♦ 25 ♦

Kəndin bu başından o başına səbətdaşıyanlar işə başlamazdan qabaq keçib getməyə çalışmaq lazımdır. Hələ bir saata yaxın vaxt qalır. Tam təhlükəsiz olmağı üçün isə deyək ki, qırx beş dəqiqə. Burun kəndi sanki qucaqlayıb, dərindən burulur və kənddən şərqdə yerləşən körfəzə qədər gedib çatırdı. Elə buna görə də onun ortasından təkcə bir dənə dar yol keçirdi. Orada artıq burunun üstündə ucalan dik qayalar qurtarır, hamarlanır və alçaq qum təpələri ilə əvəzlənir. Zəif dumanlıq içində sayrışan kənd işıqlarını sağda qoyub, düzünə hərəkət etməkdə davam etsən, məhz bura gəlib çıxarsan. Məsafə… təxminən iki kilometr. Orada kənd qurtarır, adda-budda yerfındığı sahələri gözə dəyir, yenə qum və heç bir yaşayış yeri. Təpəni aşandan sonra isə yola çıxıb, rahat getmək də olar.
Bu, basıb hamarlanmış gilli yoldur və bu yolla var gücünlə qaçsan, təxminən on beş dəqiqədən sonra şosseyə çıxa bilərsən. Orda artıq hər şey qaydasındadır – avtobuslar şütüyür, adamlar da normal adamlardır.
Kəndin içindən keçib getmək üçün onun yarım saatı qalır. Qumluqla saatda dörd kilometr sürətlə getmək asan deyil. Təkcə ayaqların quma batır deyə yox, həm də ayaqlarının birin götürüb, o birini qoymaq üçün vacib olan lazımsız səylər ucbatından. Qaçanda isə, boş yerə daha çox güc itirirsən. Ən yaxşısı odur ki, iri addımlarla addımlayasan. Lakin qum, sənin gücünü əmməyi müqabilində sanki mükafatlandırırmış kimi addım səslərini udur. Addım səslərinin eşidiləcəyindən qorxmayıb getmək isə, – bunun özünün də üstünlükləri var. Bəli, məhz üstünlükləri.
Ayağının altına bax!..Yıxılmaq öz yerində, amma xırdaca bir torpaq komasına və ya çuxura ilişib büdrəsən dizini əzərsən. Təkcə dizini əzsən dərd yarıdı, birdən başqa bir qum dərəsinə yıxılsan, onda necə?!
Ətraf zülmət qaranlıqdır. Göz işlədikcə – pərakəndə donub qalmış qum dalğaları. İrilərinin üstündə bir qədər kiçikləri şırım açmış, onların, yəni bir qədər kiçiklərinin üstü isə öz növbəsində qum çopuru ilə örtülmüşdü. İstiqaməti təyinləməyə xidmət etməli olan kənd işıqları, bu intəhasız qum dalğalarının arxasında gizlənir və yalnız hərdənbir gözə dəyirdi. Düzgün istiqaməti müəyyənləşdirərək, irəli getmək lazımdır. Lakin hər dəfə aydın olurdu ki, həddən artıq böyük səhv buraxılıb. Bəlkə də bu işıqları görməyə can atmaq həvəsi qeyri-iradi olaraq yüksəkliklər axtarmağa sövq edirdi.
Budur, yenə yolu azdım! Bir qədər sola getmək lazımdır!.. Bir az da belə yürüsəydi, düz kəndin içinə gedib çıxacaqdı… Üç ipiri təpəni aşsa da, demək olar ki, işıqlar heç yaxın da düşmədi… elə bil yerində sayırsan. Tər axıb gözlərini tuturdu… Bir anlıq da olsa dayanıb, dərindən nəfəs alasan.
Yəqin qadın artıq oyanıb… Görəsən gözünü açıb məni görməyəndə nə düşünüb?.. Çətin ki, o saat əl-ayağa düşsün… Yəqin fikirləşib ki, müəyyən ehtiyaclarımı ödəmək üçün evin arxasına keçmişəm… Bu axşam qadın yorulmuşdu… Şər qarışanadək yatıb qaldığına təəccüblənib və tələsik yorğanın altından çıxıb… Öpüşlərdən hələ də soyumamış bədəni ona bu səhər aramızda baş verənləri xatırladıb… Əli ilə lampanı axtaran qadın yəqin ki, bu vaxt gülümsəyirmiş.
