Albalı rəngi Yaponiyada buludları simvolizə edir. Buna səbəb albalı çiçəklərinin eyni vaxtda kütləvi şəkildə çiçəkləməsidir

Sakura 

gilas
Gilas

albalı
Albalı

Dünyada çox insan albalı nədir bilmir. Onlar, eləcə də, yaponlar gilası tanıyır. Bəli! “Cherry”nin çotto suppay (ちょっと すっぱい – bir az turş) və də azca yastı formada olanı albalıdır. Bunu başqa necə izah etmək olar ki bir yapona?! Necə deyərlər, evdə bişməyib, qonşudan da gəlməyib… Yaponiyada albalı yoxdur. Sakuranbo (さくらんぼ) tərcümədə gilas deməkdir. Sakura (桜 və ya 櫻; さくら) dedikdə isə, bura gavalıkimilər cinsinə (xüsusilə də yapon albalısı (prunus serrulata)) aid bütün ağaclar və kolkimilərin çiçəkləri daxil edilir (Prunus gavalı, şaftalı, gilas, albalı, ərik, badamdan ibarət olan ağac və kolkimilərin cinsidir. Yeməli meyvə yetişən növü prunus avium və prunus cerasusdur). Sakura adı altında ümumiləşdirilən növ ağaclar adətən ancaq dekorativ bitki kimi istifadə olunur, əksər hallarda məhsul vermir və ya kiçik ölçüdə yabanı meyvə verir. Bu növ (prunus serrulata) təbii şəkildə Yaponiya, Tayvan, Koreya, Çin, Qərbi Sibir, İran, Pakistan, Hindistan, Kanada, ABŞ da daxil olmaqla əsasən şimal yarımkürəsinin mülayim iqlim qurşağında yetişir. Xrizanteniumla birgə sakura Yaponiyada milli çiçək hesab olunur.

Şidarezakura. Sapporo, Nakacima parkı, mart 2018. Foto: S. N.
Şidarezakura. Sapporo, Nakacima parkı, mart 2018. Foto: S. N.

Yaponiyada sakuranın müxtəlif növü var, burada 200-dən çox çeşid, hibridlər yetişdirilir. Ən məşhur çeşidi Somei Yoşinodur. Çeşidin adı Somei kəndindən (indi Tokioda Toşima hissəsi) götürülüb. Çiçəkləri ağappaqdır, xüsusilə kökə yaxın hissələrdə açıq çəhrayı çaları vardır. Bu ağaclar çiçəklənir və yarpaqları çıxmadan əvvəl bir həftə ərzində çiçəklərini tökür. Növ 19-cu əsrin sonlarında, Edo dövrünün sonu və Meici dövrünün başlanğıcında inkişaf etmişdir. 

Qış sakurası və ya fuyuzakura (Prunus subhirtella autumnalis) payızda çiçəklənməyə başlayır və qış müddətində də bu proses davam edir. Edohiqanzakura, Tokio Hiqan çiçəyi (Prunus incisa) və mamezakura (Prunus pendula) arasında calaq olduğu deyilir.

Digər təsnifatlara yamazakura, yaezakuraşidarezakura daxildir. Yaezakuranın zəngin çəhrayı rəngdə, qalın ləçəkli böyük çiçəkləri var. Şidarezakura ya da ağlayan albalı çiçəyinin budaqları aşağı enir və çiçəkləri sallanaraq ağlayan söyüdlərə bənzəyir.

Rəmzi mənası

Albalı rəngi Yaponiyada buludları simvolizə edir. Buna səbəb albalı çiçəklərinin eyni vaxtda kütləvi şəkildə çiçəkləməsidir. Həmçinin, buddizmin təsiri ilə assossasiya olunan Yaponiya mədəni irsinin bir aspekti kimi metoforik şəkildə həyatın müddətli təbiətini ifadə edir və mono no avare (物の哀れ – keçici, qısamüddətli) anlayışını təcəssüm etdirir. Mono no avare ilə sakuranın əlaqəsi XVIII əsrə gedib çıxır, alim Motoori Norinaqanın adı ilə bağlıdır. Anilik, qeyri-adi incə gözəllik və çiçəklərin tez tökülməsi – zəriflik, insanın ölümlü olması, taleyi və karmanı asanlıqla qəbul etməsi ilə müqayisə olunur. Buna görə də sakura Yaponiya mədəniyyətində xüsusi yer tutur, anime, kinematoqrafiyada, məişət əşyalarında, paltarlarda, hər yerdə istifadə olunur.

