♦ 30 ♦

Bir dəfə kişi müəyyən ehtiyacını ödəmək üçün evin arxasına keçib dərənin lap kənarında, az qala əllə toxunulacaq qədər yaxın məsafədə asılan bozumtul Aya baxanda qəflətən bədənini bərk titrətmə tutdu. Bəlkə soyuq dəyib?.. Yox, oxşamır. Hər dəfə hərarəti qalxmazdan əvvəl belə tirətmələrdən çox tutmuşdu, amma indi nəsə ayrı iş idi. Ona elə gəlmirdi ki, hava tikanlıdır, heç tükləri də biz-biz olmamışdı. Titrətmə dərisində yox, hardasa sümüklərində hiss olunurdu. Titrətməsi suya atılan daşdan törəyən zəif dalğalar kimi dairəvi yayılırdı. Küt ağrı bir sümüyündən digərinə ötürülürdü və keçib gedənə oxşamırdı. Elə bil küləklə birgə içinə paslı dəmir bidon daxil olmuş və dambadaramla bədənini gəzirdi.
Beləcə əsə-əsə dayanıb, Aya baxdığı bu müddətdə ağlına ən gözlənilməz assossasiyalar gəldi. Bu yastı Ay nəyə oxşayır? Çapıqlarla örtülü və ora-burası kobud üyüdülmüş unla pudralı yara…Qurumuş ucuz sabun… Ya da, ola bilsin, səhər yeməkləri üçün nəzərdə tutulmuş kiflənmiş yumru qutu… Mərkəzinə yaxın yerdə isə tam ağlagəlməz obrazlar. Kəllə… Bütün ölkələrçün ümumi olan zəhər emblemi… Həşəratlar üçün olan şüşənin dibinə səpilmiş ağ kristallar… Ayın səthi ilə sianlı kaliumun buxarlanmasından sonra qalan kristalların qeyri-adi oxşarlığı. Yəqin bu şüşə hələ də qapının yanında, qumun altındadır…
Ürəyi çatlamış pinq-ponq şarı kimi qeyri-müntəzəm vurmağa başladı. Xırda cılız assossasiyalar. Görəsən, nəyə görə həmişə belə məşum şeylər haqqında fikirləşir? Onlarsız da bu oktyabr küləyi kədər və pərişanlıq gətirir. O, boş qabıqdan düzəlmiş tütəkdə çalırmış kimi vıyıltıyla ötür.
Kişi Ayın azca işıqlandırdığı yarğanın kənarına baxıb içinin yanıb yaxıldığı barədə keçirdiyi hisslərin sadəcə paxıllıq olduğu barədə fikirləşdi. Onun yuxarıda qoyub gəldiyi nə varsa, bütün hamısını özündə təcəssüm etdirən hər şeyə – küçələrə, tramvaylara, səkilərdəki işıqforlara, teleqraf dirəklərindəki reklamlara, ölü pişiklərə, içində siqaret satılan apteklərə olan paxıllıq. Paxıllıq içini, qum divar və dirəklərin içalatını gəmirdiyi qaydada yeyib, onu yanan sobanın üstünə qoyulmuş boş qazana çevirmişdi. Qazan qızır, qızırdı. İsti dözülməz həddə çatır, elə bil bu dəqiqə qazan əriyəcək. Və ümiddən danışmazdan əvvəl, bu anı necə dəf etmək haqqında fikirləşmək lazımdır və ümumiyyətlə, onu dəf etməyə dəyərmi?
Ürəyim daha yüngül hava istəyir! Heç olmasa təmiz, indi nəfəs aldığımla qarışmamış hava! Əgər heç olmasa gündə bir dəfə yamaca çıxıb, yarımca saat dənizə baxmaq mümkün olsaydı, bu necə də gözəl olardı! Nəyə-nəyə, heç olmasa buna icazə verə bilərdilər. Kənd onu həddən artıq ciddi qoruyur. Nəzərə alsaq ki, sonuncu bu üç ayı vicdanla işləyib, onda istəyi tamamilə təbiidir. Hətta məhbusa da gəzintiyə icazə verilir.
– Bu, dözülməzdir! burnunu quma soxub, il boyu belə yaşamaq. Bu, diri-diri konservləşdirilmək kimi bir şeydir. Doğrudanmı, mənə heç olmasa hərdənbir dərənin ətrafında gəzişməyə icazə verməyəcəklər?
Lakin qadın nə deyəcəyini bilmədən susurdu. Onun üzündə elə bil konfetini itirib şıltaqlıq edən uşaqla necə davranacağını bilməyən adamın üzünün ifadəsi vardı.
