“Mənə su ver, sadəcə su” – alovlar arasından sadəcə bu səsi eşidirdim…

Hər kəs gecə-gündüz oxuyurdu. Sevdikləri insanları xilas etmək üçün oxuyurdu…

1945-ci ilin 6 avqust səhər saatlarında “Enola Gay” adlı bomba daşıyan təyyarəsi, “Little Boy (balaca oğlan)” adlı tarixin ilk atom bombasını Hiroşimanın üstünə atdı. Təqribən 45 saniyədə partlayan və nəhəng göbələk halını alan bombadan sonra Yaponiyada həyat bir daha əvvəlki kimi olmadı. On minlərlə insanın ölümünə, sağ qalanlara isə ağır xəstəlik buraxan bu hadisəyə şahid olan minlərcə uşaq vardı. Onlardan biri isə “Ümidin Qızı” idi.

hiroshima yaponaz2.jpg

Yaponiya səfərimin ürəkağrıdıcı gəzintilərindən biri idi Hiroşima. Havası, suyu, hər şeyi ilə tarix və kədər qoxurdu. Bir daha Yaponiyaya getmək şansı qazansam, heç düşünmədən yenə ziyarət etmək istədiyim yerlərdən biridir Hiroşima. Tarixini, Hiroşimanın başına gələn müsibəti isə birbaşa o hadisənin şahidindən dinləmək imkanı qazanmışdım. Nə biləydim ki, o otaqdan qırmızı, yaşlı gözlərlə çıxacağam. Nə biləydim ki, verdiyim “Bəs, sizin ailənizin günahı nə idi? Sadə insanların günahı nə idi?” – sualı, hər kəsi kədərə boğacaqdı…

Hadisəni danışana “Ümidin Qızı” deyirəm. O gün sağ qalmış, faciənin şahidlərindən bu günə kimi yaşayan azsaylı insanlarından biridir. Ümidin qızıdır, çünki gözləri hələ də ümid ilə baxır, sülh naminə əlindən gələni bu günə kimi edir.

hiroshima yaponaz4.jpg
“Ümidin Qızı” və biz

“Atam həmin gün işə getmək istəmirdi. Nəsə pis şeyin baş verdiyini hiss etmişdi. Elə hey, nəsə olacaq deyib gəzinirdi. Bir anda hər yer bəmbəyaz oldu. Bunun qısa gün tutulması olduğunu zənn elədik. Qardaşım qorxusundan məktəbdən dağı aşaraq gəlmişdi: “Yanmış insanlar bizim ev tərəfə gəlir. Həkim yoxdur, kömək yoxdur. Polislər yanmış insanların üstünə yağ tökür” deyirdi. Biz həm qorxurduq, həm də nə edəcəyimizi bilmirdik. Biz, ordan qaça bilərdik. Öz evimizi, yurdumuzu tərk edə bilərdik. Amma etmədik. Biz qalıb insanlarımıza kömək etməyi seçdik. Təəssüf ki, seçənlərin çoxu xəstəliyə tutulub həyatlarını itirdilər. Sağ qalanlar isə bir daha belə acı, kədər yaşanmasın deyə sülh naminə güclərini birləşdirdilər. Biz müharibənin nəticəsinin ən dəhşətlisini gördük, ən dəhşətlisini daddıq. Artıq bunu bir daha yaşamaq, başqalarının da yaşamasını istəmirik. Müharibənin, atom bombasının nəticəsinin nə qədər ağır olduğunu dünyaya çatdırıb, bir daha müharibələrin olmamasına çalışırıq”.

hiroshima yaponaz3.jpg

Sülh… Hər hərfi ilə insana hüzur verən, gələcəyə ümidlə baxmağa kömək olan söz. Sülh üçün nə etmək olar?! Dünyada sülh üçün nə etmisən?! Müharibələrin olmaması, əzizlərimizin canı yanmasın deyə nələrdən imtina etmisən?! Ağır və bir o qədər də çətin sualdır. Hər kəs döyüş istəyir, amma o alovun odunun bir gün qapısını döyəcəyinə inanmır. Bir gün o alov bütün sevdiklərini əlindən alsa?! Su verərək yaxşılıq etdiyini sanaraq əksinə insanları öldürsən?! Sadəcə 30 saniyə içində uşaqlığının ən gözəl anılarını yaşadığın yer məhv olsa, nə edərsən?!