Lakin hər halda ona borclu olduğumu və ya onun təbəssümünə özümü cavabdeh hiss etmək üçün heç bir səbəb görmürəm. Mənim qeybolmamla qadın nə itirəcək ki? Sadəcə bir dilim həyat. Radio və güzgü məni ona əvəz edər.
“Düzü siz mənim üçün doğrudan da böyük dayaqsız… Mənim təkliyimə son qoyulandan sonra hər şey dəyişib. Səhərlər tələsmədən, rahatca öz işlərimlə məşğul ola bilirəm və bütün işi hardasa iki saat tez bitirmək olur… Məncə tezliklə arteldən evdə görə biləcəyim nəsə əlavə bir iş vermələrini xahiş edə biləcəm… Bir az pul yığaram… Və ola bilsin, nəhayət radio, güzgü və ya nəsə başqa bir şey ala bildim… “
(Radio və güzgü…Radio və güzgü…) Nəsə zəhlətökən bir ideyadır – elə bil insanın bütün həyatı bu iki predmetdən ibarətdir. Bəli, həqiqətən də radio və güzgü nəsə ümumi bir cəhətə malikdir: onlar insanları bir-birinə bağlayır. Ola da bilsin onlar insan həyatının mahiyyətinə varmaq üçün şiddətli istəyi əks etdirirlər. Olsun, burdan canımı qurtaran kimi radioqəbuledici alıb, ona göndərərəm. Olan qalanımı xərcləyəcəm, amma onun üçün ən yaxşısını alacam.
Amma güzgü – bilmirəm, söz verməyə dəyərmi. Güzgü burda tez korlanar… Heç altı ay keçməmiş amalqama qopacaq, bir ildən sonra isə daim havada uçuşan qumun təsirindən tutqunlaşacaq… İndi qadının güzgüsündəki kimi: baxanda bir gözünü görürsənsə, burnunu görmürsən, əgər burnunu görürsənsə, onda ağzını tapmırsan. Yox, məsələ təkcə onda deyil ki, güzgü tez xarab olandır. Güzgü radiodan fərqlənir: onun rabitə vasitəsi olmağı üçün hər şeydən əvvəl ona baxan insan olmalıdır. Ona heç kəs baxmayacaqsa, onda bu güzgü nəyə lazımdır?
Dayan, qulaq vermək lazımdır!.. O nəsə çox ləngidi… Bəlkə?.. Ay dələduz, axır ki, qaçdı… Maraqlıdır, qadın səs-küy qaldırmayıb ki… Heyrətlənibmi, məyus olubmu?.. Bəlkə qadın sadəcə sakitcə ağlayır?..Nə isə, nə edirsə etsin, bu artıq mənim günahım deyil… Axı güzgünün zəruriliyini qəbul etməkdən sən özün imtina etdin.
– … Mən hardasa bu barədə oxumuşam… İndiki zəmanədə elə bil evdən qaçanların sayı artıb?.. Bu, məncə həyatın çox ağır olmasından irəli gəlir, bəlkə də təkcə buna görə yox… Hə, elə yeri gəlmişkən, orda heç də kasıb olmayan bir kəndli ailəsi haqqında yazmışdılar. Özlərinə torpaq sahəsi də alıbmışlar, maşınları da varmış, təsərrüfat işlərini də deyəsən pis aparmırmışlar, lakin bütün bunlara baxmayaraq, böyük oğul evdən gedib. Yaxşı, işləyən oğlanmış. Valideynləri baş sındırırmışlar: görəsən uşaq birdənbirə niyə getdi? Kənd adamları öz vəzifələrini yaxşı dərk edirlər, yaxşı adlarını qoruyub saxlamaq həqqında düşünürlər. Buna görə də varisin evdən çıxıb getməsi üçün görünür, xüsusi səbəb olmalıdır…
– Bəli, əlbəttə… Vəzifə vəzifədir…
– Hə, deyilənlərə görə qohumlarından kimsə oğlanı tapıb və nə üçün belə etdiyini öyrənməyə çalışıb. Sən demə, o heç bir qadın-filanla qaçmayıb, nə sevgi macəraları, nə də borc-xərc onu evdən qaçırmayıb, – qısası, xüsusi bir səbəb olmayıb. Yaxşı, onda məsələ nədədir?.. Oğlanın izahları da
mənasızmış. Heç özü də hərəkətini əməlli başlı izah edə bilmirmiş, təkcə onu deyibmiş ki, daha dözə bilmir.
