Sakuranın Yaponiya mədəniyyətində yeri haqqında yəqin ki kifayət qədər məlumatınız var. Yenə də məlumatlarınızı genişləndirmək və ya möhkəmləndirmək istəsəniz bu keçidə baş çəkə bilərsiniz. Bu yazıda isə sakuranın hərb zamanı yaşadığı taleyindən bəhs edəcəyəm. Belə ki, İkinci Dünya Müharibəsi dövründə sakura hərbi propoqandada Yaponiyanı motivasiya edən simvol kimi xalq arasında milliyyətçilik və militarizmi alovlandırmaq üçün istifadə olunub. Müharibədən öncə, “Gənc yaponun mahnısı”ndan (青年日本の歌 ⌈seynen nihon no uta⌋) da göründüyü kimi sakura həm də “yapon əzmi”, “yapon ruhu”nu möhkəmləndirmək üçün istifadə edilib. 1932-ci ildə Akino Yasono öz şeirində döyüşçülərin saysız-hesabsız sakura çiçəkləri kimi ölümə hazır olmalarına sevinməyə, Çində əzab-əziyyətə dözməyə çağırırdı. Sakuranın simvolizminə əsaslanan şeir yapon əsgərlərinin ölən yoldaşlarını gözəl, lakin qısamüddətli albalı çiçəyi ilə müqayisə edərək, Çində ən dəhşətli qəddarlığı etdikləri üçün əziyyətlərə dözməyə səsləyirdi…

Məktəblilər Ohka kamikaze təyyarəsini sakura budaqları ilə yola salır
Məktəblilər Ohka kamikaze təyyarəsini sakura budaqları ilə yola salır

1944-cü ilin payızında Leyt körfəzi uğrunda döyüşdə Yaponiyanın bütün gəmilərinin iştirakı planı ölkəni ciddi təhlükə qarşısında qoyurdu. “Əgər məğlubiyyətə uğrasalar” iddiasına qarşı yüksək rütbəli komandirlər donanmaya “ölüm çiçəkləri kimi açmaq” razılığını vermişdi. Peleliuda mühasirədə olan Yaponiya ordusunun məhvindən öncə son mesajı “Sakura! Sakura!” idi.

Sakura budaqları ilə kamikaze
Sakura budaqları ilə kamikaze

Yaponiyalı pilotlu kamikazelər ölümə getdiklərini bildikləri səfərdən öncə təyyarənin yanlarına sakura rəsmi çəkir və ya sakura ağacının budaqlarını özlərilə götürürdülər. Atılan bombalar üzərində çəkilən sakura isə həyatın intensivliyi və kövrəkliyini ifadə edirdi. “Tökülən çiçəklər” isə imperatorun şəninə öz həyatlarını qurban verən gəclik kimi mənalandırılırdı. Kamikazelərin önündə gedən ordu yamazakura və ya vəhşi albalı çiçəyi (hərfi tərcümədə dağ albalısı deməkdir) adlanırdı. Dövlət hətta həlak olan döyüşçülərin yenidən çiçək kimi həyata dönəcəkləri fikrini dəstəkləyirdi.

Yaponiyada II Dünya Müharibəsi dövründə istifadə olunan pilotlu intihar (kamikaze) təyyarəsi də Ohka (桜 花 yapon kancilərilə oxunanda ⌈ohka⌋) və ya albalı çiçəyi adlanırdı.

Yaponiya koloniyalarında İmperiyanın əraziyə iddiasının olduğunu bildirmək üçün də sakura ağacları əkmək yolundan istifadə edirdi.

Şəkillər Google axtarış sistemi ilə əldə edilib.
Sevinc Nur © yapon.az 2018