Çiçəklərin seyri

Hanami (花 見 – “çiçəklərin seyri”) çiçəklərin müvəqqəti gözəlliyindən zövq alan yapon ənənəsidir. Hanami dedikdə yaz fəslinin gəlişi ilə ağacların çiçəklənməsinin seyri nəzərdə tutulur. Bu halda çiçək (“hana”) demək olar ki, həmişə albalı (“sakura”) və ya daha az gavalı (“ume”) ağaclarına aid edilir.

yapon az

Mart ayının sonu və may ayının əvvəllərinədək albalı ağacları Yaponiyanın hər tərəfində çiçəklənir. Çiçəklənmə dövrü fevral ayının 1-də Okinava adasından başlayır və adətən mart ayının sonunda və ya aprel ayının əvvəlində Kioto və Tokioya çatır. Bir neçə həftə sonra Hokkaidoya çatır, yüksək hündürlüklərdə və şimalda olan ərazilərə doğru davam edir. Hər il Yaponiya Meteorologiya Agentliyi və TV xəbərləri vasitəsilə ictimaiyyətə sakura zensen (桜前線 – albalı çiçəyi cəbhəsi/ sahəsi) barədə məlumat çatdırılır. Yaponlar bu proqnozlara çox önəm verirlər və çiçəkləmə şənlikləri keçirmək üçün ailə və dostları ilə park, ibadətgah və məbədləri ziyarətə çıxırlar. Hanami festivalları (gecə və gündüz) bir çoxları üçün istirahət etmək və gözəl mənzərədən zövq almaq üçün bir şansdır.

Bəzi hallarda, festival üçün çin-yapon termini kimi kan’ō (観桜) istifadə olunur. Gecə vaxtı təşkil olunan festivallar yozakura (夜桜) – “gecə sakura”sı adlanır. Ueno Park (Tokio) kimi bir çox yerlərdə müvəqqəti kağız fənərlər yozakura məqsədilə asılır.

Bundan başqa, çiçəklənən sakuralarla yanaşı, şəhərlərdə müxtəlif digər dekorasiyaları da görmək mümkündür. Bu dövrdə əvəzolunmaz atributlardan biri mövsümi hazırlanan və təkrarolunmaz olan sakuralı şiriniyyatlardır ki, nəinki zövqünüzü, həm də damaq dadınızı oxşayacaqdır.

Tarixi arayış

Hanami adəti Yaponiyada bir çox əsrlərdir ki vardır. VIII əsr səlnaməsi “Nihon Şoki (日本 書 紀)” hanami festivallarının eramızın III əsrində keçirildiyini qeyd edir. Hanaminin daha qədim forması da umemi (梅 見 – gavalı seyri) adlandırılır. Bu növ çiçək seyri daha çox yaşlı nəsil arasında məşhurdur, çünki onlar sakura festivallarından daha sakitdir, sakura festivallarına adətən gənclər qatılır və çox sıx, səs-küylü ola bilər.

Chiyoda_Ooku_Hanami
Çiyoda imperial sarayında ookuda (hərəm) hanami. Toyohara Çikanobu, 1894. Vikipediya – elektron ensiklopediya.

Hanaminin Nara dövründə (710-794) başlandığı güman edilir. Həmin dövrdə insanlar gavalı ağacının çiçəkləməsinə heyran imişlər, lakin Heyan dövründə (794-1185) albalı çiçəyi daha çox diqqəti cəlb etməyə başlayır və “hanami” “sakura”nın sinoniminə çevrilir. Bundan sonra, həm vaka, həm də haikularda “çiçəklər” (花 – hana) “albalı çiçəyi” mənasında işlədilməyə başlanır. Əvvəllər albalı çiçəklərinin seyri yalnız İmperator ailəsi üzvləri ilə məhdudlaşırdısa, tezliklə samuray elitası və Edo dövrünə qədər isə, demək olar ki, bütün insanlar üçün əlçatan olur. Tokuqava Yoşimunenin iri sahələrdə albalı ağacları əkdirməsi bu prosesi sürətləndirir.

Tatu

Sakura Yaponiyanın irezumi tatu rəsmlərində üstünlük təşkil edən motivdir. Burada albalı çiçəkləri digər ənənəvi – koi, əjdaha, pələng – motivlərilə birgə təsvir olunur.

Sevinc Nur © yapon.az 2018