– Bu dünyada nə qanmaz adamlar var…
– Amma dərindən fikirləşsən, bu oğlanı anlamaq olar. Kəndli nə deməkdir? Gecə-gündüz işləmək və əkin sahəsini genişləndirmək, – bununlu da o, yalnız işini artırmalı olur… Onun bu ağır işinin həddi yoxdur və qazandığı təkcə daha da ağırlaşan əməyidir… Düzdü, kəndlinin əməyinin əvəzi qayıdır – düyü və kartofdan aldığı məhsul. Ona daha nə lazımdır? Bizim qumla əlləşməyimizlə kəndlinin əməyini müqayisə belə etmək olmaz. Bu elə cəhənnəmdə çayın qabağında daşdan bənd tikmək kimi bir şeydir – onsuz da cinlər götürüb, daşları hara gəldi atacaqlar.
– Cəhənnəmdəki çayla bağlı tarixçə necə qurtarır?
– Heç nə cür… günahlarına görə çəkdiyin əzabların mənası da elə bundadır!
– Kəndlinin varisi olacaq bu oğlanın axırı necə oldu?
– Yəqin ki, o hər şeyi əvvəlcədən götür-qoy edib və evdən çıxmazdan çox-çox qabaq işə düzəlib.
– Bəs sonra?..
– Sonra da işin işləyib.
– Sonra?
– Sonra? Yəqin maaş günləri pulunu alıb, bazar günləri isə təzə köynəyini geyinib kinoya gedib.
– Sonra?
– Nə deyim vallah, gərək oğlanın özündən soruşasan.
– Çox güman ki, bir qədər pul yığandan sonra özünə radio alıb…
…Budur, axır ki, təpənin başına çıxdım. Baxmayaraq ki, bu yolun cəmi-cümlətani yarısıdır…Yox, səhv etmişəm… Artıq bura düzən yerdir… Hə, amma işıqlar necə oldu?.. O, tamam inamsız halda irəliləməkdə davam edirdi…Adama elə gəlirdi ki, bura nəhəng bir qum təpəsinin zirvəsidir…Yaxşı, onda nəyə görə buradan işıqlar görünmür? Ağlına gələn – bədbəxtlik baş verib, fikrindən ayağı tutuldu. Bu da tənbəlliyinin nəticəsi. Dəqiq istiqaməti bilmədən, sıldırımlı enişlə aşağı sürüşdü. Dərə o bildiyindən daha böyükmüş. O, təkcə dərin yox, həm də geniş imiş. Üstəlik, dibindəki çoxlaylı qum dalğaları üst-üstə nizamsız qalanıb, düzgün istiqamət götürməyə mane olurdu. Amma nə səbəbdən olursa olsun, işıqların nədən görünmədiyini anlamaq çətin idi… Əgər yoldan çıxıbsa da, bu, hansı istiqamətdə olmasından asılı olmayaraq, yarım kilometrdən çox olmaz. Bütün yol boyu onu sola çəkirdi,- ola bilsin ki, kənddən qorxurdu, ona görə. Kişi hiss edirdi ki, işıqlara yaxınlaşmaq üçün sağa getməyə özündə güc tapmalıdır… Tezliklə duman dağılacaq, ulduzlar göz vuracaq… Nə isə, nə olursa olsun, ətrafı yaxşı-yaxşı və tez gözdən keçirmək üçün qum təpəsinin üstünə qalxmaq lazımdır – hansı olduğu fərq etməz, əsas odur ki, bu təpə hamısından hündür olsun…
Hər halda aydın deyil… Heç aydın deyil ki, qadın cəhənnəmdəki bu çay söhbətindən nəyə görə yapışıb qalıb…Axı vətənə sevgi, vətən qarşısında borc haqqındakı söhbətlərin o vaxt mənası var ki, üz döndərib, onlardan imtina edirsən, onu itirirsən. Bəs bu qadının itirdiyi nədir?
