♦ 20 ♦

Sanki nişastalanmış sərt sifət, qasırğa sürətilə çıxan nəfəs, qatı şəkər dadlı tüpürcək. Dəhşətli enerci itkisi. Bədənindən bir stəkandan az olmayacaq qədər rütubət çıxdı. Qadın başını aşağı salıb, yavaşca ayağa qalxdı. Onun qum səpilmiş sifəti kişinin gözləri bərabərində idi. Gözlənilmədən qadın burnunu silib, əlini qumla təmizlədi. Sonra isə əyildi və şalvarı aşağı sürüşdü.
Kişi əsəbiliklə gözünü kənara çəkdi. Hərçənd «əsəbiliklə» demək bir o qədər düz olmazdı. Dilində nəsə qəribə bir duyğu qaldı, amma yanğı yox – başqa bir hiss…
O, qarışıq şəkildə də olsa, iki cür cinsi istəyin mövcud olduğunu hiss edirdi. Məsələn, «Mebiusun Lenti» tip adamlar qızları «bişirərkən» adətən qida və zövqlər haqqında mühazirələr oxumaqla başlayırlar. Onlar belə bir mühakimə yürüdürlər ki, məsələn, ac adamı götürsək, onun üçün ümumiyyətlə qida mövcuddur və hər şeyin bircə dadı var – istər Kobedən gətirilmiş mal əti olsun, ya da Xirosima ilbizi… Lakin yeyib doyan kimi, qidaların müxtəlif dadlara malik olduğunu ayırmağa başlayırlar… Bütün bu deyilənləri cinsi istəyə də aid etmək olar: əvvəlcə ümumiyyətlə cinsi istək olur və ancaq bundan sonra ayrıca bir şəxsə ünvanlanmış ccinsi istək meydana çıxır…Seksin özünə də ümumi bir şey kimi baxmaq düzgün olmazdı. Hər şey məkan və zamandan asılıdır: hərdən vitaminlərə ehtiyac olur, bir başqa halda isə, angvillə düyüyə. Bu, mükəmməl, yaxşı düşünülmüş bir nəzəriyyə idi, amma nə qədər kədərli olsa da, indiyə kimi bir nəfər də olsun, elə bir qıza rast gəlməmişdi ki, bu nəzəriyyəyə uyğun olaraq, cinsi istəyini ümumi, yaxud ayrıca bir şəxsə yönəlmiş şəkildə təcrübədən keçirmək üçün ona özünü təklif etsin. Və bu, tamamilə təbiidir. Nə kişini, nə də qadını bircə nəzəriyyənin köməyilə cəlb etmək olmaz. Elə bu axmaqcasına səmimi olan «Mebius» da hər şeyi çox gözəl başa düşürdü və ancaq mənəvi zorakılığı qəbul etmədiyi üçün də boş qalmış evlərin qapılarını döyməkdə davam edirdi.
Əlbəttə, özü də bir o qədər romantik deyildi ki, təmiz cinsi əlaqələr xəyalında olsun. Belə əlaqələr ancaq bir ayağı gorda olanlar üçün məqbuldur… Qurumağa başlayan bambuk bar gətirməyə tələsir… Miqrasiya vaxtı acından ölən siçanlar coşqun şəkildə cinsi əlaqədə olurlar… Vərəmli xəstələrin hamısı bir nəfər kimi yüksək ehtirsdan əziyyət çəkirlər… Qalada yaşayıb, ancaq pillələri enməyə qadir olan şah və ya hökmdar bütün gücünü özü üçün hərəmxana yaratmağa sərf edir.
