömək etmək istəyirsinizsə cəld kəndiri çəkin! O vaxta qədər isə heç kəsi ona yaxın buraxmayacam!.. Əgər kimsə bura burun soxmağa cəhd göstərsə, bellə başını yaracam… Məhkəmə olsa – mən udacam! Mərhəmət gözləməyin!.. Hə, niyə ləngiyirsiniz? Əgər elə bu saat məni yuxarı qaldırsanız, məhkəməyə vermərəm, hər şey barəsində susaram… Qanunsuz saxlama – heç də balaca cinayət deyil!.. Hə, nə oldu? Çəkin görək!
Yuxarıdan tökülən qum sifətinə vurur. Köynəyinin altından, boynundan aşağıya doğru nəsə xoşagəlməz, yapışqan kimi bir şey sürünür. İsti nəfəs dodaqları yandırır.
Yuxarıda deyəsən məsləhətləşirdilər. Və birdən – güclü bir dartınma və kəndir yuxarıya doğru sürünməyə başladı. Havada yellənən, düşündüyündən də qat-qat çox olan bədəninin ağırlığından az qala kəndir əlindən çıxır. Kişi kəndirdən ikiqat bərk yapışdı. Yəqin ki, gülməyini saxladığı səbəbindən yaranan spazma qarnını əzirdi və ağzından damcılar yelpik kimi sıçrayırdı… Bir həftə davam edən pis yuxu dağılır və harasa uçur… Yaxşı… yaxşı… Artıq xilas olub!
O, qəflətən çəkisizlik hiss etdi və fəzada üzdü… Hissləri dəniz xəstəliyində olduğu kimi bütün bədəninə yayıldı; buna qədər az qala əlinin dərisini aparan kəndir, indi gücsüz vəziyyətdə ovuclarında qalmışdı.
Bu əclaflar kəndiri buraxmışdılar!.. Kəllə-mayallaq aşıb, yöndəmsiz şəkildə qumun üstünə yıxıldı. Həşəratlar üçün olan yeşik altında qalıb, iyrənc bir çartıltı saldı, sonra isə nəsə yanağını yalayıb bir qəldər kənara uçdu. Güman ki, kəndirin ucuna bağlanmış qarmaq idi. Gör yaramazlar nə edirlər! Yaxşı ki, heç olmasa, üzümə bərk dəymədi. Yeşiyin üstünə düşən tərəfini əllədi, – deyəsən, elə bir ağrıyan yeri yoxdur. Dik atılıb kəndiri axtarmağa başladı. Onu artıq yuxarı qaldırmışdılar.
– Axmaqlar!
Kişi yad bir səslə qışqırdı:
– Axmaqlar! Axı peşman olacaqsız!
Sıfır reaksiya. Ancaq tüstü kimi yayılan sakit pıçhapıç – nə dediklərini ayırd etmək olmur. Bu pıçıldaşmada nə çoxdur – düşmənçilik, ya istehza, – ayırd edə bilməzsən. Və bu, dözülməzdir.
Qəzəb və həqarət polad halqalar kimi bədənini sıxırdı. O, yumruqlarını dırnağı tərli ovuclarına batanadək sıxıb, qışıqırmaqda davam edirdi.
– Hələ başa düşməmisiniz?! Düzdü, siz söz başa düşmürsünüz, amma mən elə şey etmişəm ki, hətta sizin kimi kütlər də başa düşməlidir? Qadının əl-qolu bağlıdır! Eşidirsiz?.. Nə qədər ki, məni yuxarı qaldırmamısınız və ya nərdivanı aşağı salmamısınız, o, elə də qalacaq!.. Burda qumu kürəməyə adam olmayacaq… Hə, necədi, xoşunuza gəlir?.. Yaxşı-yaxşı fikirləşin… Əgər bura qum altında qalsa, axı sizin üçün də pis olacaq, düzdü?.. Qum dərəni doldurub, kəndə tərəf hərəkət edəcək!.. Onda nə edəcəksiniz?.. Niyə cavab vermirsiniz?!
Cavab vermək əvəzinə onlar sadəcə çıxıb getdilər, ancaq qumun üstü ilə
sürüdükləri səbətin xışıltısı eşidilirdi.
– Niyə?.. Niyə heç bir söz demədən çıxıb gedirsiz?
Artıq özündən başqa heç kəsin eşitmədiyi aciz bir yalvarış. Kişi başdan ayağa əsə-əsə, əyilib həşərat kolleksiyası yeşiyinin içindəkiləri qarasına yığmağa başladı. Görünür, spirt butulkası sınmışdı: ona toxunanda barmaqlarının arasından xoş bir sərinlik axdı. O, səssiz – səmirsiz ağlamağa başladı. Çox da kədərlənmirdi. Hələ üstəlik, ona elə gəlirdi ki, ağlayan da özü yox, kimsə başqasıdır.