(Radio və güzgü… Radio və güzgü…)
Sözsüz ki, o, qadın üçün radioqəbuledici göndərəcək… Lakin bu, əks nəticələrə gətirib çıxarmayacaqmı: qadın qazandığından çox itirmədimi? Məsələn, onun çox sevdiyi mənim üçün vanna hazırlamaq mərasimi qurtardı. Hətta öz camaşırını qurban verib, mənim yuyunmağım üçün həmişə su saxlayırdı. Ayaqlarımın arasına ilıq su töküb, sanki onun özünü çimizdirirlərmiş kimi üz-gözünü qırışdıraraq ucadan gülürdü… Daha belə gülmək lazım gəlməyəcək.
Yox, illüziyaları at getsin… Lap əvvəldən də mənlə sənin aranda heç bir müqavilə-filan yox idi. Əgər müqavilə yox idisə, demək müqavilənin pozulmasından da danışmaq yersizdir. Üstəlik, bunun mənim özümə aidiyyəti yox idi demək, heç cür olmaz. Məsələn, bizə həftədə bir dəfə verilən ucuz, elə bil poxdan çəkilmiş arağın iyi… sənin gücçatmaz, tarım çəkilmiş əzələ hörüyündən ibarət baldırların… tüpürcəkli barmaqlarımla bişmiş rezini xatırladan qumu arıtlayanda keçirdiyim utancaqlıq hissi… Və bütün bunları daha da ədəbsiz edən sənin utancaq-utancaq gülümsəməyin… Və daha nələr. Saymaqla qurtarmaz. İnanmırsan inanma, fəqət fakt faktlığında qalır. Kişilər qadınlara nisbətən xırdaçılığa daha meyllidirlər.
Və əgər kəndin başıma nələr gətirdiyini xatırlasaq, onda mənə vurulan ziyanı saymaq belə mümkünsüz olar. Bununla müqayisədə qadınla olan münasibətim boş şeydir.
Lakin əvvəl-axır onların cəzasını necə lazımdırsa verəcək…Düzdü, o hələ tutarlı olsun deyə necə zərbə vuracağını bilmir… Bəlkə kəndi yandırsın, ya quyularını zəhərləsin, ya çoxlu tələ qurub, onun bədbəxtliyində günahı olanların hamısını bir-bir qum dərələrinə atsın, – o, əvvəl-əvvəl bu sadə üsulla təxəyyülünü coşdurur və özünü ruhlandırırdı. Lakin indi, öz düşündüklərini həyata keçirmək üçün imkan yarandığı bir zamanda, artıq bu uşaq arzularına uya bilməzdi. Bir də ki, axı tək adam nə edə bilər? Qanuna tapınmaqdan başqa çarə yoxdur. Düzdü, belə olan halda qanunun baş verənlərin dəhşətini axıradək anlamaqda aciz olacağı qorxusu istisna deyil… Yaxşı, heç olmasa əvvəlcə vaxt itirmədən hər şey haqqında yerli polis idarəsinə xəbər verərəm.
Hə, axırda bir şey də olmuşdu…
Dayan! Bu nə səsdir?.. Yox, sakitlikdir… Ola bilsin mənə elə gəlib. Tutaq ki, belədir, yaxşı, bəs kəndin işıqları necə oldu? Hətta onların hündür qum təpələrinin arxasında qalıb görünməz olduğunu düşünsək belə, yenə də bu dəhşətdir. Nə baş verdiyini təsəvvür edə bilərəm: mənim sükanım sola çəkməkdə adətkardadır deyə, həddindən artıq burun tərəfə getmişəm və indi hansısa hündür qaya kəndin qabağını tutur… Özünü itirməyə dəyməz… Qərara gəldim. Sağa gedib yoxlamalıyam.
