♦ 19 ♦

Çox düz fikirdir: zaman birdən-birə at kimi dördnala çapmağa başlamır. Lakin əl arabasından da asta getmir. Yavaş-yavaş
səhərin istisi özünün ən yüksək nöqtəsinə çatdı; gözlərini, beynini qaynamaq həddinə çatdırdı, içalatını əritdi, ciyərlərini yandırdı.
Gecənin rütubətini canına çəkən qum onu atmosferə buxar şəklində atır… İşığın sınması sayəsində o, yaş asfalt kimi parıldayır… Lakin əslində isə bu, mübaliğəsiz demək olar ki, tavada qızardılan unun səkkizdə biri qədərdir.
Budur, ilk qum uçqunu… Bir günün də onsuz başlamadığı adət etdikləri səs, lakin kişi özündən asılı olmadan qadınla baxışdı. Qumu cəmi bircə gün kürəməyiblər – nəticəsi necə olacaq?.. Elə bir ciddi şey yoxdur, – deyə fikirləşsə də, hər halda narahat idi. Qadın gözlərini aşağı dikərək susurdu. Bütün görkəmi ilə – özün nə qədər istəyirsən, narahat ol – deyirdi. Əgər belədirsə, hər şey cəhənnəm olsun, onu heç sorğu-suala tutmayacaq da. Nazik ip qədər ensizləşən qum şırnağı yenidən enlənib obiyə (qadın kəməri, eni 30 – 40 santimetr olan parça) çevrildi və bu, bir neçə dəfə beləcə təkrarlanıb, nəhayət tükəndi. Nə isə, qorxulu heç nə yoxdur. O, rahat nəfəs aldı.
Qəflətən yanağı yanmağa və damar kimi vurmağa başladı. Buna qədər xatırlamaq belə istəmədiyi ucuz araq, birdən-birə zülmətdə işıq kimi onu özünə çəkdı. Nə olursa olsun, boğazını yaşlamaq pis olmazdı. Yoxsa bədənindəki qan da buxarlanacaq. Bununla da gələcək əzablarının toxumlarını səpdiyini, sonra peşman olacağını çox gözəl başa düşürdü, lakin daha arzusunun əleyhinə gedə bilmirdi. Tıxacı çıxarıb, şüşəni ağzına yaxınlaşdırdı və birbaşa ordan da içməyə başladı. Dili isə hələ də sadiq gözətçi iti olmaqda davam edirdi – o, gözlənilməz təcavüzdən qorxub çırpınmağa başladı. Ağzı doldu, çeçədi. Artıq oksigen qəbul edən adam kimi. Kişi üçüncü qurtumu vurmaq istəyindən özünü saxlaya bilmədi. Nəsə dəhşətli bir şeyin sağlığına içir…
Qadına da təklif etməli oldu. Lakin o, əlbəttə ki, qəti imtina etdi. Və elə görkəmdə imtina etdi ki, sanki ona içmək üçün zəhər təklif edirdilər. Ən çox qorxduğu iş baş verdi: mədəsinə düşən alkoqol o dəqiqə də pinq – ponq topu kimi tullanıb, başına vurdu və arı kimi qulaqlarında vızıldadı. Dərisi donuz dərisi kimi codlaşır. Qanı çürüyür!.. Qanı buxarlanır!
– Nəsə etmək lazımdır! Yəqin, sənin üçün də yaxşı deyil. İndi ki, əl – ayağını açmışam, qalx bir şey elə də!..
– Yaxşı… Amma əgər mən kimdənsə kənddən su gətirməsini xahiş etməsəm…
– Məgər bunu etmək mümkün deyil?!
– Ancaq işə başlasaq, onda…
– Mən zarafat etmirəm!.. De görüm… məgər kimsə belə ixtiyar shibidir?
Qadın başını aşağı salıb, dodaqlarını bir – birinə kip sıxdı. İndi durub nə edəsən? Qapının lap yuxarısından görünən bir parça səma, masmavidən dəniz ilbizinin içalatı kimi parlaq ağımtıl rəngə çevrildi. Tutaq ki, borc – insanın pasportudur, amma nəyə görə o, pasporta icazəni bu tiplər qoymalıdır!.. İnsan həyatı – ora – bura atılmış kağız parçaları deyil… Həyat – bağlı, cidd-cəhdlə bir – birinə tikilmiş gündəlikdir… Bir nüsxə üçün təkcə birinci səhifəsi kifayətdir… Öz borcunu davamı olmayan səhifələrdə yerinə yetirməyə çalışmaq lazım deyil… Əgər hər dəfə acından ölənləri xilas etməklə məşğul olsan, başqa işlərin heç birinə vaxt qalmayacaq… Lənət şeytana, necə də içmək istəyirəm!.. Hələ nə qədər adam susuzluqdan ölür, – əgər bütün bu vəfat etmişləri dəfn etmək istəsəydi, onda nə qədər meyit olsaydı, yenə az olardı.