Qum onun ardınca hiyləgər yırtıcı tək sürünürdü, qatı zülmətdə çaşa-çaşa, ayqlarını sürüyərək çətinliklə özünü qapıya çatdırdı. Qapağı sınmış yeşiyi ehtiyatla, qarasına ocağın yanına qoydu. Küləyin uğultusu havanı yardı. Ocağın yanındakı boş bankadan polietilen paketə bükülmüş kibriti çıxarıb, lampanı yandırdı. Qadın döşəməyə çox əyilmiş, ammaəvvəlki vəziyyətdə uzanıb qalmışdı. O, görünür, bayırda nə baş verdiyini ayırd etmək üçün başını yüngülcə qapıya tərəf çevirdi. Gün gözünü qamaşdırdı və o dəqiqə yenidən gözünü bərk-bərk qapadı. Kişinin bir qədər əvvəl öz üzərində hiss etdiyi qəddarlıq və kobudluğunu görəsən qadın necə qəbul etdi?.. Ağlamaq istəyir – qoy ağlasın, gülmək istəyir – qoy gülsün… Hələ heç nə itirilməyib. Gec partlayan minanın fitili yalnız mənim öz əlimdədir, başqa heç kimin.
Kişi qadının arxasında dizi üstə yerə çökdü. Bir qədər tərəddüddən sonra qadının ağzını tıxayan yaylığı açdı. Ona görə yox ki, birbən birə vicdan əzabı çəkdi. Və əlbəttə ki, mərhəmətdən, ya ona acıdığından söhbət belə gedə bilməzdi.
O, sadəcə gücdən düşmüşdü. Və bu nəhayətsiz gərginliyə dözə bilmirdi. Mahiyyət etibarilə tıxaca ehtiyac da yox idi. Əgər onda qadın köməyə çağırıb qışqırsaydı, ola bilsin ki, bu əksinə, onun düşmənləri arasında çaşqınlıq yaradar, onları tez bu məsələni həll etməyə məcbur edərdi.
Qadın çənəsini uzadıb, ağır -ağır nəfəs alırdı. Onun qumla qarışmış tüpürcəyindən yaylıq ölü siçovul kimi bozarıb ağırlaşmışdı. Dərisini sıxan yaylığın qoyduğu gömgöy izlər elə bil heç vaxt itməyəcəkdi. Keyləşib taxtaya dönmüş, quru balıq kimi bərk yanaqlarını açılışdırmaq üçün qadın fasiləsiz olaraq alt çənəsini tərpədirdi. – Artıq vaxtdır… – Yaylığı iki barmağıyla götürüb, torpaq döşəmənin üstünə atdı.- Məsləhətləşmələrini qurtarmaq vaxtıdır. İndi əllərində kəndir nərdivan qaçıb gələcəklər. Axı hər şey necə varsa elə də qalsa, onların özü üçün pis olacaq. Hə, düz deyirəm… narahatlıq istəmirlərsə, onda məni bu tələyə də salmaq lazım deyildi.
Qadın tüpürcəyini udub, dodaqlarını yaladı. – Axı… – Dili hələ sözünə pis baxırdı və qadın ağzında isti yumurta varmış kimi boğuq danışırdı. – Ulduzlar çıxıb? – Ulduzlar?.. Ulduzların bura nə dəxli var? – Bəlkə ulduzlar çıxmayıb… – Hə, tutaq ki, çıxmayıb, nə olsun ki? Qadın haldan düşüb, yenidən susdu.
– Nə baş verir? Başlamısız – sözünüzü axıra çatdırın! Ulduz falı tərtib etmək istəyirsiniz? Ya, bəlkə bu, yerli xurafatdır?.. Hələ bir bəlkə deyəsiz ki, ulduzsuz gecələrdə nərdivanı aşağı sallamaq olmaz?.. Hə, nədi? Mən başa düşmürəm ki, niyə susursunuz!.. Bəlkə siz ulduzlar çıxandan sonra danışmağa başlayacaqsınız, onda gözləyin, özünüz bilərsiniz… Lakin birdən qasırğa qopsa, nə olacaq? Onda əminəm ki, ulduzlar heç yada düşməyəcək!
– Ulduzlar… – Qadın, elə bil sözləri yarımçıq tübikdən damcı-damcı sıxıb çıxarırdı. – Əgər bu vaxtadək ulduzlar çıxmayıbsa, külək çox da bərk olmayacaq…
– Niyə?
– Axı ulduzlar dumana görə görünmür.
– Bu da sözdür? Məgər indi külək əvvəlki kimi əsmir?
– Yox, onda indikindən qat-qat bərk əsirdi. Eşidirsiniz, külək yatır…
Ola bilsin, qadının dediklərində həqiqət var. Ulduzların dumanlı görünməyinin səbəbi odur ki, küləyin havadakı buxarları qovmağa gücü çatmır. Bu gecə çətin ki, güclü külək əssin… Deməli, onlar da orda – kənddə qərar çıxarmağa tələsməyəcəklər… Və əvvəlcə ona cəfəngiyyat, ağılsızlıq kimi görünənin, gözlənilmədən ağlabatan cavab olduğu məlum olub.
