Yaponlar planlı yaşamağı doğrudanmı çox sevir?

Yaponiyaya getmezdən bir ay öncədən səyahət planının hazır olması, 15 gün öncədən əlavələr üçün yenidən planların aparılması əvvəl mənə normal kimi görünürdü. Nə də olsa bu bir səyahət idi. Ancaq Yaponiyada ən çox satılan dəftərçənin plan kitabçasının olması bu mövzu ilə əlaqədar bir qədər müşahidə aparmalı olduğumu təsdiqlədi.

Öncə qonaqlıqdan başlıyaq.

Yaponlar çox nəzakətli olduqlarından, hər zaman sizə “yenə gəlin”, “bizə də sizi gözləyiri”, “birlikdə vaxt keçirsək yaxşı olar” – deyə, xoş sözlər deyəcəklər. Məsələnin kökünə getsək “gəl” deyilirsə, bu o demək deyil ki, mütləq ziyarət etməlisiniz və ya görüşməlisiniz. Bu bir nəzakət qaydasıdır. Ancaq “hop” deyə ziyarət etməyiniz heç də xoş qarşılanmaya bilər. Ona görə də getməzdən öncə əlaqə saxlamağınız mütləqdir. Əgər günü və vaxtı dəqiqləşdirmisinizsə çatmazdan öncə də mütləq şəkildə xəbər verməyiniz yaxşı olardı. Bu, sizin onlarda yaradacağınız təəssürat üçün də xeyirli olacaq.

yaponaz1 (3)

Növbədə vaxt keçirmək istədiyiniz yerlərdir.
Adətən Azərbaycanda boş yeri olan, yaxşı restoran görən kimi özümüzü içəri atıb “boş vaxtımızı” dəyərləndiririk. Yaponiyada isə məsələ bir az fərqlidir. Yaponlar dəqiqliyi sevdiklərinə görə boş vaxtınızda harda görüşəcəyinizi, saat neçədə və neçə saat həmin məkanda olacağınız barədə bir neçə gün əvvəldən sizin ilə danışılacaq. İşdən sonra iş yoldaşlarınıza və ya dostlarınıza anidən “gedək yeməyə” desəniz, çoxluq adətən “işim var” kimi ifadələr eşidəcəksiniz. Çünki hər gün üçün artıq bir, bir neçə plan vardır. Amma yene də sizin ilə gələnlər də ola bilər (həmin günlərinə bir planları yoxdursa).

Deyək ki, görüş günü və vaxt dəqiqdirsə məkan seçməyiniz vacibdir. “Harda boş yer olsa yemək yeyərik də” – deyə düşünməyin. Məkan öncədən qərarlaşdırılmış yer olmalıdır. Dəvəti kim edibsə o, öncədən məkanda ön qeydiyyat etdirməlidir və ya qeydiyyata gərək olmayan məkandırsa buna ehtiyac olmaya bilər. Yoxsa siz getdiyiniz zaman dolu olsa bu heç də yaxşı qarşılanmaya bilər. Deyim ki, ən yaxşı və dadlı yeməkləri olan məkanların qarşılarında həmişə bitmək bilməyən növbə olur. Ona görə ön qeydiyyat önəmlidir. İşinizi şansa buraxmayın. 2 saatlıq vaxt keçirəcəyiniz məkanın axtarışı elə iki saat çəkə bilər. Çünki iş çıxışı hamı özünü dincəlmək üçün əyləncə məkanlarına atır.

Bu arada, görüşünüzü əsla unutmayacaqsınız. Çünki görüş vaxtına az qalmış yapon dostlarınız görüşünüzü mütləq xatırladacaq.

QEYD: Demək, ən dadlı ramen hardadır deyə yola çıxdığımızda ən azı 30 dəqiqəmizi almışdı. Məsələ restoranı tapmamaqda deyildi. Ən yaxşı dadlı ramen verilən yerlərin gündüz saat iki olmasına baxmayaraq, dolu olması idi. Yanında olan ramen restoranı isə boş idi. Səbəb isə o restoranın digəri qədər məşhur olmaması, o ramenin dadına çata bilməməsi və ya yeni açıldığına görə heç kimin risk etmək istəməməsi idi. Amma təbii ki, gözləmə vərdişimiz olmadığına görə özümüzü boş ramen restoranına atdıq. Ramen həqiqətən çox dadlı idi.

yaponaz1 (4)

Yaponiyada öyrəndiyim tək bir şey var idi. Həyatın planlı olmalıdır. Yemək saatın belə, su içəcəyin vaxtlar belə. Bir insanla plansız görüşmək, vaxt keçirmək demək olar ki mümkünsüzdür. Səbəbsiz, anidən kimləsə görüşmək, birlikdə vaxt keçirməsini istəmək bir az narahat etmək mənasına gəlir.

Yaponlar üçün “qəribə insan” obrazına bürünməməyiniz ümidi ilə xoş səyahətlər…

Şəkillər müəllifə və bilavasitə yapon.az saytına aiddir.
Gülşən Cabbarlı © yapon.az 2018