Yeni uçqun başlandı.
Qadın qalxıb, divara söykənmiş süpürgəni götürdü.
– Çaşıb işləyərsən, a-a! Deyəsən, söz vermişdin axı?
– Yox, yorğanın üstündən…
– Yorğanın üstündən?
– Əgər siz heç olmasa, bir qədər yatmasanız…
– Yatmaq istəsəm, özüm edəcəm!
Gözlənilməz zərbə evi titrətdi, sanki yer tərpəndi. Bir anlığa tüstüsü boğanaq yaradan tavandan üstünə tökülən qum gözlərini örtdü. Nəhayət, bu da qumu kürəmədiklərinin nəticəsi. Axarı olmadığı üçün qum aşağı hücum edib. Evin tir və dirəkləri təkana sinə gərib bütün oynaqlarıyla yazıq-yazıq inildədi. Lakin gözünü diqqətlə qapının üst tirinə zilləyən qadın elə bir narahatlıq ifadə etmədi. Yəqin, basqını hələlik ancaq evin özülü hiss etmişdi.
– Alçaqlar, vicdansızlar… Nə qədər olar?.. Görünür, heç nə veclərinə deyil…
Ürəyi gör necə çırpınır… Ürkmüş dovşan kimi qaçmaqdan özünü güclə saxlayır… Yuvasında oturmaqdan bezib, özünü hara gəldi – ağıza, qulağa, bağırsaqlara soxmağa hazırdır. Tüpürcəyi daha da qatılaşdı. Lakin boğazı çox qurumamışdı. Yəqin araq içib, yüngülcə məst olduğu səbəbindən. Alkaqolun havası çəkilib gedəndən sonra boğazı od tutub yanacaqdı. Və bu od onu külə döndərəcəkdi.
– Belə bir iş tutublar… və sevinirlər… Çünki ağılları toyuq ağlıdır… Əgər mən burda ölsəm, bunlar durub, nə edəcəklər?!
Qadın nəsə demək üçün başını qaldırdı, lakin yenə susdu. Yəqin fikirləşdi ki, cavab vermək mənasızdır. Qadının susqunluğu ona dəlalət edirdi ki, danışmaq faydasızdır və cavab ancaq xoşagəlməz ola bilər. Yaxşı… əgər sonu ancaq birdirsə, nə üçün mümkün olan hər şeydən istifadə etməsin.
Kişi şüşədən bir qurtum da alıb, bir qədər gümrahlaşdı və bayıra atıldı. Gözünə ərimiş qurğuşun şırnağı dəydi və o, səntirlədi. Ayaqlarının qoyduğu izdə o dəqiqə qum burulğanı hərlənməyə başladı. Bax orda, gecə qadının üstünə atılıb, əl – qolunu sarımışdı… Elə oralarda hardasa qum belin üstünü örtüb. Uçqun elə bil bir az səngidi, lakin uçurumun dənizə baxan tərəfindən hələ də fasiləsiz tökülürdü. Hərdənbir, yəqin ki, küləyin təsirindən qum seli divardan ayrılıb, parça kimi havada yellənirdi. O, yeni uçqun törətməkdən ehtiyatlanaraq, çəkməsinin burnuyla qumu eşələməyə başladı.
Uçqun bir az əvvəl baş vermişdi, deməli, bir qədər dərində axtarmaq lazımdır, lakin ayağı heç yerdə müqavimətə rast gəlmədi. Günün düz düşən şüaları dözülməz şəkildə yandırırdı. Nöqtə kimi yığılan göz bəbəkləri… Meduza kimi əsən mədə… Alnını qırışdıran kəskin ağrı… Bir damcı da olsa tər itirmək olmaz… Bu son həddir. Yaxşı, bəs axı mənim belim hardadır?.. Dəqiq yadımdadır, mən onu silah kimi işlətmək məqsədilə əlimdə tutmuşdum… Hə, demək hardasa buralarda onun üstünü qum örtüb. O, dərənin dibinə göz gəzdirməyə başladı və elə o an bir tərəfdə qumun bel formasında ucaldığını gördü. Kişi elə hazırlaşırdı ki, tüpürsün, o saat özünü saxladı. Heç olmasa bir damcı da olsa, özündə rütubət saxlayan nə varsa, orqanizmdə saxlamağa çalışmaq lazımdır. Dişləri və dodaqları arasında qumu tüpürcəkdən ayırmağa çalışırdı və təkcə dişlərinə yapışan qumu barmağıyla təmizlədi.