– Doğrudan a-a… Amma mən tamamilə sakitəm… Əgər onlar belə edirsə, onda mən özüm də gözləyə bilərəm. Bir həftə, ya on, on beş gün – fərq etməz…
Qadın ayaq barmaqlarını güclə bükdü. Onlar indi qarayaxanın məmələrinə oxşayırdılar. Kişi güldü. Və gülən kimi də ögüməyi gəldiyini hiss etdi.
Özümü nə üzürəm?.. Məgər düşmənlərinin zəif yerini dişinə vurmamısan?.. Nəyə görə sakit olmur, müşahidə etmirsən?! Axı nəhayət, sən sağ – salamat evinə qayıtdıqdan sonra bütün bu başına gələnləri qələmə almaqa dəyər.
…O! Bizi heyrətləndirdiz. Nəhayət ki, siz nəsə yazmağa qərar verdiniz. Doğrudan da, başınız az bəla çəkməyib. Lakin başımıza gələnlərdən dərs alırıq – axı yağış soxulcanlarının da dərisini qıcıqlandırmasan, dartınıb uzanmaz. Sağ olun. Düzü, mənə çox şey haqqında düşünmək lazım gəldi, hətta başlıq da hazırdı… O! Nə başlıqdı o elə?.. “Qumluqlar iblisi”, və ya “Qarışqa cəhənnəminin əzabları”… Hə, münaqişəli başlıqlardır. Amma bir az məzmunsuzluq təəssüratı yaratmır ki?… Siz belə düşünürsünüz?.. Çəkdiyiniz əzablar nə qədər dəhşətli olsa da, hadisələrin yalnız zahiri tərəflərini təsvir etməyin heç bir mənası yoxdur. Bundan başqa, faciənin qəhrəmanları – orda yaşayan insanlardır və sizin yazdığınızda problemin həlli yollarının heç olmasa cizgiləri çəkilməsə, sizin çəkdiyiniz əzabların bir qəpik qiyməti olmayacaq… Bu əclaflıqdır!.. Nə?..
Deyəsən hardasa çirkab suları axan qanovu təmizləyirlər? Ya bəlkə, dəhlizdə səpələnən dezinfeksiya ilə sizin ağzınızdan gələn sarımsaq iyinin arasında nəsə bir xüsusi kimyəvi reaksiya baş verir?.. Nə?.. Heç nə, heç nə, xahiş edirəm, narahat olmayın. Nə qədər yazıramsa yazım, görürəm ki, məndən yazıçı çıxmaz… Yenə də tamamilə gərəksikz bir təvazökarlıq, sizə yaraşmır. Mənə elə gəlir ki, yazıçılara xüsusi kateqoriyadan olan adamlar kimi baxmaq lazım deyil. Əgər yazırsansa – deməli sən yazıçısan… Daşlaşmış bir fikir var ki, kim də olmasa, bu müəllimlər yazmağı sevirlər – təki onlara imkan ver… Bu, yəqin ondan irəli gəlir ki, ixtisaslaşma baxımından müəllimlər nisbətən yazıçılara yaxındırlar…Yaradıcı tədris deyilən şey budur? Baxmayaraq ki, özlərinin heç təbaşir yeşiyi də düzəltmək əllərindən gəlmir… Təbaşir üçün yeşik, çox minnətdaram. Məgər sənin özünü özünə tanıdıb, gözünü açırlarsa, bu, gözəl yaradıcılıq nümunəsi deyilmi?.. Və bunun sayəsində məni ağrı gətirən yeni-yeni təəssüratları dadmağa məcbur edirlər… Həm də ümidləri!.. Bu ümidlərin doğrulub doğrulmayacağına heç bir cavabdehlik daşımadan… Əgər lap əvvəlcədən hər kəs öz gücünə inanmasa… Yaxşı, bəsdir öz-özümü aldatdım. Heç bir müəllimə buna bənzər bir nöqsan yaraşmaz… Nöqsan?.. Mən yazıçılıq haqqında danışıram. Yazıçı olmaq həvəsi – adicə eqoizmdir: kuklaları idarə etməyə can atmaq və bununla da, özünü başqa marionetlərdən fərqləndirmək. Elə qadınların kosmetikadan istifadə etməsi də bu səbəbdəndir… Çox ciddi olmadı ki? Lakin siz «yazıçı» sözünü bu mənada işlədirsinizsə, onda bəlkə də, yazıçı olmaq və sadəcə yazmaq, həqiqətən də eyni şey deyil. Ola bilsin.Və məhz buna görə də mən yazıçı olmaq istədim! Əgər bacarmasam, onda heç yazmağa da dəyməz!..
Yeri gəlmişkən, uşağa söz verib, yerinə yetirməyəndə halı necə olur?