… Və nəhayət, bir şeyi haqqında da unutmamanı istərdim. Yadındadı, sən mənim bir sualımı axıradək cavabsız qoydun. Onda iki gün dalbadal yağış yağdı. Yağış yağanda sürüşmələr təhlükə törədir, amma əvəzində qum yatır. Yağışın birinci günü həmişəkindən bir qədər çox iş gördük deyə, o biri gün bir qədər dincəlmək imkanı oldu. Çoxdan gözlədiyim istirahət imkanından yararlanaraq, nəyin bahasına olursa olsun, həqiqətin kökünə getmək qərarına gəldim. Tərsliyimə salıb, bədəndən qasnaq qoparırmış kimi, həqiqəti çılpaqlaşdırmağa, mənə neçəyə başa gəlsə də, sənin nə üçün bu dərəyə gəlib düşdüyünü öyrənməyə qərar verdim. Özüm də öz tərsliyimdən təəccübəlnirdim. Əvvəlcə sən sevinc içərisində çılpaq bədənini yağış selinin altına verdin, lakin nəhayət, cavab verməkdə naçar qalıb, ağladın. Və dedin ki, buraları ancaq ona görə tərk edib gedə bilmirsən ki, qasırğa vaxtı burda ərinlə uşağın hinlə birlikdə qum altında qalıb tələf olublar. Əgər belədirsə, səni həqiqətən də başa düşmək olar. Səbəb kifayət qədər ağlabatandır və indiyə kimi nə üçün bu barədə söhbətdən qaçdığın aydın olur. Mən sənə inanmaq istəyirdim. Və mən elə səhəri gün yuxuma haram qatıb, ölənləri axtarmaq qərarına gəldim.
Sən göstərdiyin yeri iki gün sərasər qazdım. Amma nəinki ölənlərin qalıqlarını, hətta dağılmış hinin izini belə tapmadım. Onda sən başqa bir yer göstərdin. Lakin mən orda da heç nə tapmadım. Sən hər dəfə məni başqa-başqa yerlərə gətirirdin. Beş müxtəlif yerdə, doqquz gün ərzində mənasız axtarışlar davam etdi. Və onda sən yenidən ağlamsınaraq, özünə haqq qazandırmağa başladın. Dedin ki, yəqin ev başqa yerdəymiş, qumun fasiləsiz təzyiqi ola bilsin onu yerindən tərpədib və üzünü başqa səmtə yönəldib, ola da bilsin, dərə özü də yerini dəyişib. Ola bilsin ki, hin də, ərimin və uşağımın meyiti də evimi qonşu evdən ayıran qalın qum divarının altında qalıb, lap çox da ola bilsin ki, onlar indi qonşunun dərəsinə gedib çıxıblar. Nəzəri cəhətdən bu mümkün idi. Lakin sənin bədbəxt, məyus görkəmin aydın göstərirdi ki, lap əvvəldən məni aldatmaqdan çox, həqiqəti danışmaq istəmirmişsən. Ölənlər, düzünə qalsa, bəhanədən başqa bir şey deyilmiş. Artıq məndə qəzəblənmək üçün sadəcə güc belə qalmamışdı. Və mən qərara gəldim ki, kimin kimə boclu olması ətrafında fikirlərlə başımı sındırmayım. Mənə elə gəlir ki, sən də bunu anlamalıydın…
Bu nədir!.. Kişi qorxudan yerə yıxıldı… Hər şey çox tez baş verdiyindən o, heç nə anlaya bilmirdi…Gözlənilmədən onun qarşısında kənd peyda oldu!.. Görünür o, düz kəndə bitişik qum təpəsinin kəlləsinə qalxırmış… Və o an, bütün mənzərə gözü qarşısında açılanda kəndin içində olduğunu gördü… Özünə gəlməmiş, düz yanındakı çəpərin arxasından it hürüşməsi eşidildi. İkincisi də ona qoşuldu, sonra isə digərləri – zəncirvari reaksiya kimi. Qaranlıqda, dişlərini qıcırdaraq üstünə bir sürü it gəlirdi. O, ucuna qayçı bağlanmış kəndiri çıxarıb, qaçmağa başladı. Seçim qalmamışdı. Yeganə çıxış yolu, – kəsə yolla kəndin içi ilə qaçmaq idi.