Lakin xoşbəxtlikdən, insan heç də həmişə ölüm qorxusu altında yaşamır. Qış öncəsi qorxu keçirməyi tərgidən insan, mövsümi sevgi dövründən də azad ola bilib. Lakin mübarizə bitdikdən sonra, silah yükə çevrilir. Təbiətin əvəzində qaydalar meydana gəlib və o, insana təbiətin əvəzində dişləri, pəncəsi və cinsini nəzarətdə saxlamaq imkanı verib. Və cinsi münasibətlər şəhərkənarı qatara alınan mövsümi biletə bənzəməyə başlayıb: hər dəfə yola çıxanda komposterləmək məcburidir. Üstəlik, biletin saxta olmadığına əmin olmalısan. Və bu yoxlama eyniylə oturuşmuş qaydaların ağırlığına uyğun gəlir. Qeyri – adi dərəcədə əziyyətli işdir. Ən müxtəlif sənədlər: müqavilələr, lisenziyalar, şəxsiyyət vəsiqəsi, buraxılış, rütbəni təsdiq edən vəsiqə, qeydiyyat haqqında sənəd, üzvlük bileti, təltif haqqında sənədlər, veksellər, borc iltizamı, sığorta vəsiqəsi, gəlirlər haqqında bəyannamə, qəbz və hətta əsl-nəcabət təsdiq edən sənədlər – bir sözlə, ağla gələn bütün kağız-kuğuzu toplamaq vacibdir.
Elə bu səbəbdən də cinsi münasibətlər torbaçı – kəpənəyin sürfəsi kimi bir qalaq sənəd-sünədin altında basdırılır. Və əgər bununla iş bitsəydi, dərd yarı idi. Amma bəlkə sonra da kağız-kuğuz lazım olacaq?.. Yaddan çıxan bir şey qalmayıb ki?.. Həm qadın, həm də kişi şübhələrdən əziyyət çəkirlər – əks tərəf sənədləri yığarkən məsələyə kifayət qədər ciddi yanaşmayıb… Və beləliklə, özlərinin təmizliyini sübut etmək üçün, yeni-yeni sənədlər fikirləşib tapırlar…Və heç kəs bilmir ki, o – sonuncu sənəd hansıdır… Və bu sənədlərin sonu yoxdur…
(O qadın məni yersiz öcəşkənlikdə günahlandırırdı. Lakin mən yersiz irad tutmuram, bu elə belədir ki var!)
– Məgər sevginin vəzifəsi belə şeylər deyil?
– Qətiyyən! Sevgi – istisna metoduyla qadağaları atdıqdan sonra yerdə qalandır. Buna inanmamaq, heç nəyə inanmamaq deməkdir.
Əlbəttə, murdarlıqlara dözmək həddinə qədər gəlib çatmaq məntiqsizlik olardı: cinslə əlaqəli hər şeyə hədiyyə imiş kimi yarlık yapışdırmaq. Hər səhər sevginin qırışlarını ütü ilə səliqə ilə açacağıq… Bir qədər sürtüləndən sonra, o köhnəlir… Lakin qırışlarını açandan sonra, o, yenə təzətər olur… Və təzələnən kimi də köhnəlməyə başlayır… Məgər kimsə borcludur ki, bu həyasızlığı ciddi qəbul etsin?
Əlbəttə, əgər qaydalar ona əməl edənlərə yaxşı gələcək vəd edə bilirsə, belə olan halda güzəştə getməyə dəyər. Bəs əslində necədir? Ölümün caynaqları göylərdən enir. Elə yerdə də ölümün min növü var. Həmin şeylər cinsi həyatda da, qarışıq şəkildə hiss olunmağa başlayır. Elə bil əlində saxta veksel tutmusan. Elə bu vaxt da mövsümi biletin saxtalaşdırılması başlayır – tərəflərdən biri razı qalmayanda. Nə etmək olar, bu, işgüzar yanaşmadır. Və yaxud qaçılmaz pislik kimi, mənəvi zorakılığın qaçılmaz olduğu etiraf edilir. Bunsuz, demək olar ki, bir dənə də olsun nikah baş tuta bilməzdi. Azad sevgini təbliğ edənlər də təxminən belə hərəkət edirlər. Onlar yalnız qarşılıqlı zorakılığı üzürlü bəhanəylə son həddə qədər təkmilləşdirirlər. Əgər bunu qaçılmaz bir şərt kimi qəbul etsək, onda onun daxilində müəyyən həzz tapmaq olar. Lakin pərdənin kifayət qədər yaxşı bağlanıb bağlanmaması ətrafında fasiləsiz narahatlıqlarla müşaiyət olunan azadlıq, axırda yalnız psixi pozğunluqlara gətirib çıxara bilər.