Qadın otağın küncündə üzünü divara çevirib, öz kimanosu ilə əlləşirdi. Bəlkə belinin ipini boşaldıb, paltarının içinə dolmuş qumu çırpır? Kişi belin dəstəyinin ortasından yapışıb, çiyinlərinə qədər qaldırdı. Və elə iti ucuyla qapının yanında bayır divara nişan almışdı ki…
Arxadan qadının qışqırığı eşidildi. O, bütün ağırlığını belin üstünə salaraq, zərbə vurdu. Bel taxta divarı asanca yarıb, o yana çıxdı. Divarın müqaviməti çiy vaflinin göstərə biləcəyi müqavimətdən heç də çox olmadı. Bayırdan qumla yuyulan divar təptəzə görünür, əslində isə artıq az qala tamam çürüyüb.
– Siz nə edirsiniz?
– Onu hissələrə parçalayacam və nərdivan düzəltmək üçün materialım olacaq.
Başqa yer seçib, bir də yoxladı. O da elə. Görünür qadın, qum taxtanı çürüdür deyəndə, haqlı idi. Əgər hətta günəşə baxan tərəfdəki bu divar çürüyürsə, onda başqalarının nə vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Bu uçuq daxma indiyədək necə dayanıb?.. Bir tərəfini sanki iflic vurubmuş kimi yanpörtü əyilmiş… Ola bilsin; son vaxtlar – evlər yalnız kağız və plastikdən tikməyə başlandıqdan sonra, necə dayandığı heç kəsə məlum olmayan konstruksiyalar meydana gəlib…
– İndi nə etmək olar, taxtalar yaramırsa, eninə qoyulmuş tirləri yoxlayarıq.
– Olmaz! Bəsdirin, xahiş edirəm!
– Nə olsun ki, onsuz da qum onu bu gün sabah əzəcək. Qadına fikir vermədən, tirə zərbə vurmaq üçün qolaylandı, lakin o, qışqıraraq irəli atıldı və kişinin qollarından sallandı. Kişi dirsəyini onun əlindən alıb, qadını özündən aralamaq üçün çevrildi. Lakin görünür düz hesablamamışdı, qadını yıxmaq əvəzinə özü yıxıldı. O dəqiqə qalxıb təzədən qadının üstünə atıldı, lakin qadın belin dəstəyindən dəmir kimi yapışmışdı. Nə baş verir… Qadının onu almağa gücü çatmamalıdı axı… Onlar bir neçə dəfə torpaq döşəmə ilə o baş, bu başa diyirləndilər və qadını artıq ram edib, döşəməyə sıxdığını düşündüyü o qısa zaman kəsiyində, qadın beli qalxan kimi tutub, onu asanca üstündən yerə atdı. İndi sən nə edəcəksən!.. Yəqin araq içmişəm, ona görədi… Və artıq rəqibinin qadın olduğunu nəzərə almadan, qatlanmış dizi ilə onun qarnına var gücü ilə zərbə vurdu.
Qadın qışqırıb, o dəqiqə yumşaldı. Bir an da itirmədən, qadının üstünə atıldı və ağırlığıyla onu sıxmağa başladı. Qadının sinəsi çılpaqlaşdı və kişinin əlləri qadının tərləmiş çılpaq bədəni boyu sürüşməyə başladı.
Qəflətən ikisi də, kinoda kinoproyektor xarab olanda kadrlar nejə donursa, eləjə yerindəjə quruyub qaldılar. Bir dəqiqə də belə davam etsəydi, bel uğrunda mübarizə nəsə tamam ayrı bir işə çevriləjəkdi. Lakin elə bu an qadın xırıltılı səslə dedi:
– Şəhərli qadınlarınsa hamısı qəşəngdirlər, düz deyirəm?
– Şəhərli qadınlar? – O, pərt oldu. Və əl – ayağı soyudu… Elə bil təhlükə sovuşmuşdu… O, təsəvvür belə etmirdi ki, burda – qumluqlarda da melodram mövjud ola bilər. Lakin görünür həyatda elə bir qadın yoxdur ki, hətta ayaqlarını aralayanda da, hər hansı bir sevgi majərası yaşanarsa, kişinin onu layiqinjə qiymətləndirəjəyinə əmin olmasın. Elə bu təsirli və sadəlövh illüziya da qadını birtərəfli mənəvi zorakılığın qurbanı edir… Qadının sadəlövhlüyü kişini onun düşməninə çevirir.