– Kişidilərsə, desinlər ki, olmaz! – Kişi hirsləndi. O, yenidən acı xatirələr oyadan bu mənfur kəndir nərdivanlar haqqında danışmağa başladı. – Mən həmin gün qaçanda, onları öz gözlərimlə görmüşəm… Bizim cərgədə də içinə nərdivan sallanmış bir neçə ev var!
– Hə, lakin…- Qadın özünə haqq qazandırırmış kimi cəsarətsiz danışırdı. – Onlardan çoxu neçə nəsildir ki, bu evlərdə yaşayırlar.
– Necə bəyəm, belə çıxır ki blə bizə inanmırlar, nədir?!
Qadın hər əmrə müntəzir it kimi başını aşağı saldı. Əgər kişi onun gözləri qarşısında zəhər içsəydi belə, yəqin ki, qadın elə beləcə mütiliklə susub, heç bir söz deməzdi.
– Yaxşı, bu əclaflarla özüm danışmağa çalışaram!
Düzünə qalsa, ürəyinin dərinliklərində bu danışıqların müsbət nəticələnəcəyinə özü də inanmırdı. O, bu ümidsizliklərə alışmışdı. Buna görə də elə həminki qoca ikinci növbə qum daşıyanlarla qayıdıb, üstəlik cavab da gətirəndə hətta bir qədər çaşdı da.
Lakin bu çaşqınlıq cavabın mahiyyətini anlayanda keçirdiyi hisslərlə müqayisəyə belə gəlmirdi.
– Eybi yox…- Qoca başındakı köhnə kağız-kuğuzda eşələnirmiş kimi hıqqana-hıqqana, aram-aram danışırdı. – Nədi o, e, nə isə, desəm ki, heç cür razı deyilik, – haqsızlıq olardı… Məsələn, mən, əlbəttə, lakin siz ikiniz də evdən çıxıb, bizim qarşımızda, hamının qarşısında…biz baxa-baxa siz bunu etsəz…I sizin xahişiniz isə düzgün xahişdir, buna icazə vermək olar, yaxşı…
– Biz nə etməliyik ki?
– I, onu…necə deyim, erkəklə dişi nə edirlər? Cütləşirlər…Bax belə.
Qumdaşıyanlar gic-gic hırıldaşdılar. Kişi boğulurmuş kimi yerində dondu. Çətinliklə də olsa söhbətin nədən getdiyini anladı. Anladığını anlamağa başladı. Və tam dərk edəndən sonra təklif ona heç də ağlasığmaz görünmədi.
Cib fənərinin işığı qızıl quş kimi ayağının yanından uçub getdi. Bu, nəyəsə işarə idi. Onun ardınca yeddi-səkkiz işıq şüası dərənin dibində fırlanmağa başladı. Az qala qır kimi alışıb-yanan yuxarıdakıların bu səbirsizliyindən əzilən kişi, təklifi rədd etmək üçün hələ söz tapmamış, artıq deyəsən özü də onların bu ağılsızlığına tutulmuşdu.
O, aramla qadına tərəf döndü. Elə bu saat o, bellə burda qum kürəyirdi amma indi harasa yox olub. Bəlkə evə qaçıb? O, qapıya dönüb, onu səslədi.
– İndi biz nə edək?
Divarın arxasından qadının boğuq səsi eşidildi.
– Cəhənnəm olsunlar!
– Axı burdan çıxmaq istəyirəm…
– Belə olmaz!
– Bəsdir sən allah, buna təbii baxmaq lazımdır…
Birdən qadın tövşüyərək ona yaxınlaşdı.
– Sizə nə olub, dəli olmusunuz?.. Yəqin ağlınızı itirmisiniz… Sadəcə ağlınız başınızdan çıxıb! Məgər belə etmək olarmı!.. Mən ki, dəli deyiləm!
“Bəlkə düz deyir?.. Bəlkə doğrudan da dəli olmuşam?..” Qadının sərtliyi onu geri çəkilməyə məcbur edirdi, lakin içində nəsə bir boşluq böyüyüb, enlənirdi…O, nə qədər kötək yemişdi! İndi şərəf və ləyaqətin nə mənası var?.. Sən nəsə bir murdar iş görürsənsə və bu zaman sənə baxırlarsa, bu murdarlıq eyni dərəcədə sənə baxanları da ləkələyir…Görünmək və görmək – bu iki anlayış arasında divar qurmağa dəyməz… Əlbəttə, onlar arasında müəyyən fərqlər var, lakin bu fərqin itməsi üçün mən bu adamlara kiçik bir tamaşa düzənləyəcəm… Və bundan ötrü hansı mükafatı alacağını fikirləşmək lazımdır!.. Yerin üstü ilə azadə gəzmək!.. Mən başımı bu iylənmiş bataqlıqdan çölə çıxarıb, doyunca nəfəs almaq istəyirəm.