Adama elə gəlirdi ki, qadın kişini bürüyən duyğuları həssaslıqla duyur. O deyəsən, şalvarını saxlayan ipi açmaq fikrindən vaz keçmişdi. Boşalmış iplərin ucu onun barmaqları arasında sallanırdı. Dovşan gözləri ilə kişiyə baxdı. Onun gözləri təkcə qızarmış göz qapaqlarına görə dovşanı xatırlatmırdı. Kişi ona içində vaxtın donduğu baxışlarla cavab verdi. Qadının ətrafında kəskin qoxu yayıldı: adətən damarlı ət qaynadanda belə iy gəlir.
Əvvəlkitək əlləri ilə ipdən yapışmış halda kişinin yanından ötüb, otağa qalxdı və şalvarını soyunmağa başladı. Və bunu elə sərbəst, təbii edirdi ki, sanki bir qədər əvvəl başladığı işi davam edirdi. Ağlından keçdi ki, axı əsl qadın elə belə olmalıdır. Və o, qərar verdi. Axmaq, bir az da ləng tərpənsən hər şey alt – üst olacaq. O da cəld şalvarının kəmərini boşaltdı.
Yəqin ki, o, hələ dünən, bunun qadının təşkil etdiyi növbəti tamaşa olduğunu zənn edərdi, – yanağındakı həmin batıq və ya utancaq gülüşü kimi. Bəlkə bu, elə belədir. Amma indi belə fikirləşmək istəmirdi. Qadını sövdələşmə predmeti kimi istifadə etmək istədiyi vaxtlar artıq geridə qaldı… İndi hər şeyi ancaq güc həll edə bilər… Sövdələşmədən imtina etmək, onların münasibətlərinin qarşılıqlı inam əsasında qurulacağını düşünmək üçün onda bütün əsaslar vardı…
Qadın bir dizi üstündə çöküb, əlində sıxdığı yaylıqla boynuna tökülmüş qumu təmizlədi. Qəflətən daha bir qum uçqunu baş verdi. Ev bütünlüklə titrəyib, cırıldadı. Qanqaraldıcı maneə!.. Bir göz qırpımında qadının başını ağ toz örtdü. Qum havada duman kimi üzürdü. Çiyni və qolları da nazik toz qatı ilə örtüldü. Bir – birini qucaqlayıb uçqunun bitməsini gözlədilər.
Bədənə yapışan qumu tər özünə çəkirdi, yuxarıdan isə yenə tökülür, tökülürdü… Qadının çiyinləri əsirdi, kişi də qızmışdı – indicə qaynayacaqdı…Hər halda ona heç cür çatmırdı – niyə qadının ombaları onu belə güclü şəkildə özünə çəkirdi?.. Elə güclü çəkirdi ki, hətta sinirlərini bir – bir çıxarıb, onun budlarının ətrafına dolamağa hazır idi… Bu, yırtıcı heyvanın acgözlüyünü xatırladırdı. Sıxılmış yay kimi bütün bədəninə güc dolmuşdu… O biri qadınla heç vaxt belə hisslər keçirməmişdi…
Uçqun kəsdi. Kişi elə bil bunu gözləyirmiş kimi qadına bədənindən qumu təmizləməkdə kömək etməyə başladı. Qadın xırıltılı səslə gülməyə başladı. Sinəsindən qoltuğunun altına, ordan isə budlarına – kişinin əlləri get – gedə daha da israrlı olurdu. Qadın barmaqlarıyla onun boynundan yapışmışdı; hərdən yavaşca qışqırırdı.
İşini qurtarandan sonra onun üstündən qumu təmizləmək növbəsi qadına çatdı. O, qadının saçlarını qarışdıra – qarışdıra gözlərini yumub gözləyirdi. Qadının saçları sıx və qalın idi.
Qıcolma… Eyni şey təkrar olunur… Adətən o, nə barədəsə düşünüb, xəyallarına azadlıq verərək başqa bir işlə: yemək, addımlamaq, yatmaq, hıçqırmaq, qışqırmaq, qadınla cinsi əlaqəylə məşğul olanda belə şeylər keçib gedir…