“Sinif yoldaşım hər gün vicdan əzabından ağlayırdı. Atası atom bombasının radiasiyasından yanmışdı. Tez-tez qızına yalvararaq su istəyirdi. Yanan insana su vermək onu bir saniyə ərzində öldürmək demək idi. Qız atasının istəyini rədd edib yanında ağlayırdı. Atası qızına çəkməcədə pivə var, onu mənə ver dedi. Sinif yoldaşım balaca olduğundan onun da maye olduğunun fərqində deyildi. Pivənin su olmadığını düşünüb atasına pivəni vermişdi. Atasının son sözü isə gülümsəyərək ⌈ariqatou⌉ (sağ ol) olmuşdu. Sinif yoldaşım bu hərəkətini heç vaxt özünə bağışlaya bilmirdi. Hər gün, “Kaş atama su verərdim. Mən çox pis insanam, pis qızam. Atamın son istəyini yerinə yetirmədim, ona su vermədim” – deyib, ağlayırdı. Elə mən də ağlayırdım. Amma mən su verdiyimə görə. Yanmış insanlar şəhərin hər tərəfində idi. Hər kəs yanına yaxınlaşıb ağlayaraq “mənə su ver” deyirdi. Balaca olduğumdan suyun onları öldürəcəyini bilmirdim. Yanıma yaxınlaşan insanlara su verirdim. Onlar isə su içən kimi ölürdülər. Qardaşıma bunu deyəndə, “Su onları öldürür. Su vermək olmaz!” – deyə, qışqırmışdı. 14 ildən çox yata bilmirdim. Hər gecə kabuslar görürdüm, bu hərəkətimi özümə bağışlaya bilmirdim. Atam yanan insanlar üçün gecə-gündüz əlindən gələn hər şey edirdi. Ona görə atama bunu deməyə qorxurdum. Axı bunu necə deyə bilərdim? Atamın xilas etməyə çalışdığı insanları qızı bir su ilə öldürmüşdü?! Məktəbdə sinif yoldaşıma bunu deyəndə; “Sən balaca idin, burda sənin heç bir günahın yoxdur. Axı sən yaxşılıq etdiyini sanmışdın. Onlar səndən su istəyirdi. Bax, neçə min insan susuzluqdan öldülər. Heç vaxt su içə bilmədilər. Sən isə onların son arzusunu yerinə yetirdin.” – demişdi. Həmin gecə, ilk dəfə mən rahat yatmışdım. Artıq kabus görmürdüm. Atam ölənə yaxın isə cəsarətimi toplayıb bütün hadisəni ona danışmışdım.

Hər gün insanlar qəmli idi. Hər kəs hər gün səhər oyananda özünə bu sualı verirdi: Görəsən sıra məndədir? Sıra nə vaxt mənə gələcək?

İnsanlar 30 saniyə ərzində həyatlarını itirmişdilər. Sağ qalanların yarısı yanaraq sussuzluqdan ölmüşdü. Qalan yarısı isə radiasiya ucbatından xəstəliyə tutulub bir neçə gün ərzində həyatını itirmişdi. Ölən sevdiyin adam belə olsa ona toxuna bilməzdin. Çünki sıradakı sən ola bilərdin. Bu hadisədən neçə illər keçməsinə baxmayaraq, şahid olmuş insanlar və ya evlərinə qayıdan insanlar yenidən xəstəliyə tutulurdu. Xəstəxanalar neçə-neçə ölən körpələrə şahid olmuşdu. Artıq xəstəxanalarda xəstələrə yer tapılmırdı. Çarəsizdik… Çünki bu çarəsi olmayan və hər an üzə çıxa bilən xəstəlik idi. Xaricdən həkimlər bura gəlməyə qorxurdu. Həkimsiz insanlar öz bilikləri ilə məsələyə çarə tapmağa çalışırdı. Faciədən sonra uşaqlar məktəbə getməyə davam edirdi. Hər kəs gecə-gündüz oxuyurdu. Sevdikləri insanları xilas etmək üçün oxuyurdu…

Bu hadisə baş verəndən sonra neçə il ərzində insanlar evlənə, uşaq dünyaya gətirə bilməzdi. Çünki doğulan uşaqlar ya iki başlı, üç ayaqlı, xəstə doğulurdu. Evli olanların 90 faizi boşanmışdı. Hər kəs sadəcə bir şey istəyirdi – sağ qalmaq. Hər gecə yatmazdan öncə “görəsən, mənim sıram nə vaxtdır” düşünmədən yatmaq istəyirdi. İnsanlar sadəcə sülh istəyirdi”.

hiroshima yaponaz5.jpg

Yuxarıdakı rəsimdə gördüyünüz alov yanan insanları, bəşəriyyətə qarşı yönələn atom bombasından zərər görmüş insanları təmsilən hazırlanmışdır. Yağış yağsa belə bu alov heç vaxt sönmür. Onun altından isə çay axır. Bu çay isə faciədə həyatlarını itirmiş insanların tək istədikləri sudur. Alov suya heç vaxt qovuşmur. Çünki onların tək istədikləri su idi, yəni sülh.

hiroshima yaponaz6.jpg

Məqalədə olan bütün rəsimlər Gülşən Cabbarlıya və bilavasitə yapon.az saytına məxsusdur.
Gülşən Cabbarlı © yaponaz 2018