Qadının harda olduğunu təyin edib, qəflətən onun üstünə atıldı. Qadının çığırtısı, onların bir-birinə sarılmış bədənlərinin evin divarının yanına çırpılmasından qalxan səs-küy, yuxarıda heyvani ehtiraslar oyatdı. Fit səsi, alqış, şəhvət çığırtıları eşidildi…Ordakı adamların sayı çoxalmağa başladı, deyəsən aralarında gənc qadınlar da vardı. Evin qapısı üzərində ora-bura sürüşən fənərlərin sayı əvvəlkindən azı üç dəfə çoxaldı.
Qadını qəfil yaxaladığından, onu sürüyüb bayıra çıxara bildi. Qadının boynunu sıxdığından o, kisə kimi əzildi. Dərənin üstündəki işıq yarımçevrəsi bayram çıraqbanlığını xatırladırdı. Hava çox isti olmasa da, qoltuqlarının altından tər sel kimi axır, üstünə bir çəllək su əndəribmişlər kimi saçları islanmışdı. Tamaşa edənlərin çığırtısı qulaqlarında əks-səda verib, iri qara qanadlarla göy üzünü örtdü. Kişiyə elə gəldi ki, bu onun qanadlarıdır. O, yuxarıdan həyəcanla baxanları özünü hiss etdiyi kimi apaydın hiss edirdi. Onlar kişinin bir hissəsiydi. Yuxarıdakıların ağzının sulanması ondakı şiddətli ehtirasın səbəbindən idi. O, artıq özünü qurban yox, daha çox cəlladların nümayəndəsi kimi hiss edirdi.
Qaranlıq idi, əlləri də əsirdi, barmaqları isə sanki iki dəfə qalınlaşmışdı. Nəhayət qadını tam qucanda, o, yığılıb, cəld kişinin qolları arasından sivişib çıxdı. Qumda bata-bata qadının ardınca atıldı. Lakin qadın polad yay kimi yenidən onu kənara atdı. Nəhayət onu tutub, yalvarmağa başladı:
– Yalvarıram… Yalvarıram sənə… Axı mən onsuz da bacarmıram… Gəl sadəcə özümüzü elə göstərək ki, guya bunula məşğul oluruq…
Lakin qadını tutmağa artıq lüzum yox idi. Deyəsən, onun qaçmağa meyli itmişdi. Birdən o, yırtılan materiyanın səsini eşitdi, elə həmin anda da qadının bütün hiddətini, bütün bədəninin ağırlığını toplayıb, dirsəyilə onun qasığına endirdiyi güclü zərbəni hiss etdi. Kişi səssiz-səmirsiz ikiqat olub, əlləri ilə dizlərini qucaqladı. Qadın onun üstünə əyilib, yumruqlarıyla başına-gözünə döşəndi. İlk nəzərdə onun hərəkətləri süst görünə bilərdi, amma hər zərbəsi elə bil ağırlaşmış, yaprıxmış duz parçalarını itələyirmiş kimi ağır idi. Burnundan qan fışqırdı. Qanına qum yapışdı və onun sifəti torpaq topasına çevrildi.
Yuxarıdakı ehtiras dəndəsi sınmış çətir kimi endi. Hiddət, gülüş, qızışdırıcı səslər bir-birinə qarışdı, lakin onlar nəsə rabitəsiz, qırıq-qırıq idi. Sərxoş, arsız çığırtılar da tamaşaçıların əhvalını qaldıra bilmirdi. Kimsə aşağı nəsə tulladı, bir başqası onu söydü. Sonluq da başlanğıc kimi qəfil oldu. Uzaqdan işə çağırş səsləri eşidildi, işıqların uzun quyruğu sanki yuxarı çəkilibmiş kimi əridi. Və yalnız ehtirasın sonuncu izlərini süpürüb aparan qara şimal küləyi əsirdi.
Döyülüb, başdan-ayağa quma batmış kişi qarmaqarışıq şəkildə hər şeyin alnına necə yazılıbsa, elə getdiyini anladı. Bu fikir hardasa altında təkcə ürək döyüntüləri aydın hiss edilən, tərlə doymuş döşəkağını xatırladan şüurunun bir küncündə, özünə yer etmişdi. Qadının od kimi isti qolları onun qoltuqları altında qalmış, bədəninin qoxusu isə tikan kimi burnun dalayırdı. Sakit axan çayın dibindəki daş kimi qadının isti əlləri içində olduğu gözünün qabağına gəldi.